Modern.az

Dövlət sifarişi verilir, pul gecikir, sahibkarın vergi borcu artır - TƏKLİF

Dövlət sifarişi verilir, pul gecikir, sahibkarın vergi borcu artır - TƏKLİF

Parlament

Bu gün, 11:49

"Dövlət sifarişlərini yerinə yetirən sahibkarlara ödənişlərin gecikdirilməsi nəticəsində yaranan vergi borcları ilə bağlı qarşılıqlı hesablaşma mexanizmləri yaradılmalıdır. Həmçinin vergi borclarına hesablanan gündəlik faiz dərəcəsinin iki dəfə azaldılması təklif olunur".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, sahibkar dövlət qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, sifariş üzrə ödənişlərin gecikdirilməsi onun maliyyə vəziyyətinə və vergi öhdəliklərini vaxtında yerinə yetirməsinə mənfi təsir göstərə bilər.

Z.Oruc belə hallarda sahibkarın üzərinə düşən maliyyə yükünün daha çevik mexanizmlərlə tənzimlənməsini vacib saydığını vurğulayıb. O, istehsal müəssisələrinin vergi borclarının restrukturizasiyası imkanlarının genişləndirilməsini də təklif edib.

Deputatın sözlərinə görə, vergi borclarına hesablanan gündəlik faiz dərəcəsinin 0,1 faizdən 0,05 faizə endirilməsi sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılması baxımından əhəmiyyətli addım ola bilər:

“Bu dəyişiklik sadə illik hesablamada faiz yükünün 36,5 faizdən 18,25 faizə enməsi deməkdir”.

Zahid Oruc yerli istehsalın genişləndirilməsi məqsədilə vergi və gömrük siyasətində istehsalçı sahibkarlar üçün əlavə üstünlüklərin yaradılmasının vacibliyini də qeyd edib.

O bildirib ki, qlobal iqtisadi qarşıdurmalar, embarqolar və beynəlxalq təchizat zəncirlərində yaranan problemlər milli istehsalın iqtisadi təhlükəsizlik baxımından əhəmiyyətini artırır.

Komitə sədrinin fikrincə, dərman preparatları, tibbi avadanlıqlar, kənd təsərrüfatı texnikası, elektronika, kimya sənayesi və ərzaq məhsulları üzrə xüsusi istehsal təşviqləri müəyyənləşdirilə bilər.

“Vergi və gömrük siyasəti elə qurulmalıdır ki, Azərbaycanda istehsalını təşkil edən, texnologiya gətirən, mühəndis və fəhlələrimizi işlə təmin edən sahibkar xaricdən hazır məhsul gətirib satan sahibkardan daha əlverişli vəziyyətdə olsun”.

Z.Oruc vergi güzəştlərinin iqtisadi səmərəliliyinin ayrıca qiymətləndirilməsini və bu barədə gələcəkdə büdcə zərfinə xüsusi sənədin daxil edilməsini də təklif edib.

Deputat bildirib ki, son illərdə kənd təsərrüfatı, sənaye parkları, turizm, texnologiya və digər sahələrdə tətbiq edilən vergi güzəştləri iqtisadi inkişafın dəstəklənməsində mühüm rol oynayıb. Bununla belə, həmin güzəştlərin real nəticələri də ölçülməlidir.

“Son on ildə dövlətin güzəşt şəklində sahibkarların sərəncamında saxladığı vəsait hesabına nə qədər əlavə dəyər yaradılıb, neçə daimi iş yeri açılıb, hansı məhsullar üzrə idxaldan asılılığımız azalıb?

Vergi güzəştlərinin səmərəliliyi yalnız büdcənin itirdiyi vəsaitlə deyil, ölkə iqtisadiyyatına gətirdiyi əlavə dəyər, yeni iş yerləri, istehsal imkanları və idxalın əvəzlənməsi ilə qiymətləndirilməlidir. Vergi orqanlarının fəaliyyətini qiymətləndirərkən toplanan vəsaitlə yanaşı, milli müəssisələrin iqtisadi gücünün artması da başlıca meyarlardan olmalıdır”, – deyə komitə sədri bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?