Modern.az

Azadlığa xidmət mənasında

Azadlığa xidmət mənasında

Ölkə

11 Dekabr 2010, 14:56

Ulu öndər Heydər Əliyevin vəfatından 7 il ötür. Sağlığında o heç bir titulu qəbul etmirdi, bu məsələləri özündən sonrakı zamanın öhdəsinə buraxırdı. Bütövlükdə zaman bu böyük şəxsiyyətin Azərbaycan tarixindəki rolunu bir daha etiraf etməkdə və yerini möhkəmlətməkdə davam edir. O əmin idi və bunu bəzi çıxışlarında səsləndirməkdən də çəkinmirdi: Azərbaycan durduqca Heydər Əliyev də duracaq.

Heydər Əliyevin ictimai-siyasi obrazı və qurduğu siyasi kursun ana xətti Azərbaycan dövlətinin ümdə strateji maraqları ilə vəhdət təşkil etdiyi üçün indi onlara yalnız pozitiv baxış bucağından yanaşmaq olar. Azərbaycan öz xalqının və ərazisinin bütövlüyünü müdafiə etməyə qadir bir dövlət kimi uğurla formalaşır, güclənir və paralel olaraq, ümumbəşəri demokratik dəyərlərin təntənəsi haqqında Avropa standartları ilə ölçülən düşüncəni reallığa çevirir. Azərbaycanın belə dövlət olmasına qarşı dünyada çox böyük və hərtərəfli maneələr sistemi işləyir. Bu təhlükəli məsələ son dərəcə ciddi və böyükdür. Onunla hesablaşmamaq mümkün deyil. Heydər Əliyev dövlət başçısı olaraq, öz siyasətində birinci təhlükəni neytrallaşdırmaqla Azərbaycanın həqiqətən fundamental şəkildə yenidən qurulmasına başladı. Bu yolda o, saysız maneələr dəf etdi.

KİV-də və açıq rəsmiyyətdə siyasətin yalnız bir üzünün nümayiş etdirildiyi bəllidir. Heydər Əliyevin həyata keçirdiyi siyasət Avropa ölkələri başçılarının son əlli ildə reallaşdırdığı sadə praqmatizm dolu siyasətdən tam fərqli, özündə bir neçə qatı ehtiva və sintez edən şərq müdrikinin çox incə siyasəti idi. Bu siyasətin içindən dışına baxmadan, onun nə içi, nə də çölü barədə ciddi söz söyləmək olar.

Vəfatının ildönümü ərəfəsində böyük dövlət adamı Heydər Əliyevin xatirəsini yad etməyi vaxtilə onunla birlikdə çalışmış bir qələm adamı kimi özümə borc bildim. On il əvvəl yazdığım və heç yerdə çap etdirmədiyim təfsilatlı bir yazıdan bu parçanı mətbuata çıxarmağı münasib saydım.   
                                                                       * * *

1991-ci ilin sonunda Moskvadan Naxçıvana, onunla görüşə gəlmiş iki rus müxbirini təyyarə meydanından yola salmağı Heydər Əliyev mənə tapşırmışdı. Ali Məclisin müvafiq şöbəsində televiziya sədrinin xidməti maşınının köhnə və nasaz olduğunu nəzərə alaraq, əvvəlcədən bu tədbir üçün mənə ayrı bir “Volqa” da vermişdilər. Fikrimcə, adi iş idi: bununla belə, çox-çox uzaqlarda Heydər Əliyevi, “Naxçıvan” adlı məmləkəti xatırlayıb bura gəlmiş hörmətli qonaqlarla qısa müddətli ünsiyyətdə olmaq mənim üçün də xoşdu.

Saatlarla gecikməsinin səbəbi heç kimə məlum olmayan Yak-40-ı gözləyə-gözləyə soyuq, pinti limanda oturmağa, vaxt öldürmək üçün əylənməyə heç nəyin olmamasının da xəcalətini çəkə-çəkə, bekarçılıq üzündən mən o müxbirlərlə çağdaş jurnalistikanın bəzi aktual məsələləri haqqında söhbət etməyə çalışırdım. Ancaq qonaqların Ali Məclis sədrilə görüşdən sonra heç nə ilə maraqlanmaması öz-özlüyündə mənə daha nələrisə andırırdı və bu səbəbdən də mən mülahizələrimdə çox dərinə getmir, hətta həmkarlarımın hansı mətbuat orqanını təmsil etdiklərini də soruşmurdum.

Yəqin ki, onları bura gətirən təkcə Heydər Əliyevin hansısa məsələyə münasibətini öyrənməkdən doğan qəzetçi marağı deyildi. Bəlkə də onlar jurnalist yox, silahlı qüvvələrin mülki paltar geymiş təmsilçiləri idilər. Çünki, sərhədçilər də daxil olmaqla, sovet ordusunun Naxçıvan qarnizonu getməklə qalmaq arasında yaranmış ağır günlərini yaşayır, bəzən yerli hakimiyyətin təkidi və tələbilə erməni hücumlarının qarşısının alınmasına silah-sursat yardımı etmək məcburiyyətində qalırdılar.       

Dəmiryolu Mehri stansiyasında gah bağlanır, gah açılır, ermənilər, demək olar ki, hər gün sərhədyanı Sədərək, Şada, Gərməçataq kəndlərində, Culfa-Ordubad tərəfdə şuluq salır, Türkiyə və İran, əllərində humanitar yardım zənbili, Naxçıvana ilk kütləvi addımlarını atırdılar. Gorusda ermənilər retranslyasiya kabelini kəsdiyindən Naxçıvanda Azərbaycan televiziyasının dalğaları yayımlanmırdı. Biz televiziya verilişlərinin lentlərini Naxçıvana təyyarə vasitəsilə daşıyırdıq. Bu, uşaq vaxtı çoxlarımızın gördüyü hind filmlərinin kənddən-kəndə motosikletdə daşınması prosesinə bənzəyirdi. Amma o filmlərdən fərqli olaraq, bizim lentlərimizdə həqiqi qanlar axırdı.          

Bütün bunlar mənim yola saldığım moskvalı jurnalistləri maraqlandırmırdı. Görünür, H.Əliyev onlara verdiyi müsahibəsində yerli mühitə aid bütün məsələləri yetərincə işıqlandırmışdı, ya da qonaqlarımızı uzaq Moskvadan bura bir az başqa məqsəd, bəlkə heç Əliyevin də hələ müfəssəl araşdıra bilmədiyi məsələlər gətirib çıxarmışdı. Çox mürəkkəb və qəribə dövr idi. O qədər mürəkkəb və qəribə idi ki, uzun onilliklərin siyasi reaktorunda ən məzmunsuz, absurd cəfəngiyatlarla zənginləşə-zənginləşə, nəhayət, atom bombası kimi partlamış sovet jurnalistikası qanlı-qadalı sensasiyalarla da burun silmək istəmirdi.

Buradaca, aeroportun girişinə yaxın böyük bir talada, Moskvanın birbaşa tabeçiliyində olan vertolyot eskadrilyasının vintli maşınları dağılmaqda olan vahid dövlətin toxunulmaz arsenalı kimi dayanmaqda idi. Amma Cəhri üstündə mini RLS-i hərbçilər yağı malı kimi sökürdü, bəzi hərbi hissələrdə isə ikitərəfli razılaşmalar üzrə xırda-xuruş silahların yerli hökumətə təhvil verilməsi başlanmışdı. Bu lokal mahiyyətli, amma özünümüdafiə üçün son dərəcə vacib olan razılığı əldə etməkdən ötrü Ali Məclis sədri Heydər Əliyev son iki ayda hərbi komandanlığın nümayəndələrilə, demək olar ki, hər gün görüşüb saatlarla danışıq aparırdı. 

Hərbçilərdən bu balaca məmləkəti tərk etmək istəməyən, deyəsən, yalnız sərhədçilərdi: onların maşınları silahlı müşayiət altında şəhərin və bölgənin istənilən yerində qəflətən peyda olur, heç nəyə müdaxilə etməsələr də, imperiya xofunu yaşatmağa çalışırdılar.

Bəlkə də qonaqların gəlişi məhz hərbi məsələlərlə əlaqədar idi, Allah bilir. Moskvanın bütün dünyanın iqtisadi, siyasi, hərbi düzəninə nəzarət edən qurumları vardı. Bu nəzarətin müəyyən hissəsinin də jurnalistika çətiri altında reallaşdırılması və ya incələnməsi təəccüblü deyildi. Rus demişkən, boq s nim!

Buna baxmayaraq, Moskvada çoxşaxəli siyasi, inzibati, hətta jurnalistika dairələrindən kimlərinsə hansı məqsədlərləsə H.Əliyev şəxsiyyətinə diqqət göstərməsi öz-özlüyündə bizə pis heç nə vəd edə bilməzdi. Çünki H.Əliyevin xalqa münasibəti və xalqın ona olan səmimi etimadında bir dənə də olsa qaranlıq nöqtə yox idi.  

Mən bilirdim ki, həmin dairələrin hamısının yaxın vaxtlara qədər Barvixada reabilitasiya keçən Əliyevlə ünsiyyəti mümkün olmayıb və əmin idim ki, 87-ci ilin istefasından, iki il ərzində Rusiya və Azərbaycan paytaxtlarında ona qarşı aparılmış ədalətsiz ifşa cəhdlərindən sonra keçmiş Siyasi Büro üzvünün onlara münasibəti əvvəlkindən fərqlidir.

Biz, əlbəttə, dövrün dəbdə olan mövzusunda ölkələrin, dövlətlərin və insanların azadlığından danışdıq. Mənə elə gəldi ki, qonaqlar SSRİ-ni dağıtmadan da bu azadlıqların mümkünlüyünə inananlardandı.  

- Əliyev Azərbaycanın ilk azad adamıdır, - bu geniş mövzuda biz Avropanı gəzib Rusiyaya, oradan da Azərbaycana qayıdanda qonaqlardan biri dedi.

Az-çox bələd olduğum Əliyev şəxsiyyətində qonaqların məni nəyəsə inandırmaq cəhdinə iddia etməyim düzgün olmaz. Əksinə, onlar eks-metropoliya nümayəndəsi olaraq, azadlığın kaliberini hələ də Kreml ulduzuna yaxınlıq və doğmalıq nisbətilə ölçməklə, Əliyevi birinci, məni, yəni onun kiçik məmləkətinin televiziya rəisini, Allah bilir, o siyahıda neçənci silkin qeyri-azad siyahısına yazırdılar.
      
Gözlədiyimiz “Yak”-dan əvvəl kommersiya reysilə uçan kiçik bir yük təyyarəsi gəldi. Köhnə hərbi təyyarə idi - qarnının üstündə qırmızı ulduz xalı, içində şəkər tozundan tutmuş, araq yeşiklərinə qədər hər şey... Təyyarə dayanan kimi ona limanın müxtəlif səmtlərindən, dəstə-dəstə hücum çəkmiş adamlar heç kimdən heç nə soruşmadan, yük boşalar-boşalmaz içəri doluşdular. Sanki onlar üçün hara uçmağın heç bir fərqi yoxdu, təki buradan çıxsınlar.

Otuz-qırx nəfəri azalmış həmin dəstələr milisin hay-qışqırığı ilə geri qaytarılanda, bu adamların əlində olan çanta-çamadanların ağırlığı daha çox diqqəti çəkirdi.    

Ancaq çox keçmədən üstündə sovet insanının havaya uçuşunun yeganə tanış rəmzi - "Aeroflot" yazılmış təyyarə gəldi və mən haradansa qəflətən peyda olmuş milisin köməyilə qonaqları trap önündə rezin dəyənəyin söyüş, qarğış, nalə-nifrinlə bərabər qalxıb-endiyi basabasdan keçirib, birtəhər vidalaşmağa macal tapdım: "Moskvaya salam!" - onların arxasınca səsləndim. Demək lazımdırmı o salamı mən altı il əvvəl müvəqqəti ayrıldığımı zənn etdiyim gözəl Moskvada kimlərə göndərirdim?
     
Mən təyyarədən xeyli aralanıb, trapı da yerindən oynadan zavallı adamların bir-birini təhqir etməsinə baxmamaq üçün ətrafda qış çisəyinə bürünmüş qarsız dağları, nə vaxtsa uçduqları təsəvvürə gəlməyən kirli vertolyotları və yeni uçuş zolağı tikən maşınların qaynaşdığı mənzərəni seyr etməyə başladım. Bu vertolyotlarla o dağları bircə dəfə də olsa, aşıb uzaqlara getmək xoşbəxtliyi bizə məxsus deyildi. Bizimki elektrikin fasilələrlə verildiyi teleşirkətə qayıdıb, məmləkətin dözülməz qış qayğıları və müdafiəsi haqqında veriliş hazırlamaqdı. Bu soyuq, qaranlıq, bitli-birəli şəhərdə yeganə sevinc də ondan ibarətdi. Qalan heç nəyin bitməkdə olan miladi tarixinin 1991-ci ilinə, yəni mənim bu dünya haqqında 37 yaşlı təsəvvürlərimə qətiyyən dəxili yox idi. 
          
Təyyarənin uçmağını gözlədim ki, qonaqlarımızın getdiyinə əmin olum. Neçə dəfələrlə olmuşdu! Adamı mindirirsən təyyarəyə, qayıdırsan evə, bir də görürsən qapı açıldı, adam girdi evə. Nədir, nə olub? “Dumandır, uçuş yoxdur!” və sair.

Axşam “Zaman” xəbərlər proqramından sonra biz telefonda danışanda, Heydər Əliyev qonaqları soruşdu, dedim ki, uçdular. Amma yenə də tərəddüd etdim: ola bilərdi ki, təyyarə geri qayıtsın. Yox, qayıtmamışdı.
- Çox gözlədiniz təyyarəni? –  soruşdu.
- Bəli, - mən dedim, - iki-üç saat çəkdi.
- Onlar yorğunuydular, dedilər bir həftədir ki, yollardadırlar.
- Çalışdım ki, söhbətə başları qarışsın, vaxtı çox hiss eləməsinlər, - mən dedim.
- Nə deyirdilər? – Heydər Əliyev maraqlandı.
Qətiyyən gözləmədiyim bu sualın müqabilində birdən-dirə hər şey yadımdan çıxdı və iki saatlıq söhbətdən yalnız bir ifadə dilimin ucunda fırlandı və mən onu deməyə bilmədim:
- Dedilər ki, Siz Azərbaycanın ilk azad adamısınız.
Heydər Əliyev yorğun-yorğun güldü, sonra sanki mənim buna münasibətimi öyrənmək üçün soruşdu:
- Yəni nə mənada “ilk azad adamı”?
Heydər Əliyev böyük siyasət adamı olaraq, bütün ömrünü səmimi yoldaşlığın, dostluğun isti-soyuğundan bir az kənarda, sabit ierarxiya temperaturunda yaşamışdı. Ona görə də yalan danışmayan adamlarla söhbət etməkdən xüsusi ləzzət alırdı.
- Yəqin o mənada ki... Yəqin azadlığa xidmət mənasında... 
O, bir anlığa susub mənim cavabımı dəyərləndirdi. Sonra nə üçün zəng etdiyini dedi. Daha doğrusu, bir jurnalistin hansısa qəzetdə çıxmış məqaləsi haqda məndən soruşdu.
Mən ona belə dedim:
- Heydər Əliyeviç, bizim əlimizdə televiziya kimi güclü və əhatəli silah var. Biz hansısa jurnalistin hansısa qəzetdəki məqaləsinə fikir verməyə də bilərik.
O mənimlə razılaşmadı.
İşlər elə gətirib ki, mənim bütün ömrüm o qədər də xoşlamadığım jurnalistikanın içində keçib. Təbliğata Heydər Əliyev qədər önəm verən ikinci adama rast gəlməmişəm.       

Gecə yarısı işdən çıxıb, qədim Naxçıvanın kimsəsiz küçələrilə piyada gedə-gedə nəfəs aldığım soyuq dağ havası mənə buralarda keçmiş uşaqlıq illərimi xatırlatdı. Həmin illərin məşhur adamlarından yaddaşımda qalan qəribə adlar var idi: məsələn, Ləl Bahadur Şastri, İqor Kio, Ələkbər Məmmədov... Heydər Əliyevin adı ora 1969-cu ildə daxil olmuşdu. 22 il öncə sentyabr ayında Bakı Politexnik Texnikumunun bəzi müəllimələri bizim auditoriyaya ilk dərsə girəndə, öncə iyul plenumunun nəticələrilə bağlı nəsə deyirdilər. Və mən öz 15 yaşlı uşaq beynimlə ölkə həyatı üçün mühüm əhəmiyyət kəsb edən bu məsələləri onda bir o qədər də dərindən anlaya bilmirdim.
    
Sonra mən keçən günün ağırlığını unutmaq üçün sabah haqqında hər tərəfdən kükrəyib gələn möhtəşəm azadlığın nikbin notları ilə fikirləşməyə başladım: biz gecə-gündüz aeroportda yeni uçuş zolağı tikirdik ki, ən böyük tonnajlı sərnişin və yük təyyarələrini qəbul edə bilək, biz gecə-gündüz Sədərəkdə Arazın üzərindən Türkiyəyə körpü tikirdik ki, blokadadan çıxaq, biz ordu qururduq ki, xain düşmənlərin hücumunu dəf edə bilək, biz muxtar respublikada ilk çanaq antena quraşdırırdıq ki, Azərbaycan televiziyasına baxa bilməyən camaatımız Türkiyə kanallarını seyr etsin, biz kolxoz-sovxozların torpaqlarını kəndlilərə paylayırdıq ki, hər kəs öz istədiyini əkib-becərsin...

Bu düşüncəmdə tariximizin çox şərəfli milli dövlət quruculuğu dövrünü yaşadığımıza mənim zərrə qədər də şübhəm yox idi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı