Modern.az

Kadr arxasında qalan adam - Heydər Əliyevin şəxsi OPERATORU 

Kadr arxasında qalan adam - Heydər Əliyevin şəxsi OPERATORU 

Reportaj

6 Noyabr 2026, 11:30

1998-ci il yanvarın 24-də Azərbaycan nümayəndə heyəti Gürcüstan Prezidenti Eduard Şevardnadzenin yubileyinə gedərkən təyyarədə maraqlı bir hadisə baş verir: Prezident Heydər Əliyev təyyarənin salonuna daxil olanda çəkiliş qrupundakı operator peşə vərdişinə uyğun olaraq dərhal kamerasını çiyninə qaldırır. Ancaq dövlət başçısı ona yaxınlaşaraq kameranı yerə qoyması barədə göstəriş verir. Operator əvvəlcə bunun səbəbini anlamır və hətta bir qədər özünü itirir. Heydər Əliyev həmin gün onun 50 yaşının tamam olduğunu öyrənmişdi. Dövlət başçısı operatora yaxınlaşaraq onun əlindən tutur və doğum gününü şəxsən təbrik edir.

Bu, Heydər Əliyevin şəxsi operatoru kimi tanınan Fazil Hadıyev idi. İllərlə Azərbaycan tarixinin mühüm hadisələrini lentə alan, Prezidentin rəsmi səfərlərində iştirak edən, tarixi şəxsiyyətlərin görüşlərinə şahid olan, amma özü həmişə kameranın arxasında qalan adam... Həmin gün isə yubileyini qeyd edən operatorun özü diqqət mərkəzinə düşmüşdü.

Dövlət başçısı Fazil Hadıyevin hafizəsindən heç vaxt silinməyəcək bir addım atmışdı. Heydər Əliyev istəsəydi, onu yanına da çağırıb təbrik edə bilərdi. Amma Prezident yubilyarı təyyarədəki nümayəndə heyətinin qarşısında şəxsən təbrik etməklə ona verdiyi dəyəri göstərmişdi.


***

Fazil Hadıyev peşəkar fəaliyyətə hələ sovet dövründən başlayıb və Azərbaycan Dövlət Televiziyasına (AzTV) işə götürülüb. Əvvəlcə operator assistenti kimi çalışıb, sonra operator vəzifəsinə yüksəlib. O, 1978-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Leonid Brejnevin Bakıya ikinci səfərini lentə alan çəkiliş qrupunun tərkibində də yer alıb. Sonradan həmin səfərin görüntüləri əsasında “Bakının ulduzlu saatı” adlı film hazırlanıb.

Bu, Fazil Hadıyevin kamera ilə lentə aldığı ilk böyük siyasi hadisələrdən biri idi. Qarşıda isə onu uzun və maraqlı peşə yolu gözləyirdi.

Azərbaycan Dövlət Televiziyasında qazandığı təcrübə onun peşəkar operator kimi formalaşmasında mühüm  rol oynayıb. Fazil Hadıyev AzTV-də operator köməkçisi vəzifəsindən baş operator vəzifəsinədək yüksəlib.

1993-cü ildən isə Fazil Hadıyev üçün daha məsuliyyətli dövr başlayıb. Belə ki, o, Ümummilli lider Heydər Əliyevin Prezident Aparatındakı çəkiliş komandasına cəlb edilib və tədricən faktiki olaraq onun şəxsi operatoruna çevrilib. Həmin ilin dekabrında Fazil Hadıyev ulu öndərlə ilk xarici səfərə - Fransaya yollanıb.

1993-cü ildən 2003-cü ilədək bütün mühüm dövlət çəkilişlərini həyata keçirən Fazil Hadıyev Heydər Əliyevlə bağlı tarixi hadisələrin, xarici səfərlərin, yüksək səviyyəli görüşlərin birbaşa şahidi olub.


***
Fazil Hadıyevin xatirələrində Heydər Əliyevlə işləməyin maraqlı tərəflərindən bəhs olunur. Ümummilli lider  operatorun hansı tərəfdən çəkiliş aparmasına, işığın necə düşməsinə, kadrın hansı rakursdan daha yaxşı görünəcəyi kimi xırdalıqlara belə diqqət yetirirmiş. “O, həmişə deyirdi harada dayansam yaxşı olar, bu və ya başqa çəkiliş zamanı haradan çəkim - sol, ya sağ tərəfdən...”, - deyə operator bildirir.
Amma Prezident ona hansı rakurslardan çəkməyi təklif etməklə yanaşı, operatorun da çəkilişlə bağlı fikirlərini dinləyir, ona etimad göstərirmiş.

Fazil Hadıyev 1994-cü ildə Türkiyəyə səfəri zamanı yaşadığı bir hadisəni xatırlayır. Həmin vaxt Heydər Əliyev bir qədər kənarda, tək dayanıbmış. Operator onu uzaqdan, sanki gizli kamera ilə çəkirmiş. Dövlət başçısının bunu gördüyünü hiss edən Fazil Hadıyev yaxınlaşaraq çəkilişin ona xoş gəlmədiyini düşünüb-düşünmədiyini soruşub.

"Heydər Əliyev tək dayanmışdı, onu uzaqdan, sanki gizli kamerayla çəkirdim. O, bunu gördü və elə bil məni iş başında tutdu. Düşündüm ki, mənim ondan icazə almadan reportajsayağı çəkməyim bəlkə də xoşuna gəlmir. Baxdım, əhvalı yaxşıdır. Onda ona yaxınlaşıb dedim: "Cənab Prezident, üzr istəyirəm, deyəsən, elədiklərim xoşunuza gəlmədi. Mən sizi uzaqdan çəkirəm, bu, gələcək filmlər və verilişlər üçün lazım olacaq...” 

Heydər Əliyevin cavabı isə operatorun sonrakı fəaliyyətinə sərbəstlik verib: “Yadında saxla: nə vaxt istəsən, harada istəsən çək. Bu, sənin işindir. Mən bunu sənin ixtiyarına buraxıram”.

Bundan sonra operator dövlət başçısının rəsmi tədbirlərdən kənar anlarını, şəhərdə və dəniz kənarında gəzintilərini də lentə almağa başlayıb. 

İstanbulda keçirilən beynəlxalq forumlardan birində baş vermiş başqa bir hadisə isə Fazil Hadıyevlə Heydər Əliyevin münasibətinin nə qədər yaxın olduğunu göstərir. Operator prezidentlərin toplaşıdğı yeri uzaqdan çəkərkən kimsə Heydər Əliyevə onların lentə alındığını bildirib. Dövlət başçısı operatora əl edərək həmsöhbətinə belə deyib:

“Bilirsiniz, onunla dünyanın yarısını gəzmişəm, o mənim şəxsi operatorumdur. Odur ki, narahat olmayın, o, nəyi necə çəkməyi bilir”.


***
Fazil Hadıyevin yaddaşında Heydər Əliyevin xarici səfərlərilə bağlı çoxlu maraqlı xatirələr qalıb. Həmin xatirələri illər öncə yazıçı-jurnalist Elmira Axundovaya verdiyi müsahibəsində də bölüşmüşdü.
Fazil Hadıyev bir sıra hadisələr zamanı çətinliklərlə üzləşsə də, gördüyü işi sona çatdırmağa çalışıb. O, peşəkar operator olaraq işinə bağlılıq, inadkarlıq, çətin şəraitdə qərar verə bilmək kimi keyfiyyətlər nümayiş etdirib.
 
Yaponiyaya səfər zamanı Heydər Əliyevin imperatorla görüşünün çəkilişi məsələsində Azərbaycan nümayəndə heyətinin operatoru və fotoqrafına məhdudiyyət qoyulub. Onlara bildirilib ki, imperatorla görüşün görüntülərini qarşı tərəfin özü çəkib təqdim edəcək.
Amma Heydər Əliyevə görüşün Azərbaycan operatoru tərəfindən də çəkildiyi barədə yanlış məlumat çatdırılır. Axşam Prezident Fazil Hadıyevdən imperatorla görüşü çəkib-çəkmədiyini soruşub: “İmperatorla görüşü çəkdin?”  Operator baş verənləri olduğu kimi danışıb və deyib ki, çəkiliş edə bilməyiblər: "Cənab Prezident, Rafiqlə mənə şərt qoydular: ya yarım dəqiqəlik orda, ya da yarım saat – imzalanmada. Biz imperatorla kadrları onlardan götürəcəyik”.
O, dövlət başçısına xoş gəlməsə belə, həqiqəti deməkdən çəkinməyib. Operatorun dürüstlüyü dövlət başçısını qane edib və bunu sakit qarşılayıb.

***

Fazil Hadıyevin xatirələrində ən maraqlı epizodlardan biri Heydər Əliyevin Məkkəyə səfəri ilə bağlıdır.

Dövlət başçısı Məkkədə ümrə ziyarətini etdikdən sonra operatoru gecə saatlarında yanına çağırır. Sən demə, o, yalnız özünün ziyarət görüntülərinin deyil, Əl-Həram məscidinin ümumi mənzərəsinin də Azərbaycan tamaşaçısına göstərilməsini istəyirmiş: “Əl-Həram məscidini Azərbaycanda, Bakıda görməlidirlər. Xalqa bunu göstərmək lazımdır”.
Bunun üçün Fazil Hadıyevə sürücü və mühafizəçi ilə birlikdə yenidən çəkilişə getmək tapşırılıb. Həmin vaxt xarici işlər naziri Həsən Həsənov operatorun ərəb dilini bildiyini xatırladaraq tərcüməçiyə ehtiyac olmadığını deyib: "Cənab prezident, Fazil ərəbcə bilir, ona tərcüməçi lazım deyil”.  "Onda lap yaxşı, get”, - Heydər Əliyev operatora deyib.
Fazil Hadıyev gecə saat 2-yə yaxın çəkilişdən qayıdıb. Onu yenidən Heydər Əliyevin yanına çağırıblar.
 "Fazil, deyilənləri elədinmi?” - ümummilli lider soruşub. Operator cavab verib: "Bəli, cənab Prezident. Bütün tapşırıqlarınızı yerinə yetirdim”. "Çox yaxşı, çox yaxşı...” - Heydər Əliyev deyib.


***

Fazil Hadıyevin xatirələrində ən gərgin epizodlardan biri Heydər Əliyevin İrana səfəri zamanı baş verib.

Onun sözlərinə görə, 7 nəfərdən ibarət çəkiliş qrupu hava limanından kortejlə hərəkət edərkən Tehranın Azadi meydanı yaxınlığında onların avtomobili kortejdən ayrılıb və başqa istiqamətə yönəldilib.

Etirazlarına baxmayaraq, avtomobili təxminən 40 kilometr uzağa, dağların arasında yerləşən bir mehmanxanaya aparıblar. Orada onlara yemək verərək istirahət etmələrini, həmin gün başqa tədbir olmayacağını bildiriblər.

"Gətirdilər, əyləşdirib yedirtdilər və dedilər ki, istirahət edin, bu günə heç nə yoxdur. Biz də axı bilirik ki, proqrama görə iki saatdan sonra Prezidentin görüşü olmalıdır. Avadanlıqlarımızı alıb bir otağa qoydular. Əsəbi halda idim, hiss edirdim ki, nə isə başqa məsələdir". 

Baş verənlərin təsadüfi olmadığını hiss edən Fazil Hadıyev tez foyeyə düşərək vəziyyəti aydınlaşdırmağa çalışıb və orada onların ardınca göndərilən protokol xidmətinin əməkdaşı Pərvin Mirzəzadə ilə qarşılaşıb. Çəkiliş qrupunu axtaran Pərvin Mirzəzadə soruşub: "Fazil müəllim, siz niyə bura gəlmisiz?”
Fazil Hadıyev əsəbi şəkildə cavab verib: "Həmkarlardan putyovka almışam. Biz bəyəm bura özbaşına gəlmişik? Bizi kortejdən çıxartdılar”. – "Kim?” - "Biz hardan bilək?”


Fazil Hadıyev çəkiliş qrupunun kortejdən çıxarıldığını bildirəndən sonra avadanlıqlarını götürmək istəyəndə ona kameraların yerləşdirildiyi otağın açarlarının olmadığını, açarların başqa yerə aparıldığını deyiblər.

"Dedim tapın, yoxsa qapıları sındıraram. Sizə bir dəqiqə vaxt verirəm. Axır ki, qapını birtəhər açdılar, aparatları götürüb getdik".

Ancaq iqamətgahın qarşısında da onları avtomobildən düşməyə qoymayıblar. İran tərəfinin mühafizəsi çəkiliş qrupunun maşında gözləməli olduğunu bildirib.

Fazil Hadıyev bu vəziyyətdən çıxmaq üçün hiyləyə əl atıb: "Rejissor Vaqif Ağayevə dedim: "Sən kameranı hazırla, lazım olanda pəncərədən verərsən”. İran tərəfinin mühafizəsi icazə vermirdi, guya maşında oturmalıyıq. Onda mən hiylə işlətdim: "Ağa, özümü pis hiss edirəm, icazə verin havaya çıxım... Görürsən durbin burdadı – onlar kameraya durbin deyirlər”. Bir sözlə, maşından çıxdım, pəncərədən kameranı Vaqifdən alıb tüpürdüm dabanıma... Mühafizəmiz təəccüb içində idi: "Harada dolaşırdınız? Beş dəqiqədən sonra qəbul başlayır”. Prezidentə məruzə etdilər. Otaqdan çıxıb mənə təəccüblə baxdı: "Fazil, harda idiniz, nə baş verib?” – "Cənab Prezident, bizi kortejdən çıxarıb başqa istiqamətə apardılar”. – "Kim?”. Qısası, Həsən Həsənovu çağırdı: "Həsən, bu nə biabırçılıqdır? Mətbuatı bizdən icazəsiz harasa götürüb aparıblar”. O isə əlacsız halda əllərini açıb "cənab Prezident, bura İrandır” – dedi.


***

Heydər Əliyev qızı Sevil xanımla birlikdə Böyük Britaniya kraliçasının qəbuluna gedərkən çəkiliş qrupuna məhdud vaxt verilib. Fotoqraf Rafiq Bağırovun çəkiliş aparmasına icazə verilməyərək onu bayıra çıxarıblar. Operator Fazil Hadıyev isə Sevil Əliyevanı müşayiət edərək çəkilişə davam edib.

"Cənab Prezident Sevil xanımla kraliçanın qəbuluna gedirdi. Orada bizə az-maz çəkmək imkanı verdilər. Mən, əlbəttə, bir az ağ elədim. Rafiq Bağırovu bayıra çıxartdılar, mən isə qaldım, Sevil xanımı müşayiət edərək çəkirəm. Birdən onların mühafizəsindən bir qız yaxınlaşıb məni bayıra çıxarmağa başladı. "Qurtardı, çox sağ olun, hələlik” deyib hansısa fəndi işlətdi, az qaldı nəfəsim kəsilsin. Cənab Prezident münaqişəni dərhal gördü, ayaq saxladı: "Fazil, qız nə istəyir?” – "Cənab Prezident, o mənə çəkməyə icazə vermir”. – "Yaxşı, kifayətdir, çox sağ ol”. Kənara çəkildim, qız məni buraxdı, nəfəsim yavaş-yavaş düzəldi. Yoxsa, az qala boğulmuşdum".

Fazil Hadıyev xatırlayır ki, fotoqraf Rafiq Bağırov sonradan onun bu qədər inadkar olmasına təəccüblənib. Çünki fotoqrafı dərhal kənarlaşdırmış, Fazil Hadıyev isə çəkilişə davam etmək üçün müqavimət göstərmişdi.
"Yadımdadır, Rafiq sonra mənə deyirdi: "Nə inadkarsan, məni o saat çıxartdılar, sən isə elə bil hücuma keçirdin"".


***

Fazil Hadıyev Heydər Əliyevlə işlədiyi illəri həyatının ən dəyərli dövrlərindən biri kimi xarakterizə edir.
 
Ömrünün 60 ilini AzTV-yə bağlamış baş operator bu gün öz təcrübəsini Televiziya Akademiyasının müdavimlərilə bölüşür.

7 noyabr 2026-cı il tarixi Fazil Hadıyevin yadında yüksək təltifə layiq görüldüyü gün kimi qalıb. Həmin gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla medianın inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Fazil Rauf oğlu Hadıyevə Prezidentin fərdi təqaüdü təyin edilib.

O, 2006-cı ildə “Tərəqqi” medalı ilə də təltif edilib. 2011-ci ildə isə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Tarixi yaradan insanlar da var, onu gələcək nəsillərə çatdıranlar da: Fazil Hadıyev kimi.

Əfqan Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə