Modern.az

“Bircə Fransadakı səfir Leyla Abdullayeva...” - Siyasi ekspertdən diplomatlara TƏNQİD

“Bircə Fransadakı səfir Leyla Abdullayeva...” - Siyasi ekspertdən diplomatlara TƏNQİD

28 Dekabr 2022, 15:40

“Ermənistanın Yunanıstan, Yunan Kipri və Albaniyadakı səfirinin çalışdığı birinci ölkənin yerli mətbuatında Azərbaycan əleyhinə geniş məqaləsini erməni saytlarından birində oxudum, yalan və iftira üzərində qurulmuş yazı idi. Ancaq bunun iftira və yalan olduğunu biz bilirirk, “məqaləni” oxuyanlar fərqli fikirdə olacaqlar”.

Modern.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu Azərbaycan səfirlərinin fəaliyyətsizliyindən danışarkən bildirib.
 

O deyib ki, son aylarda Azərbaycanın Qərb ölkələrindəki səfirlərindən hər hansı birinin çalışdığı ölkənin mətbuatında Azərbaycan həqiqətlərini əks etdirən məqaləsini xatırlamır:

“Halbuki, Laçın yolundakı aksiyamızla bağlı qarşı tərəf bizə qarşı informasiya savaşını genişləndirib. Bircə Fransaya yeni təyin olunan səfir Leyla Abdullayeva çalışdığı ölkənin rəsmiləri, deputatları və siyasətçiləri ilə mübarizə aparır, fikirlərini səhifəsində paylaşır. Leyla Abdullayeva keçmişdə Xarici İşlər Nazirliyinin mətbuat katibi olduğundan onun dezinformasiya şəbəkəsi ilə mübarizə təcrübəsi var. Təəssüf ki, eyni sözləri Qərb ölkələrindəki digər səfirlərimiz barədə söyləmək çətindir”.

Elxan Şahinoğlu bildirib ki, xarici işlər naziri Ceyhun Bayramovun ilin yekunlarıyla bağlı dünənki mətbuat konfransında Azərbaycanın diplomatik təmsilçiliklərinin 89-a çatdığını söyləməsi kəmiyyət baxımından yaxşıdır, amma:

“Təqdirolunası haldır, sadəcə işin keyfiyyətinin artırılmasına ehtiyac var. Fikrimcə, səfirlərimiz qarşısında konkret hədəflər qoyulmalıdır. Misal üçün, hər səfirimiz bu həftə neçə yerli deputat, cəmiyyətdə tanınan jurnalist və ictimaiyyət nümayəndəsiylə görüşdüyü, fikir mübadiləsi aparması, o cümlədən nə qədər məqaləsinin yayımlandığı barədə Bakıya hesabat göndərməlidir”.


Siyasi şərhçi xatırladıb ki, il ərzində Fransa prezidenti Emmanuel Makron, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns və Böyük Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin başçısı Riçard Mur İrəvana gedib, bu ölkənin baş naziri Nikol Paşinyanla qapalı müzakirələr apardılar.

"Bu səfərləri birləşdirən əsas amil – Ermənistan hakimiyyətini Rusiyadan uzaqlaşmağa inandırmaq idi. Paşinyan və onun hökumət üzvləri Rusiyadan narazıdırlar, düşünürlər ki, Azərbaycan Kremlin susqunluğundan istifadə edərək bölgədə mövqelərini gücləndirir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səs-küy yaradan “Rusiya bizə təzyiq edir” açıqlaması il ərzində Qərb ölkələrindən İrəvana edilən səfərlərin və müzakirələrin məntiqi nəticəsidir. Paşinyanın Rusiyadan tamamən imtina etməsi üçün Qərbin Ermənistana təhlükəsizlik təminatı verməsi gərəkdir. Pelosi, Börns, Makron və Mur Paşinyana müxtəlif vədlər verə bilərdilər, ancaq Ermənistanı və Qarabağ separatçılarını Azərbaycandan qoruya biləcək imkanları və istəkləri yoxdur", - E.Şahinoğlu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü