Torpaq sahələrinin icarəsi, satışı və özəlləşdirilməsi qaydalarının dəyişdirilməsi, dövlət və bələdiyyə torpaqlarının enerji layihələri üçün istifadəsinin genişləndirilməsi təklif olunur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.
Belə ki, layihəyə əsasən, torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi ilə bağlı bir sıra yeni mexanizmlər tətbiq olunur. Dəyişikliklər dövlət və bələdiyyə torpaqlarından istifadə imkanlarının genişləndirilməsini, xüsusilə enerji və infrastruktur layihələri üçün torpaq ayrılması prosedurlarının sadələşdirilməsini nəzərdə tutur.
Layihəyə görə, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq bərpa olunan enerji layihələrinin həyata keçirilməsi məqsədilə torpaq sahələrinin dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi mümkün olacaq. Eyni zamanda, “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun çərçivəsində öhdəliklərin yerinə yetirilməsi üçün də torpaq sahələrinin ayrılması mexanizmləri genişləndirilir.
Dəyişikliklərə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin bir hissəsi açıq torpaq hərracları və müsabiqələr olmadan, birbaşa icarəyə verilə biləcək. Xüsusilə enerji, dövlət-özəl tərəfdaşlığı və strateji layihələr üzrə torpaq münasibətlərində yeni yanaşmalar tətbiq ediləcək.
Qanun layihəsində torpaq bazarı ilə bağlı qaydalarda da dəyişikliklər nəzərdə tutulur. Belə ki, bəzi hallarda fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması və istifadəsi prosedurları yenilənir, torpaq icarəsi münasibətlərində müqavilə mexanizmləri dəqiqləşdirilir.
Layihəyə əsasən, dövlət tərəfindən tənzimlənən qiymətlər siyahısına yeni müddəa əlavə edilir. Yeni müddəaya görə, dövlət-özəl tərəfdaşlığı çərçivəsində açıq müsabiqə şərtləri əsasında seçilmiş özəl tərəfdaşlara tətbiq edilən qiymətlərin səviyyəsinə dövlət təminatı veriləcək.