Modern.az

İsraildə 6 gün: Qüdsdən Qəzza sərhədinə – REPORTAJ 

İsraildə 6 gün: Qüdsdən Qəzza sərhədinə – REPORTAJ 

Reportaj

Bu gün, 17:09

İsrailin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə 30 avqust-4 sentyabr tarixlərini əhatə edən media turu təşkil olunmuşdu. Səfərdə 14 azərbaycanlı jurnalist iştirak edirdi. Mən də Modern.az-ın əməkdaşı kimi bu mediaturda iştirak etdim. Açığı, İsrailə səfər etmək əvvəlcə mənə bir qədər qorxulu gəlirdi. Çünki İsrail hazırda müharibə şəraitində olan ölkədir və təbii olaraq insanın ağlına müxtəlif fikirlər gəlir. Xüsusilə də bizə əvvəlcədən səfər proqramını təqdim etdikdə Qəzza sərhədinə, İsrail-Livan sərhədinə və 7 oktyabr hadisələrinin baş verdiyi ərazilərə gedəcəyimizi bilirdik. Amma təyyarəmiz Ben Qurion hava limanına endikdən sonra ətrafdakı sakitlik məni bir qədər rahatlatdı. İlk baxışdan hər şey adi görünürdü. İnsanlar öz işləri ilə məşğul idi, hava limanında həyat adi qaydada davam edirdi. Bir anlıq düşündüm ki, müharibə şəraitində olan ölkədə olduğumu hiss etməyəcəyəm.

Təbii ki, sonrakı günlərdə bunun belə olmadığını gördüm.

Mediaturun proqramı kifayət qədər zəngin hazırlanmışdı. İlk gün İsrail Xarici İşlər Nazirliyinin Avrasiya və Qərbi Balkanlar Bürosunun rəhbəri Liat Vekselmanla görüşdük. Daha sonra birlikdə nahar etdik. Uzun yol gələndən sonra yediyimiz pizza, hamımız üçün yerinə düşdü. Həm yorğunluğumuzu bir qədər çıxardıq, həm də qarşıdakı səfər proqramı barədə ətraflı danışdıq. Ardınca qalacağımız otelə yerləşdik. Ertəsi gün səhər yerli vaxtla saat 06:30-da oyandıq. Səhər yeməyində ilk diqqətimi çəkən məqamlardan biri yeməklərin çoxluğu oldu. Süfrədə balıq və Yaxın Şərq mətbəxinə aid digər yeməklər də vardı. Mən isə yenə də bir azərbaycanlı kimi özümə yağ, cem götürüb çay içdim. Açığı, səhər-səhər başqa cür başlamağa öyrəşməmişəm.

Səhər yeməyindən sonra Qüdsə yollandıq.

Qüdsü əvvəllər şəkillərdən, videolardan və xəbərlərdən görmüşdüm. Amma şəhərin özündə olmaq tamam başqa hissdir. Minilliklərə gedib çıxan tarixə malik bu şəhərdə müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs sayılan məkanlar yerləşir. İlk olaraq Müqəddəs Məqbərə Kilsəsinə getdik. Burada dünyanın müxtəlif ölkələrindən gəlmiş yüzlərlə xristian zəvvar vardı. Kilsədəki ab-hava kifayət qədər fərqli idi. İnsanların bura necə böyük inam və həvəslə gəldiklərini görmək mümkün idi.

Daha sonra Məscidül-Əqsaya getdik.

Burada isə başımıza maraqlı hadisə gəldi. İlk dəfə Məscidül-Əqsaya daxil olmaq istəyəndə müsəlman mühafizəçi bizi içəri buraxmadı. Səbəb kimi düzgün qapıdan daxil olmadığımızı dedi. Biz nə qədər Azərbaycandan gəldiyimizi, müsəlman olduğumuzu desək də, fikrindən dönmədi. Türklər demiş, “Nuh dedi, peyğəmbər demədi”. Təkid etdi ki, gedib başqa qapıdan daxil olaq. Sonradan öyrəndik ki, məbəd ərazisinə girişlə bağlı müxtəlif qaydalar var və müsəlmanlarla yəhudilər ayrı-ayrı keçidlərdən istifadə edirlər. Düzgün qapıya getdik və orada yenidən yoxlamadan keçdik. Mühafizəçilər bizdən Fatihə surəsinin bir hissəsini deməyimizi, davamını gətirməyi istədilər. Dedik və nəhayət, içəri girdik. Məscidül-Əqsanın içində olmaq mənim üçün çox xüsusi hiss idi. Bir müsəlman kimi İslamın ilk qibləsində olmaq, orada namaz qılmaq və dua etmək həqiqətən də çox fərqli hiss yaşatdı. Bir qədər vaxt ayırıb özüm və sevdiklərim üçün dua etdim. Bəzi anlar var ki, onları nə qədər danışsan da, tam ifadə edə bilmirsən. Mənim üçün Məscidül-Əqsadakı həmin an da belə oldu. Daha sonra yəhudilər üçün mühüm önəm daşıyan Ağlama divarına getdik. Burada kipa taxaraq (red- yəhudi baş geyimi) içəri daxil olduq. Bizim orada olduğumuz vaxt 13 yaşına çatmış oğlan uşaqları üçün sünnət mərasimi keçirilirdi. Bir tərəfdən ailələr uşaqların ətrafında toplaşmışdı, digər tərəfdən isə yəhudilər divara yaxınlaşıb dua edir, divara toxunur və arzularını dilə gətirirdilər. Qüdsün maraqlı tərəflərindən biri də budur ki, eyni ərazidə fərqli dinlərin müqəddəs məkanlarını görürsən.

Daha sonra 6 milyon yəhudinin Hitler Almaniyadındakı soyqırımı - Holokost-a həsr olunmuş Yad Vaşem memorialına getdik. Açığı, bura səfərin mənə ən ağır təsir edən yerlərindən biri oldu. İkinci Dünya müharibəsi zamanı yəhudilərə qarşı həyata keçirilmiş soyqırımının dəhşətlərini əks etdirən fotoşəkillər, əşyalar, sənədlər və videolar nümayiş olunurdu. Gördüklərimiz o qədər ağır idi ki, bir müddətdən sonra adamın muzeydən tez çıxmaq istəyi yaranır. İnsan bu görüntülərə baxdıqca düşünür ki, tarixdə belə bir vəhşilik necə baş verə bilərdi? Yad Vaşemdən çıxanda hamımızın əhvalı dəyişmişdi. 

Amma ertəsi gün bizi bundan da ağır bir səfər gözləyirdi. 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücum etdiyi Nahal Oz adlı yaşayış məntəqəsinə (yəhudilər kibbutz deyir) getdik. Burada yerli sakin Oşirit Sabak həmin gün baş verən hadisələrdən danışdı. Həmin günün necə başladığını, insanların necə hücuma məruz qaldığını və yaxınlarını itirən ailələrin yaşadıqlarını danışarkən onun üz ifadəsindən də hər şey hiss olunurdu.

O, müxtəlif məktubları da göstərdi. Həmin məktublarda HƏMAS üzvləri ailələrinə 7 oktyabr hücumunun gedişatı barədə detallı məlumatlar verirdi.

Nahal Ozda bizə danışılanlar müharibənin başqa tərəfini göstərirdi. Burada söhbət yalnız xəbərlərdə gördüyümüz raketlərdən və hərbi əməliyyatlardan getmirdi. Söhbət real insanların həyatından gedirdi.

Daha sonra Qəzza zolağının şimalına mənzərənin açıldığı Givat Kobi müşahidə məntəqəsinə getdik.

Burada İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidmətinin mayoru David Barux jurnalistlərin suallarını cavablandırdı. O, Qəzzada aparılan əməliyyatlar, HƏMAS-ın vəziyyəti və humanitar yardımların bölgəyə çatdırılması məsələlərindən danışdı.

Ordu rəsmisi HƏMAS-ın tunel şəbəkəsinin geniş olduğunu və İsrail hərbçilərinin yüzlərlə kilometr uzunluğunda tunel aşkarladığını bildirdi. Onun sözlərinə görə, bəzi tunellər bir neçə mərtəbə dərinliyə gedir.

“Biz onların üzərində işləyirik. Hətta elə indi bəzi partlayış səslərini də eşitdiniz. Mühəndis qruplarımız aşağı enir, qazıntı aparır, müxtəlif vasitələrlə tunelləri tapır. Daha sonra onların içərisinə partlayıcı maddələr yerləşdirərək bir daha istifadə olunmaması üçün partladırıq”, – deyə o bildirib. Həmin anda, həqiqətən də, iki partlayış səsi eşitdik. Bir neçə saniyə əvvəl danışılan məsələni sonra sanki öz qulağınla eşidirdin. Bu, səfər zamanı yaşadığım ən qəribə və açıq deyim, qorxu duyduğum anlardan biri idi.

Daha sonra Qüdsdən Təl-Əvivə keçdik. Şəhərlərin fərqi də maraqlı idi. Qüds daha çox tarixi və dini ab-havası ilə seçilirdisə, Təl-Əviv daha müasir və dinamik görünürdü. Səfərin dördüncü günü isə İsrail-Livan sərhədinə getdik. Burada bizə bölgədəki təhlükəsizlik vəziyyəti, ərazinin strateji əhəmiyyəti və son dövrdə baş verən hadisələr barədə məlumat verildi. Sərhəd bölgəsində olmaq insanda başqa cür hiss yaradır. Çünki müharibə və gərginlik anlayışını artıq xəritədə və televizorda deyil, gözünün qarşısında görürsən.

Səfər çərçivəsində ən maraqlı görüşlərimizdən biri də Akko şəhərində oldu. Açığı, orada bu qədər səmimi qarşılanacağımızı gözləmirdim. Bizi görəndə,  Azərbaycandan gəldiyimizi biləndə insanların üzündəki ifadə çox doğma idi. Sanki uzun müddətdir görmədikləri yaxınlarından biri gəlib. Akkodakı Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Nehemya Şirin Mixael də jurnalistlərlə söhbətində iki ölkə arasındakı münasibətlərdən, diaspora fəaliyyətindən və Azərbaycan-İsrail əlaqələrindən danışdı. Onun sözlərinə görə, Azərbaycanla İsrail arasındakı münasibətlər yalnız görünən hissədən ibarət deyil. O, bu əlaqələri aysberqlə müqayisə etdi və əsas məsələlərin hər zaman ictimaiyyət qarşısında olmadığını bildirdi.

Mixael həmçinin azərbaycanlı jurnalistlərin İsrailə səfərini vacib hesab etdiyini bildirdi. Onun sözlərinə görə, İsraildə Türk dünyasına, xüsusilə də Azərbaycana münasibət müsbətdir. Akko səfəri mənim üçün bu baxımdan da maraqlı oldu. Çünki Azərbaycan-İsrail münasibətlərinə təkcə rəsmi şəxslərin deyil, burada yaşayan insanların gözündən də baxmaq imkanımız oldu. Mediatur çərçivəsində Kanal 12 və i24 kimi tanınmış İsrail televiziya kanallarını da ziyarət etdik. Burada xəbərlərin necə hazırlanması, redaksiyada iş prosesinin necə qurulması və canlı yayımın necə həyata keçirilməsi ilə tanış olduq. Jurnalist olduğum üçün bu hissə mənə xüsusilə maraqlı idi. Hər gün ekranda gördüyümüz xəbərin arxasında nələrin baş verdiyini, İsraildə bu prosesin necə hazırlandığını yaxından görmək imkanım oldu.

Səfərin başqa maraqlı tərəfi isə təbii ki, yeməklər idi.

Bələdçimiz bizə yəhudilərin vahid milli mətbəxinin olmadığını, İsraildə müxtəlif xalqların mətbəxlərinin bir-birinə qarışdığını söylədi. Amma ən çox qarşılaşdığımız yeməklərdən biri humus oldu. Humus noxud, tahin, sarımsaq və limon suyundan hazırlanan məzədir və adətən pita çörəyi ilə verilir. Tahin isə küncüt əzməsidir. Düzü, humus səfər boyu demək olar ki, süfrələrin əsas qonaqlarından biri idi. Altı gün ərzində İsraildə çox fərqli mənzərələrlə qarşılaşdım. Bir tərəfdən qədim Qüdsü, müqəddəs məkanları, tarixi abidələri gördüm, digər tərəfdən müharibənin hələ də davam etdiyini hiss etdirən sərhəd bölgələrində oldum. Yad Vaşemdə tarixə baxdım, Nahal Ozda 7 oktyabrın izlərini gördüm, Qəzza sərhədindən gələn partlayış səslərini eşitdim, İsrail-Livan sərhədində vəziyyət barədə məlumat aldım. Eyni zamanda İsrailin gündəlik həyatını, mətbuatını, insanlarını və Azərbaycanla bağlı düşüncələrini də görmək imkanım oldu. İsrailə getməzdən əvvəl bu ölkə ilə bağlı məndə daha çox televiziya görüntüləri və xəbərlərdən formalaşmış təsəvvür vardı. Altı gündən sonra isə həmin təsəvvür artıq gördüklərimlə tamamlandı. Səfər mənə bir şeyi bir daha göstərdi: bir ölkə haqqında uzaqdan düşünmə başqa, gedib öz gözünlə görmək tamam başqadır. Jurnalist üçün isə belə səfərlərin ən maraqlı tərəfi budur ki, geri qayıdanda yanında təkcə foto və qeydlər olmur. Yaşadığın hadisələr, eşitdiyin söhbətlər və gördüyün mənzərələr uzun müddət yadından çıxmır. İsraildən qayıdanda mənim də yaddaşımda ən çox bunlar qaldı. Dünyanın ən qaynar nöqtələrindən birini ziyarət edib, tarixi-dini abidələri şəxsən görüb onlara toxunduqca, fərqli din və millətlərlə ünsiyyətdə olduqca reallıqların kənardan göründüyü kimi sadə olmadığını, mürəkkəb və çoxqatlı olduğunu görürsən. Bu baxımdan İsrailə səfərim, gördüklərim, hiss etdiklərim, müşahidələrim və hətta yediyim təamlar belə mənə çox şey öyrətdi.

 

Bakı-Qüds-Tel-Əviv-Akko-Bakı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab