Modern.az

İçimizdəki və çölümüzdəki hasarlar

İçimizdəki və çölümüzdəki hasarlar

Ölkə

4 Sentyabr 2012, 16:08

Biz kimdən və nədən qorunuruq?

Dahi Nizami Gəncəvi “İsgəndərnamə” poemasında qədim Bərdəni tərifləyərək yazırdı ki, bu yerdə meyvə bağları çəpərsiz idi və sürülər çobansız otlayırdı. Bir bağın meyvəsi o biri bağa tökülürdü. Çaylar, göllər və meşələrdən hamı azad, maneəsiz şəkildə istifadə edirdi. Hər tərəfdə ruzu-bərəkət aşıb-daşırdı. Bu gün isə bambaşqa zamandı. Azərbaycanın daxilində sürətlə hasarlama prosesi gedir. Bəhsəbəs düşüb, hər kəs daş, yaxud beton hasarını qonşusundan bir az hündür eləməyə çalışır. İndi hər ev strateji obyekt kimi alınmaz, topdağıtmaz qalanı xatırladır. Hətta elə qəsəbələr, rayon mərkəzləri var ki, daxili yollarının hər iki tərəfi hündür daş hasara alındığından üstü açıq tunelə bənzəyir.

Hazırda Qobustanda belə bir “tunel”in tikintisi başa çatmaq üzrədir. Qəsəbənin daxilindən keçən magistral yolun hər iki tərəfində uzandıqca uzanan, üstü mozaika və qeyri-adi ornamentlərlə bəzədilən divarın bəlkə də dünyada tayı-bərabəri yoxdur. Arxasında isə adama elə gəlir ki, həyat dayanıb. Oz evini, mülkünü, sarayını, villasını, şəhərini, qəsəbəsini hasara alanlar xeyli vaxtdır xalqın dənizini də əlindən alıblar. Daşdan pul çıxaranlar heç kəsin gözünün ucu ilə baxmadığı duzlu sudan da indi pul çıxarmağın yolunu öyrəniblər. Abşeron yarımadasında Milli parkın ərazisini çıxmaqla Xəzər dənizinin sahili başdan-başa hasara alınıb. Birdən-birə çimərliklərin sahibləri peyda olub. Dənizin əsl sahibi olan millət isə öz dənizinə qıraqdan baxır. Bir qrup iş adamı bu çimərlikləri özünün şəxsi gəlir mənbəyinə çevirib. Hasarlara pərçim edilmiş darvazalardan içəri keçmək üçün adambaşı tələb olunan məbləğ beş-on manatdan başlayaraq yüksələn istiqamətdə dəyişir. Beləcə, ümummilli sərvət ümummilli ola bilmir, sürətlə daha zirək tərpənən fərdlərin əlinə keçir.

Biz zaman-zaman məruz qaldığımız işğal faktına görə xarici düşmənlərdən şikayətlənirik. Torpaqlarımızı bölüb pay-püş edən qonşu dövlətləri qınayırıq. Ancaq bir şeyi unuduruq ki, daxildə öz əlimizlə çəkdiyimiz hasarlar bizi daha dəhşətli şəkildə bölüb parçalayır. Ev-ev, küçə-küçə, məhəllə-məhəllə ayrı düşürük. Şəxsən mən özüm dünyanın bir çox ölkələrini gəzib görmüş adam kimi deyə bilərəm ki, heç yerdə evlərin ətrafına bizdə olduğu kimi hasarların çəkildiyinə rast gəlməmişəm. Avropa ölkələrində olsa-olsa adam boyundan da aşağı bu üzündən o biri üzü görünən dəmir barmaqlıqlar çəkilməsinə üstünlük verilir. Heç kəs başqalarından nəyisə gizlətməyə çalışmır. Və bu açıqlıq eyni zamanda insanların şüurunu formalaşdırır. Cəmiyyətə zidd əməllərin baş verməsinin qarşısını alır. Hasarlar olmadıqda insanlar bir-birini görüb əhval sorur, münasibətlərini istiləşdirir. Görmədikdə isə uzaqlaşmağa, yadlaşmağa meyllənir.

Kimsə deyə bilər ki, bura Avropa deyil, şərqdir, müsəlmançılıqdır. Naməhrəm insanlar başqalarının qadınlarını, ailəsini görməməlidir. Vallah, billah bu özü-özünü aldatmaqdır. Biz müsəlman olmağına müsəlmanıq, bunu heç kəs dana bilməz. Ancaq bizim ölkəmiz heç vaxt kütləvi şəkildə qadınlarını, ailələrini hasarların arxasında dustaq edən bir məkan olmayıb. Bir çox hallarda qadınlarımızın geyimi də, düşüncəsi də, dünyagörüşü də ən inkişaf etmiş ölkələrdəki həmcinslərini geridə qoyur. Onlar dövlət və özəl idarə-müəssisələrində naməhrəm adlndırılan kişilərlə çiyin-çiyinə çalışır. Özü də avropalı qadınların geyim-gecimində, görkəmində. Cəmiyyətdə tutduqları mövqe açıq-aşkar göstərir ki, qadınları kimdənsə gizlətməyə ehtiyac yoxdur. Deməli, məsələnin kökündə başqa şeylər durur. Hasarlar əksər hallarda ailəni gizlətməyə deyil, haram qazanılmış var-dövləti gizlətməyə xidmət edir.

Bu gün sivil ölkələrdə heç kəs cibində iri pullar gəzdirmir. Hər kəs parasını banklara etibar edir. İstədiyi məbləği lazım gələndə bankdan, yaxud bankomatlardan xüsusi kartlarla götürüb xərcləyir. Bizdə də artıq belə şərait yaradılıb. Pulu evdə saxlayanlar bilməlidir ki, gec-tez bir gün o evə oğru girəcək. Bunun qarşısını isə heç bir hasarla almaq olmaz. Buna baxmayaraq bütün ölkəboyu hasarlar çəkilməkdə davam edir. Karxanalar gecə-gündüz hasarlar üçün daş kəsir. Dağlar əriyib yoxa çıxır. Hasar daşlarına xərclənən pulları bir yerə yığsan bəlkə də uca bir dağ olar. Halbuki bu qədər pulla uzun illər ölkədəki bütün acların qarnını doyurmaq olar. Təəssüf ki, bunu düşünən yoxdur. Ağına-bozuna baxmadan böyüklü-kiçikli hamının başı hasar çəkməyə qarışıb. Hətta hasarlar qəbirstanlıqlara da ayaq açıb, təkcə diriləri deyil, ölüləri də bir-birindən ayırır. Kimi ailənin, kimi də millətin boğazından kəsib hasara verir. Bir sözlə, hasarlar əjdaya dönüb ölkəni yeyir.

Düzdür, xalqımıza bir çox bəlanı ürcah edən bədxah qonşularımızdır. Ancaq nəzərə almırıq ki, daha böyük bəlaların baiskarı elə biz özümüzük, öz əlimizlə aramıza çəkdiyimiz hasarlardır. Biz axı kimdən qorunuruq, soydaş dediyimiz canı bir, qanı bir insanlardanmı? Böyür-başımızı hasara alıb özümüzü cəmiyyətdən ayırdıqca, bölündükcə təklənirik. Təklənməyin aqibətini isə biz artıq yaşamışıq və yaşamaqdayıq.
Bütün ölkə bizi bölən hasarlar içində havasızlıqdan boğulur. Xilas yolu ilk növbədə içdəki daşı nəfsdən olan hasarları uçurmaqdır. Bunu bacarsaq, ətrafımızdakı hasarları uçurmaq çətin olmayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı