Modern.az

Atası nazir olan rəssam - Fərhad Xəlilovun ailəsinin diqqətçəkən TARİXÇƏSİ

Atası nazir olan rəssam - Fərhad Xəlilovun ailəsinin diqqətçəkən TARİXÇƏSİ

Reportaj

Bu gün, 17:56

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovu “İstiqlal” ordeni ilə təltif edib.

Oktyabrın 26-da 80 yaşı tamam olacaq Xalq rəssamının həyatında diqqətçəkən məqamlardan biri də ailəsi, xüsusilə atası ilə bağlıdır.

Fərhad Xəlilovun atası Qurban Xəlilov sovet Azərbaycanının yüksək vəzifəli dövlət xadimlərindən biri olub. O, əmək fəaliyyətinə fəhləlikdən başlayaraq respublikanın maliyyə naziri və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinədək yüksəlib.

Modern.az saytı Xalq rəssamı Fərhad Xəlilovun ailəsi haqqında bəzi məlumatları təqdim edir.

Cənubi Azərbaycandan Bakıya köçən ailə

Rəssamın atası Qurban Xəlilov 1906-cı il noyabrın 15-də Cənubi Azərbaycanın Ərdəbil şəhəri yaxınlığındakı Kəhralan kəndində fəhlə ailəsində anadan olub. Ailəsi 1908-ci ildə Bakıya köçüb.

Qurban Xəlilov əmək fəaliyyətinə 1920-ci ildə Keşlədə başlayıb. Fabrik-zavod məktəbində təhsil aldıqdan sonra Montin adına zavodda tornaçı köməkçisi işləyib. Daha sonra Azərbaycan Neft İnstitutuna daxil olub və 1933-cü ildə ali təhsilini başa vurub.

Qurban Xəlilovun vaxtilə Cənubi Azərbaycanda gizli siyasi fəaliyyətinin olduğu barədə qeyri-rəsmi məlumatlar var.

O, müxtəlif sənaye müəssisələrində mühəndis, sex rəisi və direktor vəzifələrində çalışıb. 1942–1945-ci illərdə Bakı Şəhər Partiya Komitəsinin katibi olub.

Sonrakı illərdə tikinti və sənaye sahələrində rəhbər vəzifələr tutan Qurban Xəlilov 1956-cı ildə Azərbaycan SSR yerli sənaye naziri, 1958-ci ildə isə maliyyə naziri təyin edilib. Maliyyə naziri vəzifəsində 1969-cu ilədək çalışıb.

Həmin ilin dekabrında Qurban Xəlilov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri seçilib. Təxminən 16 il bu vəzifəni tutan Q.Xəlilov 1970–1986-cı illərdə SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini də olub.

O, 1985-ci ildə təqaüdə çıxıb, 2000-ci il martın 20-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.


Atasının nüfuzu onun sədr seçilməsinə təsir edib?

Fərhad Xəlilov 1946-cı il oktyabrın 26-da Bakıda anadan olub. O, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Moskvada Stroqanov adına ali rəssamlıq məktəbində və Moskva Poliqrafiya İnstitutunda təhsil alıb.

Rəssamın yaradıcılığında Abşeronun təbiəti, dəniz sahilləri və yarımadanın kəndləri xüsusi yer tutur. Onun əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilənib.

1987-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilən Fərhad Xəlilov həmin vaxtdan quruma rəhbərlik edir.

Maraqlıdır ki, rəssamın özünün danışdığına görə, sədr seçilməsi heç də əvvəlcədən planlaşdırdığı karyera addımı olmayıb.

Mətbuata verdiyi müsahibələrin birində Fərhad Xəlilov atasının yüksək vəzifəsinin onun seçilməsində rol oynadığı fikri ilə razılaşmayıb.

O bildirib ki, atası 1985-ci ildə təqaüdə çıxıb, özü isə iki il sonra – 1987-ci ildə rəssamların səsverməsi nəticəsində sədr seçilib. Rəssamın sözlərinə görə, qurultay iki gecə davam edib, Mərkəzi Komitə başqa namizədi dəstəkləsə də, rəssamlar ona səs veriblər.

Fərhad Xəlilov sədrliyə xüsusi meylinin olmadığını da söyləyib. Onun sözlərinə görə, həmkarlarının etimadını doğrultmaq vəzifəsi ilə yaradıcılığı uzlaşdırmaq əvvəlcə çətin olsa da, sonradan bu işin yolunu tapıb.

Xalq rəssamı sədr vəzifəsindən istifadə edərək sənət yoldaşlarına kömək etdiyini, ehtiyacı olanlara ev və emalatxana verilməsinə çalışdığını da xatırladıb.


Rəssam olmaqdan əvvəl musiqiyə də maraq göstərib

Fərhad Xəlilovun uşaqlıq illəri ilə bağlı maraqlı xatirələrindən biri musiqiyə marağı ilə əlaqədardır.

Rəssam xatirələrində atası ilə birlikdə “İstedad üçün müqəddimə” adlı filmə baxdığını danışıb. Filmdə dirijor uşaqdan bəhs olunması onda musiqiyə maraq yaradıb.

Fərhad Xəlilovun bacısı konservatoriyada təhsil alırmış. O, bacısından onunla musiqi məşğələlərinə getmək üçün icazə istəyib və təxminən bir il musiqi ilə məşğul olub. Hətta kiçik bir konsertdə də çıxış edib.

Sonradan bu istiqamətdə davam etməsə də, Fərhad Xəlilov musiqinin, ədəbiyyatın və rəssamlığın ömrünün sonunadək onunla qalacağını bildirib.

Fərhad Xəlilovun övladları – birini vaxtsız itirdi


Fərhad Xəlilov evlidir. Onun iki övladından biri dünyasını dəyişib.

Ümumiyyətlə, rəssam şəxsi həyatını ictimaiyyətin diqqətindən kənarda saxlamağa çalışıb.

Ailəsi ilə bağlı ən çox diqqət çəkən məlumat isə oğlu Seymur Xəlilovun vəfatı ilə əlaqədardır.

Fərhad Xəlilovun oğlu Seymur Xəlilov 1965-ci ildə anadan olub. O, Azərbaycan Tibb Universitetində təhsil alıb.

Seymur Xəlilov 2023-cü il fevralın 5-də, 58 yaşında vəfat edib. Xalq rəssamı həmin vaxt oğlunun ölümü ilə bağlı mətbuata açıqlama verib.

Fərhad Xəlilovun açıqlamasına görə, Seymur uzun illər sağlamlıq problemləri ilə üzləşib. Mətbuatda onun psixoloji problemlər yaşadığı və uzun müddət ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi barədə də məlumatlar yayılıb.

Qurban Xəlilovun xatirəsi də əbədiləşdirilib


Qurban Xəlilovun vəfatından sonra onun xatirəsi dövlət səviyyəsində yad edilib.

2006-cı il noyabrın 15-də Prezident İlham Əliyev Qurban Əli oğlu Xəlilovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda onun yaşadığı binaya xatirə lövhəsinin vurulması və Bakının küçələrindən birinə adının verilməsi məsələləri nəzərdə tutulub.

Qurban Xəlilov sovet dövründə Azərbaycanın ali dövlət orqanına uzun müddət rəhbərlik etmiş şəxslərdən biri kimi tarixdə qalıb.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?