Modern.az

Türksüz “Türk əsri”

Türksüz “Türk əsri”

Ölkə

4 Fevral 2014, 23:49

AMEA Fəlsəfə, Sosiologiya  Hüquq
İnstitutunun böyük elmi işçisi,
fəlsəfə doktoru, dosent

20-ci əsrin əvvəllərində bəzi etnik qrupların, xüsusilə də ermənilərin və kürdlərin fəallaşaraq müstəqil dövlət yaratmaları fikrinə düşmələri, onların Osmanlıda milli və yaxud da dini kimliklərindəki hər hansı ayrı-seçkiliklə deyil, Türk ruhunu qəbul etməyən xarici qüvvələrin də təhriki ilə türklərə birmənalı şəkildə xəyanət etmələri ilə bağlı olmuşdur. Bu xəyanətin nəticəsi olaraq da ermənilər 20-ci əsrin əvvəllərində himayədarlarının birbaşa yardımı ilə «müstəqil dövlət»lərini yarada bildikləri halda, ancaq kürdlər buna nail ola bilməmişlər.  Deməli, 21-ci əsrin əvvəllərində növbəti hədəf Türk torpaqlarının hesabına «müstəqil Kürdüstan»ın yaradılmasıdır. Ancaq bu da, son olmayacaqdır...

Bu baxımdan türklərin milli mənlik şüurunun zədələnməsi (türk dilinin sıxışdırılması, türk kimliyinin dolaşdırılması, türk tarixinin saxtalaşdırılması və s.), əvəzində etnik qrupların «milli şüurunun oyadılması» ssenarisini Qərb və Avropanın antitürk ruhlu qüvvələri Türkiyədə uyğulamağa sonralar da davam etmişlər və edirlər də. Bütün bunlar o deməkdir, 21-ci əsrin Türk əsri olmasını istəməyən kifayət qədər xarici qüvvələr var ki, onlar türk dövlətlərinin güclənməsini və birləşməsini (yəni hər hansı birlikdə birgə hərəkət etməsini) istəmirlər. Bunun üçün də, Türkiyəyə münasibətdə klassik forma kimi «parçala və hökm sür!» ideolojisini uyğulayırlar. Hər halda, ötən əsrin əvvələrində olduğu kimi, 21-ci əsrin əvvəllərində türk dövlətlərində baş verən prosesləri təsadüfi saymaq mümkün deyildir. Əksinə bu proseslər müəyyən bir ssenari  üzrə davam etdirilməkdədir.

Özəlliklə, 21-ci əsrin “Türk əsri” olması şüarının fonunda baş verənlər heç də ürəkaçan deyildir. Belə ki, türkçülüyün dayaq mərkəzləri olan Türkiyə və Azərbaycanda üzdə türksevərlik, ancaq mahiyyət etibarilə türksüzləşdirmə prosesinin getdiyi bir dövrdə bu şüar xeyrimizdən çox zərərimizə işləyir. Çünki Türkiyə və Azərbaycanda baş verən türksüzləşdirmə prosesi fonunda bu şüardan əleyhimzə istifadə edirlər. Bu səbəbdəndir ki, ən ali səviyyədə - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dilindən belə dəfələrlə bu şüar səsləndirilsə də, bunu qulaqardına vuranlar, görməməzlikdən gələnlər var. Ona görə də hesab edirik ki, hazırda sözün həqiqi mənasında 21-ci əsrin “Türk əsri” olmasından çox türksüz “Türk əsri”nin reallaşması meyli özünü açıq şəkildə büruzə verir.

Bizə elə gəlir ki, antitürk dairələrin Azərbaycanda, Türkiyədə, Türküstanda türksüz “Türk əsri” ssenarisini pozmaq üçün milli şüurumuza yeridilən və indinin özündə də bu və ya digər formada yaşadılan saxtalaşdırılmış tarixdən, ədəbiyyatdan, qeyri-milli ideyadan deyil, vahid bir millətin neçə min illiklər boyu qoruyub saxladığı və yaşatdığı milli tarixdən, milli fəlsəfi fikirdən, milli ədəbiyyatdan, milli ideyadan çıxış etməliyik. Çünki vahid türk fəlsəfəsini, türk tarixini, türk dini-fəlsəfi düşüncə sistemini, türk ədəbiyyatını və s. mənimsəmədən, onun tarixi-fəlsəfi mahiyyətinə varmadan heç vaxt türkçülüyün bütün türklər üçün hansı əhəmiyyət kəsb etməsini də, dərk edə bilmərik. Başqa sözlə, ayrıca götürülmüş bir ölkənin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tatarıstan və b.) fəlsəfəsi, tarixi, ədəbiyyatı, mədəniyyəti və s. ilə yanaşı, ümumi türk fəlsə­fə­si, türk dini-fəlsəfi dünyagörüşü, türk mədəniyyəti, türk ədəbiy­yatı, türk tarixindən də bəhs olunmalı, tədris edil­mə­li­dir. Ancaq bu halda türk dövlətlərində, o cümlədən ötən əsrin sonlarında keçmiş SSRİ-nin tərkibindən çıxaraq ye­ni­cə müs­təqil­lik əldə edən ölkələrin gənc nəsilləri, sözün həqiqi məna­sında türkçülüyü – türk kimliyini, türk mədəniyyətini, türk fəlsə­fə­si­ni, türk tarixini daha dərindən və yaxından anlamış olacaqlar. Məhz bütün bunların gerçəkləşəcəyi təqdirdə “Türk əsri”ndən bəhs etmək olar!

Çünki bütün dünya türklərinin, o cümlədən Azərbaycan türklərinin vahid ideya, konsepsiya ətrafında birləşə bilməməsi üçün antitürk, antiazərbaycan qüvvələri artıq bir neçə əsrdir ki, ona alternativ qeyri-milli ideyalar irəli sürmüşlər. Ən sonuncu halda isə, sovet ideoloqları türkçülükdən yaranan milli azərbaycançılığa qarşı, beynəlmiləlçi və kosmopolit azərbaycançı­lıq ideyasını qoymuşlar. Bununla da, istər-istəməz bir-birinə zidd iki: milli Azərbaycan və sovet Azərbaycanı ideyaları meydana çıxmışdır. Birincisi, türkçülüyün doğurduğu Azərbaycan milli ideyası – mili azərbaycanılıq olduğu halda, ikincisi rus müstəmləkəçiliyinin yaratdığı Azərbaycan sovet ideyası – kosmopolit azərbaycançılıq olmuşdur. Bu gün ən çox təəssüf doğuran odur ki, bəzi hallarda SSRİ dövründə və ondan əvvəllər yaranmış milli və antimilli ideyaların mahiyyəti və məzmunu araşdırılmadan, onlar arasındakı fərqlər göstərilmədən hansısa hökmlər çıxarılır, xüsusilə SSRİ dövründə təməli qoyulmuş saxta beynəlmiləlçi və kosmopolit ruhlu azərbaycançılıq bəzi hallarda milli ruhlu azərbaycançılıqla eyniləşdirilir. Başqa sözlə, bəzən bilərəkdən və ya bilməyərəkdən kosmopolit azərbaycançılıq Azərbaycan milli ideyası kimi qələmə verilir, üstəlik «üçlüy»ə, o cümlədən türkçülüyə qarşı qoyulur. Bu zaman SSRİ dövrünün məhsulu olan kosmopolit azərbaycan­çılığın türkçülüyə qarşı qoyulması isə məntiqi cəhətdən əsaslı görünür. Çünki bu halda sovet dövründə olduğu kimi Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti, Azərbaycan tarixi və Azərbaycan dili türk mədəniyyəti, türk dili, türk tarixi və türk ədəbiyyatından tamamilə fərqli şəkildə qələmə verilir. Halbuki Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin və s. nüvəsini məhz türklük təşkil etmişdir və edir də.

Ancaq Azərbaycanda indinin özündə də bəziləri hesab edirlər ki, türk mədəniyyəti, türk dili, türk ədəbiy­yatı və s. yalnız Türkiyə türklərinə məxsusdur. Bu mənada,  artıq Azərbaycan xalqının öz mədə­niy­yətini, ədəbiyyatını, dilini, milli kimliyini türk adlandır­ması doğru deyildir. Şübhəsiz, bütün bunlar həqiqəti özündə əks etdirmir. Çünki Azərbaycan Respublikası müstəqil dövlət olmaqla yanaşı, həmişə türklüyün nüvəsi olmuş və olmaqda da davam edir. Bunu, son dövrlərdə Azərbaycanın Türkiyə və Orta Asiyanın türksoylu dövlətləri ilə yaxından əməkdaşlıq etməsi, bir sıra ortaq təşkilatların (Türkdilli dövlətlərin sammiti, Türksoy, Türk Parlament Assambleyası, TAKM və s.) yaranmasında aparıcı rol oynaması da göstərir.

Bu baxımdan, bizə elə gəlir ki, hazırda Azərbaycan üçün önəmli məsələlərdən biri də məhz Türk dövlətləri arasında birliyin inkişaf etdirilməsidir.  Ancaq dəqiqləşdirmək lazımdır ki, Türk birliyi dedikdə konkret nəyi nəzərdə tuturuq. Çünki bu, bir qədər geniş anlamdır. Burada söhbət konkret milli kimliyini, milli dilini, milli dövlətini türk olaraq qəbul edən toplumlardan gedə bilər. Ancaq bu məsələlərdə də bir qədər obyektiv və subyektiv səbəblərdən dolayı problemlər var. Məsələn, «Türk birliyi»nin içərisində nəzərdə tutulan ölkələrin (Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan və b.) bir yerə toplanması Türkdilli dövlətlərin sammiti adlandığı halda, orada bir araya gələnlərin əksəriyyəti rus dilində danışırlar. Əlbəttə, problem yalnız sammitin adı, yaxud da oraya toplaşanların hansı dildə danışmaları ilə bağlı deyildir. Əsas problem bu türk dövlətlərinin hakimiyyətlərindən daha çox ayrı-ayrı müstəqil ölkələrdə yaşayan, ancaq əsasən eyni soyu, dili, mədəniyyəti və tarixi paylaşan türk xalqlarının bir-birlərini hansı şəkildə dərk etmələri, qəbul etmələri ilə bağlıdır. Məsələn, SSRİ dövründə bu imperiyanın tərkibində yaşamağa məcbur olan Orta Asiya, Krım, Tatarıstan, Qafqaz, Sibir və başqa türk toplumları arasında iqtisadi, mədəni və s. əlaqələr heç də pis deyildi. Sadəcə olaraq, həmin dövrdə türk toplumlarının əsas əlaqə vasitəsi rus mədəniyyəti, rus dili, rus ədəbiyyatı idi. Qırğız, özbək, qazax, türk (Azərbaycan), türkmən, tatar və başqaları məhz məcbur olaraq rus mədəniyyəti vasitəsilə bir-biri ilə əlaqə saxlayırdılar. Şübhəsiz, bütün bunlar nə qədər müstəmləkəçiliyə xidmət etsə də, müəyyən qədər onlar bir-biri ilə təmas yarada bilirdilər. Ancaq bu ölkələr müstəqil olduqdan sonra həmin səviyyədə eyni təmasları yarada bilməmişlər. Yalnız son zamanlarda bu istiqamətdə müəyyən addımlar atılmışdır ki, bəzi türk ölkələri heç də ortaq türk mədəniyyəti, ortaq türk dili və s. əsasında əlaqələrin yaradılmasında maraqlı görünmür. Bu, nə deməkdir? Bu onun göstəricisidir ki, SSRİ dövründə Mərkəz, yəni Moskva türk toplumlarını kölə halına gətirmək üçün türk dilini, türk mədəniyyətini, türk ədəbiyyatını və s. assimilyasiya etmiş və onun əvəzinə həmin xalqların şüuruna rus dili, rus mədəniyyəti və s. yürütmüşdür (Halbuki, rus mədəniyyətinin, rus ədəbiyyatının və sairənin əsas yaradıcılarından biri də elə türklərin özüdür). Bu gün isə biz könüllü şəkildə türk mədəniyyətinə, türk dilinə, türk ədəbiyatına, türk fəlsəfəsinə sahib çıxmaq istəmirik.

Bütün bunları nəzərə alaraq hesab edirik ki, Azərbaycan türk dövlətlərinin birliyinin yaranmasında öz aktiv iştirakını əməli şəkildə də ortaya qoymalıdır. Bunun üçün ilk növbədə, Azərbaycan türklərinin milli dili olan türk dili hər hansı formada Azərbaycanın Ana Yasasında öz əksini tapmalıdır. Bunu, vaxtilə Azərbaycan Cümhuriyyətinin liderləri dövlət məktəblərində ortaq türk tarixi, türk ədəbiyyatı, türk mədəniyyəti, türk dili tədris etməklə Türk Federasiyasının tərəfdarı olduqlarını bariz şəkildə nümayiş etdirmişlər. Bizə elə gəlir ki, bu baxımdan Azərbaycan Cümhuriyyəti (1918-1920) dövründə irəli sürülmüş Türk Federasiyasının yaradılması ideyası yenidən gündəmə gətirilməli, ilk növbədə bu addımı Türkiyə və Azərbaycan türk dövlətləri atmalıdırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı