Modern.az

İranda iz qoyan azərbaycanlılar - Pişəvərinin generalı Cəfər Kavian

İranda iz qoyan azərbaycanlılar - Pişəvərinin generalı Cəfər Kavian

Reportaj

Bu gün, 12:57

Cənubi Azərbaycan tarixində adları Səttar xan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri kimi tarixi simalarla yanaşı çəkilən bir sıra şəxslər olub. Onlardan biri Azərbaycan Milli Hökumətinin müdafiə naziri olmuş, general-mayor rütbəsinə yüksəlmiş Cəfər Kavian idi.

O, hələ uşaq yaşlarından Məşrutə hərəkatının təsiri altına düşmüş, sonralar Xiyabani hərəkatında iştirak etmiş, dəfələrlə həbs və sürgün həyatı yaşamışdı. 1945-ci ildə Təbrizdə qurulan Azərbaycan Milli Hökumətinin hərbi təşkilatlanmasında mühüm rol oynayan Cəfər Kavianın adı xüsusilə 21 Azər hərəkatı ilə bağlı yadda qalıb.

Modern.az saytı "İranda iz qoyan azərbaycanlılar" rubrikasında növbətini yazını təqdim edir.

Səttar xanın silahdaşının ailəsində dünyaya gəldi

Cəfər Məhəmmədəli oğlu Kavian 1895-ci ildə Təbriz yaxınlığındakı Səhlan kəndində anadan olub. Onun  ailəsi Cənubi Azərbaycanın milli-azadlıq hərəkatı ilə yaxından bağlı idi. Atası Məhəmmədəli qardaşı İsrafil ilə birlikdə inqilabi fəaliyyətin iştirakçılarından olub. O, Məşrutə hərəkatının rəhbərlərindən olmuş Səttar xanın yaxın silahdaşlarından biri kimi tanınıb.

1906–1911-ci illərdə İranda baş verən Məşrutə inqilabı ölkənin siyasi həyatında böyük dəyişikliklərə səbəb olmuşdu. Səttar xan Təbrizdə konstitusiya tərəfdarlarının mübarizəsinə rəhbərlik edən əsas simalardan idi. Məhəmmədəlinin də bu mübarizədə iştirakı Kavian ailəsini həmin dövrün hadisələrinin birbaşa iştirakçısına çevirmişdi.

Lakin hərəkatın yatırılmasından sonra ailənin taleyi ağırlaşdı. Məhəmmədəli həbs olundu, zindanda işgəncələrə məruz qaldı və həyatını itirdi.

Beləcə, Cəfər Kavian hələ gənc yaşlarından atasının siyasi mübarizəsinin və bunun ailəsinə gətirdiyi faciənin şahidi olmuşdu.


Məşrutə hərəkatından Xiyabani mübarizəsinə

Cəfər Kavian ilk təhsilini dini məktəbdə alıb. Lakin ailəsindəki inqilabi ənənələr onun həyat yolunu erkən yaşlardan müəyyənləşdirib.

O, gənc yaşlarından Səttar xanın rəhbərlik etdiyi Məşrutə hərəkatının tərəfdarlarına qoşulub. Həmin dövrdə Məşrutə fədailəri arasında Məşədi adı ilə tanınıb.

Hərəkatın məğlubiyyətindən sonra Cəfər Kavian qardaşı ilə birlikdə Bakıya köçüb. 1912–1914-cü illərdə Azərbaycanda yaşayıb, dərziliklə məşğul olub.

1914-cü ildə Cənubi Azərbaycana qayıdan C.Kavian 1918-ci ilə qədər gizli inqilabi və sosial-demokrat təşkilatların fəaliyyətində iştirak edib.

Onun siyasi mübarizəsi bununla da bitməyib. 1920-ci ildə gizli şəkildə Təbrizə qayıdan Cəfər Kavian bu dəfə Şeyx Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi hərəkatda iştirak edib. O, milli fədai dəstələrinin rəhbərlərindən biri olub.

Xiyabani hərəkatının məğlubiyyətindən sonra da mübarizəni davam etdirən Cəfər Kavian Əbülqasım Lahutinin hərəkatında iştirak edib və yenidən fədai dəstələrinə rəhbərlik edib.

Bu hadisələrdən sonra o, bir müddət mühacir həyatı yaşayıb. Tiflisdə fəaliyyət göstərən siyasi təşkilatlarla əlaqə saxlayıb, 1922–1924-cü illərdə isə Kommunist partiyasının məktəbində təhsil almaq üçün yenidən Bakıya gəlib.

Cəfər Kavianın həyatı uzun illər Təbriz, Bakı və digər Qafqaz şəhərləri arasında keçib. O, həm siyasi fəaliyyət, həm də hərbi təşkilatlanma sahəsində təcrübə qazanıb.

İran zindanlarında keçən illər

Cəfər Kavianın həyatının ən ağır mərhələlərindən biri İrana qayıtdıqdan sonra başlayıb.

1930-cu illərin sonlarında inqilabi fəaliyyəti səbəbindən həbs edilib. Məhkəmə qərarına görə, o, 1 May münasibətilə vərəqələr hazırlayıb Tehranda yaymaqda, kommunist təşkilatları ilə əlaqə saxlamaqda ittiham olunub.

İran hakimiyyəti onun siyasi fəaliyyətini dövlətə qarşı yönəlmiş iş kimi qiymətləndirib və həbs cəzasına məhkum edib.

Cəfər Kavian həbsxanada saxlanıldığı dövrdə ona ağır işgəncələr verilib, ailəsi ilə görüşməsinə maneələr yaradılıb.

Bu illərdə onun həyatında daha bir faciəli hadisə baş verib: həbsdən sonra azadlığa buraxılsa da, Zəncana sürgün edilib.

1941-ci ildə Sovet qoşunlarının İrana daxil olmasından sonra Cəfər Kavianın vəziyyəti dəyişib. O, sürgündən azad edilərək Təbrizə qayıdıb.

Bundan sonra bir müddət antifaşist və siyasi təşkilatların fəaliyyətində iştirak edib.

Pişəvərinin yanında


1945-ci il Cəfər Kavianın həyatında yeni mərhələnin başlanğıcı oldu.

Həmin ilin sentyabrında Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi yaradıldı. Cəfər Kavian da partiyanın yaradıcılarından biri və Mərkəzi Komitəsinin üzvü oldu.

Onun hərbi təcrübəsi yeni siyasi təşkilat üçün xüsusi əhəmiyyət daşıyırdı. Kaviana bölgədə partizan və fədai dəstələrinin təşkilinə rəhbərlik etmək tapşırıldı.

1945-ci il dekabrın 12-də Təbrizdə Azərbaycan Milli Hökuməti elan edildi. Seyid Cəfər Pişəvəri hökumətin baş naziri oldu.

Cəfər Kavian isə hökumətin hərbi rəhbərliyinə gətirildi. O, əvvəlcə milli özünümüdafiə və xalq qoşunları strukturlarına rəhbərlik etdi, daha sonra müdafiə naziri təyin olundu.

Cəfər Kavian general-mayor rütbəsinə yüksəldi.

Onun əsas vəzifələrindən biri Milli Hökumətin silahlı qüvvələrini təşkil etmək, fədai dəstələrini silahlandırmaq və hərbi idarəetməni qurmaq idi.

Generalın oğlu Marks Kavian 2015-ci ildə AzadlıqRadiosunun “İz” proqramına müsahibəsində atasının 21 Azər hərəkatındakı roluna xüsusi diqqət çəkmişdi.

Marks Kavianın sözlərinə görə, fədailərin silahlandırılması məsələsi atasının üzərinə qoyulmuşdu. O, Azərbaycan İstiqlal Muzeyinə təqdim etdiyi sənədlər arasında 10 min nəfərin adının və onlara verilən silahların nömrələrinin yer aldığı siyahının da olduğunu bildirmişdi.

Marks Kavian atasının fəaliyyətini belə xarakterizə etmişdi:

“Seyid Cəfər Pişəvəri 21 Azər Hərəkatının görünən tərəfidir, görünməyən tərəfi general Cəfər Kaviandır”.

Şah ordusunun generalı qılıncını Kaviana təhvil verdi


Cəfər Kavianın hərbi fəaliyyətinin ən yaddaqalan hadisələrindən biri 1945-ci ilin dekabrında Təbrizdə baş verib.

Milli Hökumətin yaranması ərəfəsində bölgədə şah hakimiyyətinə bağlı hərbi qüvvələrlə fədai dəstələri arasında qarşıdurma yaşanırdı.

Təbrizdəki vəziyyət dəyişdikdən sonra İran ordusunun bölgədəki komandanı general Ələkbər Dərəxşani təslim aktını imzalamaq məcburiyyətində qalıb.

Oğlu Marks Kavianın xatirələrində bildirilir ki, Dərəxşani ona həvalə edilmiş rəmzi komandan qılıncını Milli Hökumətin müdafiə naziri Cəfər Kaviana təhvil verib.

Bu hadisə Kavianın həmin dövrdəki hərbi mövqeyini göstərən simvolik epizodlardan biri kimi tarixdə qalıb.

O, Milli Hökumətin hərbi strukturunun formalaşdırılmasında iştirakına görə I dərəcəli “Səttarxan” ordeni və “21 Azər” medalı ilə təltif olunub.

Milli Hökumətin süqutu və Sovet Azərbaycanına mühacirət


Təəssüf ki, Azərbaycan Milli Hökuməti yarandıqdan cəmi bir il sonra - 1946-cı ilin dekabrında  süqut etdi. Sovet qoşunlarının İrandan çıxarılması və Tehran hakimiyyətinin bölgədə nəzarəti bərpa etmək üçün hərbi əməliyyatlara başlaması nəticəsində Təbrizdəki siyasi vəziyyət dəyişdi.

1946-cı ilin dekabrında İran ordusu bölgəyə daxil oldu. Milli Hökumətin rəhbərləri və tərəfdarlarının bir hissəsi ölkəni tərk etmək məcburiyyətində qaldı.

Cəfər Kavianın ailəsinin də mühacirət taleyi yaşaması onun oğlu Marksın xatirələrində ətraflı təsvir olunub.

Marks Kavian 1946-cı il dekabrın 12-də ailəsi ilə birlikdə Culfa sərhəd-keçid məntəqəsinə gətirildiklərini danışıb.

Onun sözlərinə görə, həmin gün ailə üzvləri – atası, anası, bacıları və özü avtomobillə sərhədə aparılıb. Culfada Sovet sərhədçiləri ilə görüşən Cəfər Kavian bir müddət onlarla danışdıqdan sonra ailəsini də sərhədin bu tərəfinə keçirib.

Ailə əvvəlcə Naxçıvana gəlib, bir müddət orada qaldıqdan sonra Bakıya yollanıb.

Marks Kavianın xatirələrinə görə, onlar 1947-ci ilin əvvəllərində Bakıya çatıb. İlk vaxtlarda Mərdəkanda yerləşən “Yaşıl bağ” adlı yerdə məskunlaşıblar.

Cəfər Kavian illərlə mübarizə apardığı Təbrizdən, doğma torpağından ayrılaraq ömrünün qalan hissəsini Sovet Azərbaycanında keçirməli olub.

Qeyd edək ki, Cəfər Kavian Səkinə xanımla ailə həyatı qurub. Bu evlilikdən 1927-ci ildə Kavə adlı oğlu, 1930-cu ildə Puran adlı qızı, 1931-ci ildə Məlahət adlı qızı, 1937-ci ildə Marks adlı oğlu, 1942-ci ildə Maisə adlı qızı, 1947-ci ildə İsrafil adlı oğlu dünyaya gəlib.

Bağırov, Səməd Vurğun və Bülbüllə eyni məclisdə

Cəfər Kavianın Bakıya mühacirətindən sonra yaşadığı dövrlə bağlı da maraqlı ailə xatirələri mövcuddur.

Oğlu Marks Kavianın danışdığına görə, ailənin Bakıya gəlməsindən sonra sovet Azərbaycanının rəhbəri Mircəfər Bağırov onları Zuğulbada təşkil olunan qonaqlığa dəvət edib.

Həmin məclisdə Azərbaycanın tanınmış sənət və mədəniyyət xadimləri də iştirak ediblər.

Marks Kavianın xatirələrində qeyd olunur ki, məclisin aparıcısı Səməd Vurğun olub, Bülbül mahnılar ifa edib, Mirzə İbrahimov da qonaqlıqda iştirak edib.

Məclisdə Cəfər Kavianla Mircəfər Bağırov arasında maraqlı söhbət də yaşanıb.

Generalın Bakıda qorunan irsi


General Cəfər Kavian 1975-ci ildə Bakıda vəfat edib. O, ömrünün sonuna qədər Cənubi Azərbaycanla bağlı siyasi mübarizədən uzaqlaşmayıb.

General vəfat edəndən sonra oğlu Marks Kavian atasının hərbi formasını, qılıncını, orden və medallarını, fotoşəkillərini, məktublarını və müxtəlif sənədlərini uzun illər qoruyub saxlayıb.

2014-cü il mayın 16-da isə həmin materialları Azərbaycan İstiqlal Muzeyinə təhvil verib.

2015-ci il aprelin 3-də Cəfər Kavianın 120 illik yubileyi münasibətilə muzeydə “İşıqlanan yaddaş” adlı tədbir-sərgi təşkil olunub. Sərgidə generalın şəxsi əşyaları və arxiv materialları nümayiş etdirilib.

Muzeyə təqdim olunan eksponatlar arasında hərbi forması, qızıl işləməli “Səttarxan” ordeni, “21 Azər” medalı, Təbriz qoşunları komandanının qılıncı, Pişəvərinin ona yazdığı məktublar, hərbi əmrlər və nizamnamələrin surətləri də var.

Ən maraqlı materiallardan biri isə Səttar xanla Cəfər Kavianın atası Məhəmmədəlinin birlikdə çəkilmiş fotosudur.

Ə.Qafarlı

İran şahının azərbaycanlı generalı: Pəhləvilərin süqutunu elan edən Abbas Qarabaği kim idi?
Bu xəbər ilə bağlı
İran şahının azərbaycanlı generalı: Pəhləvilərin süqutunu elan edən Abbas Qarabaği kim idi?
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!