
Qafqazın siyasi xəritəsinə nəzər saldıqda Ermənistanın sonradan yaradılan bir dövlət olduğunu sübut etməyə heç bir ehtiyac qalmır.
Ermənistan demək olar ki, hər tərəfdən azərbaycanlıların əhatəsindədir. Cənubda İran azərbaycanlıları, Qərbdə Türkiyə azərbaycanlıları, Şimalda Gürcüstan azərbaycanlıları və Şərqdə Azərbaycan Respublikası...
Lakin təəssüf doğurur ki, qonşu ölkələrdə nüfuzlu milli azlıq olan azərbaycanlılar öz ölkələrinin işğalçı Ermənistanla əlaqə qurmalarına əsaslı maneə göstərə bilmirlər. Hətta bu məsələdə Azərbaycana dəstək belə, verə bilmirlər. Halbuki, dəstək verəcəkləri təqdirdə hansı supergücün Ermənistana havadarlıq etməsinə baxmayaraq, bu ölkə işğalçılıq siyasətinə birdəfəlik son verə bilər.
Modern.az saytı soydaşlarımızın kompakt halda yaşadığı region ölkələrindəki milli həmrəylik anlayışı ilə bağlı silsilə yazılara davam edir.
İlk yazıda Güney Azərbaycan dediyimiz tarixi torpaqlarımızdakı həmvətənlərimizdən söhbət açacağıq.
Sayları rəsmi İran siyahıyalamalarında 8 milyon, gerşəkdə isə 30 milyonu adlayan cənublu soydaşlarımız Qarabağ məsələsində passivlikləri ilə seçilirlər.
İstər Qarabağ müharibəsi dövründə, istərsə də bundan sonrakı mərhələdə güneyli soydaşlarımız ermənilərlə münasibətlərində heç olmasa təəssübkeşlik belə, göstərməyiblər. Bu məqamda ayrı-ayrı fərdlərin çabası ümumi mənzərəni dəyişə bilməyəcək gücdədir.
Halbuki, tarixə nəzər saldıqda Təbriz, Urmiya, Xoy, Mərənd, Marağa və Ərdəbil də dəfələrlə erməni terroru ilə üzləşib.
Bu xüsusda yerli azərbaycanlılar Yerpem Davıdoviç Davtyanın adını gözəl xatırlayırlar.
Davtyan bütün ömrü boyu “Daşnaksütyun” partiyasının aktiv üzvü olub. O təhsilini Tiflisdə alıb. Bundan sonra daşnak agenti kimi Qarsda Türkiyə ermənilərini dövlətə qarşı ayağa qaldırmağa çalışıb.
O, çar polisi tərəfindən həbs edilərək, Saxalinə sürgün edilib. Elə o zaman da Rusiya İmperiyasının gizli polisi ilə əlaqəyə girərək, 1900-cü illərin əvvəllərində inqilab əhval-ruhiyyəsinin hökm sürdüyü İrana keçib, Rusiyanın agenti kimi inqilabçıların sırasına qoşulub.
Onu farsların Yeprem xanı adlandırırlar.
1909-cu ilin fevralında Rəştdə şaha qarşı başlayan xalq mübarizəsinin başına keçən daşnak erməni 1909-cu il iyulun 16-da Tehranın ələ keçirilməsindən sonra Tehran polisinin rəisi təyin olunur.
Qeyd olunmalıdır ki, İranda nüfuzlu hərbi gücə çevrilən Yeprem xan türklərə genetik düşmən kimi baxan “Daşnaksütyun” partiyası ilə də əlaqələrini kəsmir.
Onun hərbi dəstələrinin əsas hissəsini də məhz ermənilər təşkil edirdi. Hiyləgərliyi ilə seçilən Yerpem xan Təbriz inqilabçılarının lideri, azərbaycanlı Səttarxanla da yaxşı münasibətlər saxlamağa çalışırmış. Bunun sayəsində 1909-cu ilin noyabrında İran Müvəqqəti Şurasının qərarı ilə Yeprem xan İran Qoşunlarının komandanı seçilir. Yalnız bundan sonra onun Səttarxanla dostluq etməsinin gizli niyyətləri üzə çıxır. Taxtda olan Məhəmməd Əli Şah Qacar türk mənşəli Qacar sülaləsindən idi. Türkə patoloji nifrət edən Yerpem xan həm xalq qüvvələrinin köməyi ilə bu sülaləni taxdan salmaq, sonra isə Səttarxanın başçılıq etdiyi azərbaycanlı inqilabçıların azadlıq mücadələsini boğmaq niyyətində idi.
İranlıların xilaskarı kimi özünü təqdim edən məkrli daşnak öz məqsədlərinə nail olur.
Öncə Məhəmməd Əli Şah ölkədən qovulur, ardınca isə Müvəqqəti Hökumət qarşısında tərkisilah olmaq istəməyən Səttarxan qanundankənar şəxs élan olunur.
1910-cu ilin avqusutnda Tehranda baş vermiş küçə döyüşlərində məğlub olan Səttarxan faktiki olaraq İranın siyasi arenasını tərk edir.
Beləiklə, Yerpem həm İranda əsrlərlə taxtda olan türk sülalələrinin əsasını laxladır, digər tərəfdən isə Cənubi Azərbaycandakı müxalifət meyllərini hakimiyyətin iradəsinə tabe edir. Düzdür, onun uğrları uzunmüddətli olmur.
1912-ci il mayın 8-də devrilmiş Məhəmməd Əli Şahın tərəfdarları Həmədan yaxınllığındakı Surciyyə döyüşündə Yerpem xanı məğlub edərək öldürürlər.
Qacarların Tehran taxtındakı hakimiyyəti bərpa olunsa da, artıq daşnak Yeprem xanın qovğaları nəticəsində öz sosial dayaqlarını itirmiş Qacarlar 10 ildən sonra Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsinə mane ola bilmir.
Təsadüfi deyil ki, 1925-ci il oktyabrın 31-də saray çevrilişi ilə hakimiyyəti ələ alan Rza şah Pəhləvi Yerpemin xidmətlərindən dolayı, erməni icmasına geniş səlahiyyətlər verir.
Faktiki olaraq bir daşnakın qovğaları həm erməniləri İrada imtiyazlı dini və milli azlığa çevirdi, həm də əsrlərlə ölkə taxtında oturan türkləri arxa plana keçirdi.
Hətta 1979-cui ilin fevralında İslam İnqilabi İranda qələbə qazandıqdan sonra belə, İran erməniləri öz statuslarını qoruyub saxlaya bildilər. Onlara həm ölkə parlamentində 1 deputat mandatı, həm “din azadlığı”, həm də bütün ölkə vətəndaşları üçün qadağa olsa da, şərab içmək hüquq verilib. Halbuki, onların bu ölkədəki rəsmi sayı 90 min, qeyri-rəsmi sayı isə 200 min nəfər təşkil edir.
Bu gün də İrandakı ermənilər Yepremin yolunu davam etdirirlər. Fürsət düşən kimi onlar öz məkrli siyasətlərini həyata keçirəcəklər. Bunu Cənubdakı soydaşlarımız bilməmiş deyillər. Ancaq onların ermənilərə qarşı loyal mövqe nümayiş etdirməsi heç cür başa düşülən deyil. Azərbaycanda 10 minlərlə insanı qətlə yetirən, Xocalı kimi dünyanı dəhşətə gətirən soyqırımına imza atan ermənilər hələ də cənublu soydaşlarımız arasında çox sərbəstdirlər.
Amma bir daha qeyd etməliyik ki, cənublu soydaşlarımız ermənilərə qarşı bu şəkildə davranmaqda davam edəcəklərsə, erməni dəhşətlərini öz üzərlərində də görəcəklər.
Qoca Təbrizin tarixə boylanıb ayağa qalxma zamanıdır. Bu zamanda Təbriz Bakını tək buraxmamalıdır.
Vüqar İSMAYILOV
P.S. Növbəti yazıda ermənilərin Cənubi Azərbaycanda son əməlləri barədə məlumat veriləcək.