Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Ömrünün ahıl çağını yaşayan qarabağlı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb. Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. Müəllif öncə Cəbrayıl rayonu ilə bağlı məzəli əhvalatlarını təqdim edir.
Alibi
Xanlar Həsənov ikinci Dünya müharibəsindən qayıdandan sonra, o vaxtın dili ilə desək, “kommunizm ideallarına ən sadıq adamlardan biri” kimi hörmət qazanıb. O, 1930-cu illdən partiyanin üzvlüyünə yazılıb, amma, deyilənə görə, partiyaya üzvlüyün ilk illərində Demoktarik hökumətə, Məhəmməd Əmin Rəsulzadəyə gizli rəğbət bəsləyirmiş. Bu rəğbət Xanlar Həsənovun qapalı dairələrdə - yaxın dostları, tanışları arasında bolşeviklərin qarasına danışmasından aydın olurdu.
Xanlar müəllim milis zabiti olub və bu vəzifədə 60-cı ilə qədər işləyib. Arada onu bir neçə illiyə Qubadlı rayonuna milis rəisinin müavini (onun özü bu vəzifəni “zamnaç” adlandırırdı) vəzifəsinə də göndəriblər. Milisdən sonra yol idarəsin müdiri olub.
Söhbətimiz Xanlar Həsənovun milisdə işlədiyi ilk illərə aiddi.
1936-cı ildə bolşevik hökumətinə qarşı təbliğat apardıqlarına görə, iki nəfər cəbrayıllını “xalq düşməni”, yenə o vaxtın damğası ilə desək, “müsavat tör-töküntüsü” elan edib qazamata salırlar. O vaxtın qaydalarına görə, siyasi məhbusları doğulduqları yerdəki qazamantda çox saxlamırdılar, hökümət qorxurdu ki, məhbusların qohumları aranı qarışdırıb onları qaçırtsınlar.
Beləcə, həmin məhbusların başqa yerə -indiki Füzuli rayon (o vaxt Karyagin adlanırdı) həbsxanasına köçürmək qərarı verilir. Belə bir ciddi işi Xanlar Həsənova tapşırırlar.
Xanlar Həsənov atı minir, tüfəngi çiyninə salır, iki piyada məhbusun əl-qolunu bağlatdırıb qabağına qatıb Karyaginə aparır. (Cəbrayılla Karyagin arası 30 kilometrdi).
Yolçular Çərəkən kəndini keçib yiyəsiz bir düzə çıxırlar. Birdən yola bir tülkü çıxır. Xanlar Həsənov tez tüfəngi qapıb atəş açır. Tülkü yerə sərilir. Xanlar Həsənov müsavatçı məhbuslara baxıb sevincək deyir:
- Bolşevikin birini də gəbərtdik!
Bu söz məhbuslara da ləzzət eləyir.
Onu deyim ki, məhbuslar 41-ci ildə müharibəyə göndərilirlər. Müharibədə göstərdikləri igidliyə görə müttəhimlik damğası hər ikisinin üzərindən götürülür.
Əhvalatdan qırx il ötür...
Xanlar Həsənov təqaüdə çıxır. Onun işini madar (yeganə) oğlu Zəkəriyyə milis kapitanı rütbəsində davam elətdirir. Xanlar kişi oğlu ilə nəfəs verib-alırdı. And içəndə də “Oğlum Zəkaranın canı haqqı” deyərdi.
Bir dəfə söhbət çıxır ki, Zəkəriyyə müəllimin vəzifəsini artıracaqlar.
Xanlar kişi, şəksiz, möhkəm sevinir. Özünü nə qədər qısırsa, ürəyi durmur, gedib çayxanada bu şad xəbəri dostları ilə bölüşüb gözaydınlığı alır.
Təsadüfən həmin o keçmiş iki məhbus da çayxanada imişlər və bu söhbəti eşidirlər.
“Aha, məqamdı! Gedək Xanlar kişidən bir qonaqlıq alaq!” – deyib bir-birinə göz vururlar.
Keçmiş məhbuslar Xanlar kişinin stoluna yaxınlaşırlar:
-Kişi, qulaq as, bax deyirik, əlin cibində olmasa, bu canımız haqqı, keçmişdəki paxırının üstünü açıb mərdümazarçılıq eləyəcəyik, oğlunun işinə pəl vuracağıq!
Xanlar kişi duruxur. Bir çay yoldaşlarına, bir keçmiş məhbuslara baxır:
- Nə paxırım olub keçmişdə, ə!
- Özünü bicliyə qoyma, kişi, özün bilirsən nəyi deyirik! – keçmiş məhbuslar Xanlar kişinin çay yoldaşlarına göz vurub, stul çəkib hərəsi bir tərəfdən onun yanında otururlar.
Çay yoldaşları da gözlərini maraqla Xanlar kişiyə zilləyirlər:
- Bunlar nə deyir, Xanlar kişi?! Yoxsa, sən də bunlar kimi köhnə müsavatçılardan olmusan?
- Mən həmişə kommunist olmuşam! – Xanlar kişi hisrlə əlini cibinə atıb partbiletini çıxarıb stolun üstünə çırpır.
Keçmiş məhbuslardan biri partbileti götürüb vərəqləyir və aramla deyir:
- Həəə! Kommunist olmusan deməli. Yaxşı, 36-cı il yadındadı?! Bizi Karyaginə aparırdın, yolda bir tülkü vurdun. Tülkünü öldürəndə nə dedin?
- Nə dedi? – çay süfrəsi ətrafindakılar xorla sual eləyirlər.
- Tülkünü vurub üzünü bizə tutub dedi: ”Bolşevikin birini də gəbərtdik!!!”
- Doğrudan???!!! – hamı “təəccüblə” dillənir. Vay-vay! Bu ki, siyasi nankorluqdu!
-Xanlar kişi, ayrı şey demirik ha, - keçmiş məhbuslardan biri ağzını onun qulağına yaxınlaşdırır, bax, burda oturanlara Ayı bulağında yüngülvarı bir qonaqlıq verirsən, biz hamımız da ağzımızı mumlayırıq! Nə deyirsən?
Xanlar kişi ilişdiyini duyur, bu cüvəllağıların oğlunun işinə pəl vuracaqlarından qorxub yazıq-yazıq deyir:
- Yalan deyir bunlar, inanmayin! Zəkaranın canı haqqı o vaxt mən Qubadlıda zamnaç idim!
O vaxtdan Cəbrayılda kim yalanını dölə keçirmək istəyirsə, alıbi üçün belə deyər: Zəkaranın canı haqqı o vaxt mən Qubadlıda zamnaç idim!
P.S. Xanlar kişi qonaqlıq vermədi (təqaüdçü adamda on nəfəri yedirəcək pul hardaydı)?! Və, sözsüz ki, o gün orda olan adamların heç biri söhbəti açıb-ağartmadı. Xanlar oğlu Zəkəriyyənin vəzifəsini də artırdılar. Qonaqlığı isə Zəkəriyyə müəllim verməli oldu.
***
Qarğa girir, sağsağan çıxır, sağsağan girir, qarğa çıxır!
Bilal Əhmədov Şahvəlli kəndindəki “Bakı” kolxozunun sədri imiş. Bilal müəllim əvvəllər Sabirabad rayon partiya komitəsinin birinci katibi kimi yüksək vəzifələrdə işləmişdi. Bir az yaşlaşanda, qismən sakit bir işdə işləmək üçün Cəbrayıla qayıtmışdı, amma ömür boyu qurub-yaratmaqla məşğul olduğundan, “Bakı” kimi çətin bir kolxozda da işləri yoluna qoymaq uçün qolunu çırmalayıb işə girişir. Xeyli tikinti, tımir işləri aparır, təsərrufatı əməlli-başlı dirçəldir.
Bir dəfə Bilal Əhmədov kəndin yuxarı döşündə, kolxoz həyətinin içində 200 tonluq taxıl anbarı tikdirməyə başlayır, amma pul az olduğundan tikinti yarımçıq qalır. Elə birtəhər anbarın üstünü götürdür ki, yağış yağıb divarları zay eləməsin. Anbarın taxtapuşu, pəncərələri isə açıq qalır.
Bilal müəllim Moskvadan, Bakıdan bir qonaq gələn kimi, dartıb aparıb anbarı göstərirmiş ki, baxıb görsün, bəlkə anbarın tamamlanması üçün bir az pul ayırtdıra bilə.
Bilal Əhmədovla Cəbrayıl rayon kənd təsərrüfatı idarəsinin plan-maliyyə şöbəsinin rəisi Yəhya Hüseynov yaxın dost imişlər. Bir gün Yəhya Hüseynovun Bakıdan yoxlaması gəlir. Yoxlama dan üzündən kəndlərə çıxıb təsərrüfatları yoxlayır. Bakıdan gələn qonaq çox inadcıl adam imiş - hər cüzi çatışmazlığa ilişirmiş deyə, Yəhya Hüseynov bir neçə təsərrüfatdakı yoxlamadan sonra tamam dilxor imiş.
Yoxlama Şahvəllidəki “Bakı” kolxozunun işlərini də uzun-uzadı yoxlayır. Nahardan iki saat keçir. Yəhya müəllim qonağa bir neçə dəfə nahar haqda eyham vurursa da, qonaq başını kağız-kuğuzun arasına dürtüb eşələnməkdə davam eləyir. Acından mədə-bağırsağı “Pun müharıbəsi” salan Yəhya müəllim dilxor vəziyyətdə otaqda ora-bura vargəl eləyib yoxlamanın bitməsini gözləyir.
Nəhayət yoxlama bitir. Qonaq qovluğunu qoltuğuna vurub Yəhya müəllimə yaxınlaşır. Birdən Bilal müəllim qonağın qabağını kəsir:
-Yoldaş Məlikov, indi sizə təzə tikdirdiyim 200 tonluq anbarı göstərmək istəyirəm...
Bunu eşitcək elə bil Yəhya müəllimin başına qaynar qazan tökürlər. Hirslə Bilal müəllimə yaxınlaşıb xəlvətcə onun pencəyinin qolunu dartıb acıqla qulağına deyir:
- Bilal, rəhmətliyin oğlu, sənin də bir anbarın var, qarğa girir, sağsağan çıxır, sağsağan girir, qarğa çıxır! Bəsdi də, anbar vaxtıdi?! Acından qırıldıq axı!!!
Bu söhbət sonradan bütün rayona yayılır. İndinin özündə də ev tikdirən adam tikintini yarımçıq qoyanda deyərlər: “A kişi, tik qutar, bu nədi, Yəhya Hüseynov demişkən, qarğa girir, sağsağan çıxır, sağsağan girir, qarğa çıxır!”
***
Raykom, yoxsa Partkom?!
Soltanlı Məmi haqda bir dəfə “Məminin Ж-sı” əhvalatında danışmışdıq. Yadınıza bir də salım – Məmi pambıqçılara arabada içməli su daşımaqla məşğul imiş. Dan üzündən durub arabasını, özü dediyi kimi, “ceyran”a qoşar, səhəngləri kəhrizdən sərin su ilə doldurub toran vurana qədər pambıq sahələrinə daşıyarmış.
O vaxt Soltanlı kolxozunun partkomu Maşanlı kəndindən olan Hüseyn İsmayılov imiş. Boyu iki metrə, çəkisi 150 kiloya yaxın olduğundan, camaat ona “Dev Hüseyn” də deyirmiş. Dev Hüseyn bir neçə dəfə sözə baxmadığı üçün Məmini bərk döyübmüş, ona görə də Məmi Dev Hüseyn olan səmtə yoluxmazmış. Hətta, pambıq sahəsinə yarım ağac qalmış Dev Hüseynin orda olub-olmadığını soruşarmış.
Pambıq yığımının qızğın vaxtı imiş. Məmı o qədər işləyibmiş ki, tamam əldən düşübmüş. Uzunqulağı arabadan açıb otlamağa buraxıb, özü də bir çinarın kölgəliyində mürgüləyibmiş.
Bu vaxt Adil Vəliyev (Cəbrayıl rayon partiya komitəsinin birinci katibi) sahəyə gəlir. O, düz Məminin yatdğı yerə tərəf addımlayır. Pambıqçılardan biri cəld Məminin yanına qaçıb onu dümsükləyir:
-Məmi, dür! Məmi dur!!! Raykom gəlir!!!
Məmi gözlərini ovxalayıb hövlang ayağa durur. Üst-başını çırpıb gözlərini beş addımlığında dayanıb ona baxan katıbə zilləyir... Və:
-Eeee-h! Mən də elə bildim parkom gəlir, - deyib təzədən yerə sərələnib yatır.