Modern.az

“Sensasiyalı kitablar” - Eldar Baxışın çoxlarını gülüş hədəfinə çevirən kitabı

“Sensasiyalı kitablar” - Eldar Baxışın  çoxlarını gülüş hədəfinə çevirən kitabı

Təhsil

23 Sentyabr 2014, 10:47


Cəmi 48 il ömür sürən Eldar Baxış tək-tük yazarlardan idi ki, sözü içində basdırmayıb öz ziyanına olsa belə, azadlığa çıxarırdı. Onun bir çox şeir, məqalə eləcə də başqa janrda olan yazıları, çıxışları ta ömrünün axırına qədər Eldar Baxışın təqib və təzyiqlərə üzləşməsinə səbəb oldu.

Modern. az saytı “Sensasiyalı kitablar” rubrikasında mərhum şair Eldar Baxışın rezonansa səbəb olmuş yazılarından, xüsusən də “Ölüsü ilə ərəbcə, dirisi ilə rusca” kitabı haqqında danışacaq. Bu kitab o birilərindən nisbətən müasir çalarları ilə fərqlənir. 90-cı illərin siyasi reallıqları burada satira və yumorun diliylə oxuculara təqdim olunub. Təsirli və tənqidi siyasi motivləri və real həyat lətifələrinə görə kitab tam olaraq qadağan edilib.

“Ölüsü ilə ərəbcə, dirisi ilə rusca” 1994-cü ildə “Yazıçı” nəşriyyatında çapdan çıxıb.  Cəmi 128 səhifə olmasına baxmayaraq, o kitabda tənqid olunan bəzi adamlara ağır dağ kimi görünüb.

E. Baxış ixtisasca tarixçi olsa da, Bakının bir neçə kəndində tarix müəllimi işlədikdən sonra özünü tamamilə qələmə həsr edib. Poeziya ilə yanaşı publisistika və jurnalistika ilə də məşğul olur. Dövlət televiziyasında məsul vəzifələrdə çalışmaqla yanaşı, “Səs” və “Nəfəs” qəzetlərini də təsis edir. Şairin xarakterində mərdanəlik hər zaman onun üçün təqib və təzyiq qaynağı olub. Hətta vaxt olub evinə gizli zəng edib qəssab baltası ilə doğrayacaqlarını belə bildiriblər. Doğrudur, sonradan bu hədə yerinə yetməsə də, şair başqa sui-qəsdlərlə üz-üzə gəlir. İçində olduğu maşını yük maşını bilərəkdən vurur. Bu vaxt E.Baxışın qolu sınır. Vəziyyət o yerə çatır ki,  bir gün mərhumun evinin qarşısına qapının ağzına el arasında “ limonka” deyilən əl qumbarası qoyub evi partlatmaqla hədələyirlər. Daha sonra aidiyyatlı orqanların müdaxiləsi nəticəsində qumbara zərərsizləşdirilir. Amma ona olan sərt reaksiyalar bitmək bilmir ki bilmir.

Şairin bacısı Ceyran Ağayeva o hadisələri son nöqtəsinə qədər yaşayan və bilən tək-tük adamlardandır.

“Bir var mövcud şəraitlə, yaşadığı reallıqla bağlı irihəcmli əsər yazasan, buna onun vaxtı yox idi. Bir də var ki, oxucunun, insanların  gözünü açmaq üçün kiçik həcmli parodiyalardan, ironiyadan istifadə edəsən. O, ikincini seçdi. Baxmayaraq ki, bu daha çətin idi. Həm rejimin qılıncının dalı-qabağı kəsirdi, həm də onların icraçıları buna imkan verməzdilər. Amma o , bu yolu seçdi. Gülüşün içində problemi, reallığı göstərməyə çalışdı. Həm də gördü ki, ona qədər başqa yazıçılar, şairlər bu yolla yazmayıblar. O bunu yazdı. O  kitabdan  elementar bir misal çəkəcəyəm. Deməli, o vaxt rəhbər işçilərin katibələrinə, özündən aşağı mövqedə duranlara münasibətini yəqin hamı bilirdi. Eldar bunu xırda bir detalla əks etdirib. Yazıçılar Birliyində rəhbər işçilərdən biri qapıdan çölə sədrin otağına girmək istəyərkən şalvarının  qarşısını açıq olur. Katibə bunu görən kimi etirazını bildirir. Amma həmin adam buna qətiyyən fikir vermir. Yəni ki, saymır. Sonra katibə sədr, ağsaqqal bildikləri Süleyman Rəhimova ondan şikayətlənir, özünə hörmət qoyulmasını istəyir.  Yəni burda Eldar dövrün xarakterini göstərib. Bu kimi halları böyük romanla əks etdirmək mümkün deyildi. O zaman daha böyük əks-səda doğura bilərdi. Amma acıları gülüşün dilinə çevirib onu insanlara çatdırma zəka tələb edirdi ki, Eldar da bunu çox gözəl bacarırdı. Kitabdan  daha bir əhvalat danışım.
Bir gün Hüseyn Arif Eldarı da öz ata-baba mülkünə aparır. Deyir, qatardan düşüb evlərinə getdik. Bunlar da o vaxtı gediblər ki, Hüseyn Arifin bacısı hindən toyuqları çıxarıb dən verirmiş. Toyuqlar hindən çıxar-çıxmaz bunların üstünə qaçıblar. Eldar yazırdı ki, elə bil üstümüzə şikayətə gəlirdilər”.

Kitab daha çox sarkazma yox, dostluq şarjlarına üstünlük versə də, yenə də tənqid hədəfindən qaça bilmir. Eldar Baxışa kitabda adı çəkilən adamlardan zənglər olunur. Ceyran xanım o barədə də öz yaddaşını qurdalayır:

“Kitabdan sonra ona xeyli zəng elədilər. Dedilər ki, bizim adımızı niyə yazmısan ora? O, da gülə-gülə deyirdi ki, nəyi pis eləmişəm ki?! Bir az da sizi məşhurlaşdırmışam da”.

Ceyran Ağayeva onu da qeyd edir ki, Elıdar Baxışın tək bu kitabı yox, bir neçə əsəri də sensasiyaya səbəb olur. Daha bir kitabı da var ki, onu ümumiyyətlə çap olunmağa qoymayıblar:

“Eldara ən çox “Deyə bilmədiyim sözlər” kitabına görə təzyiqlər olunub. Hətta 6 ay o kitabın çapına icazə verilmədi. Çapdan sonra da xeyli söz-söhbət oldu. Kitabı köşklərdən yığışdırdılar. Çox köşklərə isə ümumiyyətlə buraxılmadı. Fars ədəbiyyatı ilə bağlı bir yazısı çıxmışdı. Ziya Bünyadovla aralarında gərginlik yarandı. Eldarın günü gün deyildi ki...”.

Bacısı onu da qeyd edir ki, Eldar Baxış ömrünün sonunda daha bir səs-küylü poema yazır. Lakin onu tamamlaya bilmir. Ceyran xanım həmin yarımçıq poemanın əlyazmaları üçün onun iş otağına getsə də,  əlyazmaların oğurlandığının şahidi olur.

Modern.az Eldar Baxışın “Ölüsüylə ərəbcə dirisiylə rusca” kitabından bir neçə parodiyanı təqdim edir:

***

Rəsul Rza Azərbaycan Sovet Ensiklopediyasında baş redaktor işləyəndə Tofiq Abdini göndəriblər yanına ki, işə götürsün.

Tofiq gəlib Rəsul müəllimin kabinetinin qapısını açıb, soruşub:

- Olar, Rəsul müəllim?

- Olar!

Tofiq yazıq-yazıq əlini qabaqda daraqlayıb, keçib içəri.

Rəsul müəllim bir Tofiqə baxıb, bir əlinə baxıb, soruşub:

- Sən harda işə girmək istəyirsən?

- Ensiklopediyada.

- Nədi Ensiklopediya? Ümumiyyətlə nədi?

- Mədəniyyətdir.

- Ay sağ ol! Ensiklopediyada – mədəniyyət ocağında işə girmək istəyirsən, özün də gör əlini hara qoymusan?

Tofiq tez əllərini aparıb arxasına.

Rəsul müəllim deyib:

- Ay bərəkallah!... Gör əlini hardan aparıb hara qoydun. Yox, belə getsə mən səni bu mədəniyyət ocağında işə götürə bilməyəcəm.

Tofiq bu sözdən sonra tamam özünü itirib, iki əlinin ikisini də yuxarı qaldırıb, əvvəlkindən də yazıq görkəm alıb, deyib:

- Rəsul müəllim...

- Nədi?

- Ay Rəsul müəllim...

- Nədi bala?

- Bəs əlimi hara qoyum?

DÜNYA QOPUR

- Əbülhəsən “Dünya qopur” romanını yazıb gətirib Əli Vəliyevin yanına ki, oxu, “Azərbaycan” jurnalında çap elə. Əli müəllim oxuyub, amma çap eləmək istəməyib.

Əbülhəsən soruşub:

- Əli qağa, niyə çap etmək istəmirsən?

Əli müəllim deyib:

- Əbülhəsən, qardaşoğlu, sən bu romanın adını qoymusan “Dünya qopur”, amma mən başdan-ayağa oxudum, heç tüküm də tərpənmədi.

QIZ TOYU

Qızının toyunda xüsusi canfəşanlıqla süzə-süzə oynayan bir yazıçını Vidadi Məmmədov arada bir qırağa çəkib deyib:

- Ə, heç utanmırsan?

Yazıçı soruşub:

- Nədən, niyə?

Vidadi deyib:

- Sən qızının toyunda elə oynayırsan ki, elə bil oğul toyu edirsən. İşin toy hissəsini fikirləşirsən, bir az “oy” hissəsini fikirləşsənə!

SOSİSKA

Əkrəm Əylislinin əl tutduğu cavan şairlərdən birinin atası yazıçını qonaq çağırıb, üstəlik məclisə bir xeyli gənc şair də dəvət eləyib. Kabab, dəm-dəstgah, möhkəm yeyib-içiblər. Qonaqlıqdan çıxıb bir az bulvarda gəzəndən sonra cavan şairlər baxıb görüb ki, ustad sosiskaxanaya doğru gedir. Soruşublar:

- Əkrəm müəllim, indicə kabab yemişik, sosiskaxanada nə işimiz var?

Əkrəm müəllim deyib:

- Gəlin bir sosiska yeyək, o kişinin mayasını batıraq. Yoxsa elə bilərsiz ki, mən orda kabab yox, rüşvət yemişəm.

DUDUŞ

Əsl adı Dədə olan bir kişi həmişə Vidadiyə Vidiş deyirmiş.

Bir gün Vidadi əsəbiləşib və kişiyə deyib:

- Bir də mənə Vidiş demə!

Dədə soruşub:

- Niyə?

Vidadi deyib:

- Sən mənə Vidiş deyəndə, gərək mən də sənə Duduş deyəm.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı