
Dekabr ayının 23-ü Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərə sayılı günlər qalsa da, cəmiyyətdə insanların bələdiyyələrə marağı hiss olunmur. Seçicilərin çoxunun bələdiyyələrin nə işlə məşğul olduqlarından xəbərsizdir.
Ümumiyyətlə, Azərbaycanda bələdiyyələrə marağın aşağı səviyyədə olması nə ilə əlaqədardır?! Azərbaycanda nə zamansa bələdiyyələrin fəaliyyətinə xitam verilə bilərmi?! Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında bələdiyyə-vətəndaş münasibətlərinin aşağı olmasının səbəblərini izah edib: “Bələdiyyə institutları ilə tanış olanların əksəriyyəti bilir ki, Azərbaycanda bələdiyyə-vətəndaş münasibətlərinin formalaşmaması bir həqiqətdir. Ona görə də bələdiyyələrin inkişafı müəyyən qaydada gözə dəymir, bələdiyyələr öz vəzifələrini yerinə yetirə bilmirlər. Vətəndaşlar hesabatların dinlənilməsində, iclasların keçirilməsində, aşkarlığın təmin olunmasında bələdiyyələrə yardımçı olmalıdırlar. Vətəndaşlar isə aktiv deyillər. Seçkilər də bu qəbildəndir. Bir çoxları deyir ki, seçkilər maraqlı keçəcək, digər bir qisim isə seçkilərə hazırlığın getmədiyini iddia edir. Birincisi, hər hansı partiya öz namizədini irəli sürür. Vətəndaşlar da aktiv olmalıdırlar. Öz namizədlərini müdafiə etməyi bacarmalı, onlar haqqında müsbət imic formalaşdırmalıdırlar. Yeni Azərbaycan Partiyası olaraq ilk gündən tədbirlər planı hazırlayıb keçən həftə 7 rayona yollanaraq həmkarlarımla bir yerdə insanlarla görüşüb bələdiyyə haqqında geniş söhbətlər etmişik. Bir sözlə, cəmiyyət bu işdə aktiv deyil. Dəfələrlə deyirik ki, bələdiyyələrlə insanların münasibətləri yaxşılaşmalı və irəliyə doğru getməlidir. Vətəndaşlar seçkilərdə fəal iştirak etməlidirlər”.
Deputatın sözlərinə görə, insanların marağının aşağı səviyyədə olmasını əsas gətirib kiminsə bələdiyyənin fəaliyyətində yaxından iştirakını təmin edə bilmərik. “Düzdür, cəmiyyətdə builki bələdiyyə seçkilərinə aktiv münasibət sərgilənmir. Eyni zamanda, dövlət kimisə fəal olmağa da məcbur edə bilməz. Yerli özünüidarəetmə sistemi elədir ki, istəsən öz bələdiyyəni seçib ona etimad göstərə bilərsən, istəməsən edə bilməzsən. Bilirsiniz ki, bizdə neçə bələdiyyənin statusu ləğv olundu. Əgər kimsə öz bələdiyyəsini seçmək istəmirsə seçməsin, onun tədbirində iştirak etmək istəmirsə etməsin. Bələdiyyənin fəaliyyəti olmayacaqsa gələcəkdə onun fəaliyyəti ləğv olunacaq”.
Bələdiyyə üzrə ekspert Samir Əliyev isə Modern.az-a açıqlamasında bələdiyyələrin heç bir səlahiyyətinin olmadığını bildirib: “Bələdiyyələrə laqeyd münasibətdən dolayı heç də bələdiyyələri günahlandırmazdım. Sadəcə olaraq, bələdiyyə institutu Azərbaycanda özünü doğrultmadı. Bunun da səbəbi heç də obyektiv səbəb deyil. Səbəb ondan ibarətdir ki, dünyada, hətta qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlər verilmədiyinə görə bu gün bələdiyyələr lazımsız quruma çevrilib. Bələdiyyə yerli özünüidarəetmə qurumudur. Yəni idarəetmə qurumu həm mərkəzi hakimiyyətdən, həm də yerli hakimiyyətdən ibarətdir. Yerli hakimiyyət bu gün insanların daha yaxın olduğu bir qurumdur. Azərbaycan yerli özünüidarəetməyə dair Avropa Xartiyasına qoşulub. Həmin xartiyadan öhdəlik götürüb. Xartiyada göstərilir ki, yerli özünüidarəetmə qurumları əhaliyə ən yaxın olan hakimiyyətdir. Buna ilk hakmiyyət də deyirlər. Bunlar kifayət qədər səlahiyyətə və maliyyə imkanlarına malik olmalıdırlar. Çünki kənddə yaşayan insan hər kiçik problemə görə Bakıya, icra hakimiyyətinə getməli deyil. İlk növbədə yaşadığı kənddəki bələdiyyəyə üz tutmalıdır. Bu baxımdan bu gün bələdiyyələrin heç bir səlahiyyəti yoxdur”.
“Azərbaycanda bələdiyyələrə cəmiyyətin laqeyd münasibəti yerli özünüidarəetmə orqanının nə zamansa fəaliyyətinə son qoya bilərmi” sualına ekspert belə cavab verib: “Təəssüf ki, proseslər ona doğru gedir. “Bələdiyyə lazımsızdır, bu qurumu ləğv edək” kimi fikirlər səslənir. Çünki bələdiyyə insanlardan vergi yığır, əvəzində insanların problemlərini həll edə bilməməsi haqlı olaraq narazılıq yaranır. Bu zaman deyirlər: “Niyə bələdiyyəyə vergi verirəm, bəlkə bu qurumu ləğv edək?!” Bütün proseslər buna doğru gedir. Ona görə də Azərbaycanda sosial problemlərin həlli üçün mütləq bələdiyyə institutu inkişaf etdirilməlidir. Əks halda bütün problemlər diqqətdən kənarda qalacaq. Azərbaycan Avropa Şurası qarşısında öhdəlik götürüb. Avropa Şurasının yerli və regional konqresi var. Onlar 2 dəfə Azərbaycanda monitorinq aparıb. Hər 2 monitorinqin nəticəsində məlum olub ki, Azərbaycanda bələdiyyələrin inkişaf etdirilməsi yox, səlahiyyətlərinin məhdudlaşdırılması prosesi gedir. Onların heç bir səlahiyyəti yoxdur. Ona görə də bələdiyyələr üzərlərinə düşən öhdəliyi yerinə yetirə bilmirlər. Demək istəyirəm ki, proseslər Azərbaycanda bələdiyyələrin ləğvinə doğru aparır. Amma bu il bələdiyyələrin yerli qanunvericiliyi ilə bağlı dəyişiklik edildi. Bu dəyişiklik müəyyən qədər bələdiyyələrin maliyyə imkanlarını artıracaq. Ümumilikdə götürəndə isə səlahiyyət məsələsi mərkəzi hakimiyyətdən alınıb yerli bələdiyyələrə verilməlidir”.
Namidə BİNGÖL