(Esse)
Bu günüm də həmişə olduğu kimi rəngsiz başlamışdı. Hər şey mənə yad və kimsəsiz kimi görünürdü. Özüm belə özümü tanıya bilmirdim. Çünki yaddaşımın zəiflədiyi andan bu yana çox şeyləri unutmağa başlamışdım. Sevdiyim insanları, dostlarımı, yaxınlarımı. Ən əsası özümü də unutmağa başladığımı anladım. Anladığım andan qəlbimdə bir tərpəniş hiss etdim. Məni, ruhumu və daxilimdən boylanan Mənimi idarə edən iki insanı -əkizləri hiss etdim. Fərqinə belə varmırdım ki, onlar mənim daxili dünyanmı darmadağın etməyə çalışırmışlar. Sanki Mən – üç məndən ibarət bir canıya çevrilmişdim. Əslində məxluqa desəm, daha yaxşı və dolğun səslənər. Bu gedişi , bu talanı bu gün durdurmalı idim. Yoxsa çox gec ola bilər. Mənimi qorumalı, yadelliləri isə qovmalı idim. Bu döyüşü bir üçbucağa bənzədirəm. Bəlkə də bu döyüş mənə qələbə gətirəcək, bəlkə də məğlubiyyət bilmirəm.. Amma mən bu Mənimin hissəcikləri ilə mübarizə aparmalıyam. Belə bir nəticəyə gəlirəm ki , mən əslində özüm –özümlə mübarizə aparmağa başlamışam. Amansız və dönüşü olmayan bir mübarizə.
Bu Mənimin hissəciklərinə, bu əkizlərə mən imkan yaratmışam ki, mənim insanlığımı, ruhumu işğal etsinlər.Bu yerdə zəifliyimi də boynuma alıram. Bu zəifliyimə görə nələri itirdiyimi də aydın görə bilirəm. Bu itirdiklərimi geri qaytarmaq üçün də bu mübarizə çox vacibdi. Bu mübarizə Mən deyə sürünən bir varlığın Mənimi işğal edən hissəciklərlə mübarizəsidi.
Mübarizədə və müharibədə hər üsul məqbuldu deyiblər. Mən də bu fikrin yamaqlı yaxasından yapışıb dartınmağa çalışıram. Dartınıb ən yüksək zirvəsinə çatmağa səy göstərirəm.
Hönkürtü ilə ağlamaq ilk ağlıma gələn mübarizə üsuludu. Dərindən hönkurmək istəyirəm ki, o Mənimin hissəcikləri göz yaşlarım ilə tökülsün. Bu göz yaşlarım elə bir selə dönsün ki, məni də itirdiyim yolumun axarına yenidən qaytara bilsin. Saf amalım uğrunda olan mübarizəmi düzgün bir yolun axarına yönləndirə bilsin. Saatlarla, günlərlə, bəlkə də illərlə hönkürmək istəyirəm. Ta bu çirkab dolu qan seliyini özümdən ayırmaq üçün. O Mənimə qovuşa biləcəyim məqama kimi hönkürmək istəyirəm. Bəlkə də yenidən ona qovuşsam fərqli bir sevgi və qayğı ilə yanaşacam . Fərli bir mühafizə yolları düşünəcəm.
Digər bir mübarizə üsulunu , ya da silahını etiraf etməkdə görürəm. Etiraf ən doğru və ən kəskin silahdır. Etiraf etmək istəyim beynimdə o qədər güclü bir hala çevrilir ki , özümü belə idarə edə bilmirəm . Beynimdə, qəlbimdə yığılıb qalan artıq yükdən, toz yığınından qurtulmaq üçün etiraf etmək istəyirəm. Bütün dünyaya, insanlara, yaxınlarıma, sevdiklərimə və sevmədiklərimə belə etiraflar etmək istəyirəm. Etiraf etməkdən qorxmuram, cünki etiraf etdikcə insan daha da güclü olduğunu anlayır. Etiraf etdikcə Mənimi işğal edən hissəciklərin də zəiflədiyini hiss edirəm. Etiraf mübarizəmin dayaq nöqtəsidi. Etiraf etdikcə əzilmiş və yaralanmış ruhum yenidən dirçəlir. Etiraf etməliyəm ki, Mənim bərpa olsun. Sağalsın .. Bu etiraflarım bəzilərinə acı, bəzilərinə isə şirin gələ bilər. Amma bunun bir adi var Etiraf. Bəlkələri, yalanları, xəyanətləri, acıları, peşmanlıqıar geridə qoymaq üçün etiraf etməliyəm.
Yalnız qalmaq, təkliyə qonaq olmaq da özümlə bir mübarizə üsuludu. Əslində hər şey insanın özü ilə olan mübarizəsindən başlayır. Yarıqaranlıq bir otaqda günlərlə, bəlkə də həftələrlə tək qalmaq istəyirəm. Bu tənhalıq mənə bu mübarizədə bir yarımçı olacaq. Buna inanıram. Məni Mənimi işğal edən hissəciklərdən qorumağa yardım əlini uzadacaq. Bu yarıqaranlıq otaq mənə bir şox şeyləri anlamağa da kömək edəcək. Bəlkə də mənə belə qaranlıq qalan məqamlara bu zəif işıq öz şüasını saçacaq. Bu zəif şüalar getdikcə qatı bir işıq dalğasına da çevrilə bilər. Və bu dalğa Mənimi işğal edən hissəciklərə də zərbə endirə bilər. Elə bir zəbrə ki , titrəyişindən mən belə bəzi həqiqətləri görə bilərəm.
Digər bir mübarizə üsulu kimi mütaliəni görürəm. Ac bir insan kimi kitablardan yapışmaq və qopmamaq istıyirəm. Bacardıqca sözlərdən, cümlələrdən gələn enerjini almaq və tətbiq etmək istəyirəm. Oxuduqca nə qədər güclü olduğumu da kəşf edirəm. Bu güc getdikcə məni bir burulğanın ağzına yönəldir. Özü isə kənardan seyirci kimi baxır . Deyir ki , çalış qurtul və təmizlən bu hissəciklərdən.
Bir anlığa dayanıram və kənardan düşündüklərimə dərin bir nəzər salıram. Bayaqdan bəri məni idarə edən bu duyğulara dur nidasını səsləndirirəm!!!!
Nəticə: Özümüzlə nə qədər mübarizə aparsaq belə, sonda yenidən ən başa döndüyümüzü anlayırıq. Hər şey var olduğu bir məqama yenidən qovuşmağa başlayır. Bu mübarizə üssullarını artira da bilərəm, amma Mən elə Mən olaraq qalacam. Mənimi işğal edən bu hissəciklər də özümü yenidən sevmək və anlamaq üçün bir vasitə oldu.
Könül Səid