Modern.az

Vətən həsrəti

Vətən həsrəti

Ölkə

31 Avqust 2010, 13:30

Bu həsrəti hərdən olur ki, ovutmağa çalışıram, bəzən ümid verirəm, təsəlli edirəm

Bu gün Qubadlı rayonunun işğalı gündür. 17 ildir Qubadlını görmək, Qubadlıya getmək həsrətini içimdə yaşadıram, ölməyə qoymuram. Bu həsrəti hərdən olur ki, ovutmağa çalışıram, bəzən ümid verirəm, təsəlli edirəm. Saralıb, solsa da, taqəti kəsilsə də hələ ki, yaşayır. Elini, obasını, yurd yerini itirən insanlar mənim acımı, həsrətimi çox gözəl anlayar...

...Uşaq yaşlarımda, sonra tələbəlik illərində Bakıya gəlib-getmək üçün qatardan istifadə edərdim. Akara stansiyasında mindiyim qatar Azərbaycanı iki yerə parçalayan tikanlı məftillərin bəzən olurdu ki, lap yaxınlığından keçirdi. Sovet əsgərlərinin zəhimli görkəmindən çəkinə-çəkinə, oğrun-oğrun Cənubi Azərbaycana-ürəyimizin bir parçasına baxardım. Bu yerlərdən keçəndə həmişə qaranlıq olurdu. Bəlkə bunun da bir rəmzi mənası vardı, bilmirəm. Ancaq onu bilirəm ki, bu qaranlıq qara günlərimizlə eynilik təşkil edirdi. Sovet əsgərləri qara günlərimizdən yadigar qalan tikanlı məftillərə çox baxanda pəncərənin önündən çəkilməyi əmr edirdilər. Vay o gündən ki, əmrə kimsə tabe olmayaydı, həmin şəxs əlində avtomat olan əsgərin müşayəti altında aparılırdı. Hara, niyə bilinmirdi. Çünki həmin şəxs bir də qatarda görünmürdü. Məni qınamayın, həmin qara günlərə baxmaq, yenidən seyr etmək həsrətini yaşayıram. Deyə bilərsiniz ki, qara günlərə baxılası və bundan təsəlli alası nə var? Heç olmasa bilirdik ki, bu qara günlərə boylanmaq üçün torpaqlarımız var və bu torpaqlara ayaqlarımızı basıb, bu torpaqlardan güc alıb Cənubi Azərbaycan həsrətinə son qoyacağıq. Daha nə bilək ki, bu həsrətimiz bitməmiş yenisinə yol açılacaq...

...O günləri bərk yağış yağdı. Necə yağdısa, yaşadığım binanın həyəti kiçik çayı xatırlatdı. Pəncərədən təbiətin bu möcüzəsini seyr edə-edə xəyalım məni kəndimizə apardı. Əsasən yaz ayları güclü yağış yağanda həmyaşıdlarımla bilirdik ki, bir qədərdən sonra Mollalı məhəlləsindən sel gedəcək. Məhəlləyə yaxın evlərin eyvanlarına yığışıb dəli-dəli axan, səs-küyü ilə məhəlləni ayağa qaldıran selə tamaşa edərdik. Bilmirəm, nədənsə sevinirdik. Halbuki, valideynlərimiz yağışın altında ora-bura qaçır, sel suları korluq verməsin deyə bağların- bostanların yaxınlığından kiçik arxlar düzəldirdilər. Bizim isə dünya vecimizə deyildi. Sanki maraqlı bir tamaşanın seyrinə toplaşırdıq. Tamaşa qurtarandan sonra göyün üzü açılırdı və rəngbərəg göy qurşağı görünürdü. Kimin hansı rəngdən xoşu gəlirdisə öz aləmində seçirdi və arzu tuturdu. Və birdən Əzizli məhəlləsindən səs-küy qalxırdı ki, Bərgüşad çayı daşıb. Məhələnin uşaqları bir göz qıpımında Qara qayanın üstünə qaçırdıq. Bu mənzərəni təsvir etmək üçün söz acizdir. Gərək bunu gözlə görəsən ki, yaddaşından silinməyə və gözəlliyi hələ də gözlərinin yaddaşında qala. Elə ki, yağışlar ara verirdi, bir neçə gün günəş çıxırdı ormanlarda dağ keşnişinin, quzuqulağın, mərövcənin, qırxbuğumun, baldırğanın boyları qalxırdı. Sacda bişirilən yuxanı və bir qədər də duz götürüb ormanlara çıxardıq. Yığdığımız dağ keşnişi ilə quzuqulağını yuxanın arasına qoyar və duzlayıb iştahla yeyərdik. Axşama kimi heybəmizi doldurub evə dönərdik...

...17 ildir Qubadlını görmək, Qubadlıya getmək həsrətini içimdə yaşadıram, ölməyə qoymuram. Bu həsrəti hərdən olur ki, ovutmağa çalışıram, bəzən ümid verirəm, təsəlli edirəm. Saralıb, solsa da, taqəti kəsilsə də hələ ki, yaşayır...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı