Bu ifadə hələ bir zamanlar şəhərətrafı elektrik qatarları mövcud olanda (indi varlığı ili yoxluğu bilinmir) daha məşhur idi. Əhalinin maddi cəhətdən kasıb təbəqəsi bu nəqliyyat vasitəsindən istifadə edirdi, Çünki gedişhaqqı ucuz idi... Amma sonradan bu nəqliyyat vasitəsinin gəlir gətirməməyi bir yana, ziyana işlədiyini görəndə bağlamağa qərar verdilər. Sonradan “kasıb atı” funksiyasını bir vaxtlar 5 qəpik olan metro öz üzərinə götürdü. Avtobusların gedişhaqları bahalaşanda əhalinin kasıb təbəqəsinin yeganə pənahgahı olan metro sevinci də uzun sürmədi. Metroda gedişhaqqı 3 dəfə artırılaraq 15 qəpik oldu. Amma yenə də ən ucuz nəqliyyat vasitəsi statusunu özündə saxlaya bildi.
Tarif Şurası dünən yenə qiymətlərə və əhalinin gəlirlərinə “baxaraq” qiymətləri artırmaq qərarına gəldi. Metronun gedişhaqqı 20 qəpik oldu. Amma bu qərar hələ dekabrın 1-də qüvvəyə minəcək. Buna baxmayaraq metroda indidən qiymətlər “artırılıb.” Yox elə bilməyin ki, Metropoliten rəisi Tağı Əhmədov açıq şəkildə qiymətləri qaldırıb. Bu belə deyil. Amma metroda quraşdırılan gediş yükləmə aparatlarına “kiçicik müdaxilə” buna kifayət edib.
Bir vaxtlar çörək qıt olanda necə hər ailəyə 3 ədəd “palojnı” idisə, indi də cəmi 4 gediş yükləmək olur. Qalan pul isə “balansda qalır.” Metro işçiləri hamını əmin edir ki, bu pul kartın yaddaşındadır. Bu belədir. Amma bu 3 gün ərzində bu pul orada necə qalacaq bax bu çox maraqlıdır. Nəzərə alsaq ki, gün ərzində metrodan milyonlarla insan istifadə edir, bu rəqəmin hansı həddə olduğunu təsəvvür etmək olar. İndi burada Tağı Əhmədovu da qınamaq olmur. Özü demişkən kişinin “öz obyektidir özü bilər.” Amma nəzərə alsaq ki, bu pullar əhlinin ən kasıb təbəqəsinin cibindən gedir...
Bu bir məsələ. Qaldı ki, metroda gedişhaqlarının artmasına, bu yəqin ki, “kasıb atı” misalını sıradan çıxaracaq. Burda iki amil var. Ya ölkədə artıq kasıb qalmayıb ki, ona “at” lazım olsun, ya da ki, artırılan maaşlarla qiymətlər də artır ki, “balans pozulmasın”.
P.S. Bax belə. İndi görəsən qazanan kim oldu?