Modern.az

Azərbaycanla Özbəkistan arasında “Mədəni İrs Məktəbi” yaradılsın - TƏKLİF

Azərbaycanla Özbəkistan arasında “Mədəni İrs Məktəbi” yaradılsın - TƏKLİF

Mədəniyyət

26 Avqust 2026, 15:00

Azərbaycan və Özbəkistan arasında imzalanan “Əbədi dostluq haqqında Müqavilə” iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradıb. Bu çərçivədə mədəniyyət və xüsusilə kino sahəsində əməkdaşlığın genişləndirilməsi də diqqət çəkən istiqamətlərdəndir. Artıq iki ölkənin kino qurumları arasında bir sıra birgə layihələr həyata keçirilib, yeni ekran işlərinin hazırlanması istiqamətində də addımlar atılıb.

Modern.az iki ölkə arasında kino sahəsində əməkdaşlığın hazırkı vəziyyəti, birgə film və serial layihələrinin hazırlanması, eləcə də “Əbədi dostluq haqqında Müqavilə”nin bu istiqamətdə mümkün yeni imkanları ilə bağlı Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) sorğu ünvanlayıb.

ARKA-dan saytımıza bildirilib ki, Azərbaycan və Özbəkistan arasında kinematoqrafiya sahəsində əməkdaşlıq son illərdə intensivləşib.

Agentlikdən qeyd olunub ki, 2024-cü il fevralın 25-də Azərbaycan Respublikasının Kino Agentliyi ilə Özbəkistanın Kinematoqrafiya Agentliyi arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandum çərçivəsində iki ölkənin kino qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən “Maksud Şeyxzoda” filminin birgə istehsalı nəzərdə tutulub:

"Bundan əvvəl Azərbaycan-Özbəkistan kino əməkdaşlığı çərçivəsində artıq konkret ekran işi də ərsəyə gətirilib. 2025-ci ildə “Yer və Ay” birgə animasiya filmi istehsal olunub. Eyni zamanda iki ölkə arasında qarşılıqlı kino günləri də təşkil edilib. Belə ki, 2024-cü il 20–23 iyul tarixlərində Bakıda “Özbək Kinosu Günləri”, 2025-ci il 13–15 noyabr tarixlərində isə Özbəkistanda “Azərbaycan Kino Günləri” keçirilib. Bundan başqa, 2025-ci ildə Bakıda keçirilən “Baku Cinema Breeze” festivalı çərçivəsində Özbəkistan Kino Günləri də təşkil olunub".

ARKA-dan, həmçinin, hazırda rejissor Vaqif Mustafayevin çəkdiyi “Molla Nəsrəddin: Çətin günlərimin dostu” filmində Özbəkistanın tərəfdaş ölkələrdən biri olduğu da bildirilib.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova bildirib ki, Azərbaycanla Özbəkistan arasında imzalanan əbədi dostluq haqqında memorandum iki ölkə münasibətlərinin mənəvi, mədəni və humanitar müstəvidə də yeni mərhələyə keçdiyini göstərir:

"Əslində, Azərbaycan və Özbəkistan xalqları arasındakı münasibətlərin tarixi hər hansı siyasi sənəddən, müasir dövlətlərarası müqavilədən və hətta bugünkü diplomatik münasibətlərdən çox-çox əvvələ gedib çıxır. Bu əlaqələrin kökü minilliklər boyu formalaşmış ortaq türk tarixinin, dil və mədəniyyət yaxınlığının, İslam sivilizasiyasının, İpək yolu üzərində yaranmış şəhər mədəniyyətlərinin, elm və ədəbiyyat mübadiləsinin dərin qatlarına söykənir. Bu baxımdan bugünkü yüksək səviyyəli Azərbaycan–Özbəkistan münasibətləri yeni başlanğıc deyil, əsrlərlə davam edən mənəvi yaxınlığın müasir dövlətçilik müstəvisində yeni ifadəsidir”.

E.Akimova qeyd edib ki, iki xalqı birləşdirən amillər sırasında ortaq tarixi və mədəni irslə yanaşı, Azərbaycan və Özbəkistan ədəbiyyatının böyük nümayəndələri arasında formalaşmış mənəvi əlaqələr də xüsusi yer tutur:

“Bizi birləşdirən yalnız eyni kökdən gəlməyimiz deyil. Bizi Nizami Gəncəvi ilə Əlişir Nəvai, Məhəmməd Füzuli ilə Özbək klassik ədəbiyyatının böyük nümayəndələri arasında qurulan mənəvi körpülər, ortaq Şərq-Türk düşüncə məkanı, elmə, sözə, sənətə verilən dəyər birləşdirir. Azərbaycan və Özbəkistanın tarixi şəhərləri – Bakı, Gəncə, Şuşa, Daşkənd, Səmərqənd, Buxara və Xivə – ayrı-ayrı coğrafi məkanlar olmaqla yanaşı, əsrlər boyu böyük bir mədəni dünyanın müxtəlif ünvanları olublar”.

Deputat hesab edir ki, mövcud tarixi-mədəni irsdən istifadə etməklə Azərbaycan-Özbəkistan əməkdaşlığına daha dərin və uzunmüddətli məzmun qazandırmaq mümkündür.

“Məhz buna görə hesab edirəm ki, imzalanmış memorandumun mədəniyyət sahəsində yaratdığı imkanlardan maksimum istifadə edilməlidir. Əlbəttə, əminəm ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin bu istiqamətdə kifayət qədər ciddi və mükəmməl planları olacaq. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, teatr və musiqi kollektivlərinin səfərləri, sərgilərin təşkili, kino layihələrinin reallaşdırılması, muzeylərarası əməkdaşlığın genişləndirilməsi kimi ənənəvi istiqamətlər, şübhəsiz ki, davam etdiriləcək. Ancaq mən düşünürəm ki, qarşıdakı mərhələdə bu əməkdaşlığa daha dərin, uzunömürlü və elmi-ədəbi məzmun qazandıran layihələr də əlavə etmək lazımdır. Ədəbiyyatçı və filoloq alim kimi mənim üçün əməkdaşlığın əsas istiqamətlərindən biri Azərbaycan və Özbəkistan arasında ədəbi əlaqələrin yeni səviyyəyə qaldırılmasıdır. Mən xüsusilə arzu edərdim ki, müasir Azərbaycan və Özbək ədəbiyyatının ən yaxşı nümunələrindən ibarət qarşılıqlı tərcümə layihəsi həyata keçirilsin. Azərbaycan yazıçılarının seçilmiş hekayələri, şairlərinin ən gözəl şeirləri özbək dilinə, Özbəkistanın müasir ədəbiyyatının seçilmiş nümunələri isə Azərbaycan dilinə peşəkar səviyyədə tərcümə olunsun.Bu, sadəcə kitab nəşri deyil, iki ədəbi mühitin bir-birini daha yaxından tanıması deməkdir. Çünki tərcümə yalnız bir dildə yazılmış mətnin başqa dilə çevrilməsi deyil. Tərcümə bir xalqın düşüncə tərzinin, hisslərinin, dünyaya baxışının digər xalqa çatdırılmasıdır”.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan alimlərinin, yazıçı və şairlərinin ədəbi-elmi əlaqələrini əks etdirən geniş antologiyanın hazırlanması da mühüm layihələrdən biri ola bilər:

“Belə bir antologiya yalnız bioqrafik məlumatların toplandığı nəşr olmamalıdır. Burada Azərbaycan və Özbəkistan ədəbiyyatşünaslarının, dilçilərinin, şair və yazıçılarının bir-birinə münasibəti, elmi və yaradıcılıq əlaqələri, qarşılıqlı təsirləri, müxtəlif dövrlərdə yaranmış ədəbi təmaslar sənədlər, məktublar, məqalələr, xatirələr və seçilmiş əsərlərlə təqdim edilə bilər. Belə bir nəşr gələcək tədqiqatçılar üçün son dərəcə qiymətli mənbəyə çevrilə bilər. Çünki xalqların münasibətlərinin ən canlı tarixlərindən biri onların ziyalılarının bir-birinə yazdığı məktublarda, bir-birinin yaradıcılığı haqqında söylədiyi fikirlərdə, ortaq tədbirlərdə və ədəbi müzakirələrdə yaşayır. Biz həmin yaddaşı sistemləşdirib gələcək nəsillərə çatdırmalıyıq. Məncə, daha bir mühüm layihə Nizami Gəncəvi və Əlişir Nəvai irsinin qarşılıqlı öyrənilməsi və təbliği ilə bağlı ola bilər. Nizami ilə Nəvai arasında əsrlərin məsafəsi olsa da, onları birləşdirən böyük bir ədəbi-fəlsəfi düşüncə xətti mövcuddur.Bu istiqamətdə Azərbaycan və Özbəkistan alimlərinin iştirakı ilə beynəlxalq elmi konfransların keçirilməsi, Nizami və Nəvai irsinin müasir elmi metodlarla müqayisəli tədqiqinə həsr olunmuş fundamental topluların hazırlanması, əsərlərinin yeni elmi-tənqidi nəşrlərinin və qarşılıqlı tərcümələrinin ərsəyə gətirilməsi olduqca faydalı olardı”.

E.Akimova hesab edir ki, Azərbaycan və Özbəkistan şəhərləri arasında birbaşa mədəni əməkdaşlıq proqramlarının yaradılması da əlaqələrin genişlənməsinə ciddi töhfə verə bilər.

“Azərbaycan və Özbəkistanın klassiklərinin irsinin öyrənilməsi ilə yanaşı, Füzuli, Xaqani, Nəsimi, Mirzə Fətəli Axundzadə kimi Azərbaycan ədəbiyyatının klassikləri ilə özbək ədəbiyyatının böyük simaları arasında paralellərin öyrənilməsi üçün xüsusi elmi layihələr təşkil edilə bilər. Burada məqsəd klassikləri sadəcə xatırlamaq deyil, onların ideyalarının müasir dövr üçün nə qədər aktual olduğunu göstərməkdir. Mən mədəni əməkdaşlığın yalnız paytaxtlarla məhdudlaşmasının da tərəfdarı deyiləm. Şuşa ilə Səmərqənd, Gəncə ilə Buxara, Qəbələ ilə Xivə kimi şəhərlər arasında mədəni əməkdaşlıq proqramlarının yaradılması çox maraqlı nəticələr verə bilər. Bu şəhərlərin tarixi-mədəni irsi əsasında foto və rəsm sərgiləri, sənədli filmlər, sənət festivalları, kitab təqdimatları, memarlıq forumları və yaradıcılıq düşərgələri təşkil etmək mümkündür. Azərbaycan və Özbəkistanın gənc yazıçıları, şairləri, rəssamları, musiqiçiləri, rejissorları və tədqiqatçıları üçün qarşılıqlı yaradıcılıq rezidensiyaları yaradıla bilər. Məsələn, bir qrup gənc özbək yazarının müəyyən müddət Azərbaycanda, azərbaycanlı yazarların isə Özbəkistanda yaşaması, yerli ədəbi mühitlə tanış olması və burada əsərlər yaratması çox qiymətli təcrübə olardı”.

E.Akimova kino və teatr sahəsində də birgə layihələrin həyata keçirilməsini mümkün hesab edir:

"iki ölkənin kinematoqrafçılarının ortaq tarixi şəxsiyyətlər, İpək yolu, Nizami və Nəvai, eləcə də Azərbaycan-Özbəkistan münasibətləri haqqında birgə sənədli və bədii filmlər hazırlaması mühüm nəticələr verə bilər. Teatr sahəsində dramaturq, rejissor və aktyor mübadiləsinin həyata keçirilməsini, iki ölkənin teatr kollektivlərinin iştirakı ilə “Azərbaycan–Özbəkistan Teatr Günləri”nin keçirilməsini, uzunmüddətli perspektivdə isə birgə tamaşaların hazırlanmasını təklif edərdim. Musiqi sahəsində isə muğam və özbək klassik musiqisinin, milli musiqi alətlərinin, folklor nümunələrinin qarşılıqlı təqdimatı üçün ayrıca proqramlar hazırlana bilər. Burada da söhbət sadəcə konsertlərdən getməməlidir. Musiqişünasların iştirakı ilə elmi seminarlar, ustad dərsləri, musiqi arxivlərinin rəqəmsallaşdırılması və ortaq musiqi albomlarının hazırlanması kimi layihələr daha qalıcı nəticələr verə bilər”.

Deputat muzey və kitabxanalar arasında əməkdaşlığın dərinləşdirilməsinin, xüsusilə nadir əlyazmaların və arxiv materiallarının qarşılıqlı şəkildə tədqiqinin vacibliyini də qeyd edib:

“İki ölkənin milli kitabxanaları və aparıcı muzeyləri arasında rəqəmsal arxivlərin qarşılıqlı təqdimatı, nadir əlyazmaların elektron kataloqlarının hazırlanması, müştərək sərgilərin təşkili mədəni irsimizin qorunmasına və təbliğinə ciddi töhfə verər. Xüsusilə Azərbaycan və Özbəkistan əlyazma irsinin birgə tədqiqi böyük elmi əhəmiyyət daşıyır. Həmçinin Azərbaycan və Özbəkistan arasında “Mədəni İrs Məktəbi”nin yaradılmasını təklif edirəm. Bu məktəbdə gənc tədqiqatçılar, muzey əməkdaşları, kitabxanaçılar, restavratorlar, folklorşünaslar, ədəbiyyatşünaslar və sənətşünaslar birgə proqramlarda iştirak edə bilərdilər. Beləliklə, əməkdaşlıq yalnız tədbirlərlə məhdudlaşmaz, yeni mütəxəssislərin yetişdirilməsi istiqamətində də davamlı xarakter alardı. Qarşıdakı mərhələdə əsas məqsəd Azərbaycan və Özbəkistan arasında əsrlər boyu formalaşmış mənəvi yaxınlığı müasir mədəniyyətin imkanları ilə gələcəyə daşımaqdır. İndi əsas məsələ bu qədim dostluğu müasir mədəniyyətin dili ilə gələcəyə daşımaqdır. Və məncə, ən böyük layihə də məhz budur: ortaq keçmişimizi birlikdə öyrənmək, müasir mədəniyyətimizi bir-birimizə tanıtmaq və gələcəyin ortaq mədəni yaddaşını bu gündən yaratmaq!”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...