Elə siyasətçilər var ki, ölkələrində hökumətlər dəyişir, müharibələr başlayır və bitir, siyasi ittifaqlar dağılır, amma onlar vəzifələrini qoruyub saxlaya bilirlər. Livan parlamentinin sədri Nəbih Berri də belə siyasi fiqurlardandır. O, 1992-ci ildən bəri parlamentin rəhbəridir. N.Berri 34 ildir ki, Livanın siyasi sisteminin ən təsirli simalarından birinə çevrilib.
Modern.az saytı “Spikerlər” rubrikasının növbəti yazını təqdim edir.
Onun həyatında diqqətçəkən məqamlar çoxdur. Nəbih Berri bu gün də Livanın daxili siyasətində, İsraillə münasibətlərində və regional diplomatik təmaslarda mühüm fiqur olaraq qalır. Bəs onun siyasi karyerasının arxasında hansı hadisələr dayanır? Afrikada doğulan hüquqşünas necə oldu ki, Livan siyasətinin onilliklərdir dəyişməyən simasına çevrildi?
Afrikada doğulan Livan siyasətçisi

Nəbih Mustafa Berri 1938-ci ildə Qərbi Afrikada, Sierra-Leonenin paytaxtı Fritaun şəhərində anadan olub. Ailəsi əslən Livanın cənubundakı Tıbnin kəndindəndir. Atası ticarətlə məşğul olurdu və ailə daha yaxşı iqtisadi imkanlar axtarışı ilə Afrikaya köçmüşdü.
Ailə sonradan Livana qayıdıb. Nəbih Berri ibtidai və orta təhsilini Livanda aldıqdan sonra paytaxt Beyrutda yerləşən Livan Universitetinin Hüquq və siyasi elmlər fakültəsində təhsil alıb.
Rəsmi bioqrafiyasına əsasən, N.Berri 1963-cü ildə hüquqşünas kimi universiteti bitirib. Daha sonra Parisdə Sorbonna Universitetində hüquq üzrə ali təhsilini davam etdirib. Beyrut Vəkillər Kollegiyasına üzv qəbul olunub və hüquqşünas Abdulla Lahudun ofisində işləməyə başlayıb.
Berrinin siyasi fəaliyyəti hələ tələbəlik illərində başlayıb. O, universitet tələbələrinin təşkilatlanmasında iştirak edib və Livan Universitet Tələbələrinin Milli İttifaqına rəhbərlik edib. Həmin dövrdə müxtəlif siyasi konfranslarda iştirak edən N.Berri tədricən ölkənin ictimai-siyasi həyatında tanınmağa başlayıb.
Lakin onu Livanın siyasi elitasına gətirən əsas amil hüquqşünaslıq fəaliyyəti deyil, ölkədə şiə icmasının siyasi təmsilçiliyi uğrunda mübarizə və bu mübarizənin önündə dayanan Musa əs-Sədrin hərəkatı olub.
Musa əs-Sədrin itkin düşməsi və Berrinin yüksəlişi
Nəbih Berrinin siyasi karyerasını anlamaq üçün Livanın dini və siyasi quruluşunu nəzərə almaq lazımdır. Ölkədə müxtəlif dini icmalar tarixən hakimiyyət bölgüsündə iştirak edib. Bununla belə, şiə müsəlmanlar uzun müddət siyasi və sosial baxımdan kifayət qədər təmsil olunmadıqlarını düşünürdülər.
Bu vəziyyətdə Livanın şiə icmasının tanınmış dini liderlərindən Musa əs-Sədr ön plana çıxdı. O, şiələrin hüquqlarının müdafiəsi, sosial vəziyyətinin yaxşılaşdırılması və siyasi proseslərdə daha fəal iştirak etməsi uğrunda mübarizə aparırdı. Musa əs-Sədrin ətrafında toplaşanlar sonradan “Əməl” hərəkatının yaranması üçün zəmin yaratdılar.
Nəbih Berri də bu siyasi çevrəyə qoşuldu. O, Musa əs-Sədrin rəhbərlik etdiyi hərəkatda müxtəlif təşkilati, siyasi və informasiya məsələləri ilə məşğul oldu. Bu əlaqə onun gələcək karyerasında həlledici rol oynadı.
1975-ci ildə Livanda vətəndaş müharibəsi başladı. Dini və siyasi qrupların qarşıdurması ölkəni uzunmüddətli böhrana sürüklədi. Müharibənin ilk illərində şiə siyasi hərəkatları da öz təşkilati və hərbi strukturlarını gücləndirirdilər.
1978-ci ildə Musa əs-Sədr Liviyanın Tripoli şəhərinə səfəri zamanı yoxa çıxdı. Onun taleyi indiyədək tam aydınlaşdırılmayıb. “Əməl” hərəkatı və onun tərəfdarları əs-Sədrin yoxa çıxmasına görə Liviyanın o zamankı lideri Müəmmər Qəddafini məsul tuturdular.
Musa əs-Sədrin yoxa çıxması hərəkat daxilində rəhbərlik məsələsini gündəmə gətirdi. 1980-ci ildə Nəbih Berri “Əməl” hərəkatının rəhbəri seçildi və həmin vaxtdan təşkilatın lideri olaraq qaldı.
Vətəndaş müharibəsində təkcə siyasətçi deyildi

Nəbih Berri Livanın 1975–1990-cı illərdə davam edən vətəndaş müharibəsinin fəal iştirakçılarından biri olub.
“Əməl” hərəkatı həmin dövrdə Livanın şiə icmasının əsas siyasi və silahlı qüvvələrindən birinə çevrilmişdi. Hərəkat İsrailin Livanın cənubundakı hərbi mövcudluğuna qarşı çıxır, eyni zamanda ölkənin digər siyasi və silahlı qrupları ilə mübarizə aparırdı.
1984-cü ildə Nəbih Berri və rəhbərlik etdiyi qüvvələr Livanın prezidenti Əmin Cüməyyilin hakimiyyətinə qarşı baş verən silahlı üsyanda iştirak etdilər. Həmin dövrdə ABŞ və İsrailin dəstəklədiyi siyasi kursa qarşı çıxan qüvvələr Beyrutda mövqelərini gücləndirirdilər. Berri isə bu proseslərdə yalnız siyasi bəyanatlarla deyil, rəhbərlik etdiyi silahlı təşkilat vasitəsilə də iştirak edirdi.
Lakin “Əməl”in müharibə dövründəki fəaliyyəti yalnız İsrailə qarşı mübarizədən ibarət deyildi. Hərəkatın Fələstin təşkilatları ilə münasibətləri də qanlı qarşıdurmalarla yadda qalıb.
1985–1988-ci illərdə Livanda “Düşərgələr müharibəsi” adlandırılan silahlı toqquşmalar baş verdi. “Əməl” döyüşçüləri Beyrut ətrafındakı Fələstin qaçqın düşərgələrinə hücumlarda və onların mühasirəyə alınmasında iştirak edirdilər. Qarşıdurmalar zamanı çoxlu insan həlak oldu, yaralandı və evlərini tərk etmək məcburiyyətində qaldı.
Bu hadisələr Nəbih Berrinin bioqrafiyasının mübahisəli tərəflərindəndir. Onun tərəfdarları İsrailin müdaxiləsinə qarşı mübarizəsini önə çəksələr də, “Əməl”in Fələstin qaçqın düşərgələrinə qarşı əməliyyatları da tarixi fakt kimi nəzərə alınmalıdır.
Livan münaqişələri üzrə araşdırmalarda bu qarşıdurmaların arxasında yalnız yerli rəqabətin deyil, Suriya, İran və Fələstin siyasi qüvvələrinin maraqlarının da dayandığı göstərilir. Suriya “Əməl”i dəstəkləyirdi, İran isə Livanın şiə siyasi düşərgəsində başqa mühüm qüvvə olan “Hizbullah”la yaxın münasibətlər qurmuşdu.
Nəbih Berri bir tərəfdən İsrailə qarşı müqavimət hərəkatının rəhbəri, digər tərəfdən isə Livanın daxili müharibəsində başqa silahlı qruplarla döyüşmüş siyasi lider idi.
Qaçırılan təyyarə, girovlar və Berrinin ziddiyyətli rolu

Nəbih Berrinin adını beynəlxalq səviyyədə gündəmə gətirən ən diqqətçəkən hadisələrdən biri 1985-ci ilin iyununda baş verən TWA 847 reysinin qaçırılması idi.
14 iyun 1985-ci ildə Afinadan Romaya uçan TWA aviaşirkətinə məxsus təyyarə silahlı şəxslər tərəfindən ələ keçirildi. Təyyarədə 153 sərnişin və ekipaj üzvü var idi. Qaçıranlar təyyarəni dəfələrlə Beyrut və Əlcəzair arasında uçmağa məcbur etdilər. Hadisə 17 gün davam etdi.
ABŞ Federal Təhqiqat Bürosunun məlumatına görə, qaçıranlar İsrail həbsxanalarında saxlanılan yüzlərlə livanlının azad edilməsini tələb edirdilər. Girovlar arasında ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcı Robert Stetem də vardı. O, döyülərək öldürüldü və cəsədi Beyrut hava limanının uçuş zolağına atıldı.
Həmin vaxt “Əməl” hərəkatının rəhbəri olan Nəbih Berri böhranın əsas iştirakçılarından birinə çevrildi.
“The Washington Post” qəzetinin məlumatına görə, Nəbih Berri girovların təyyarədən çıxarılmasını özünün əmr etdiyini söyləyib. O, xilasetmə əməliyyatı zamanı qan tökülməsindən ehtiyat etdiyini bildirib. Bununla yanaşı, Berri silahlı şəxslərin tələblərini dəstəkləyir, İsrail həbsxanalarında saxlanılan şiələrin azad olunmasını girovların buraxılması ilə əlaqələndirirdi.
Həmin dövrdə N.Berri girovların azad edilməsinə dair qərarlarda tərəf olduğunu açıq şəkildə bildirirdi.
Hadisə nəticəsində girovların azad edilməsi ilə bağlı diplomatik proseslər Nəbih Berrinin beynəlxalq səviyyədə tanınmasına səbəb oldu. Bununla belə, həmin böhran onun siyasi fəaliyyətinin ən ziddiyyətli epizodlarından biri olaraq qalır: Berri həm danışıqlarda rol oynayır, həm də girovları saxlayan silahlı qrupun tələblərini müdafiə edirdi.
Nazirlikdən parlamentin rəhbərliyinə

Nəbih Berri müharibə illərində tədricən dövlət idarəçiliyində də vəzifələr tutmağa başladı. 1984-cü ildə Rəşid Kəraminin rəhbərlik etdiyi hökumətdə ədliyyə, su ehtiyatları və elektrik enerjisi sahələri ilə bağlı nazir vəzifələrində çalışdı. Həmin dövrdə Livanın cənubunun bərpası və yenidən qurulması ilə bağlı məsələlər də onun fəaliyyət dairəsinə daxil idi.
1989-cu ildə Səlim Hossun rəhbərlik etdiyi hökumətdə su ehtiyatları, mənzil və kooperativlər sahəsində vəzifələr tutdu. 1990–1992-ci illərdə dövlət naziri kimi çalışdı. 1992-ci ildə isə cənub məsələləri və yenidənqurma istiqamətində dövlət vəzifəsi daşıdı.
N.Berrinin dövlət idarəçiliyinə keçidi Livanın vətəndaş müharibəsindən çıxmağa çalışdığı dövrə təsadüf edirdi. 1989-cu ildə imzalanmış Taif razılaşması ölkənin siyasi sisteminin yenidən qurulması və müharibənin sona çatdırılması üçün əsas çərçivələrdən biri oldu.
1992-ci ildə müharibədən sonrakı ilk parlament seçkiləri keçirildi. Oktyabrın 20-də Nəbih Berri parlament sədri seçildi. Beləliklə, vaxtilə silahlı hərəkatın rəhbəri kimi tanınan siyasətçi ölkənin əsas dövlət institutlarından birinə rəhbərlik etməyə başladı.
Nəbih Berri 1996, 2000, 2005, 2009, 2018 və 2022-ci illərdə də parlament sədri seçildi. 2022-ci ildə o, yeddinci dəfə bu vəzifəyə seçilməklə uzunmüddətli rəhbərlərdən biri kimi Livan siyasi tarixinə düşdü.
Onun bu qədər uzun müddət vəzifədə qalması yalnız seçki nəticələri ilə izah olunmur. Livanın siyasi sistemində parlament sədrliyi şiə müsəlman icmasına ayrılan ən yüksək dövlət vəzifəsi hesab olunur. Berri isə “Əməl” hərəkatına rəhbərliyi, parlamentdəki siyasi dayaqları və müxtəlif qüvvələrlə münasibətləri sayəsində bu mövqeyi qoruyub saxlayıb.
Livanın siyasi sistemində spikerin xüsusi yeri

Nəbih Berrinin uzunömürlülüyünü anlamaq üçün Livanın siyasi sisteminin özünəməxsusluğunu da nəzərə almaq lazımdır.
Livan çoxkonfessiyalı dövlətdir. Ölkədə əsas siyasi vəzifələr dini icmalar arasında ənənəvi qaydada bölüşdürülür: prezident maronit xristian, baş nazir sünni müsəlman, parlament sədri isə şiə müsəlman olur.
Bu bölgü ölkənin müxtəlif dini icmalarının dövlət idarəçiliyində təmsil olunmasını təmin etmək məqsədi daşıyır. Lakin sistem siyasi qərarların qəbulunu çətinləşdirə, partiyalar və dini icmalar arasında uzunmüddətli qarşıdurmalara da şərait yarada bilər.
1989-cu il Taif razılaşması vətəndaş müharibəsindən sonra hakimiyyət bölgüsünün yenidən tənzimlənməsində mühüm rol oynadı. Bu razılaşma prezidentin səlahiyyətlərinin bir hissəsinin Nazirlər Kabinetinə verilməsi və siyasi sistemdə məzhəblərarası balansın yenilənməsi ilə nəticələndi.
Nəbih Berri həmin sistemin ən təsirli iştirakçılarından birinə çevrildi. Onun rəhbərlik etdiyi “Əməl” hərəkatı şiə icmasının siyasi təmsilçiliyində mühüm yer tutdu. Parlament sədri kimi Berri qanunvericilik prosesinə rəhbərlik etməklə yanaşı, hökumətlərin formalaşdırılması, prezident seçkiləri və siyasi razılaşmalar üzrə danışıqlarda da rol oynadı.
Berrinin tərəfdarları onun təcrübəsini və siyasi dialoq imkanlarını vurğulayırlar. Tənqidçiləri isə uzun müddət eyni siyasi elitanın hakimiyyətdə qalmasının ölkənin idarəetmə problemlərinin dərinləşməsinə təsir göstərdiyini bildirirlər.
Bu mübahisə xüsusilə 2019-cu ildə Livanda başlayan kütləvi etirazlar zamanı kəskinləşdi. Etirazçılar korrupsiyaya, məzhəbçilik üzərində qurulmuş siyasi sistemə və dövlət idarəçiliyindəki problemlərə qarşı çıxırdılar. Berri də digər uzunmüddətli siyasi liderlərlə yanaşı, etirazçıların tənqid hədəflərindən biri idi.
“Hizbullah”la əvvəl düşmən, sonra müttəfiq

Nəbih Berrinin siyasi bioqrafiyasındakı ən maraqlı məqamlardan biri “Əməl” hərəkatı ilə “Hizbullah” arasındakı münasibətlərin dəyişməsidir.
Bu gün hər iki təşkilat Livanın şiə siyasi düşərgəsində əsas qüvvələrdən sayılır və bir sıra məsələlərdə bir-birini dəstəkləyir. Lakin onların münasibətləri həmişə belə olmayıb.
1980-ci illərdə “Əməl” və “Hizbullah” arasında silahlı toqquşmalar baş verib. Hər iki təşkilat şiə icmasının təmsilçiliyinə iddia edir, lakin onların xarici müttəfiqləri, siyasi yanaşmaları və silahlı fəaliyyətlə bağlı mövqeləri fərqlənirdi.
Suriya “Əməl” hərəkatına dəstək verirdi, İran isə “Hizbullah”ın formalaşmasında və güclənməsində mühüm rol oynayırdı. Bu səbəbdən Livandakı şiə siyasi düşərgəsi regional rəqabətin də təsirinə məruz qalırdı.
Sonrakı illərdə münasibətlər dəyişdi. “Əməl” və “Hizbullah” siyasi əməkdaşlığa keçdilər və parlamentdə bir sıra məsələlərdə birgə mövqe tutmağa başladılar. Berri də “Hizbullah”la yaxın münasibətləri sayəsində Livanın daxili siyasi proseslərində və regional diplomatiyada mühüm vasitəçilərdən biri kimi çıxış etdi.
Bu yaxınlıq onun siyasi mövqeyinin əsas dayaqlarından biri olsa da, tənqidçilər Berrinin “Hizbullah”ın silahlı strukturunun saxlanmasına verdiyi siyasi dəstəyi mübahisəli hesab edirlər.
2024-cü ildə Nəbih Berri “Hizbullah” və ABŞ arasında İsraillə atəşkəsə nail olunması üçün aparılan danışıqlarda əsas vasitəçilərdən biri kimi təqdim olunurdu.
10 övladı var, amma siyasi varis məsələsi açıq qalır

Livan siyasətində siyasi liderlərin ailə üzvlərinin də dövlət vəzifələrinə və partiya rəhbərliyinə gəlməsi geniş yayılmış ənənədir. Nəbih Berrinin şəxsi həyatı ilə bağlı diqqətçəkən məqamlardan biri də ailəsinin böyük olmasıdır.
Nəbih Berrinin ümumilikdə 10 övladının olduğu bildirilir. O, ilk həyat yoldaşı Leyla ilə boşanıb, ikinci həyat yoldaşı Randa isə ictimaiyyətə tanınan simalardan biridir.
Nəbih Berrinin övladlarından heç birini özünün siyasi varisi kimi müəyyənləşdirmədiyi vurğulanır. Bu detal Livan siyasətində ailə və siyasi varislik münasibətləri baxımından maraqlıdır.
Berri 1980-ci ildən “Əməl” hərəkatına rəhbərlik edir. Onun uzunmüddətli liderliyindən sonra təşkilatın gələcək rəhbərliyinin kimə həvalə olunacağı məsələsi siyasi müşahidəçilər üçün maraq doğurur.
İqtisadi böhran fonunda Berriyə yönələn tənqidlər
Nəbih Berrinin siyasi karyerasının digər mübahisəli tərəfi Livanın uzunmüddətli iqtisadi böhranı fonunda onun və rəhbərlik etdiyi siyasi düşərgənin roludur.
Livan 2019-cu ildən etibarən ağır maliyyə və iqtisadi böhranla üzləşib. Milli valyutanın dəyər itirməsi, bank sistemindəki problemlər, dövlət borcu və sosial vəziyyət ölkədə kütləvi narazılığa səbəb olub.
Xarici KİV-lər Berrinin maliyyə siyasətinə təsir imkanlarını ayrıca vurğulayırlar. Onun yaxın siyasi müttəfiqi Əli Həsən Xəlil 2014–2020-ci illərdə maliyyə naziri olub. Reuters-in yazdığına görə, Berrinin həmin dövrdən sonra maliyyə naziri vəzifəsinə gələn şəxslərin seçilməsində də mühüm təsiri vardı.
Bununla belə, ekspertlər ölkənin problemlərini uzun illər ərzində formalaşmış maliyyə siyasəti, dövlət idarəçiliyi, siyasi rəqabət və regional münaqişələrlə əlaqələndirirlər.
2026-cı ildə də gündəmdədir
Nəbih Berrinin siyasi fəaliyyəti 2026-cı ildə də davam edir. Livan parlamenti bu ilin may ayında keçirilməsi planlaşdırılan seçkiləri iki il müddətinə təxirə salıb və bununla da parlamentin səlahiyyət müddəti uzadılıb. Qərar 128 deputatdan 76-sının dəstəyi ilə qəbul olunub.
Seçkilərin təxirə salınması İsraillə “Hizbullah” arasında yenidən kəskinləşən münaqişə və ölkədəki təhlükəsizlik vəziyyəti fonunda baş verib.
A.Qorxmaz