Modern.az

Bir şəklin tarixçəsi - Balaca aktyorun kinoda qalan yarımçıq ÖMRÜ

Bir şəklin tarixçəsi - Balaca aktyorun kinoda qalan yarımçıq ÖMRÜ

Reportaj

Bu gün, 12:05

Bu şəkil 80-ci illərin xatirəsini özündə yaşadır. Fotodakı sima Azərbaycan kinosevərlərinin yaddaşında uşaq rollarının mahir ifaçılarından biri olmuş aktyor Ruslan Nəsirova məxsusdur.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında Ruslan Nəsirovdan bəhs etməsi təsadüf deyil. Çünki 10 iyun tarixi kino və dublyaj aktyoru Ruslan Nəsirovun doğum günüdür.

Ruslan Nəsirov Azərbaycan kinosunda uşaq rollarının ən parlaq ifaçılarından biri hesab olunur.

Onun adı çəkiləndə ilk növbədə 1984-cü ildə ekranlara çıxan “Tənha narın nağılı” filmindəki Sadıq obrazı yada düşür.

Bu şəkil 1983-cü ildə - Ruslan Sadıq rolunda çəkilərkən lentə alınıb. Rejissorlar Şamil Mahmudbəyov və Həsənağa Turabovun yazıçı Əkrəm Əylislinin eyniadlı povesti əsasında ekranlaşdırdıqları film 1941-45-ci illər müharibəsindən yeni çıxmış Azərbaycan insanının dramını əks etdirir.

Film çəkilərkən cəmi 10 yaşı olan Ruslan ilk dəfə kamera qarşısına keçsə də, yaratdığı obrazın təbiiliyi, səmimiyyəti və inandırıcılığı tamaşaçıları heyran etmişdi. O, Sadığın sevincini, kədərini, saf uşaq duyğularını elə ustalıqla çatdırmışdı ki, film illər keçsə də, öz təsir gücünü itirməyib.

İki il sonra çəkilən “Qəm pəncərəsi” filmində Əhməd rolunu canlandıran balaca aktyor bir daha göstərmişdi ki, ilk uğuru təsadüf deyil. O, yaşına uyğun olmayan bir peşəkarlıq nümayiş etdirərək Azərbaycan kinosunun gələcək vəd edən simalarından biri kimi qəbul olunmuşdu.

Ruslan "Ağ atlı oğlan" filmindəki Cəfər rolu ilə də Azərbaycan tamaşaçısının yaddaşına həkk olub.

Sonrakı illərdə müxtəlif filmlərdə rol aldı, eyni zamanda dublyaj sahəsində fəaliyyət göstərərək bir çox ekran əsərlərinin qəhrəmanlarına səs verdi.

Bu şəkil həm də yarımçıq qalan bir ömrün uşaqlığından xatirədir. Təəssüf ki, tamaşaçıların sevimlisi olan Ruslan Nəsirov 2015-ci il martın 6-da, cəmi 40 yaşında - subay ikən dünyasını dəyişdi. Onun vaxtsız gedişi sənətsevərləri kədərləndirsə də, yaratdığı obrazlar və səsləndirdiyi qəhrəmanlar bu gün də yaşayır.

Fotoya baxdıqca insan anlayır ki, bəzi aktyorlar bir neçə obrazla xalqın yaddaşında əbədi qala bilirlər. Ruslan Nəsirov da məhz belə sənət adamlarından idi. O, bu şəkildəki saf baxışları, səmimi təbəssümü və ekrandakı təbii oyunu ilə bir nəslin uşaqlıq xatirələrini yaşadır.

10 iyun tarixi Azərbaycan kinosunun istedadlı simalarından birini xatırlamaq, onun sənətə bəxş etdiyi gözəl obrazları yenidən yada salmaq üçün əlamətdar gündür. Ruslan Nəsirovun ekranda yaratdığı Sadıq, Əhməd və digər obrazlar Azərbaycan kino tarixinin unudulmayan səhifələrində öz yerini qoruyub saxlayır.


“Tənha narın nağılı” filminin kadrarxası: yaradıcı heyət bir arada...

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV