Fəridə Əliyeva
Londonda təhsil alan tələbə
Rubrika: Biz Azərbaycandanıq
Mən Bakıda doğulmuşam. Şəhərin mərkəzində metronun “Nizami” stansiyası ilə üzbəüz 70-80-ci illərdə öz memarlıq üslubu ilə ətrafdakı tikililərdən seçilən bir binada yaşamışam. Eyvanımız metronun giriş qapıları tərəfə baxdığından ətrafakı binalarda yaşayan insanları da tanıyırdıq. Bu əsrin əvvəllərində tikilmiş ikimərtəbəli binaların sakinləri sanki böyük bir ailənin üzvləri idi. İçərisində maraqlı memarlıq üslubu ilə seçilən, fərqli görünüşə malik olan bina isə haradasa Qərb memarlığını xatırlatdığından diqqəti daha çox cəlb edirdi. Bəlkə də elə buna görə bu binaya baxmağı cox sevirdim. Yaşadığım binanın beşinci mərtəbəsindən bu evlər daha kicik görsənirdi və bəzən mənə elə gəlirdi ki, bu ev metro stansiyasının yaxınlığında
olan göydələnə sonsuz həsrət, həsədlə baxaraq günün birində söküləcəyini və keçmiş xatirələri özü ilə bərabər əbədiyyətə aparacağını gözləyirdi. Ən maraqlısı odur ki, bunu insanlar da gözləyirdi. İnsanlara elə gəlirdi ki göydələnlərdə yaşamaq onları daha xoşbəxt edəcək.
Bu gün alimlər gələcəkdə yeni xətli şəhərlərin yaranacağı haqqında öncəgörmələr söyləyirlər. Tarixən şəhərlər ''bütün yollar
məbədə aparır'' prinsipi ilə salınırdı. Yollar məbədin, kilsənin yerləşdiyi meydana cəm olurdu. İnsanlar bu meydanda görüşür, tarixi hadisələr burada baş verirdi. Həm Şərqdə, həm də Qərbdə dünyanın bir çox şəhərlərində mərkəzi meydanlar çox tarixi hadisələrə şahidlik etmişdi. Məkəzi meydanlar insanları yaxınlaşdıran, doğmalaşdıran yerlərə cevrilirdi.
Gələcəyin şəhərlərini planlaşdıran alimlər isə artıq belə meydanlara ehtiyac olmayacağını proqnozlaşdırırlar. Çünki
elektron kottec rolunu oynayacaq göydələnlərin meydana nə ehtiyacı. Belə böyük evlərdə yaşayacaq insanların bütün
ehtiyacları orada ödəniləcək: mağazalar, uşaq bağçaları, əyləncə yerləri və daha nələr-nələr...
Nə nəqliyyat problemi olacaq, nə də dərsə gecikmək qorxusu. Bank hesabları, alış-veriş hesabları evdən ödəniləcək. Hər kəndi bir göydələnə yerləşdirsək, kənd ifadəsinin taleyi nə olacaq? Bu binalarda yaşayacaq insanlar nə tərz insanlar olacaq? Qonşuların biri-birini tanımadığı bu evlərdə yaşayacaq insanların biri-birinin sevincinə, kədərinə şərik olacağına inanmaq cətindir.
Ürək açan haldır ki, bugün cox insan torpağa daha yaxın olmaq üçün həyət evlərinə üstünlük verir. Ancaq o vaxtlar mən bu barədə heç düşünmürdüm. Mən nəinki bu çox da boyuk olmayan qonşu binanın, heç memarlıq baxımından daha
möhtəşəm binaların da kimlər tərəfindən tikildiyinin və ya tikdirildiyinin, onların gələcək taleyinin necə olacağının fərqinə varmırdım. Çox uzaq kecmişi ciddi-cəhdlə bizə öyrədən müəllimlərimiz belə, yaşadığımız şəhər haqqıda geniş məlumat vermirdilər. Heç dərsliklərdə də bu barədə ətraflı məlumat tapmaq mümkün deyildi. İnsan yaxşı tanıdığını ya sevir ya da nifrət edir. Tanımadığın bir şey laqeydlik doğurur.
Ancaq xoşbəxtlikdən ailəm, yaxınlarım vətənin hər daşına qiymət verən keçmiş irsə böyük hörmətlə yanaşan insanlardı. Onların söhbətlərinin birində qonşuluğumuzdakı evin tarixinə dair fikirlər eşitdim. İlk dəfə bu evin memarı Zivərbəy Əhmədbəyov haqqında elə o zaman eşitmişdim. Təssuf ki, onda bu insan haqqında məlumatı artırmaq hissim məni öz ardınca apara bilmədi.
2011-ci ilin iyul ayında Bakıya yay tətilinə döndum. “Nizami” stansiyasının yanından keçərkən qarşıdakı meydanı tanımadım. Ailəm daha şəhərin bu hissəsində yaşamadığından buraya yolum az-az düşürdü. Az vaxt ərzində ətrafda çox şey dəyişmişdi. Meydan və ətrafdakı binalar yeni görkəm almışdı. Meydanın mərkəzində isə məşhur azərbaycanlı memar Zivərbəy Əhmədbəyova heykəl qoyulmuşdu. Yaxınlaşıb heykələ diqqətlə baxmağa başladım. Mən və mənim yaşıdlarım bu böyük memar haqqında nə bilirik? Onun Azərbaycan memarlıq tarixində yeri və rolu nədən ibarətdi? Təkcə ötən əsrin əvvəllərində, ortalarında, sonlarında deyil heç bugün də şəhəri gozəlləşdirən insanları tanımırıq. Zənnimcə belə olmamalıdır.
Xarici səfərlərdə olanlar bilir ki, öz şəhərlərinin tarixindən qürurla danışan bələdçilər abidələrdən bəhs edərkən ilk növbədə onun memarından, mühəndisindən söhbət açırlar. Parisdə Luvr sarayının P.Lesko və J.Qujon, Londonda Bukenqem sarayının C.Naş, Vaşinqtonda Kapitoli sarayının V.Tornton, Sankt-Peterburgda Ermitajın Rastrelli
tərəfindən tikildiyini çoxumuz yaxşı bilirik. Bəs Azərbaycanın böyük memarları haqqıda məlumatımız kifayət qədərdimi?
Zivərbəy Əhmədbəyov öz dövrünün görkəmli ziyalılarından biri idi. 1873 -ci ildə Şamaxıda doğulan Zivərbəy ilk ali təhsilli Azərbaycan memarı olub. 1902-ci ildə Peterburqda inşaat mühəndisləri institutunu bitirmişdi. Azərbaycan xalq cümhuriyyəti(AXC) dövründə Bakı şəhərinin baş memarı olmuşdu. Şamaxıda Cümə məscidi, Bakıda Təzə Pir məscidi, Əmircanda Murtuza Muxtarovun tikdirdiyi məscidin, Bakıda necə-necə yaşayış evinin memarı olub. Bu görkəmli insanın bugün də hər birimiz üçün cox vacib olan bir məsələ- islam mədəniyyət abidələrinin qorunması sahəsindəki fəaliyyəti yəqin xususi öyrənilməlidir. Xarici ölkələrdə vətəndaşların öz ölkələrində mədəniyyət abidələrinə münasibətindən ağız dolusu danışırıq. Vyana şəhərinin mərkəzində tarixi minillərə gedən bir qurumuş ağacı şüşə örtuk altında saxlayırlar. Ötən il Şəkidə olarkən Şəki xaninın qış sarayının acınacaqlı vəziyyəti və bəzi insanların sarayın daşlarını söküb aparması yadımdan çıxmır.
Təqribən 100 il bundan öncə Zivərbəy Əhmədbəyov mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan yeni “Şirvan” cəmiyyəti yaratmışdı. Bu böyuk insanın, görkəmli ziyalının, istedadlı memarın xidmətlərinin tarixi etirafı 2011-ci il may ayının 26-da verildi. Dövlət başçısı İlham Əliyevin Zivərbəy Əhmədbəyovun heykəlinin acılışında iştirakı bu böyük insana verilən böyuk qiymət və hər birimizə bir xatırlatma idi. Meydanın mərkəzində ucalan heykəlin müəllifi azərbaycanlı heykəltəraş Natiq Əliyev idi. Paytaxtımızı bəzəyən bu sənət əsəri bir sənətkarın digərinə olan məhəbbətindən, hörmətindən yaranmışdı. Bir anlıq nəzərim heykəlin sağ tərəfində Zivərbəy Əhmədbəyovun xatirəsi olan tarixi binaya cevrilir. Deyəsən, daha söküləcəyindən qorxu hissi yaşamayan tarixi abidələr siyahısıda layiqli yerini alan bu bina ətrafında ucalan binalara bir az təkəbbürlə baxır.