Modern.az

Putin cüdoçu, Makron boksçu, Tramp qolfçu - Prezidentlərin idman həyatı - Maraqlı FOTOLAR

Putin cüdoçu, Makron boksçu, Tramp qolfçu - Prezidentlərin idman həyatı - Maraqlı FOTOLAR

Reportaj

Bu gün, 11:10

Dövlət başçıları adətən siyasi qərarları, diplomatik görüşləri və rəsmi səfərləri ilə gündəmə gəlirlər. Lakin onların bir qisminin siyasətdən kənarda kifayət qədər maraqlı idman həyatı da var. Bəziləri peşəkar idmançı olub, bəziləri bu gün də müntəzəm məşq edir, digərləri isə müəyyən idman növlərinə xüsusi maraqları ilə tanınır.

Maraqlıdır, hazırda dünyanın müxtəlif ölkələrinə rəhbərlik edən prezidentlər hansı idman növləri ilə məşğul olurlar?

Modern.az saytı dünya mediasında yayılan məlumatlar əsasında bəzi dövlət başçılarının idman növlərinə olan marağını araşdırmağa çalışıb.

Tramp - qolf


ABŞ Prezidenti Donald Trampın adı idmanla bağlı çəkiləndə ilk növbədə qolfla əlaqələndirilir.

Tramp uzun illərdir qolf oynayır və bu idman növü onun gündəlik həyatının mühüm hissələrindən biridir. “Associated Press” 2026-cı ilin əvvəlində onun prezidentliyinin ikinci dövründə qolf meydançalarında keçirdiyi vaxtın kifayət qədər çox olduğunu yazıb. Tramp əsasən öz ailəsinə məxsus qolf klublarında oynamağa üstünlük verir.

Onun qolfla əlaqəsi təkcə şəxsi hobbi ilə də məhdudlaşmır. Tramp 2026-cı ildə ABŞ-da keçiriləcək “Presidents Cup” qolf turnirinin fəxri sədri olacaq. “Reuters”in məlumatına görə, turnir sentyabrın 24-27-də Çikaqoda keçiriləcək.

Yəni Tramp üçün qolf həm şəxsi maraq, həm də ictimai-siyasi imicin bir hissəsidir.

İlham Əliyev - üzgüçülük, gimnastika və atletika


Azərbaycan Prezidenti İlham Əliyevin də üstünlük verdiyi idman növü məlumdur.

Azərbaycan Prezidenti 2011-ci ilin fevralında “Mir” telekanalına müsahibəsində idmana olan marağı haqda danışıb. İlham Əliyev deyib ki, o, futbolu izləməyi xoşlayır, amma məşğul olduğu idman növləri başqadır.

“Özüm fərdi idman növləri - gimnastika, atletika və üzgüçülüklə məşğul oluram”, - deyə Prezident bildirib.

Ölkə başçısı 2022-ci ildə gənclərlə görüş zamanı da özünün sevdiyi idman növünün üzgüçülük olduğunu bildirib. İlham Əliyev qeyd edib ki, uşaqlıqdan dəniz kənarında böyüdüyü üçün üzgüçülüyü sevir.

Bu fakt İlham Əliyevin idmana münasibətində üzgüçülüyün xüsusi yer tutduğunu göstərir.

Yeri gəlmişkən, dövlət başçısının qışda Şahdağ qış-yay turizm kompleksində xizək sürdüyünü əks etdirən müxtəlif görüntülər də var. Eyni zamanda, son vaxtlar onun nəvələri ilə idman zalında bədən məşqi etdiyini göstərən fotolar da yayılıb.

Prezident İlham Əliyev uzun illərdir Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edir və ölkədə idman infrastrukturunun inkişafına xüsusi diqqət göstərib.

Pezeşkianın əsas idman məşğuliyyəti – dağçılıq


İran Prezidenti Məsud Pezeşkianın rəsmi saytında yayımlanan materialda dağçılığın onun şəxsi maraq və vərdişlərindən biri olduğu bildirilib. Həmin yazıda Pezeşkianın 2015-ci ildə Təbriz Tibb Universitetindən olan dostları ilə birlikdə Savalan zirvəsinə qalxdığı qeyd olunur. Yazıda həmin yürüşdən əvvəllər yayımlanmamış fotoşəkillər də təqdim edilib.

Prezident özü də dağçılıqla məşğul olduğunu açıq şəkildə deyib.

2025-ci ildə Pezeşkianla aparılan qeyri-rəsmi söhbət zamanı jurnalist ona “prezidentlikdən əvvəl idman və dağçılıqla məşğul olurdunuz. İndi prezident olduğunuz dövrdə idmanla məşğul olursunuzmu? - deyə sual verib.

Pezeşkian cavabında bildirib ki, indi buna çox az vaxt ayıra bilir, amma həftədə bir gün futbol oynamağa və ya dağa getməyə çalışır. O, prezident kimi dağa çıxmasının təhlükəsizlik səbəbindən əvvəlki kimi asan olmadığını da söyləyib: dağ üçün daha sakit və mühafizə olunan yerlər seçilir.

Pezeşkianın futbol marağı başqa mənbələrdə də görünür. Məsələn, 2026-cı ilin mayında İran millisinin Dünya Çempionatına yola düşməsi ərəfəsində Pezeşkian milli komandanın düşərgəsinə gedərək futbolçularla görüşüb.

Pezeşkianın dağçılıq həvəsi barədə ən konkret faktlardan biri məhz Savalan zirvəsinə qalxmasıdır. Savalan İranın Ərdəbil vilayətində yerləşən, hündürlüyü təxminən 4 811 metr olan vulkanik dağdır və İranda dağçılığın məşhur istiqamətlərindən biridir.

Makron – boks


Fransa Prezidenti Emmanuel Makronun idman seçimlərindən biri boksdur.

2024-cü ildə onun boks məşqi zamanı çəkilmiş fotoları sosial şəbəkələrdə geniş yayılmışdı. Prezidentin rəsmi fotoqrafının yayımladığı görüntülərdə Makronun boks əlcəkləri ilə məşq etdiyi görünürdü.

Bu, dövlət başçısının idman tədbirində iştirakını deyil, onun məşq etdiyini göstərən görüntü idi.

Makron bununla yanaşı, fiziki hazırlığa və qaçışa da maraq göstərməsi ilə tanınır.

Beləliklə, Fransa prezidentini bu siyahıda boksla şəxsən məşğul olduğu təsdiqlənən liderlərdən biri kimi göstərmək mümkündür.

Ərdoğan - futbol sevgisi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın futbol keçmişi var.

Ərdoğan gənclik illərində İstanbulun “Camialtıspor” klubunda yarı-peşəkar futbol oynayıb. Onun futbola marağı uzun illərdir ictimaiyyətə məlumdur.

Lakin burada da mühüm fərq var: Ərdoğanın keçmişdə futbol oynadığı etibarlı şəkildə sənədləşdirilsə də, onu hazırda müntəzəm futbol oynayan prezident kimi təqdim etmək doğru olmaz. Mediada Türkiyə liderinin son illər idman növü ilə məşq etdiyini göstərən görüntülər yoxdur.

Putin - cüdo və xokkey


Rusiya Prezidenti Vladimir Putin idmanla ən çox əlaqələndirilən dövlət başçılarından biri hesab olunur.

Putin 11 yaşından cüdo ilə, daha sonra sambo ilə də məşğul olub. Gənclik illərində bu idman növləri üzrə yarışlarda iştirak edib. O, cüdoda yüksək dərəcəli qara kəmərə də sahib olub və uzun illər bu idmana bağlılığı ilə tanınıb. Beynəlxalq Cüdo Federasiyası 2022-ci ildə onun fəxri prezident və səfir statusunu dayandırsa da, Putinin cüdo keçmişi dəyişmir.

Rusiya liderinin başqa bir məşhur idman sevgisi isə xokkeydir. O, uzun illər nümayiş xarakterli xokkey oyunlarında iştirak edib və buz üzərində çıxışları ilə dəfələrlə diqqət çəkib.

Bununla belə, Putinin keçmişdəki aktiv idman fəaliyyəti ilə onun hazırda müntəzəm məşq etməsi arasında fərq qoymaq lazımdır. Onun cüdo, xokkey və digər idman növləri ilə bağlı ictimai görüntüləri çox olsa da, hazırkı gündəlik məşq rejimi barədə eyni dərəcədə konkret məlumat yoxdur.

Tokayev – stolüstü tennis


Açıq mənbələrdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin də idmanla bağlı maraqları barədə kifayət qədər məlumat var.

Stolüstü tennis – onun əsas məşğul olduğu idman növüdür. Tokayev 2026-cı ilin yanvarında açıqlayıb ki, həftədə iki dəfə keçmiş peşəkar idmançı ilə stolüstü tennis oynayır. O, əvvəllər Qazaxıstan Stolüstü Tennis Federasiyasına da uzun müddət rəhbərlik edib.

Tokayev bildirib ki, hər gün yoqa ilə məşğul olur, lakin meditasiya etmir. Onun sözlərinə görə, bu fiziki aktivlik səhhətinə müsbət təsir göstərib və o, 9 kiloqram çəki itirib.

Tokayevin hazırda müntəzəm məşğul olduğu əsas fiziki fəaliyyətlər stolüstü tennis və yoqadır. Stolüstü tennis onun idman həyatında xüsusilə seçilir.

Lukaşenko – xokkey


Belarus Prezidenti Aleksandr Lukaşenko idmana çox böyük marağı ilə tanınır. Onun hazırda ən çox məşğul olduğu idman növü xokkeydir.
Lukaşenko uzun illərdir xokkey oynayır və öz komandası ilə müntəzəm məşqlərdə və oyunlarda iştirak edir. 2024-cü ilin sonlarında özü də bildirib ki, vaxtının müəyyən hissəsini buz üzərində keçirir.

Əslində onun idmana sevgisi futbolla başlayıb. Lukaşenko gəncliyində futbolu demək olar ki, peşəkar səviyyədə oynadığını və sağ cinah hücumçusu olduğunu deyib. Dizindən aldığı zədə futbol karyerasını davam etdirməsinə mane olub.

Belarus Prezidenti əvvəllər kross-xizək və biatlonla məşğul olub. Lukaşenkonun öz sözlərinə görə, xizək sürməyi yaxşı bilir.

Paşinyanın velosipedi var


Ermənistanın Baş naziri Nikol Paşinyanın idmanla bağlı fəaliyyəti velosiped sürməkdir. Hətta son dövrdə bu, onun ən çox diqqət çəkən şəxsi idman məşğuliyyətinə çevrilib.

Paşinyanın velosiped sürdüyünü göstərən çoxsaylı görüntülər var. O, 2019-cu ildən etibarən velosipedlə işə getməsi ilə də gündəmə gəlib.

Daha maraqlısı odur ki, Paşinyan 2024-cü ildə özü velosiped yarışında iştirak edib. Ermənistan hökumətinin məlumatına görə, o, Geğarkunikdə keçirilən həvəskar kross-velosiped turnirində velosipedlə iştirakçı məktəbliləri startdan finişə qədər müşayiət edib.

2026-cı ildə də onun velosipedə marağının davam etdiyi görünür: 29 avqust 2026-cı ildə Paşinyan “Around Sevan” həvəskar velosiped turunda şəxsən iştirak edib.

Luis İnasiu Lula da Silva - 80 yaşında məşq edir


Braziliya Prezidenti Luiz İnasio Lula da Silva idmanla mşğul olan liderlərin siyahısında ən diqqətçəkən nümunələrindən biridir.

80 yaşlı prezident indi də gündəlik fiziki məşqlərini davam etdirir. “Associated Press”in 2026-cı ildə hazırladığı materiala görə, Braziliya prezidenti qaçış trenajorundan istifadə edir və güc məşqləri həyata keçirir. Onun məşq görüntüləri həm də yaşının prezidentlik fəaliyyətinə təsiri ilə bağlı müzakirələr fonunda yayımlanıb.

Beləliklə, Luiz İnasio Lula da Silva konkret olaraq ənənəvi idman növünün peşəkarı kimi deyil, müntəzəm qaçış və fiziki hazırlıqla məşğul olan prezident kimi diqqət çəkir.

Kavelaşvili - əvvəl futbol meydanında idi


Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin isə bu siyahıda yeri tamamilə fərqlidir.

Kavelaşvili siyasətə gəlməzdən əvvəl peşəkar futbolçu olub. Gürcüstan prezidentinin rəsmi bioqrafiyasında onun 1990-2006-cı illərdə Gürcüstan millisində və müxtəlif klublarda çıxış etdiyi bildirilir. Bu klublar arasında İngiltərənin “Mançester Siti”si də var.

BBC-nin məlumatına görə, Kavelaşvili “Mançester Siti”də iki mövsüm oynayıb və klubun heyətində 28 oyunda 3 qol vurub.

Yəni Kavelaşvili sadəcə futbola marağı olan prezident deyil, o, keçmiş peşəkar futbolçudur.

Prabovo – pencak silat


İndoneziya Prezidenti Prabovo Subianto da bu siyahıda xüsusi yer tutur.

Onun əlbəyaxa döyüş növü olan pencak silatla əlaqəsi sadəcə hobbi səviyyəsində deyil. O, 2026-cı ilin aprelində bildirib ki, bu idman növü ilə təxminən 34 il bağlı olub.

Xarici mediada Prezidentin pencak silat hərəkətləri nümayiş etdirən müxtəlif fotoları dərc olunub.

Prabovo Subianto uzun müddət İndoneziya Pencak Silat Assosiasiyasının (IPSI) rəhbəri kimi fəaliyyət göstərib. 2026-cı ilin aprelində prezidentlik vəzifəsinin böyük vaxt tələb etdiyini əsas gətirərək təşkilatın rəhbərliyindən ayrılıb. Bununla belə, pencak silata dəstəyini davam etdirəcəyini bildirib.

Başqa sözlə, İndoneziya prezidentinin idmanla əlaqəsi formal deyil – pencak silat onun həyatının onilliklərini əhatə edən fəaliyyət sahəsidir.

Pencak silat - İndoneziyanın milli idman növüdür. Bu idman növü İndoneziyada rəsmi olaraq 800 döyüş sənəti məktəbində tədris edilir.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Zelenskinin ofisinə girdilər – Axtarış başladı