2002-ci ilin may ayında Sloveniyanın başkəndi Lyublyanada Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) illik toplantısına qatılmışdım. Toplantının əsas hissəsi başlamazdan bir gün öncə qurumun rəhbərliyinə daxil olan şəxslər və milli komitə başçılarının qapalı toplantısı keçirilirdi. Mən də BMİ Azərbaycan Milli Komitəsinin direktoru olaraq bu toplantıya dəvət edilmişdim. Toplantıda hər kəs öz ölkəsindəki ümumi ictimai-siyasi durum və bunun kölgəsində media aləmində baş verənlərdən danışırdı. Növbə Filippindən olan həmkarımız, The Philippine Star qəzetinin təmsilçisi Məks V.Solivenə çatanda o, ölkəsində insanları terror edən Əbu Səyyaf qurplaşmasının törətdiyi əməllərə geniş yer verdi. Onun, çıxışında tez-tez “müsəlman terrorçular” və “islam terroru” ifadələrini işlətməsi təbii olaraq bir müsəlman və həm də ədalətli insan kimi mənim xoşuma gəlmədi. Ona görə də çıxış növbəm çatanda Fillippinli həmkarımın işlətdiyi ifadələrə etiraz bildirməklə yanaşı bu fikirləri xüsusi olaraq diqqətə çatdırdım: “Əgər kimsə islam adına hansısa bəd əməli törədirsə, bu heç də o demək deyil ki, islam terror dinidir. Əbu Səyyaf deyilən adamı biz də tanıyırıq və siz xristianlarla birlikdə onu lənətləyirik. Mənim dinim barış dinidir və heç vaxt konkret şəxslərin əməllərinə görə onların dinini ittiham etmərəm. Mənim ölkəmdə xristian ermənilərin törətdiyi vəhşiliklər haqqında bütün dünya bilir. Ancaq biz heç zaman bunu xristian dininin ayağına yazmırıq”.
Çıxışıma şərh verən BMİ-nin o vaxtkı icraçı direktoru, dostum Yohan Frits də mənimlə razı olduğunu, belə yanlış ifadələrin insanlar arasında uçurumu dərinləşdirdiyini bildirdi və söhbət burada bitdi.
Lakin elə həmin ilin avqust ayında The Philippine Star qəzetində Məks bir yazı yazaraq yenidən mövzuya qayıtdı. Yazıda Əbu Səyyaf qruplaşmasının Filippində Yəhva Şahidlərinə qarşı törətdiyi terrordan bəhs edilirdi. Daha sonra qeyd edilirdi ki, “imkan olsaydı bir zamanlar “islam terroru” ifadəsinə görə mənə etiraz edən müsəlman redaktor Azər Həsrəti bura dəvət edib islam dini adına kəsilən başları göstərərdim və sübut edərdim ki, ifadəmi düzgün seçmişəm”. Bu cür yanaşma məndə istər-istəməz Məksə qarşı bir ikrah hissi oyatsa da, “lənət şeytana” deyib bənd olmadım. Ancaq ürəyimdən belə bir fikir də keçdi ki, “elə sizə yaxşı olur”…
İndi də Azərbaycanda etnik azlıqlarla bağlı danışanda biriləri onların adına bir “bölücü” sözü də əlavə edir. Özəlliklə də talışlar haqqında bu fikri dövr etdirməyin marağında olanlar var. Özü də belə fikirləri gen-bol yayanlar özlərini türk milliyyətçisi elan edənlərdir. Onların iddiasına görə, bir zamanlar Əlikram Hümbətov adlı birisi talışların adından bölücülük edibsə, deməli onların hamısı bölücüdür. Hətta milliyyətçi dostlarımızdan biri daha uzağa gedərək Facebook sosial şəbəkəsində jurnalist həmkarımız, sayğı duyduğumuz talış balası Xaqani Səfəroğlunu və onun timsalında az qala bütün talışları təhqir belə etdi. Heyrət ettim! Çünki Xaqani bizim dostumuzdur, talışdır, çox sadiq bir Azərbaycan vətəndaşıdır və onun türk olmaması bu dövlətə vicdanla bağlanmasına heç vaxt əngəl olmayıb. Biz öz türklüyümüzü nə qədər seviriksə, Xaqani də öz talışlığını o qədər sevir və bu, onun doğal haqqıdır! Əslində bizim mövzumuz bir fərd olaraq Xaqani deyil. Mövzumuz, yeri gəldi-gəlmədi talışlara və ya başqa etnik azlıqlara “bölücü” yarlığının yapışdırılmasıdır.
Biz də milliyyətçiyik. Təbii ki, türk milliyyətçisi. Əsas hədəfimiz millətimizin dünya millətləri içində layiq olduğu zirvəyə sahiblənməsidir. Millətimizi sevirik və onun uğruna hər şeyimizdən, hər zaman keçməyə hazırıq. Ancaq bir şeyi də unutmuruq ki, həm Azərbaycan, həm də başqa türk dövlətlərində türklərlə yanaşı türk olmayanlar da yaşayır. Bəzən də bu türk olmayanlar bizim dövlətlərimizin köklü etnik ünsürləridir (yaxşı mənada əlbəttə – A.H.) və bizimlə eyni haqlara sahibdirlər. Yəni dövlətlərimiz hüquqi, demokratik yapıya sahib olduğundan dil, din, etnik mənsubiyyət fərqi qoymadan hər kəsə bərabər hüquqlar tanınır və tanınmalıdır da! Kəsəsi, etnik kökəninə görə kimsə ayrıseçkiliyə məruz qalmamalıdır!
Talış “bölücülüyü” məsələsinə gəlincə, Əlikram və dəstəsinin əməlləri hər kəsin gözü qarşısında baş verib. Məgər onun bölücülüynə məhz talışların dirəniş göstərməsi talışların bölücü olmamasının bir sübutu deyilmi? Həmin hadisələr dönəmində başındakı dəstədən başqa heç bir talış Əlikram Hümbətova arxa-dayaq olmadı. Hətta onun qiyamının yatırılmasında talışların özləri də vətəndaş borclarını yetərincə yerinə yetirdilər. Elə bu gün də talış kökənli Azərbaycan vətəndaşları vicdanla dövlətimizə sədaqət göstərirlər. Belə olan halda onları necə bölücü adlandırmaq olar?
Hə, o da düzdür ki, talışların da içindən bəziləri doğrudan da dövlətimizə xəyanət yolu tutublar. Elə talış olmayan, başqa etnik qruplarda da bu cür adamlar var. Ən ağrılısı isə odur ki, türk olub Azərbaycan dövlətinə xəyanət yolu tutanların sayı “bölücü etniklər”dən heç də az deyil. İndi nə edək? Buna görə Azərbaycanın superetnosu olaraq özümüzə nə ad qoyaq? Aramızdan biriləri vətənə xəyanət edirsə, biz türklərin adı nədir o zaman? Məncə, ədalətli olmaq lazımdır. Azərbaycana xəyanət edən etnik ünsürlərə nə ad qoyuruqsa, xəyanət edən türklərə də həmin adı qoymalıyıq. Yox, əgər üç-beş xainə görə özümüzə pis adları yaraşdırmırıqsa, onda etnik azlıqlara qarşı da eyni cür davranmalıyıq. Əks təqdirdə, istər talış olsun, istərsə də başqa etnik azlıq, onların arasından çıxan naxələflərin layiq olduğu adı hamısına şamil etsək, elə hamısının dönüb o cür olmaqdan başqa yolu qalmayacaq. Demək istədiyim odur ki, mərdi qova-qova namərd etməzlər. Bu ölkə türk superetnosu ilə bərabər (bu superlik heç də konstitusion hüquqlardan yüksəkdə deyil) talışların, ləzgilərin, avarların, tatların, udinlərin, saxurların, qırızlıların, kürdlərin və daha neçə-neçə bu cür azlıqların eyni dərəcədə vətənidir və biz hamımız bir-birimizi sevmədən dövlətimizi ayaqda tuta bilmərik. Dövlətin əsas milləti olaraq biz türklərin vəzifəsi türk olmayanları sevmək, qucaqlamaq, onlara azlıqda olmadıqlarını hiss etdirməkdən ibarətdir. Əks təqdirdə, yəni dışlandıqları halda onlar doğal olaraq özlərinə sığınacaq axtarmalı olacaqlar. Bu sığınacaq dediyimiz amil isə Azərbaycan Respublikasının parça-parça bölünməsi demək olardı. Uca Tanrı bizi bundan qorusun!