Modern.az

Dörd dəfə prezident olmaq istədi, alınmadı - İranın hərbçi SPIKERI

Dörd dəfə prezident olmaq istədi, alınmadı - İranın hərbçi SPIKERI

Reportaj

Bu gün, 07:30

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkənin son onilliklərdə keçdiyi mürəkkəb siyasi və hərbi proseslərin iştirakçısıdır. O, İran-İraq müharibəsində döyüşüb, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirlərindən birinə çevrilib, hərbi pilot olub, ölkənin polis sisteminə rəhbərlik edib, 12 il Tehran meri işləyib və dəfələrlə prezident seçkisinə qatılıb. Qalibafın adı tələbə etirazlarının zorakılıqla yatırılmasında, korrupsiya iddialarında və digər qalmaqallarda da hallanıb.

Modern.az saytının “Spikerlər” rubrikasında İran parlamentinin sədrindən bəhs edirik.

19 yaşında SEPAH-a qoşuldu

Məhəmməd Baqir Qalibaf 1961-ci il avqustun 23-də İranın Rəzəvi Xorasan vilayətində, Məşhəd yaxınlığındakı Türqəbə şəhərində anadan olub. Onun atasının kürd, anasının farsəsilli olduğu bildirilir.
Qalibaf Tehran Universitetində insan coğrafiyası üzrə bakalavr, İslam Azad Universitetində insan coğrafiyası üzrə magistr və Tərbiyət Müdərrəs Universitetində siyasi coğrafiya üzrə fəlsəfə doktoru dərəcələri alıb.


O, karyerasına 19 yaşında başlayıb, 1979-cu il İslam inqilabından sonrakı dövr və İran-İraq müharibəsi vəzifə yüksəlişinə şərait yaradıb. Müharibə onun siyasi və hərbi karyerasının əsasını qoyub.
Məhəmməd Baqir Qalibaf 1980-ci ildə yeni yaradılmış İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qoşulub. İran-İraq müharibəsi zamanı qısa zamanda vəzifə pillələrində yüksəlib, 1982-ci ildə İmam Rza Briqadasının ümumi komandiri, 1983-1984-cü illərdə isə ən qanlı döyüşlərdə iştirak edən 5-ci “Nəsr” Diviziyasına komandanlıq edib.

Qalibafın ailəsi də müharibənin ağrısını yaşayıb. Onun qardaşı Həsən Qalibaf İran-İraq müharibəsində həlak olub.

Müharibədən sonra da hərbi sistemdə mövqeyini qoruyan Məhəmmər Baqir Qalibaf 1994-cü ildə SEPAH-ın “Xatəm əl-Ənbiya” qərargahına rəhbərlik etməyə başlayıb.

Hərbi pilot oldu, SEPAH-ın aviasiya qüvvələrinə rəhbərlik etdi

Məhəmməd Qalibafın bioqrafiyasındakı ən maraqlı detallardan biri onun hərbi pilot olmasıdır. 1990-cı illərin sonlarında Qalibaf hərbi rəhbərliyin ən yüksək eşelonlarına çatdı: pilot hazırlığı keçdİ, Fransada “Airbus” təyyarələri üzrə təlimlərdə iştirak etdi. Müxtəlif mənbələrdə onun mülki aviasiya təyyarələrini idarə etmək üçün müvafiq hazırlıq aldığı da qeyd olunur.


1997-ci ildə isə SEPAH-ın Hava Qüvvələrinin komandanı təyin edilən M.B.Qalibaf bu vəzifədə 2000-ci ilədək çalışıb.

M.B.Qalibafın təhsil həyatı da hərbi karyerası ilə paralel davam edib. Bu baxımdan o, İranın hərbi-siyasi elitasında həm komandir, həm də akademik təhsilli idarəçi kimi tanınıb.

Etirazçıların yatırılmasında şəxsən iştirak edib

Məhəmməd Baqir Qalibafın tərcümeyi-halının ən mübahisəli səhifələrindən biri 1999-cu ilin iyulunda Tehranda baş verən tələbə etirazları ilə bağlıdır.

Həmin vaxt islahatçı prezident Məhəmməd Xatəminin hakimiyyəti dövründə tələbələrin etirazları genişlənmiş, Tehran Universitetinin yataqxanasına təhlükəsizlik qüvvələrinin müdaxiləsi ölkədə ciddi qarşıdurmaya səbəb olmuşdu. Hadisələr zamanı tələbələrə qarşı zorakılıq tətbiq edilmiş, ölənlər, yaralananlar və həbs olunanlar olmuşdu.

Qalibafın karyerası həm də İranda daxili etirazların yatırılması ilə bağlıdır. 1999-cu ildəki tələbə etirazları fonunda M.B.Qalibaf İran Milli Polisinin komandiri təyin edildi. O, islahatçı prezident Məhəmməd Xatəmiyə nümayişçilərə qarşı qətiyyətli tədbirlərin görülməsinin vacibliyi barədə xəbərdarlıq məktubu imzalayan 24 nəfər SEPAH komandiri arasında idi.

İnsan haqları təşkilatları iddia edir ki, Məhəmməd Baqir Qalibaf son 25 ildə İranda baş verən bütün əsas etiraz dalğalarının yatırılmasında əsas rol oynayıb. Onun 1999-cu ildəki etirazların yatırılmasında şəxsən iştirak etdiyi, hətta tələbələri dəyənəklə döyənlər arasında olduğuvqeyd edilir.

M.B.Qalibaf İranın polis qüvvələrinin rəhbərliyində 2005-ci ilədək çalışdı.

Dörd dəfə prezident olmaq istədi, məqsədinə çata bilmədi

Məhəmməd Baqir Qalibafın siyasi ambisiyalarının əsas hədəfi İran prezidentliyi olub. O, uzun müddət seçkilərdə uğur qazanmaq üçün mübarizə aparıb. Qalibaf dörd dəfə prezidentliyə namizədliyini irəli sürüb: 2005, 2013, 2017 və 2024-cü illərdə.

2005-ci il sçkilərində Mahmud Əhmədinejad qalib gəlib, Qalibaf isə nəticələrə görə 4-cü yerdə qərarlaşıb.

Onun ən uğurlu kampaniyası 2013-cü ildə olub. Lakin Qalibaf qələbə çala bilməyərək Həsən Ruhanidən sonra 2-ci yeri tutub.

2017-ci ildə də seçkiyə qatılmaq niyyətini açıqlasa da, sonradan namizədliyini geri götürərək İbrahim Rəisinin xeyrinə yarışdan çəkilib.

2024-cü ildə, İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra keçirilən növbədənkənar prezident seçkilərində yenidən mübarizəyə qoşulub. Lakin bu dəfə də qalib gələ bilməyib. Seçkinin ikinci turunda Məsud Pezeşkian qalib gəlib.

12 il Tehran meri oldu


Maraqlıdır ki, prezident seçkilərindəki uğursuzluq onun karyerasına mane olmadı. 2005-ci ildə M.Qalibaf Tehran şəhərinin meri seçildi və bu vəzifədə 2017-ci ilədək çalışdı. Onun merliyi dövründə paytaxtda metro xətlərinin genişləndirilməsi, yol-nəqliyyat infrastrukturu və müxtəlif şəhərsalma layihələri həyata keçirildi.

Tərəfdarları Məhəmməd Qalibafı Tehranı müasirləşdirməyə çalışan, iri layihələri idarə edə bilən texnokrat kimi təqdim edirdilər. Lakin tənqidçiləri onun səlahiyyət müddəti ərzində korrupsiya qalmaqallarını da qeyd edirlər.

Tehran meri vəzifəsinin son illərində o, müəyyən şəxslərə astronomik miqdarda daşınmaz əmlak verməkdə və bələdiyyə ilə bağlı araşdırmanın qarşısını almaq üçün 65 milyon tümən rüşvət verməkdə ittiham olunmuşdu. Seçki kampaniyalarında dövlət əmlakından istifadə, torpaqları satmaqla Tehranın bağlarının məhv edilməsi və müxtəlif qurumlara böyük borclar Qalibafın Tehran meri vəzifəsində olduğu müddətdə yol verdiyi qanun pozuntularından yalnız bir neçəsidir.

“Reuters”, “The Guardian” və digər beynəlxalq nəşrlərdə Qalibafın Tehran meri olduğu dövrdə korrupsiya iddiaları ilə üzləşdiyi qeyd olunub.

Qalibafın mühafizəkar baxışları onun Tehran meri olduğu dövrdə özünü göstərib.

2013-cü ildə onun bələdiyyə idarələrində çalışan qadın katiblərin, makinaçıların və ofis menecerlərinin kişilərlə əvəzlənməsi barədə göstəriş verdiyi bildirilib. Bu qərar beynəlxalq mətbuatda və İranın ictimai müzakirələrində tənqid olunub.

Bir tərəfdən Tehranı müasirləşdirməyə çalışan, texnokrat idarəçi obrazı yaradan Qalibaf, digər tərəfdən qadınların dövlət idarəçiliyindəki rolunu məhdudlaşdıran qərarlarla gündəmə gəlib.

Ailəsinin adı qalmaqallarda çəkilir


Məhəmməd Baqir Qalibaf evlidir, 1982-ci ildə Zəhra Moşir adlı qadınla ailə qurub. Onların üç övladı var: Elyas, Eshaq və Məryəm.
Qalibafın ailə üzvlərinin hər birinin adı dəfələrlə qalmaqallı məslələrdə hallanıb. 2022-ci ilin aprelində Qalibafın ailə üzvlərinin Türkiyəyə səfəri İranın sosial şəbəkələrində və mətbuatında böyük müzakirələrə səbəb olmuşdu.

Yayılan fotolara və məlumatlara görə, onun həyat yoldaşı, qızı və kürəkəni Türkiyədən Tehrana qayıdarkən özləri ilə çoxlu mal gətirmişdilər.

İran cəmiyyətində bu hadisəyə sərt reaksiya verilmişdi. Çünki Qalibaf və onun təmsil etdiyi siyasi düşərgə dəfələrlə yerli istehsalın dəstəklənməsindən, qənaətdən və sadə həyat tərzindən danışırdı. Ölkənin iqtisadi çətinliklər yaşadığı bir vaxtda ailənin xaricdə alış-veriş etməsi ikili standart ittihamlarına səbəb oldu.

Onda Məhəmməd Qalibafın böyük oğlu Elyas sosial şəbəkədə açıqlama yayaraq bacısının və yeznəsinin səfərini bağışlanmaz səhv adlandırmış və ailəsinin davranışına görə üzr istəmişdi. O, atasının bu səfərə qarşı olduğunu bildirməyə məcbur olmuşdu.

Həmin hadisədən sonra İranda Məhəmməd Baqir Qalibafın istefasını tələb edən çağırışlar səsləndirilmişdi.

Qızı Məryəm Qalibafın Türkiyədə dəbdəbəli mülklərə sahibi olduğu bildirilir.

Oğlu Avstraliyada yaşayıb

Məhəmməd Baqir Qalibafın ailəsi ilə bağlı mübahisələr 2026-cı ildə də beynəlxalq mətbuatın diqqətində olub.

“The Guardian” nəşrinin 2026-cı ilin mayında dərc etdiyi araşdırmada Qalibafın 38 yaşlı kiçik oğlu Eshaqın Avstraliya və Kanada ilə əlaqələri barədə məlumatlar yer alıb.

Araşdırmaya görə, Eshaq Qalibaf 2014-cü ildə Avstraliyanın Melburn şəhərinə gedib, 2015–2018-ci illərdə Melburn Universitetində mühəndislik üzrə magistr təhsili alıb. O, 2016–2018-ci illərdə universitetin məkan məlumatları infrastrukturu və torpaq idarəçiliyi mərkəzində elmi-tədqiqat köməkçisi kimi çalışıb.

Eshaq Qalibaf Kanadada daimi yaşayış icazəsi almaq üçün uzun müddət mübarizə aparıb. Lakin 2024-cü ilin fevralında onun müraciəti rədd edilib. Həmin vaxt Kanadanın immiqrasiya naziri qərarı ictimaiyyətə açıqlayaraq İran rejiminin insan hüquqları pozuntularına və terror fəaliyyətlərinə istinad etmişdi.

M.B.Qalibafın böyük oğlu Elyas atası ilə birlikdə bir çox proqram və tədbirlərdə görünür. Onun da adı dəfələrlə maliyyə pozuntuları və korrupsiya ilə əlaqədar çəkilib.


Parlament sədrliyində möhkəmləndi


Qalibafın siyasi karyerasının ən maraqlı tərəfi onun prezidentlik uğrunda dəfələrlə mübarizə aparmasına baxmayaraq, parlament sədrliyində möhkəmlənməsidir.

2020-ci ildə İran parlamentinin sədri seçilən M.Qalibaf 2024-cü ildə yeni parlamentin formalaşmasından sonra da vəzifəsini qoruyub saxladı. 2026-cı il mayın 25-də isə yenidən spiker seçildi.

Məhəmməd Qalibaf İranın Qüds qüvvələrinin keçmiş komandanı, 2020-ci ildə ABŞ-ın Bağdadda həyata keçirdiyi əməliyyat nəticəsində öldürülən general Qasım Süleymani ilə də yaxın münasibətlərdə olub.

Hər ikisi İran-İraq müharibəsi illərində SEPAH sıralarında yüksəlib. Sonrakı illərdə də hərbi-siyasi elitanın nüfuzlu simaları kimi fəaliyyət göstəriblər. Qalibafın Süleymani ilə əlaqələri onun İranın təhlükəsizlik strukturlarındakı mövqeyini anlamaq baxımından əhəmiyyətlidir.

Qalibafın siyasi çəkisi son illərdə daha da artıb. 2026-cı ilin martında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda onun adı mümkün ABŞ-İran danışıqlarında Tehranın əsas təmsilçilərindən biri kimi hallanmağa başladı. Ehtimallar özünü doğruldu.

11 aprel 2026-cı ildə M.B.Qalibaf Pakistanın vasitəçiliyi ilə keçirilən ABŞ–İran danışıqlarında İran nümayəndə heyətinə rəhbərlik etdi. ABŞ nümayəndə heyətinin rəhbəri isə vitse-prezident Cey Di Vens idi.
Qalibafın hələ də İranın danışıqlar qrupunun rəhbəri olduğunu bildirilir.

A.Qorxmaz

Almaniyada təhsil aldı, Qərblə qarşıdurmaya getdi - Gürcüstan SPİKERİ
Bu xəbər ilə bağlı
Almaniyada təhsil aldı, Qərblə qarşıdurmaya getdi - Gürcüstan SPİKERİ
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu