Azərbaycanın Tovuz rayonu ilə Ermənistanın Tavuş vilayəti arasında yerləşən Çinari kəndinin adı bu gün iki ölkə mediasının diqqət mərkəzində olub. Ermənistan mətbuatının məlumatına görə, Azərbaycan tərəfdən olan bir çoban sərhədi keçib və Çinari kəndində saxlanılaraq Berd şəhərindəki hərbi polis bölməsinə aparılıb. Hadisə ilə bağlı Ermənistanın səlahiyyətli qurumları ilkin mərhələdə ətraflı rəsmi açıqlama verməyib.
Modern.az Azərbaycan sərhədinin o tayında – Ermənistanda yerləşən Çinari kəndi haqqında məlumatların maraq doğuracağını nəzərə alaraq bu yaşayış məntəqəsinin həyatını araşdırıb.
Azərbaycan mövqelərindən 600 metr məsafədə yerləşir
Çinari Ermənistanın şimal-şərqində, Tavuş vilayətinin Berd icmasında yerləşir. Kənd Azərbaycanın Tovuz rayonu ilə sərhəd istiqamətində, Ermənistanın Azərbaycanla ən həssas sərhəd sahələrindən birinə yaxın ərazidədir.

Ermənistanın “Hetq” nəşrində dərc olunan məlumata görə, Çinari kəndinin Azərbaycanla 28 kilometrlik sərhəd xətti var. Kənd Ermənistanın Berd şəhərindən 33 kilometr məsafədə yerləşir.
Ermənistan mediası yazır ki, Çinari kəndinin bəzi hissələrini Azərbaycan hərbçilərinin mövqelərindən təxminən 600 metr məsafə ayırır.
Kənddə neçə nəfər yaşayır?
Ermənistanın yaşayış məntəqələri haqqında məlumat platformasında Çinari kəndinin 2026-cı il üçün əhalisi 1 183 nəfər göstərilir. Platformada kəndin Tavuş vilayətinin Berd icmasına daxil olduğu da qeyd edilir.

Ermənistan mətbuatının 2012-ci ildə yayımladığı reportajda kənddə 1 384 nəfərin yaşadığı bildirilib. Bu rəqəmlər arasında fərq olsa da, onların əsasında kənddən son illərdə xeyli sakinin köçdüyü qənaətinə gəlmək üçün əlavə statistik məlumatlara ehtiyac var.
Çinari sakinlərinin ənənəvi məşğuliyyətlərindən biri üzümçülükdür. “Hetq” nəşrinin məlumatında yaşayış məntəqəsinin 750 hektar kənd təsərrüfatı təyinatlı torpağının olduğu, bu sahənin təxminən 70 faizinin minalanmış və ya atəş təhlükəsi olan ərazilərdə yerləşdiyi bildirilib.
Həmin reportajda kəndin yuxarı hissəsindəki bəzi torpaqların təhlükəsizlik səbəbindən becərilmədiyi, aşağı hissədəki üzüm bağlarının isə çay suyu ilə suvarıldığı qeyd olunur. Kənddə suvarma sisteminin köhnəlməsi və kənd təsərrüfatı texnikasının çatışmazlığı da problemlər sırasında göstərilib.
Başqa bir reportajda Çinari kəndində üzüm bağlarının 60 hektar ərazini əhatə etdiyi yazılıb.
Eyni materialda heyvandarlığın əvvəlki illərlə müqayisədə kəskin azaldığı bildirilib. Məsələn, 2008-ci ildə kənddə 700 baş iribuynuzlu heyvan və 800 qoyun olduğu halda, sonrakı dövrdə bu rəqəmlər müvafiq olaraq 60 inəyə və 25 qoyuna düşüb.

Çinaridə əncir və xurma ağaclarından hər il bol məhsul götürüldüyü, satış üçün Rusiyaya aparıldığı da qeyd olunur.
Kənddə məktəb, uşaq bağçası və bələdiyyədə çalışanlar da daxil olmaqla, ümumilikdə 60 nəfərin işlə təmin olunduğu da qeyd edilib. Bu göstərici kənddə muzdlu iş imkanlarının məhdud olduğunu göstərir.
İçməli su problemi də yaşanıb
Çinari kəndində əvvəlki illərdə əsas problemlərdən biri içməli su təchizatı olub.

Panorama.am-ın 2016-cı il tarixli məlumatına görə, kənd sakinləri uzun müddət ərzində gündə cəmi iki saat su ala bilirdilər. Əhali suyu kəndin mərkəzindəki su anbarından vedrələrlə daşıyırdı. Həmin su anbarından heyvanların və əkin sahələrinin suvarılması üçün də istifadə olunurdu.
2016-cı ildə həyata keçirilən layihə çərçivəsində yeni drenaj sistemi, nasos stansiyası və 300 metrlik su xətti çəkilib. Nəticədə kənddə su təchizatının gündə iki saatdan altı saata qədər artırıldığı bildirilib.
Sərhədə yaxınlıq: hərbi postlar və monastır
Çinari kəndinin hərbi-strateji əhəmiyyəti Ermənistanın rəsmi mənbələrində də vurğulanıb. Həmin mənbələrdə Azərbaycan hərbi mövqelərinin kəndin bilavasitə yaxınlığında olduğu bildirilib.

Hazırda Çinari ətrafında hansı postların fəaliyyət göstərdiyi, onların sayı və dəqiq yerləşməsi barədə yenilənmiş məlumat yoxdur.
Çinari 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan sərhədinin Tovuz–Tavuş istiqamətində baş verən silahlı toqquşmalar zamanı gündəmə gələn yaşayış məntəqələrindən biri olub. Həmin vaxt Ermənistan mediasında kənddə yaşayış evlərinə, məktəb binasına və digər tikililərə ziyan dəydiyi barədə məlumatlar yayılıb.
Çinarinin yaxınlığında yerləşən Xoranəşat monastırı bölgənin tarixi abidələrindən biri sayılır. Monastırın sərhədə yaxın təpədə yerləşdiyi bildirilir.
A.Qorxmaz