Bakı şəhərində bir sıra tarixi şəxsiyyətlərin heykəlinin olmasının zəruriliyi barədə hər zaman düşünmüşəm. Onlardan Dədə Qorqudun, Babəkin, Atatürkün, Nuru Paşanın, Əli bəy Hüseynzadənin, Əbülfəz Elçibəyin adları üzərində isə daha çox dayanmışam. Artıq Atatürkə heykəl qoyulub, Dədə Qorqud abidəsi də hazırlanır, Babəkin abidəsinin ucaldılması ilə bağlı isə Azərbaycan Prezidenti sərəncam verdi.
Bildiyim qədər Quzey Azərbaycanın iki rayonunda - Babək rayonunda və Xaçmazda böyük Azərbaycan sərkərdəsi Babəkin heykəli var. Üçüncüsünün və daha möhtəşəminin paytaxtda ucaldılması qərarı isə Babəkin Azərbaycan tarixindəki nəhəng yeri ilə yanaşı, bu gün də bütün digər tarixi şəxsiyyətlərdən, sərkərdələrdən daha çox sevilməsinin bir növ təsdiqidir.
Babəki başqalarından fərqləndirən cəhət, onun xitab etdiyi coğrafiyanın bütün Azərbaycan olmasıdır. Babək Azərbaycanın hansısa bölgəsinin, o tayının, bu tayının deyil, Azərbaycan deyilən bütöv bir məmləkətin qəhrəmanıdır. Bu baxımdan, Babəkə Azərbaycanın quzeyinin baş şəhərində abidə qoyulması tarixi, siyasi hadisə kimi qiymətləndirilməlidir. Xüsusən də, indiki dövrdə...
Bəlkə də, Babəkin abidəsinin Bakı şəhərində qoyulması ilə bağlı qərar 15-20 il əvvəl qəbul edilsəydi, ideoloji baxımdan indiki qədər efekketli olmayacaqdı. Bu gün isə Babək adı özündə bir neçə mənanı ifadə edir.
Babək yadelli işğalçılara qarşı mübarizənin, uzunmüddətli dirənişin rəmzidir. Və yüzilliklər bir-birini əvəz etsə belə, Azərbaycan xalqının qan yaddaşında o, beləcə qalır.
Bu gerçəyin özündə də bir təzad var. Babək ərəb istilasına - Azərbaycana İslam dinini gətirən ordulara qarşı savaşırdı. Təzad ondadır ki, bu gün İslam dininin daşıyıcısı olan azərbaycanlılar (o taylı-bu taylı) həm də Babəki sevirlər, onu başlarının üzərinə qaldırırlar.
Bəlkə də, tarixdə və bugünkü dünyamızda örnəyi olmayacaq fenomendi. Bunun da mahiyyətində Babəkin İslam dininə qarşı deyil, bu dini əlində bayraq edən istilaçılara qarşı vuruşduğu haqda xalqın qan yaddaşındakı əbədi inam dayanır. Ona görə də Babək adı torpaqları işğal altında olan Azərbaycan gənci üçün bir ilham qaynağıdır.
Bu gün Babək həmçinin Güney Azərbaycanda gedən milli hərəkatın simvoludur. Təsadüfi deyil ki, güneydə hərəkatçılar özlərini "Babəkin əsgərləri" adlandırırlar. Babəkin qırmızı bayrağı milli hərəkatın bayrağı kimi qəbul edilib. Bayrağın üzərində isə Babəkin rəsmi var.
Bu mənada, indiki tarixi məqamda Babəkin heykəlinin Bakıda ucaldılması ilə bağlı qərarı dolayısı ilə Güney Azərbaycan milli hərəkatına Quzeydən verilən böyük mənəvi, siyasi dəstək kimi də qiymətləndirmək olar. Bu qərar Azərbaycan xalqının 50 milyonluq böyük bir xalq olması fəlsəfəsinə uyğundur və bu faktın bir daha rəsmən təsdiqidir.
P.S. Bir dostum Babəkin abidəsinin harada qoyulmasının tərəfdarı olduğumu bilmək istədi. Fikirləşmədən, "Dağüstü Park" dedim. Və əlavə etdim ki, "əlində də qılınc olsun, üzü Güneyə doğru"...