Modern.az

Nazir məni tanıdı.. amma çifayda...

Nazir məni tanıdı.. amma çifayda...

Ölkə

6 Noyabr 2013, 22:00

Köhnə həyətimiz – Hüsü Hacıyev küçəsindəki “Yazıçılar binası” canlı muzey idi. Amma illər keçdikcə həyətimiz həqiqi mənasında muzeyə çevrildi. Orda yaşayan yazıçı və şairlər haqqında (Allah İsa Hüseynovla Afaq Məsuda ömür versin) keçmiş zamanda danışmağa başlamışıq. Təzə həyətimizdə isə, maşallah, əminamanlıqdır. Hələ ki, vəzifədən, deputatlıqdan çıxarılanımız yoxdur. Rəhmətə gedənlər isə (Şair Qabil, Murtuz Ələsgərov, Mahmud Kərimov) böyük hörmət və izzətlə Fəxri Xiyabanda torpağa tapşırılıb.

Yox, deməyəcəyəm qonşularım kimlərdir. Harda işləyirlər, neçə dəfə deputat seçiliblər, kimin qohumu, kimlərin övladlarıdırlar. Məqsədim bu deyil. Sadəcə digərlərinin mənə həmişə müraciət etdikləri suala cavab tapmaq istəyirəm. Yaxud da cavab vermək istəyirəm.

Sual isə mentalitetimizə uyğun, amma mənim ruhuma yad  bir sualdır:

- Mahir, salam.

- Salam.

- Necəsən?

- Yaxşıyam.

- Harda işləyirsən?

Bax burda başıma elə bil ki, bir vedrə qaynar su tökürlər də. Sən soruş “necə yaşayırsan?”, “necə dolanırsan?”

- Heç yanda.

- Necə yəni heç yanda.

- Heç yanda da. Evdar kişiyəm.

- Bir iş zad vermədilər sənə?

- Yox.

- Get istə də. Bir də ki, o cür qonşuların var. Yəqin ki, səni  tanıyırlar.

- Yox! Tanımırlar.

- Necə yəni “tanımırlar”?! Atovu ki tanıyırlar.

- Atam rəhmətə gedib.

- Allah rəhmət eləsin. Atalar düz deyib e... Bağda ərik var idi...

Beləcə 7 ildir ki, bu sualların yağmurunda boğuluram. 

Lap Vaqif Səmədoğlunun “Bəxt üzüyü”ndəki bir fraza yadıma düşür. Söylü uşağı olmayan qonşusuna deyir: “Ay Seda, bizim kənddə arvadı ildə bir dəfə doğmayan kişiyə belə bir təhər baxırlar e...”. İndi  Vaqif Səmədoğlunun təbirincə desək “bizim məmləkətdə vəzifədə olmayan kişiyə camaat bir təhər baxır e...”.

O gün saytlara göz gəzdirirəm. Görürəm ki, Bakının rayonlarından birinin icra başçısının övladının “Buta-Palace”da toyudur. İki uşağımın da toyuna dəvət etmişdim onu. Yeganə icra başçısıydı dəvətlilər arasında. Gələ bilməsə də, xələtini işçisi Məmmədhüseyndən göndərmişdi. İndi fikirləşdim ki, yəqin dəvət edər də. Axı, mən onu saymışam. Yox... saymadı. Əgər vəzifəm olsaydı, mütləq sayacaqdı. İndi deyəcəksiniz ki, yəqin əziyyət vermək istəməyib. Yox, yanılırsınız. “Buta”da toy edənin pul yığmağa ehtiyacı yoxdur.

Nə isə... beləcə yaşayıram. Başım sakit, amma qulağım dinc deyil. Hərdən bir publisistik yazılar yazıram. Keşmişdə gündəliklər yazan zadəganlar kimi, mən də həyatımı, mülahizələrimi, aqressiyamı tökürəm bu yazılara. Başqası olsaydı dözməzdi mənə. Kompüterdi dözür bu ağırlığa. Təmiz alman malıdır. Üstəlik Kasperski antivirusu da bir tərəfdən kömək edir ona. Yoxsa ağırlığıma tab gətirməzdi.

İndi soruşacaqsınız ki, “nə oldu... 7 ildir ki, bu mövzuda yazmadın... indi başladın? Seçkilər qurtarıb, deyəsən sən də başlamısan yenə nəsə ummağa?”
Yox, səbəb bu deyil. Sadəcə bu günlərdə sevincək olmuşam. Day dost-tanış mənə sual verəndə, onlara çatdıracaq şad xəbərim var. Nə? İndi danışım Siz də agah olsun.

O gün evə gəlirəm. Həyətə girəndə bir nəfərlə rastlaşdım. Sabiq nazirlərdən idi. Binamızda iki dənə mənzili var. Ömrümdə salam-əleykimiz də olmayıb. Əlbəttə ki, “o atlı, mən piyada” olanda:

- Mahir, salam.

- Salam

- Necəsiniz?

- Yaxşıyam.

- Siz necəsiniz?

- Mən də yaxşıyam.  Allah atova qəni-qəni rəhmət eləsin. Yaxşı kişiydi. Hanı indi elə kişilər. Heydər Əliyevin də xüsusi rəğbəti vardı ona. Özüm də neçə dəfə şahidi olmuşam.  Sən  bilirsən də... aton mənim də dostum  idi.

- Bilmirdim... doğurdan?

İndi o gündən sevincəyəm. Demə bu SABİQ NAZİR nazir olanda da məni tanıyırmış. Adımı da bilirmiş. Amma nədənsə salam vermirmiş. Başımı bulayıb artıq kreslosuz, portfelsiz və məni tanıyan sabiq nazir qonşumdan uzaqlaşıram. ”Çifayda, qonşu. Çifayda” deyə-deyə.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı