Azərbaycanın adını və mövqeyini ölkə hüdudlarından kənarda tanıtmaq, xüsusilə də beynəlxalq auditoriya qarşısında milli maraqları müdafiə etmək heç də asan iş deyil. Bunun üçün bilik, peşəkarlıq, cəsarət və bəzən sərt müzakirələri apara bilmək tələb olunur.
Rusiyada jurnalist, politoloq və geosiyasi şərhçi kimi tanınan Səadət Qədirova bu istiqamətdə fəaliyyəti ilə diqqət çəkən azərbaycanlılardandır. O, 2020-ci ildə Rusiya telekanalında yayımlanan siyasi verilişdə Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini müdafiə etməsi ilə geniş müzakirələrə səbəb olub. Sonrakı illərdə isə Moskvada Azərbaycanı təmsil edən mühüm mədəniyyət platformasının rəhbəri kimi fəaliyyətini davam etdirib.
Modern.az saytının “Simalar” rubrikası Səadət Qədirovaya həsr olunur.
Aşqabadda doğuldu, Azərbaycanı tarixi Vətən bildi
Səadət Qədirova 11 noyabr 1978-ci ildə Aşqabadda anadan olub. Atası mühəndis-inşaatçı, anası isə həkim olub. Valideynləri Türkmənistanda dünyaya gəldikləri üçün Səadət xanım da uşaqlığını bu ölkədə keçirib və orta məktəbi orada bitirib. Daha sonra təhsilini davam etdirmək üçün Moskvaya köçüb.
S.Qədirova müsahibələrində deyib ki, əcdadları Cənubi Azərbaycandan olub, ailənin əvvəlki nəsilləri İranda yaşayıb.

Aşqabadda doğulmasına, uşaqlıq və gənclik illərinin böyük hissəsini Türkmənistanda keçirməsinə baxmayaraq, o, Azərbaycanı tarixi Vətəni hesab edir.
İlk dəfə Bakıya 1999-cu ildə gəldiyini deyən Səadət Qədirovanın sözlərinə görə, atası uşaqlıqdan onda Azərbaycana sevgi aşıladığını vurğulayıb.
“Azərbaycan mənim tarixi Vətənim, bir parçam, qanımdır”, – deyə o vurğulayıb.
Bu bağlılıq onun sonrakı fəaliyyətində də özünü göstərib.
Üç ali təhsil, Dövlət Dumasından jurnalistikaya uzanan yol
Səadət Qədirovanın peşəkar fəaliyyəti jurnalistikadan başlamayıb. O, üç ali təhsil müəssisəsini bitirib: Moskva Dövlət Universitetinin Xarici dillər fakültəsində oxuyub, ABŞ-ın Kolorado Universitetinin Denver bölməsində siyasi elmlər ixtisası üzrə və Rusiya Təhsil Akademiyasının universitetində hüquqşünaslıq təhsili alıb.
Siyasi strukturlardakı fəaliyyətinə də kifayət qədər gənc yaşlarında başlayıb. 23 yaşında Rusiya Dövlət Dumasında “Yabloko” partiyasından olan deputat Aleksey Melnikovun milli siyasət məsələləri üzrə köməkçisi işləyib. Daha sonra tanınmış rusiyalı siyasətçi İrina Xakamadanın gənclər və milli siyasət məsələləri üzrə köməkçisi olub.
Bu illər S.Qədirovanın siyasi prosesləri, müxtəlif xalqlar arasındakı münasibətləri və beynəlxalq gündəmi yaxından tanımasına imkan yaradıb.
O, kommersiya və hüquq-müdafiə qurumlarında da çalışıb, paralel olaraq məqalələr yazıb. Sonradan İTAR-TASS informasiya agentliyində müxbir kimi işə başlayıb. Həmin dövrdə Moskva Dövlət Universitetində də dərs deyib. Universitetin Tarix fakültəsində “Azərbaycanın siyasi mədəniyyətinin tarixi” adlı xüsusi kurs aparıb, Moskva Sosial-Humanitar İnstitutunda isə dinşünaslıq və müsahibə texnologiyası fənlərini tədris edib.
O, bəzi müsahibələrində özünü daha çox “politoloq-jurnalist” kimi xarakterizə edib. S.Qədirovanın sözlərinə görə, jurnalist işləyərkən fəaliyyəti sadəcə informasiya ötürməkdən deyil, hadisələrə ekspert münasibəti bildirməkdən ibarət olub.
Peşəkar jurnalist kimi tanınmasında İTAR-TASS-da çalışdığı illər mühüm rol oynayıb. O, agentlikdə diplomatik və informasiya strukturları ilə əlaqələrə cavabdeh olan şöbəyə rəhbərlik edib. Müxtəlif dövrlərdə tanınmış siyasətçilər, ictimai xadimlər və media nümayəndələri ilə müsahibələr aparıb. Vladimir Pozner, Vladimir Jirinovski, Aleksandr Dugin, Aleksandr Proxanov kimi tanınmış şəxslər onun həmsöhbəti olub.

Solovyovun efirində Azərbaycanı müdafiə etdi
O, Azərbaycan reallıqlarının təbliğinə görə 2009-cu ildə ölkəmizin Rusiyadakı səfirliyinin fəxri diplomuna layiq görülüb.
Səadət Qədirovanın adının daha geniş auditoriyaya tanınmasında 2020-ci ilin oktyabrında Rusiyanın “Rossiya-1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” proqramındakı çıxışı xüsusi rol oynayıb.
Həmin vaxt İkinci Qarabağ müharibəsi davam edirdi. Rusiya teleməkanında Qarabağla bağlı müzakirələr aparılır, müxtəlif ekspertlər və siyasi şərhçilər öz mövqelərini səsləndirirdilər. Səadət xanım da oktyabrın 8-də yayımlanan verilişə dəvət olunmuşdu.
O, müzakirə zamanı Azərbaycanın mövqeyini beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr əsasında əsaslandırmağa çalışıb.
S.Qədirova çıxışında BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə istinad edərək, həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərindən qüvvələrin çıxarılması ilə bağlı tələblərin yer aldığını xatırladıb.
Canlı yayımda azərbaycanlı politoloq-jurnalist Səadət Qədirova Rusiya Dövlət Dumasının ermənipərəst mövqeyi ilə tanınan deputatı Konstantin Zatulinin separatizmi dəstəkləyən və Azərbaycanın ərazi bütövlüyünü hədəf alan çıxışlarına sərt etiraz edib.
O, verilişdə Azərbaycana qarşı yönəlmiş qərəzli ittihamların qarşısında təkbaşına ölkənin haqlı mövqeyini müdafiə edib və Zatulini sərt tənqid edərək onu “rus xalqının düşməni” adlandırıb.
O, həmçinin münaqişə tərəflərinin öz müqəddəratını təyinetmə hüququ ilə bağlı irəli sürülən arqumentləri müzakirəyə çıxararaq, Zəngəzurda yaşamış azərbaycanlıların taleyinə diqqət çəkib.
“Bəs onda niyə Zəngəzurda azərbaycanlı yaşayış məntəqələrinin öz müqəddəratını təyin etməsinə imkan verilmədi? Gəlin, onda Krasnodarda yaşayan ermənilərə də öz müqəddəratını təyin etmək imkanı verək?” – deyə o, verilişdə Zatulin və digərlərinə sual ünvanlayıb.
S.Qədirovanın fikirləri Rusiyanın ermənipərəst media resurslarında müzakirə və tənqid mövzusu olub.
Verilişdən dərhal sonra erməni lobbisi və rusiyalı ermənipərəst dairələr TASS agentliyində şöbə müdiri vəzifəsində çalışan azərbaycanlı jurnalistə qarşı kampaniya başladıblar. Ona həm sosial şəbəkələrdə açıq təhdidlər gəlib, həm də işdən azad edilməsi üçün təzyiqlər göstərilib. Və bu, bir neçə il davam edib.
Səadət Qədirova sonradan TASS-dan ayrılaraq başqa fəaliyyət sahəsinə keçib.
Azərbaycanı Rusiyada tanıtmaq missiyası
Səadət Qədirovanın TASS-dan sonrakı fəaliyyəti də Azərbaycanla bağlıdır. O, Moskvada yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki (XTNS) “Azərbaycan” pavilyonunun direktoru vəzifəsinə təyin edilib və hazırda da bu işdə çalışır. Qədirovanın sözlərinə görə, yeni vəzifə Azərbaycan haqqında Rusiyada müsbət təsəvvürün formalaşdırılması istiqamətində daha çox işləməyə imkan yaradıb.
Səadət Qədirova “Azərbaycan” pavilyonunun fəaliyyətini yalnız sərgi və tədbirlərin təşkili ilə məhdudlaşdırmır. Onun fikrincə, bu məkan müstəqil Azərbaycanın tarixini, mədəniyyətini, ənənələrini, iqtisadi və turizm potensialını nümayiş etdirməli, ölkənin xaricdəki təqdimatına xidmət etməlidir.
O, diasporun rolunu da məhz bu kontekstdə izah edib. S.Qədirovanın fikrincə, diaspor yaşadığı ölkədə Azərbaycan haqqında məlumatın yayılmasına, mədəni və tarixi layihələrin həyata keçirilməsinə, ölkənin tanıdılmasına töhfə verməlidir.
Bu baxımdan onun rəhbərlik etdiyi pavilyon Rusiyada Azərbaycanı tanıtmaq üçün mühüm platformalardan birinə çevrilib.
“Nəzər nöqtəsi” – azərbaycanlıları bir araya gətirən layihə
2025-ci ilin fevralında XTNS-dəki “Azərbaycan” pavilyonunda “Nəzər nöqtəsi” adlı yeni layihəyə start verilib. Layihənin məqsədi Rusiyada yaşayan tanınmış azərbaycanlıları bir araya gətirmək, Azərbaycan icmasının nümayəndələri arasında açıq dialoq yaratmaq, mədəniyyətimizi təbliğ etmək və soydaşlarımızı narahat edən məsələləri müzakirə etməkdir.

Layihənin ilk qonağı Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev olub.
Görüşdə milli kimliyin qorunması, mədəniyyətlərarası əməkdaşlıq, gənclərin təşəbbüslərinin dəstəklənməsi, Azərbaycan və Rusiya universitetləri arasında əlaqələr, həmçinin iki ölkə arasında mədəni və işgüzar münasibətlərin genişləndirilməsi müzakirə olunub.
Bu layihə onu göstərir ki, Səadət Qədirovanın fəaliyyəti təkcə televiziya debatlarında Azərbaycanın mövqeyini səsləndirməklə bitmir. O, eyni zamanda Rusiyada yaşayan azərbaycanlıların bir araya gəlməsi, ölkəmizin mədəniyyətinin tanıdılması və Azərbaycan haqqında fikir mübadiləsinin aparılması üçün platformalar yaradır.
Ana olduqdan sonra uşaqların arzularını gerçəkləşdirməyə başladı
Səadət Qədirovanın diqqətçəkən fəaliyyətlərindən biri də xeyriyyəçiliyə yönəlib.
O, qızının dünyaya gəlməsindən sonra həyatında yeni bir mərhələnin başladığını bildirib.
S.Qədirova qızının dünyaya gəlməsindən sonra həyata fərqli baxış qazandığını, ailə və iş həyatını vaxtı düzgün bölüşdürməklə uzlaşdırmağa çalışdığını da deyib.
S.Qədirova bildirib ki, ana olduqdan sonra tam ailədə böyüməyən, yaxud uşaqlıqdan xəstəxanalarda yaşamağa məcbur qalan uşaqlar haqqında daha çox düşünməyə başlayıb.
O, jurnalist peşəsinin imkanlarından istifadə edərək “kadyrova.online” YouTube kanalında “Arzular gerçəkləşir” adlı sosial layihəyə gerçəkləşdirib.
Layihənin ideyası maraqlı olub: tanınmış və nüfuzlu şəxslər müsahibəyə dəvət edilir, söhbət zamanı uşaqların arzuları onlara çatdırılır və həmin arzuların gerçəkləşdirilməsi üçün kömək istənilir.
Bu layihənin qonaqları arasında iş adamı Emin Ağalarov, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, məşhur jurnalist Mixail Qusman, müğənni Yusif Eyvazov və başqa tanınmış şəxslər olub.
S.Qədirova bu layihəni yalnız azərbaycanlı uşaqlarla məhdudlaşdırmaq istəməyib. Onun məqsədi daha geniş auditoriyaya çatmaq, rus dilini bilən insanları bu təşəbbüs ətrafında birləşdirmək olub.
Maraqlıdır ki, S.Qədirovanın bu layihəsi Rusiyada da diqqət çəkib. 2020-ci ilin yanvarında o, “Arzular gerçəkləşir” layihəsi çərçivəsində fiziki imkanları məhdud, aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan ailələrin uşaqlarının arzularının həyata keçirilməsinə görə Rusiya Xarici İşlər Nazirliyinin media sahəsində mükafatına layiq görülüb. Mükafat ona “Xarici siyasətin ön cəbhəsində” nominasiyası üzrə təqdim edilib. Təltifetmə mərasimində Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da iştirak edib.
Şuşaya səfər etdi

Səadət Qədirova Azərbaycanda keçirilən müxtəlif beynəlxalq forumlarda, konfranslarda iştirak edib .
O, Vətən müharibəsi zamanı Gəncə şəhərinin raket atəşinə tutulmasından sonra yaşanan faciə ilə bağlı çıxışlar etmiş və bölgəyə səfər edən media nümayəndələri arasında yer almışdı.
Qarabağ işğaldan azad edildikdən sonra isə Səadət Qədirova Şuşaya səfər edib. O bu səfər haqqında yazdığı "Bu mənim Şuşamdır..." adlı essesində təəssüratlarını geniş şəkildə bölüşüb.
Azərbaycanda doğulmayan ən böyük azərbaycanlılardan biri Səadət Qədirovanın bu günlərdə – 11 noyabrda 48 yaşı tamam oldu...
Ə.Qafarlı