Modern.az

Putin, Tramp və Cinpin nə yedilər: balıq, xərçəng... - Ziyafət menyusu - FOTOLAR

Putin, Tramp və Cinpin nə yedilər: balıq, xərçəng... - Ziyafət menyusu - FOTOLAR

Reportaj

Bu gün, 11:41

Dünən düyanın diqqəti Çinin Şençjen şəhərinə yönəlmişdi: böyük güclərin – Çin, ABŞ və Rusiyanın liderləri bir araya gəlmişdilər. Si Cinpin, Donald Tramp və Vladimir Putin üçtərəfli görüşü beynəlxalq təhlükəsizlik və strateji sabitliyin qorunması ilə bağlı birgə Bəyannamənin qəbulu ilə yekunlaşdırdılar.
Adətən bu cür sammitlər zamanı siyasi danışıqlarla yanaşı, liderlərə açılan süfrə də dünyanın maraq dairəsində olur. Si Cinpin, Donald Tramp və Vladimir Putin üçtərəfli görüşdən bir gün əvvəl ziyafətdə birfə iştirak etdilər. Həmin ziyafətin menyusu xarici mediada maraq doğurub.

Modern.az-ın məlumatına görə, noyabrın 18-də Çin lideri Si Cinpin və həyat yoldaşı Pen Liyuan Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammitində iştirak edən dövlət və hökumət başçıları üçün rəsmi ziyafət təşkil ediblər.

Ziyafətdə Donald Tramp və Vladimir Putin də daxil olmaqla, müxtəlif ölkələrin liderləri iştirak ediblər. Tədbir Şençjen Beynəlxalq Mübadilə Mərkəzində keçirilib.


Reuters-in məlumatına görə, Putin, Tramp və Si Cinpin üçün ayrıca şam yeməyi təşkil olunmayıb.

APEC sammitində iştirak edən çoxsaylı dövlət və hökumət başçılarının qatıldığı rəsmi ziyafətin qonaqları üçün Çin tərəfi əsasən ölkənin cənubunda yerləşən Quandun əyalətinin məşhur Kanton mətbəxinə əsaslanan, eyni zamanda Qərb mətbəxinin elementlərini özündə birləşdirən xüsusi menyu hazırlayıb. Bu menyu Çinin regional mədəniyyətini nümayiş etdirmək məqsədi daşıyıb.

Menyuda həm dəniz məhsullarına, həm də ət yeməklərinə yer ayrılıb. Çin tərəfi yerli Kanton mətbəxinin ənənələrini qorumaqla yanaşı, beynəlxalq qonaqların dad seçimlərini də nəzərə alıb.
Ziyafətin ev sahibi Si Cinpin və həyat yoldaşı Pen Liyuan olub.


Qonaqlara ilk olaraq “Pengcheng” adlı soyuq qəlyanaltı təqdim edilib. Bu, Şençjen şəhərinin ənənəvi adıdır. Adın mənası “nəhəng quş şəhəri” kimi izah olunur.

Ardınca süfrəyə Çin mətbəxinin özünəməxsus yeməklərindən biri – balıqdan hazırlanan, Çin yaşıl zeytunları ilə bişirilmiş şorba gətirilib. Bu yemək Çin mətbəxində xüsusi delikates hesab olunur.

İlk yeməklər arasında zəncəfil və yaşıl soğanla tavada qızardılmış omar (xərçəng) da olub. Dəniz məhsullarından hazırlanan bu yemək ziyafətin diqqətçəkən təamlarından biri sayılıb.

Əsas yeməklər sırasında üç fərqli təam diqqət çəkib:

Soya sousunda buxarda bişirilmiş qrupper balığı – Çin mətbəxində məşhur olan iri dəniz balığından hazırlanıb.

Göbələkli steyk – göbələklərlə birlikdə təqdim edilən mal əti yeməyi.

Zəfəran sousunda tərəvəz – morel göbələkləri, körpə Çin kələmi və şabalıddan hazırlanıb.

Əsas yeməklərdən sonra qonaqlara Kanton mətbəxinə aid üç çeşiddə dim-sam təqdim olunub.

Bundan başqa, qırmızı lobyadan hazırlanmış, naringi qabığı və lotus toxumları əlavə edilmiş şirin şorba da menyuda yer alıb.

Desert süfrəsinə tort, təzə meyvələr və dondurma daxil edilib. Yeməyin sonunda qonaqlara çay və qəhvə də təklif olunub.

Putin və Tramp Çin şərabı da dadıblar?


Ziyafətin içki menyusu da diqqət çəkib. Çin tərəfi qonaqlara öz ölkəsində istehsal olunan şərabları təqdim edib.

Menyuda Çinin şərabçılıq bölgələrindən biri olan Ninşyada istehsal edilmiş 2019-cu il qırmızı Cabernet Sauvignon və 2020-ci il ağ şərabı yer alıb.

Bundan başqa, ziyafətin keçirildiyi Quandun əyalətinə məxsus liçidən hazırlanmış şirin buz şərabı da qonaqlara təklif olunub.

Xarici media Putin, Tramp və Si Cinpinin konkret olaraq hansı şərabı seçdikləri və nə qədər içdikləri barədə məlumat yaymayıb.

Ziyafətdən yayılan fotolardan birində Donald Trampın Si Cinpinin yanında əyləşdiyi görünür.

Maraqlıdır ki, ziyafətin musiqi proqramı da xüsusi hazırlanıb. Təşkilatçılar müxtəlif ölkələrin liderlərini qarşılamaq üçün 22 musiqi əsəri seçiblər. Trampın gəlişi zamanı ABŞ-ın məşhur vətənpərvərlik mahnısı America the Beautiful ifa olunub. ABŞ prezidenti musiqini dinləmək üçün dayanıb və alqışlayıb.











A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Canlıda gərgin müzakirə! Fazil Mustafa kritik sualları cavablayır...