Azərbaycan xalqının əlli il sonra hansı vəsaitin hesabına yaşayacağı heç kimə məlum deyil. Gələcəyimiz üçün cavabdehlik daşıyan adamları ancaq gündəlik qazancları maraqlandırır. Bu mənfi tendensiya uzun illərdir davam edir.
Dünya alimləri faydalı qazıntıların tezliklə tükənəcəyi barədə həyəcan təbili çalırlar. İnkişaf etmiş ölkələrdə hökumətlər müxtəlif iqtisadi modellər tətbiq etməklə vəziyyətdən çıxmağa çalışırlar. Elə ölkələr var ki, özünün zəngin təbii ehtiyatlarından istifadəni böyük ölçüdə məhdudlaşdırıb. Faydalı qazıntıların həm də gələcək nəsillərə məxsus olduğunu hətta uzaq Afrika ölkələrində də dərk etməyə başlayıblar.
Üç gün əvvəl 6-cı sinifdə oxuyan oğlumla birlikdə coğrafiya fənnindən ötən iki rübdə keçilmiş dərsləri təkrarlayırdıq. "Yer qabığını yaradan suxur və minerallar" adlı paraqrafda verilmiş şəkilli cədvəl ikimizin də diqqətini cəlb etdi. Cədvəldə faydalı qazıntıların hansı illərdə tükənəcəyi barədə məlumatlar öz əksini tapıb. Alimlərin hesablamalarına görə, 2040-cı ildə dünyadakı qızıl yataqları tamamilə boşalacaq. Neft ehtiyatı isə 2050-ci ildə tükənəcək. Mis 2055, təbii qaz isə 2060-cı ildə qəhətə çıxacaq. Gələcək nəsillərin ən çox yararlana biləcəyi faydalı qazıntı uran hesab olunur. Hesablamalara görə, dünyanın uran ehtiyatı 2990-cı ilə kimi davam edəcək. Azərbaycanda uran yataqlarının mövcudluğu barədə hər hansı məlumatım olmadığı üçün bu xəbərə sevinə bilmədim.
Biz cədvəldəki məlumatları əzbərləyəndə, Şahin dedi: "Kənanın 28 yaşı olanda dünyada qızıl, 38 yaşı olanda isə neft qalmayacaq". Kənan bizim məhəllənin ən balaca sakini sayılır. O, bir həftə əvvəl dünyaya gəlib. Əgər alimlər yeni faydalı qazıntıların izinə düşməsələr, həqiqətən də qızıl və neft kimi strateji əhəmiyyət daşıyan məhsullar gələcək nəsillərin rifah halının yüksəlməsinə kömək edə bilməyəcək.
Kənan haqqında danışanda Şahinin çöhrəsini kədər bürüdü. Mən onu daha çox məyus etməmək üçün cəmi 10-12 il sonra Azərbaycanın xaricdən neft almaq məcburiyyətində qalacağını söyləmədim. Amma üç gündür bir sual beynimi deşir: necə olur ki, Azərbaycan hökuməti gələcək nəsillərin taleyini 6-cı sinif şagirdi qədər düşünmür?
Əlində az-çox səlahiyyəti olan bütün məmurlar neft pullarını havaya sovurmaqla məşğuldurlar. ARDNŞ prezidenti Rövnəq Abdullayev isə sözün həqiqi mənasında talançılıq yolunu tutub. İki gün əvvəl öyrənmişəm ki, ARDNŞ neft pulları hesabına şahmat komandası yaradıb. Komanda üzvlərinin əksəriyyəti öz ölkəsində uğur qazana bilməyən idmançılardır. Üç-dörd gün əvvəl isə rəhbərlik bolqar qrossmeyster Vaselin Topalovu heyətə qatıb. Topalovun meneceri belə deyib: "Rövnəq Abdullayev elə məbləğ təklif etdi ki, keçə bilmədik".
Bu fakt bir daha sübut edir ki, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət gələcək nəsilləri ac qoymağa hesablanıb. Amma həmin adamların özlərinin belə bir qayğısı yoxdur. Çünki onlar çapıb-taladıqları pullarla nəinki övladlarının, hətta nəvə-nəticələrinin də gələcək rifahını təmin ediblər.