"Müasir dünya iqtisadiyyatında, o cümlədən qlobal kənd təsərrüfatı siyasətində köklü dəyişikliklər baş verir. İqlim dəyişikliyi, su qıtlığı, torpaqların eroziyası və ərzaq təhlükəsizliyi ilə bağlı artan risklər ənənəvi ekstensiv əkinçilik və heyvandarlıq modellərinin artıq özünü doğrultmadığını göstərir".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deputat Əlibala Məhərrəmzadə bildirib.
Onun sözlərinə görə, Qərbi Avropa və qabaqcıl Asiya ölkələrinin təcrübəsi aqrar sahənin gələcəyinin “ağıllı sistemlər”, rəqəmsal idarəetmə və yüksək əlavə dəyər yaradan istehsal zəncirləri ilə bağlı olduğunu göstərir.
Deputat qeyd edib ki, əlavə dəyər zəncirinin formalaşdırılması yalnız rentabelliyin artırılması deyil, həm də qlobal bazarlara çıxış və rəqabətqabiliyyətliliyin yüksəldilməsi deməkdir:
“Bizdə isə ənənəvi meyvəçilik rayonlarında bir çox şirə və konserv zavodları mal-qara tövləsinə çevrilib, yaxud sökülərək satılıb. Hədəfimiz təkcə aqrar sahədə deyil, ümumilikdə qeyri-neft-qaz sektorunda xam məhsul ixracı deyil, emal olunmuş, brendləşmiş və yüksək gəlir gətirən ixracyönümlü məhsulların istehsalını təşviq etmək olarsa, uğur gözləməyə dəyər”.
Ə.Məhərrəmzadə Azərbaycanda strateji ərzaq məhsulu hesab olunan kartofun toxumçuluğu sahəsində də ciddi problemlərin olduğunu vurğulayıb. O bildirib ki, ölkədə sertifikatlaşdırılmış elit kartof toxumçuluğu sistemi hələ də formalaşmayıb:
“Ölkənin illik kartof toxumuna olan ümumi tələbatı təxminən 200 min ton civarındadır. Fermerlərin 80 faizindən çoxu öz məhsulundan ayırdığı, keyfiyyətini itirmiş, reproduksiya qabiliyyəti aşağı düşmüş adi kartofdan toxum kimi istifadə edir. Bu isə həm məhsuldarlıqda, həm də birbaşa ondan asılı olan rentabellikdə ciddi itkilərə səbəb olur.
Sənaye və elmi əsaslarla sertifikatlaşdırılmış elit toxumçuluq sistemi yaradılmalıdır. Xüsusilə heyvandarlıqda intensiv üsulların tətbiqi də nisbətən ləng gedir. Seleksiya yolu ilə yaradılmış məhsuldar toxumların və yüksək məhsuldarlığa malik heyvan cinslərinin sayı artırılmalıdır”.
Deputatın fikrincə, aqrar sektorda intensiv üsullara keçid daha az ərazi və resursdan istifadə etməklə daha yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Bu məsələ isə xüsusilə Azərbaycan üçün aktualdır.
O bildirib ki, yüksək texnologiyaların tətbiqi, aqrodronlardan, peyk izləmə sistemlərindən və avtomatlaşdırılmış texnikalardan istifadə sahələrdə xəstəliklərin vaxtında aşkarlanmasına, istehsal prosesinin daha səmərəli idarə olunmasına şərait yaradır. Belə yanaşma maya dəyərinə ciddi təsir göstərən əl əməyinin də minimuma endirilməsinə imkan verir.
Bundan başqa, intensiv üsullar çərçivəsində düzgün aqrotexniki qulluq torpağın münbitliyinin qorunmasına kömək edir. Ekstensiv üsullarla müqayisədə bu yanaşma təbiətə və ətraf mühitə daha az zərər vurur.
Ə.Məhərrəmzadə qeyd edib ki, aqrar sektorun inkişafı, dotasiyalardan asılılığın azaldılması və onun müstəqil, dayanıqlı sənaye sahəsinə çevrilməsi hədəflənirsə, ilk növbədə qabaqcıl beynəlxalq təcrübə öyrənilməli, mövcud boşluqlar aradan qaldırılmalıdır.
Deputat bu məsələdə dövlət dəstəyi və vergi siyasətinə də diqqət çəkib:
“Bir tərəfdən subsidiyalar tətbiq olunur, digər tərəfdən kənd təsərrüfatında bəzi sahələr üzrə vergi güzəştlərinin 100 faizdən 90 faizə endirilməsi gündəmdədir.
Əgər biz aqrar sektorun inkişafını, dotasiyadan azad olunaraq ciddi sənaye sahəsinə çevrilməsini hədəfləyiriksə, ilk növbədə qabaqcıl beynəlxalq təcrübəni araşdırıb tətbiq etməklə boşluqları aradan qaldırmalıyıq. Ən əsası isə vurğuladığım kimi, intensiv üsullara keçidi sürətləndirməliyik.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu istiqamətdə işlərin həyata keçirildiyini müşahidə edirik. Amma bölgələrdə fermerlər və təsərrüfat subyektləri arasında daha genişmiqyaslı maarifləndirmə işlərinə ehtiyac var. Eyni zamanda, stimullaşdırıcı tədbirlər görülməlidir. Bütün bunlar vahid Dövlət Proqramında öz əksini tapmalıdır”.
Deputatın sözlərinə görə, yeni yanaşmaların kənd təsərrüfatında tətbiqi təkcə ərzaq təhlükəsizliyinin təmin olunmasına deyil, həm də ölkəyə valyuta gətirən ixracyönümlü məhsulların istehsalının artırılmasına töhfə verəcək.
O vurğulayıb ki, su ehtiyatlarının məhdudlaşdığı, qlobal istiləşmənin və ekoloji balanssızlığın gücləndiyi bir dövrdə ənənəvi üsullarla resursların israfına yol vermək milli təhlükəsizlik üçün risk yaradır:
“Haqqında danışdığım yeni yanaşma iqtisadi zərurət olmaqla yanaşı, qlobal iqlim dəyişikliklərinə uyğunlaşmanın qaçılmaz mərhələsidir”.