ABŞ-da noyabrın 3-də keçirilən aralıq Konqres seçkiləri prezident Donald Trampın siyasi mövqeyi və Ağ Evin gələcək fəaliyyəti baxımından mühüm nəticələrlə yadda qaldı. Demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu ələ keçiriblər. Bu isə Tramp administrasiyasının fəaliyyətinə Konqres tərəfindən nəzarətin güclənməsi, araşdırmaların genişlənməsi və prezidentə qarşı impiçment prosedurunun yenidən gündəmə gəlməsi ehtimalını artırır.
Bəs demokratların Konqresdə üstünlük qazanması Trampın prezidentlikdən uzaqlaşdırılması (impiçment) üçün kifayətdirmi? ABŞ qanunvericiliyi buna hansı imkanları yaradır və impiçment üçün neçə konqresmenin səsi lazımdır?
Modern.az saytı mövzunu araşdırmağa çalışıb.
ABŞ Konstitusiyasına əsasən, prezident dövlətə xəyanət, rüşvət alma, eləcə də digər ağır cinayətlər və vəzifə səlahiyyətlərindən ciddi sui-istifadə hallarında impiçment edilə bilər.
Konstitusiyanın II maddəsinin 4-cü bölməsində prezidentin, vitse-prezidentin və digər federal vəzifəli şəxslərin bu əsaslarla vəzifədən kənarlaşdırılması nəzərdə tutulur.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, impiçment üçün mütləq şəkildə cinayət məhkəməsinin hökmü tələb olunmur. Konqres prezidentin dövlət hakimiyyətindən sui-istifadə etməsini və ya vəzifəsinə yaraşmayan ciddi əməllərini impiçment üçün əsas hesab edə bilər.
Demokratlar Konqresdə nə qədər üstünlük qazandılar?

Associated Press-in (AP) noyabrın 4-də yaydığı məlumata görə, Demokratlar Partiyası 3 noyabr seçkiləri nəticəsində həm Nümayəndələr Palatasına, həm də Senata nəzarəti ələ keçiriblər.
Seçkilərdən əvvəl hakim Pespublikaçılar Partiyası Nümayəndələr Palatasında çoxluğa malik idilər. Demokratlar isə bu seçkilərdə 24-dən çox dairədə qələbə qazanaraq rəqiblərinin üstünlüyünü aradan qaldırıblar.
Seçkinin indiki nəticələrinə dair göstəricilər belədir:
Nümayəndələr Palatası – 435 yer
Demokratlar – 214 yer;
Respublikaçılar – 126 yer;
Senat – 100 yer
Demokratlar – 53 yer;
Respublikaçılar – 41 yer
Amma səslərin sayılması hələ davam edir və qarşıdakı saatlarda rəqəmlərin dəyişəcəyi şübhə doğurmur. Proqnozlar isə demokratların xeyrinə verilir.
Rəqəmlərdən görünür ki, demokratlar Konqresin hər iki palatasında üstünlük əldə edərək Tramp administrasiyasının qanunvericilik təşəbbüslərinə, dövlət təyinatlarına və fəaliyyətinə nəzarət imkanlarını genişləndiriblər.
Trampın impiçmenti üçün neçə səs lazımdır?
ABŞ-da prezidentə qarşı impiçment ittihamını irəli sürmək səlahiyyəti Nümayəndələr Palatasına məxsusdur.
Palatada 435 deputat var. İmpiçment maddələrinin qəbul edilməsi üçün iştirak edən deputatların sadə səs çoxluğu tələb olunur.
Əgər 435 deputatın hamısı səsvermədə iştirak edərsə, ən azı 218 nəfərin impiçmentin lehinə səs verməsi lazımdır.
Başqa sözlə, demokratlar Nümayəndələr Palatasında 218 və ya daha çox yerə sahib olduqları halda, öz partiyalarının deputatlarının dəstəyi ilə impiçment ittihamını qəbul edə bilərlər. Bunun üçün respublikaçıların dəstəyinə ehtiyac yaranmaya bilər.
Ancaq səsvermədə iştirak etməyən deputatlar olarsa, tələb olunan səs sayı da dəyişir. Məsələn, 300 deputat iştirak edərsə, 151 səs kifayət edər.
Lakin impiçment ittihamının qəbul edilməsi Trampın dərhal prezidentlikdən uzaqlaşdırılması demək deyil.
Əsas maneə Senatdır – 67 səs lazımdır
İmpiçmentin ikinci və daha çətin mərhələsi Senatda həyata keçirilir.
Nümayəndələr Palatası ittiham maddələrini qəbul etdikdən sonra məsələ Senata göndərilir. Burada prezidentə qarşı irəli sürülən ittihamlar dinlənilir, sübutlar araşdırılır və səsvermə keçirilir.
ABŞ Konstitusiyasına görə, prezidentin təqsirli bilinməsi üçün Senatda iştirak edən senatorların ən azı üçdə ikisinin səsi tələb olunur.
Senatda 100 yer olduğuna görə bütün senatorlar səsvermədə iştirak edərsə, Trampın vəzifədən uzaqlaşdırılması üçün 67 senatorun səsi lazımdır.
Demokratların seçkilərdən sonra Senatda əldə etdiyi 53 yer bu baxımdan kifayət etmir. Onların impiçment qərarını təmin etməsi üçün ən azı 14 respublikaçı senatorun da lehinə səs verməsi lazım gələcək.
Deməli, demokratların Senatda çoxluğu ələ keçirməsi Trampın vəzifədən uzaqlaşdırılmasına avtomatik zəmanət vermir. Bunun üçün partiyalararası ciddi razılaşma və respublikaçı senatorların da müəyyən hissəsinin dəstəyi tələb olunur.
Tramp daha əvvəl iki dəfə impiçment edilib

Donald Tramp ABŞ tarixində iki dəfə impiçment edilən ilk prezidentdir.
2019-cu ildə Nümayəndələr Palatası onu Ukrayna ilə bağlı məsələdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin araşdırmasına mane olmaqda ittiham edərək impiçment etmişdi. Lakin Senat onu təqsirli bilməmişdi.
2021-ci ildə isə Kapitoli binasına hücumdan sonra iğtişaşları qızışdırmaq ittihamı ilə yenidən impiçment qərarı qəbul edilmişdi.
Həmin vaxt Senatda 57 senator Trampın təqsirli bilinməsinin lehinə, 43 senator isə əleyhinə səs vermişdi. Lakin 67 səs tələb olunduğundan o, vəzifəsindən kənarlaşdırılmamışdı.
Tramp iki dəfə Nümayəndələr Palatasında impiçment edilsə də, hər iki halda Senatda tələb olunan səs çoxluğu toplanmayıb.
Demokratların qələbəsi Tramp üçün nəyi dəyişir?
Konqresin hər iki palatasında demokratların çoxluq qazanması Tramp administrasiyası üçün bir sıra siyasi və hüquqi nəticələr yarada bilər.
İlk növbədə, demokratlar prezident administrasiyasının fəaliyyəti ilə bağlı parlament araşdırmaları başlada, dövlət qurumlarından sənədlər tələb edə, rəsmiləri dinləmələrə çağıra və mümkün qanun pozuntularını araşdıra bilərlər.
Bundan başqa, Senatda çoxluğun dəyişməsi Trampın hakimiyyətinin qalan dövründə kadr təyinatları və qanunvericilik təşəbbüsləri ilə bağlı vəziyyətə də təsir göstərəcək.
AP-nin məlumatında da vurğulanır ki, demokratların Konqresdə üstünlük qazanması Trampın prezidentliyinin son iki ilində Ağ Evin fəaliyyətinə ciddi təsir edəcək. Onlar prezidentin qanunvericilik gündəliyini bloklamaq, təyinatlarını rədd etmək və administrasiyanın fəaliyyətini araşdırmaq imkanına malik olacaqlar.
Bununla belə, seçkilərdə qazanılan qələbə özlüyündə impiçment üçün hüquqi əsas deyil. Demokratlar prezidentə qarşı konkret ittihamlar irəli sürməli və bunları Konstitusiyada nəzərdə tutulan əsaslarla əlaqələndirməlidirlər.
İmpiçment prosesi nə vaxt başlaya bilər?
Seçkilərin nəticələrinin yeni Konqresin tərkibinə təsiri dərhal baş vermir. ABŞ Konstitusiyasına və Konqresin iş qaydasına əsasən, yeni Konqres 3 yanvar 2027-ci ildə fəaliyyətə başlayacaq.
Bu tarixdən etibarən demokratlar Nümayəndələr Palatasında və Senatda əldə etdikləri yeni üstünlükdən istifadə edə biləcəklər. Bununla belə, hazırkı Konqresin də səlahiyyət müddəti başa çatanadək müəyyən qərarlar qəbul etmək hüququ var.
Nəticə etibarilə, 3 noyabr seçkiləri Tramp administrasiyası ilə Konqres arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcıdır. Demokratlar impiçment prosedurunu başlatmaq üçün lazım olan səs çoxluğuna sahib ola bilərlər. Ancaq prezidentin vəzifədən uzaqlaşdırılması üçün Senatda 67 səs toplamaq, yəni respublikaçı senatorların da əhəmiyyətli hissəsinin dəstəyini qazanmaq lazım gələcək.
ABŞ Konstitusiyasına görə, əgər prezident impiçment prosesi nəticəsində vəzifəsindən uzaqlaşdırılarsa, dövlət başçısının səlahiyyətləri avtomatik olaraq vitse-prezidentə keçir.
Donald Trampın prezidentliyi dövründə belə bir ssenari reallaşarsa, onun səlahiyyətləri hazırkı vitse-prezident Ceyms Devid Vensə keçəcək.
Xatırladaq ki, Donald Trampın prezidentlik səlahiyyəti 20 yanvar 2029-cu il tarixində başa çatacaq.
ABŞ Konstitusiyasına görə, iki dəfə prezident seçilmiş Donald Tramp 2028-ci ildə keçiriləcək növbəti seçkilərdə yenidən namizəd ola bilməz və bu müddətin sonunda rəsmən postunu tərk etməlidir.
Ə.Qafarlı