Modern.az

Sibir sürgünündə doğuldu - Litvanın arıçılıq edən SPİKERİ

Sibir sürgünündə doğuldu - Litvanın arıçılıq edən SPİKERİ

Reportaj

Bu gün, 14:20

Litva parlamentinin hazırkı sədri Juozas Olekas Sovet hakimiyyətinin sürgün etdiyi ailədə dünyaya gəlib, sonra vətənə qayıdıb, uşaqlığını ağır şəraitdə keçirib, tibb təhsili alıb, ölkəsində cərrah kimi tanınıb, səhiyyə və müdafiə naziri işləyib. 

Modern.az saytı “Spikerlər” rubrikasında növbəti yazını təqdim edir.

Litva Seyminin (parlamentinin) sədri Juozas Olekas 1955-ci il oktyabrın 30-da Rusiyanın Krasnoyarsk diyarında, Manski rayonunun Bolşoy Unqut kəndində anadan olub.

Onun doğulduğu yerin özü həyat hekayəsinin ən diqqətçəkən məqamlarından biridir. J.Olekas Litvada deyil, Sovet hakimiyyətinin sürgün etdiyi ailənin övladı kimi Sibirdə dünyaya gəlib. Valideynləri və nənə-babaları Litvadan deportasiya edilmişdilər. Sonradan ailə vətənə qayıtsa da, bu hadisələr Juozasın yaddaşında və dünyagörüşündə dərin iz buraxıb.

Valideynləri sürgün qatarında tanış olmuşdular

Juozas Olekasın ailəsinin Sibirə düşməsinin tarixi 1948-ci ilə gedib çıxır.

Həmin il mayın 22-də Litvadan çoxsaylı ailələrin Sovet İttifaqının ucqar bölgələrinə sürgün edilməsi başlanmışdı. Juozasın anası Joana Kulbokayte həmin vaxt 13, atası Juozas Olekas isə 16 yaşında idi. (Yeri gəlmişkən, ata ilə oğulun ad-soyadı eynidir – red.)

Onlar bir-birlərini vətəndə olarkən tanımırdılar. Gələcək həyat yoldaşları ilk dəfə Vilkaviş dəmir yolu stansiyasında bir-birlərini görmüş, yeniyetmələrin yolları Sibirdə yenidən kəsişmiş, bir müddət sonra isə ailə qurmuşdular.

Onların ilk övladı Sibirdə dünyaya gəldi. Bu, gələcəkdə Litva parlamentinin sədri olacaq Juozas idi.

Nəhayət ailə 1958-ci ildə Litvaya qayıda bildi. Həmin vaxt Juozasın cəmi 3 yaşı vardı.

Sibirdən qayıdan ailə əvvəlki rahat həyatına dönə bilməmişdi. Onların doğma torpaqlarındakı mülkləri müsadirə edilmiş, təsərrüfatları dağıdılmışdı. Juozas Olekasın sonralar danışdığına görə, ailə Litvaya qayıtdıqdan sonra bir müddət əsgərlərin söküb-dağıtdığı köhnə tikililərdə yaşamalı olub. Uşaqlıqdan yadında qalan ən qorxulu mənzərələrdən biri isə divarlara dırmaşan iri siçovullar imiş.

Bu barədə 2012-ci ildə Litvanın “Lietuvos rytas” nəşrinə danışan Juozas Olekas Sibirdən qayıdanda ailəsinin ağır məişət şəraitində yaşadığını xatırladıb.

Ailənin doğma torpaqlardakı evini və təsərrüfatını bərpa etməsi isə uzun illər sonra mümkün olub. Sovet hakimiyyəti dövründə onların ata-baba mülkü yerlə-yeksan edilmiş, müstəqillikdən sonra torpaq geri qaytarılsa da, əvvəlki evdən əsər-əlamət qalmamışdı.

Juozas Olekasın atası ömrünün son illərində ailə təsərrüfatını bərpa etməyə başlamışdı. Sonradan bu işi oğlu davam etdirib. Juozas Olekas ata-baba evini köhnə fotoşəkillər və ailə üzvlərinin yaddaşında qalan məlumatlar əsasında əvvəlki görünüşünə yaxın şəkildə yenidən tikdirib.


Dördüncü nəsil arıçı – siyasətdən uzaqlaşdığı yer

Juozas Olekasın həyatında az bilinən məqamlardan biri arıçılıqla bağlıdır.

Onun ailəsində arıçılıq nəsildən-nəslə ötürülən məşğuliyyət olub. Siyasətçinin sözlərinə görə, Sibirdən qayıtdıqları vaxt babasının 40-dan çox arı ailəsi vardı və hər il tonlarla bal əldə edirdi.

Ailə torpaqlarını geri qaytardıqdan sonra atası arı pətəklərini yenidən ata-baba yurduna gətirib. Juozas isə 2009-cu ildə bu işi atasından təhvil alıb.

2020-ci ildə “Lietuvos rytas” nəşrinə danışarkən özünü arıçılıqla məşğul olan ailənin dördüncü nəslinin nümayəndəsi kimi təqdim edən siyasətçi təsərrüfatında 22 arı ailəsinin olduğunu bildirmişdi.

O, arıçılığın gündəlik siyasi qayğılardan uzaqlaşmaq üçün yaxşı vasitə olduğunu deyib. Həftə ərzində işdə yaranan gərginliyi arıların yanında unutduğunu, pətəklərlə tələsmədən məşğul olmağı sevdiyini söyləyib.

Maraqlıdır ki, ailənin bu ənənəsi sonrakı nəsillərə də ötürülüb. 2020-ci ildə dərc olunan reportajda Juozas Olekasın nəvəsinin də arıçılıqla məşğul olduğu qeyd edilib.

Həkim olmaq istəyirdi, mikrocərrahiyyəyə qədər yüksəldi

Juozas Olekasın peşə seçimi də uşaqlıq illərində formalaşıb. Uşaqlıq illərində sürgün həyatı yaşayan insanların çəkdiyi əzab-əziyyətlər J.Olekasda dərin sosial ədalət hissi və insanlara xidmət etmək üçün sonsuz fədakarlıq formalaşdırıb. Özünün danışdığına görə, artıq məktəbin 4-cü sinfində tibbə maraq göstərməyə başlayıb və gələcəkdə cərrah olacağına qərar verib.

1974-cü ildə orta məktəbi bitirdikdən sonra Kaunas Tibb İnstitutuna daxil olub. İki il burada təhsil aldıqdan sonra Vilnüs Dövlət Universitetinin Tibb fakültəsində təhsilini davam etdirib. 1980-ci ildə isə ali məktəbi həkim ixtisası ilə bitirib.

Juozas Olekas tibbi fəaliyyəti zamanı xüsusilə mikrocərrahiyyəyə maraq göstərib və Litvada bu sahənin inkişafına töhfə verən həkimlərdən birinə çevrilib.

O, 1982-ci ildə professor Meçislovas Vitkus və onun oğlu Kestutis Vitkusla birlikdə Vilnüs Universitetində mikrocərrahiyyə laboratoriyasının yaradılmasında iştirak edib. Burada təxminən on il ərzində çalışaraq müxtəlif ağır zədələr almış xəstələrin müalicəsində iştirak edib.

1985-ci ildə J.Olekas Litvada ilk dəfə travma nəticəsində itirilmiş əl baş barmağının təcili mikrocerrahi yolla bərpası əməliyyatını həyata keçirib. 1987-ci ildə professor K.Vitkusun rəhbərliyi altında Litva basketbolunun əfsanəsi Arvidas Sabonisin sağ ayağında qopmuş Axilles vətərini əməliyyat edib. Bu əməliyyatdan sonra A.Sabonis daha on il ərzində oyunu ilə Litvanın adını bütün dünyada tanıdıb.

J.Olekas 1980–1990-cı illərdə Vilnüs Universitetinin Qırmızı Xaç xəstəxanasında həkim işləyib. 1987-ci ildə tibb üzrə elmlər doktoru olub. Sonrakı illərdə plastik cərrahiyyə və travmatologiya sahəsində çalışıb, universitet xəstəxanasına rəhbərlik edib, müəllim kimi fəaliyyət göstərib.

1988-ci ildə Litvanın dövlət mükafatına layiq görülüb.


Həkimdən siyasətçiyə – müstəqillik hərəkatından parlamentə

Juozas Olekasın siyasətə gəlişi Litvanın müstəqillik uğrunda mübarizə apardığı dövrə təsadüf edib.

1988-ci ildə ölkədə Sovet hakimiyyətindən ayrılmağı və müstəqilliyin bərpasını müdafiə edən “Sayudis” hərəkatı başlamışdı. Juozas Olekas da bu hərəkatın iştirakçılarından biri olub. Hətta həkimlərin hərəkat daxilindəki komissiyasına rəhbərlik edib.

1988-ci ildə “Sayudis”in qurultayında təşkilatın Şurasına seçilib. 1989-cu ildə isə hərəkatın namizədi kimi SSRİ xalq deputatı seçilib və Litva nümayəndə heyətinin tərkibində SSRİ Ali Sovetində təmsil olunub.

Bu, onun siyasi karyerasında mühüm dönüş nöqtəsi idi. Bir neçə il əvvəl xəstəxanada cərrah kimi çalışan Juozas Olekas artıq Litvanın gələcək siyasi taleyinin müzakirə edildiyi proseslərdə iştirak edirdi.

O, 1989-cu ildən Litva Sosial Demokrat Partiyasının üzvüdür. 1990-cı ildə ölkənin müstəqilliyinin bərpası prosesində iştirak edən siyasi qüvvələrin sıralarında yer alıb.

O, 1990–1992-ci illərdə müstəqil Litvanın ilk dörd hökumətində, həmçinin 2003–2004-cü illərdə A.Brazauskasın rəhbərlik etdiyi 12-ci hökumətdə çalışıb. Müstəqil Litvanın ilk hökumətində onun səhiyyə naziri vəzifəsinə gətirilməsi diqqətçəkən hadisə idi. Juozas Olekas bir neçə hökumətin tərkibində bu vəzifəni icra edib.

Lakin siyasətə keçməsi onun həkimlik fəaliyyətinə birdəfəlik son qoymayıb. Juozas Olekas sonradan yenidən tibbi fəaliyyətə qayıdıb, universitetdə dərs deyib, xəstəxanaya rəhbərlik edib.

1996-cı ildə ilk dəfə Litva parlamentinə deputat seçilib. 2003–2004-cü illərdə ikinci dəfə səhiyyə naziri olub. Beləliklə, Olekas həm müstəqilliyin ilk illərində, həm də sonrakı siyasi mərhələdə ölkənin səhiyyə siyasətinin formalaşmasında iştirak edib.

İki dəfə müdafiə naziri oldu, ardınca parlament sədri seçildi


Juozas Olekasın siyasi karyerasının ən mühüm mərhələlərindən biri müdafiə naziri vəzifəsi ilə bağlıdır.

O, 2006–2008-ci illərdə, daha sonra isə 2012–2016-cı illərdə Litvanın müdafiə naziri postunu tutub.

Bu dövrlər Litvanın NATO və Avropa təhlükəsizlik sistemindəki mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli idi. J.Olekasın rəhbərlik etdiyi nazirlik ölkənin müdafiə siyasəti, hərbi hazırlığı və beynəlxalq hərbi əməkdaşlığı ilə bağlı məsələlərlə məşğul olub.

2019-cu ildə Avropa Parlamentinə seçilən Juozas Olekas 2024-cü ilə qədər burada fəaliyyət göstərib. Avropa Parlamentində Sosialistlər və Demokratlar Proqressiv Alyansının üzvü olub, Belarusla əlaqələr üzrə nümayəndə heyətinə rəhbərlik edib.

2024-cü ildə yenidən Litva Seyminə qayıdan Juozas Olekas parlament sədrinin birinci müavini seçilib.

2025-ci il sentyabrın 10-da isə Litva parlamentinin yeni sədri oldu. Gizli səsvermədə onun namizədliyini 84 deputat dəstəklədi, 20 nəfər əleyhinə səs verdi, 23 deputat bitərəf qaldı, 3 bülleten etibarsız sayıldı.

Qalmaqala düşdü – prezident onu müdafiə etmədi

J.Olekasın siyasi karyerası yalnız uğurlarla yadda qalmayıb. Onun müdafiə naziri olduğu dövrdə Litvada geniş müzakirələrə səbəb olan “Qızıl qaşıqlar” qalmaqalı yaşanıb.

Məsələ 2014-cü ildə Litva ordusunun “Nota Bene” adlı şirkətlə bağladığı müqavilə ilə bağlı idi. Şirkət hərbçilər üçün mətbəx ləvazimatları və digər avadanlıqlar tədarük edirdi. Sonradan məlum olmuşdu ki, bəzi məhsulların qiyməti bazar dəyərindən səkkiz dəfəyədək yüksək olub.

Hadisə ictimaiyyət arasında böyük narazılıq yaradıb və “Qızıl qaşıqlar” adı ilə tanınıb.

Məsələ ilə bağlı məhkəmə araşdırmaları da aparılıb. 2021-ci ildə Litva Ali Məhkəməsi 2014-cü il müqaviləsinin dövlət satınalmaları prinsiplərini pozduğunu əsas gətirərək etibarsız sayılması barədə qərarı qüvvədə saxlayıb. Təchizatçı şirkətə ordunun 118 min avronu və illik 5 faiz məbləğində faizi geri qaytarması öhdəliyi qoyulub.

Məhkəmə şirkətin rəhbərini də həmin işlə əlaqəli dələduzluq işi üzrə təqsirli bilmişdi. Bununla yanaşı, hərbçilər təchizatçının onları qəsdən aldatmağa çalışdığını sübut edə bilməmişdilər.

Qalmaqalın siyasi nəticələri də oldu. 2016-cı ildə Litvanın o zamankı prezidenti Dalia Qribauskayte Juozas Olekasın müvəqqəti səhiyyə naziri təyin edilməsinə razılıq vermədi. Prezident bu qərarını müdafiə naziri ilə bağlı “Qızıl qaşıqlar” qalmaqalının onun nüfuzuna xələl gətirməsi ilə əsaslandırmışdı.

Həyat yoldaşı siyasətə gəlişindən razı deyildi


J.Olekasın şəxsi həyatı da maraqlı məqamlarla zəngindir.

O, həyat yoldaşı Aurelianı tələbəlik illərində tanıyıb və ailə qurub. Aurelianın iqtisadçı olduğu bildirilir. Cütlüyün iki qızı və bir oğlu var.

Qızı Laura stomatoloq, digər qızı Joana iqtisadçı, oğlu Juozas isə tələbədir. Hazırda onlar altı nəvələri – Ula, Mėta, Aloyzas, Jonas, Antanas və Juozasın şən səslərindən zövq alırlar.

Siyasətçinin həyat yoldaşının onun peşə seçimi ilə bağlı maraqlı etirafı da mətbuatda yer alıb.

2012-ci ildə “Lietuvos rytas” nəşrinə danışan Aurelianın sözlərinə görə, həkimlə ailə həyatı qurmaq heç də asan olmayıb. O, bir ay ərzində ərinin 21 gecə evdə olmadığını qeydə aldığını söyləyib. Üç azyaşlı uşağın qayğısını əsasən özü çəkməli olduğunu da etiraf edib.

Aurelianın daha bir açıqlaması diqqət çəkir. O, ərinin siyasətə gəlməsindən heç vaxt məmnun olmadığını açıq şəkildə bildirib.

Bununla belə, ailə ənənələrini qoruyub saxlamağa çalışıblar. 2012-ci ildəki reportajda Olekas ailəsinin hər il uşaqları və nəvələri ilə birlikdə velosiped yürüşlərinə çıxdığı qeyd olunurdu. 2020-ci ildə isə ailə üzvləri ata-baba təsərrüfatında bir araya gələrək ənənəvi bal yığımında iştirak ediblər.

Asudə vaxtlarında J.Olekas bağda işləməyi, teatra getməyi sevir. Həyat yoldaşı ilə birlikdə həvəskar rəqqasdırlar. Lakin vaxtlarının böyük hissəsini aktiv idmanla məşğul olmağa sərf edirlər.

Yay aylarında ailəsi və dostları ilə birlikdə Litva çaylarında bir həftəlik kayak yürüşlərinə çıxır, müxtəlif ərazilərdə velosiped sürürlər. Qışda isə xizək sürməklə məşğul olurlar.

J.Olekas əsl idman çoxnövçülüyü həvəskarıdır. Onu basketbol, futbol və tennis meydançalarında, müxtəlif yürüşlərdə və qaçış yarışlarında görmək mümkündür.

Lakin o, təkcə özü idmanla məşğul olmur, həm də gənclər üçün müxtəlif idman tədbirləri təşkil edir.

J.Olekas uzun illər Litva parlamentinin futbol klubunda rəhbər vəzifələrdə çalışıb, sonradan klubun prezidenti olub.


Sibirdə doğulan uşağın siyasi dünyagörüşü

J.Olekasın uşaqlıqda yaşadığı sürgün həyatı onun siyasi baxışlarında da müəyyən iz buraxıb.

2026-cı ilin aprelində “Kyiv Independent” nəşrinə müsahibəsində o, ailəsinin sürgün tarixinin bugünkü dünyagörüşünə təsirindən danışıb. Bildirib ki, azadlıq və demokratiya anlayışları onun ailəsinin yaddaşında xüsusi yer tutur. Bu tarixi təcrübənin Litvanın Ukraynaya dəstəyinə də təsir etdiyini vurğulayıb.

J.Olekas həmin müsahibədə Rusiyanın Ukraynada dayandırılmadığı təqdirdə təcavüzünü Avropanın digər bölgələrinə də genişləndirə biləcəyini deyib. Onun fikrincə, sülhü qorumaq üçün dövlətlər müdafiəyə hazır olmalıdırlar.

A.Qorxmaz

Ərdoğanı sərt tənqid etdi, sonra komandasına qoşuldu - Türkiyəli SPİKER
Bu xəbər ilə bağlı
Ərdoğanı sərt tənqid etdi, sonra komandasına qoşuldu - Türkiyəli SPİKER
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Dəhşətli hücum hazırlığı: İran ATOMLA vurulacaq? - Türkiyədən bağlantı