UNEC-də “Universitetlərdə psixoloji xidmətin təşkili: xarici təcrübə və UNEC modeli” adlı dəyirmi masa keçirilib.
Modern.az xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov, dekanlar, UNEC-in, eləcə də ölkənin aparıcı ali təhsil müəssisələrinin psixoloji xidmət sahəsində fəaliyyət göstərən nümayəndələrinin iştirak etdiyi tədbirin məqsədi ali təhsil müəssisələrində psixoloji xidmətin təşkili, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, universitetlərdə sağlam psixoloji mühitin formalaşdırılması və mövcud çağırışların müzakirəsi olub.
Tədbirdə çıxış edən UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, gələcəyin universitet modeli artıq yalnız auditoriyalar və inzibati çərçivələrlə məhdudlaşmır: “Müasir universitet tələbələrin sosial və psixoloji vəziyyətini nəzərə alan, cəmiyyətlə sıx əlaqədə fəaliyyət göstərən canlı mühitə çevrilməlidir”- deyə o, bildirib.
Çıxışında gənclərin emosional həssaslıq dövrünə toxunan rektor bildirib ki, tələbəlik dövrü psixoloji baxımdan həssas mərhələdir və bu dövrdə yaşanan münasibətlər, emosional bağlılıqlar bəzən ciddi psixoloji gərginliklər yarada bilir. O bildirib ki, hazırda diqqət əsasən tələbələrə yönəlsə də, müəllimlər, əməkdaşlar və rəhbər heyət də psixoloji dəstəyə ehtiyac duyur.
Problemlərin həllində psixoloji xidmətin roluna toxunan Ə.Muradov qeyd edib ki, bu sahəyə ayrıca struktur kimi deyil, universitet idarəetməsinin vacib elementlərindən biri kimi yanaşılmalıdır: “Psixoloji xidmət yalnız problem yarandıqdan sonra müdaxilə edən struktur deyil, həm də universitet mühitini sağlamlaşdıran, riskləri əvvəlcədən müəyyən edən mexanizmdir”.
Ədalət Muradov cəmiyyətdə psixoloqa müraciətlə bağlı formalaşan stereotiplərə də toxunub. O, psixoloji xidmətin universitet idarəçiliyində effektiv mexanizmə çevrilməsinin vacibliyini diqqətə çatdıraraq, universitetlərdə Psixoloqlar Assosiasiyasının yaradılması ilə bağlı təklif irəli sürüb.
Sonra UNEC-in Psixoloji xidmət mərkəzinin rəhbəri Şəfahət Abdullayeva çıxış edərək, mərkəzin fəaliyyət istiqamətləri, tələbələrə göstərilən psixoloji dəstək xidmətləri, görülmüş işlər, maarifləndirici tədbirlər və gələcək layihələr barədə məlumat verib.
Tədbirdə həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Psixologiya” kafedrasının müdiri prof. Elmar Hüseynov, Azərbaycan Dillər Universitetinin “Psixologiya və pedaqogika” kafedrasının müdiri İranə Məmmədli, ADA Universitetinin psixoloqu Kəmalə Ağayeva, Xəzər Universitetinin psixoloqu Mələk Kərimova və Azərbaycan Memarlıq və İnşaat Universitetinin psixoloqu Birgül Qurbanova çıxış edərək, bu istiqamətdə öz təcrübələrini bölüşüblər.
Görüş zamanı universitetlərdə psixoloji xidmətin təşkili, tələbələrlə iş mexanizmləri, risklərin erkən müəyyənləşdirilməsi, psixoloji dəstəyin əlçatanlığının artırılması və bu sahədə vahid əməkdaşlıq platformasının yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.