Sosial şəbəkələr 21-ci əsrin reallığıdır. Bu baxımdan bir çox sosial şəbəkələrdə müxtəlif qrup gənclərin aktivliyini görürük. Məlum şəbəkələrdə ilk öncə ölkəmizin imici hər bir Azərbaycan gənci üçün önəmli olmalıdır. Sosial şəbəkədə azərbaycançılıq ideyası, işğal altındakı torpaqlar, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması təbliğ olunsa, bu, yaxşıdır. Nəzərə alsaq ki, müasir dövrümüzdə dünyaya təsir mexanizmi nöqteyi-nəzərindən sosial şəbəkə həm də bir vasitədir. Bəs görəsən azərbaycanlı sosial şəbəkə istifadəçiləri bu işin öhdəsindən gələ bilirlərmi?. Onlar burada ölkəmizin imicini necə formalaşdırıblar?
Modern.az saytının əməkdaşı bu və digər suallarla ekspertlərə müraciət edib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkəmizdə ilkin dövrlərdə sosial əhəmiyyətli resusların bir əyləncə məkanı kimi üstünlük təşkil etdiyini deyir. Son zamanlar isə daha ciddi məsələlərə üstünlük verildiyini bildirib:
“İlk vaxtlar insanlar əyləncə yönümlü müzakirələrə fərqli üstünlük verirdilər. Amma son iki-üç ilin müşahidəsinin nəticəsi ondan ibarətdir ki, artıq sosial resurs olan Facebook və Twitter-də əyləncənin əlaməti 5-10 faizdir. Artıq daha çox informasiya əldə etmək üçün istifadə edirlər. Son dövrlərdə ictimai, siyasi, sosial yönümlü müzakirələrin əsas diskussiya mənbəyi məhz bu sosial şəbəkələrdir. Bu artıq yeni medianın sosial şəbəkəyə inteqirasiyadır”.
AİF prezidenti sosial şəbəkələrdə Azərbaycanın problemlərinin təbliğ olunduğunu deyir:
“Sosial resuslarda Qarabağ məsələsindən başlamış, konkret siyasi məsələlər haqqında müzakirələr var. Bunun üçün Facebook-da Qarabğla bağlı minlərlə qrup var. İnsanlar orada mövqe qoyub, münasibət bildirirlər. Bu baxımdan sonuncu dəfə Xocalı ilə bağlı kampaniyalarda sosial şəbəkələr böyük rol oynadı. Bu kampaniya dünyaya çatdırıldı. Sosial şəbəkələrdə, internetdə Xocalı ilə bağlı olan akitvlik, bizim son illərdə ən böyük uğurumuzdur. Bu məsələ orada çox yaxşı təmsil olunur. Son dövrlər sosial şəbəkələrdən Azərbaycanın problemlərinin qabardılması, tanıdılıması, müzakirələrin aparılması istiqamətində daha aktivlik var”.
Weboxu.com bloqunun yaradıcısı Şaiq Muradov ölkəmizin sosial şəbəkələrdə elə yüksək reytinqinin olmadığını deyir:
“Sosial şəbəkələrdə ölkənin reytinqi ölkə əhalisi və internet istifadəçilərinin sosial şəbəkə istifadəçilərinə olan nisbəti ilə ölçülür ki, Azərbaycanda da bu o qədər çox deyil. Ən çox Facebook-da üzvlərimiz var və bunun sayı 800 minə yaxınlaşır. Ölkədə internetləşmənin 40-50 faiz olduğu nəzərə alınsa, bu sosial şəbəkədə olan ölkələrin nisbətində o qədər də yüksək rəqəm deyil. Belə çıxır ki, bizim internet istifadəçilərinin rəqəmi şişirdilib. Biz bu şəbəkələrdən imic formalaşdırmaq üçün yox, sırf məlumat almaq və məlumat ötürmək üçün istifadə edirik. Sosial şəbəkələrdə olan məlumatları əsasən öz dilimizdə yayırıq. Belə olan halda xaricdə hər hansı imic formalaşdırmaqdan söhbət gedə bilməz”.
Bloqçu ölkəmizdə ənənəvi medianın sosial mediadan geridə qaldığı üçün, belə problemlərin olduğunu bildirib:
“Əslində Facebook bir az qapalı sosial şəbəkədir. Xaricdə sosial şəbəkələrdə həyat tərzi ilə bağlı yazılar yazılırsa, bizdə daha çox məlumat almaq, özlərinin ictimai-siaysi fikirlərini yaymaq məqsədilə istifadə olunur. Bu da ona görədir ki, bizim ənənəvi media bu məsələdə geridə qalır, əvəzində sosial media bu yükü öz üstünə götürür. Xaricdə isə bu belə deyil. Onlarda ənənəvi media sosial mediaya sıx inteqrasiya olunduğuna görə bu, balanslaşır. İnsanlar bir xəbəri çatdırmaqdan daha çox düşüncəli həyat tərzi ilə bağlı məsələləri bölüşürlər. Azərbaycanda təəssüf ki, bəzi sosial şəbəkələr daha çox inkişaf eləyir. Ən çox tanınan Facebook və Twitter-dir. Bizdə bir çox məsələ daha çox Facebook üzərində vəhdət tapıb. Xaricdə isə bundan üstünləri var”.
“Barcamp” Azərbaycan Təşkilatının layihə meneceri İlqar Mirzə Facebook-un ölkənin xarici imicində elə də böyük rolunun olmadığını deyib:
“Sosial şəbəkənin ölkənin imicinin tanınmasında müəyyən bir rolu olsa da, Facebook bu imicdə böyük rol oynamır. Artıq Azərbaycanda Facebook istifadəçilərinin sayı yarım milyonu keçib. Amma bu rəqəmin Azərbaycanın beynəlxalq imicində rol oynayıb-oynamadığı mənim üçü çox qaranlıqdır. Bəlkə də elə bir rolu yoxdur. Çünki istifadəçilərin böyük əksəriyyəti öz aralarında danışır və çoxunun xarici dostu yox səviyyəsindədir. Bu baxımdan onların oradakı fəaliyyətinin Azərbaycanın imicinə elə bir təsiri yoxdur”.
Bundan başqa bloqçu sosial şəbəkələrdə bir sıra məqsədli və istiqamətli qrupların da olduğunu bildirib:
“Ola bilər bəzi dövlət qurumları, müəyyən bir təşkilatlar olsun ki, onların məqsədləri Facebookdan ölkənin imici üçün istifadə etmək olsun. O halda onların müəyyən bir fəaliyyəti ola bilər. Qrupların səviyyəsinə baxsaq, görərik müxtəlifdirlər. Qarabağ müharibəsinə aid, əks erməni təbliğatı aparan və Xocalı soyqırımı ilə bağlı səhifələr var ki, onları kifayət qədər izləyən olur. Bu baxımdan hər qrupa qiymət vermək çətindir. Onların hər birinin özlüyündə keyfiyyət və kəmiyyət səviyyəsi var”.
Anar Kəlbiyev
p.s. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Sosial mediada etik normalar və milli-mənəvi dəyərlərin qorunmasında medianın rolunun artırılması” layihəsi çərçivəsində dərc olunur.