Modern.az

Dünyanın erməni diasporu: Amerika qitəsindəki daşnak, hıncak və ramqavarlar - ARAŞDIRMA (III)

Dünyanın erməni diasporu: Amerika qitəsindəki daşnak, hıncak və ramqavarlar - ARAŞDIRMA (III)

Diaspor

20 Yanvar 2023, 11:14

Ermənistan Respublikasının torpaqlarımıza hərbi təcavüzü nəticəsində 25 mindən çox azərbaycanlı  qətlə yetirilib, 50 mindən artıq soydaşımız yaralanıb və əlil olub. Qaçqın-köçkün vəziyyətinə düşən 1 milyondan artıq azərbaycanlı Ermənistanın etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı kimi elementar insan haqlarından məhrum edilib.

İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan olunub, yandırılıb, 6 min sənaye və  kənd təsərrüfatı müəssisəsi, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb məntəqəsi məhv edilib, ümumi yaşayış sahəsi 9 milyon kvadratmetrdən artıq olan 150 min yaşayış binası dağıdılıb.
İşğal edilmiş ərazilərdə kənd və su təsərrüfatı sahələri, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılıb. Dağıntılar nəticəsində Azərbaycan iqtisadiyyatına 100 milyard ABŞ dollarından artıq ziyan dəyib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.

Erməni separatizmi və işğalçılıq siyasətinin həqiqi üzünü görmək üçün hər şeydən əvvəl dünyanın müxtəlif regionlarında yerləşən və qanlı aksiyalar törətmiş terror təşkilatlarına yaxından yardım edən diasporun fəaliyyətinə nəzər salmaq lazımdır.

Bu istiqamətdə apardığımız araşdırmalar nəticəsində topladığımız bəzi məlumatların ikinci bölümünü diqqətinizə təqdim edirik.

Qeyd edək ki, ötən yazılarımızda Orta Şərq və Afrika ölkələrindəki, Avropadakı erməni diasporunun fəaliyyətinə toxunmuşduq.

Bu dəfəki yazımızda Şimali və Cənubi Amerika ölkələrindəki erməni diasporundan bəhs edirik:

Şimali və Cənubi Amerika ölkələri

Şimali və Cənubi Amerika ölkələrində erməni diaporunun fəaliyyət geniş xarakterli və çoxşaxəlidir.

Mətbuat orqanları və kütləvi-informasiya vasitələrinin yardım və dəstəyi ilə çox geniş təbliğat və psixoloji təsir imkanlarına malik olan erməni diasporu Avropa və Orta Şərqdə olduğu kimi, Amerika qitəsində də yaşadıqları ölkələrin xalqlarına və geniş ictimai kütlələrinə qondarma «erməni soyqırımı» iddiaları və yalanlarını aşılamaqla beynəlxalq təşkilatların və dünya dövlətlərinin diqqətini əsas etibarı ilə bu uydurma məsələyə yönəltməyə səy göstərir.

Uzun illərdən bəri aparılan təbliğat nəticəsində geniş ictimai kütlələrin qondarma «erməni soyqırımı» hissiyatına qapılması və bu kütlələrin siyasi mövqe və seçkilərdəki təsir qüvvəsini də nəzərə alan Şimali və Cənubi Amerikanın bir çox ölkələrinin ermənilərin fəaliyyətinə rəğbət bəsləmələri və hətta yardım etmələri faktoru isə diqqəti cəlb edən əsas məsələlərdən biridir.

Bu faktorları nəzərə aldığımızda, Şimali və Cənubi Amerikadakı ölkələrdə vəziyyət aşağıdakı kimidir:

ABŞ erməniləri

Birinci dünya müharibəsindən sonra müasir dövrümüzə qədər keçən bir əsrə yaxın zaman ərzində erməni milliyətçiliyi mövzusunda ən geniş təbliğatın ABŞ-da aparıldığı müşahidə edilir. Belə ki, erməni milliyətçiliyi və separatizminin təbliğatı müasir dövrümüzdə də məhz ABŞ üzərindən bütün dünyaya yayılır.

ABŞ-da təxminən 1 milyondan artıq erməni var. Ermənilər coğrafi baxımdan demək olar ki, ABŞ-ın müxtəlif şəhər və əyalətlərinə yayılaraq buralarda kiçik kütlələr şəklində yaşayır.

Ermənilərin əsas etibarı ilə yaşadıqları bölgələr - Massachusette (Boston, Vartertovn, Sprinqfield, Vhitinsville Laurenec, Lovell Haverhill), Rhode Island (Providence, Povtuchet), Konnecticut (Nyu Britain, Hartford, Bridqeport), Nyu York, Nyu Cersi, Pensilvaniya (Nyu York Siti, Troy, Syracuse, Niaqara Falls, Union Sity, Vatervielt, Filadelfiya), Mərkəzi Amerikada (Kleveland, Çikaqo, Granite Siti, Vankeqan, Detroit, Pontiac, Rearborn, Racine), Qərb əyalətlərində (Fresno, Los Anceles, Oakland, Montebello, Valley, San Fransisko, Teksas, Florida) bölgələridir.

ABŞ-da erməni təşkilatları

ABŞ-da fəaliyyət göstərən erməni təşkilatları, malik olduqları maddi vəsait və yardımlar, təşkilatlanma metodları və mətbuat vasitələrindən geniş şəkildə istifadə imkanları baxımından digər ölkələrdəki erməni qurum və təşkilatlarından daha güclü vəziyyətdədirlər.

Daşnakların, ramqavarların və hıncakların ABŞ-da ayrı-ayrı təşkilatları mövcuddur. Hər üç qrupa aid təşkilatların Avropa, Orta Şərq və Afrika ölkələri nəzdində fəaliyyət göstərən erməni qurumları ilə sıx əməkdaşlıq əlaqələri vardır.

Bundan əlavə, Amerikada ermənilərin elmi araşdırma mərkəzləri, kilsə, xəstəxana, qocalar və kimsəsiz uşaqlar evi, yardım adı altında bir sıra xeyriyyə cəmiyyəti və məhəlli təşkilatları mövcuddur.

a) Daşnak təşkilatları

Daşnaklar bütün Amerikada «Armenian Revolutionary Committee of America» adı altında təşkilatlanmışdır. Ermənilərin yarısından çoxunun təmsil olunduğu bu təşkilat Amerikada qurulmuş olan ən köhnə erməni təşkilatlarından biridir. Təşkilatın mərkəzi Boston şəhərində yerləşir.

Bu təşkilat müxtəlif dərnək və vəqflər şəklində fəaliyyət göstərir. Təşkilata bağlı əsas iki daşnak dərnəyi vardır. Bunlar mərkəzi Bostonda yerləşən «American Committee for the İndependence of Armenia» ilə «Armenian National Committee of America»dır. Təşkilat bütövlükdə Livandakı Antilyas kilsəsinə bağlıdır.

Təşkilatın əsas mətbuat orqanları erməni dilində dərc olunan «Daşkansutun», «Asbarez» və «Harenik» qəzetləridir. «Harenik» qəzeti ingilis dilində də dərc olunur. Bundan əlavə, daşnakların üç ayda bir çıxan «The Armenian Review» jurnalı da mövcuddur.

b) Ramqavar təşkilatları

Ramqavarlar Amerikada «Armenian Democratic Liberal Party» adı altında təşkilatlanmışdır. Mərkəzi Massachusettsdədir. Əsas mətbuat orqanları erməni dilində gündəlik «Baykar» qəzeti ilə ingiliscə həftədə iki gün yayınlanan «Miror-Spectator» qəzetidir. Ramqavarlar dini mərkəz olaraq Eçmiədzinə bağlıdırlar.

c) Hıncak təşkilatları

Hıncaklar «Social Democrat Hıncakian Party of America» adı altında təşkilatlanmışdır. Mərkəzi Nyu-Yorkda olan bu təşkilatın əsas mətbuat orqanı gündəlik erməni dilində yayınlanan «Eritassard Hayasdan» qəzetidir.
Hıncak partiyasının mühüm olan bütün gizli fəaliyyətləri «Armenian Progressive Party» adlı təşkilat vasitəsi ilə həyata keçirilir.

ABŞ-da erməni fəaliyyətləri

ABŞ-ın erməni diasporu ilə əlaqələri və erməni məsələsinə  münasibəti 1830-cu ildən etibarən başlayıb.

Belə ki, 1830-cu ildən etibarən Anadolu və Orta Şərq regionuna maraq göstərən ABŞ, bu bölgələrin mütləq hakimi olan Osmanlı Dövləti ilə iqtisadiyyat və ticarət sahələrində bir sıra müqavilə və sazişlər imzalamışdır. İqtisadiyyat və ticarət sahəsində lazımi əlaqələr qurduqdan sonra isə ABŞ Osmanlı Dövləti daxilində nüfuz və təsirini genişləndirmək və gücləndirmək məqsədi ilə bu dövlətin sərhədləri içərisindəki geniş coğrafi bölgədə yaşayan müxtəlif millət, xalq və etnik qrupların nümayəndələri arasında amerikan mənafeyinə xidmət edə biləcək müttəfiq axtarmağa başlamış və bu istiqamətdə geniş araşdırmalar aparmışdır.

Nəticə etibarilə ABŞ dini, mədəni,iqtisadi və siyasi mənafeyi baxımından ona yaxın olan erməniləri özünə müttəfiq olaraq seçməyə qərar vermişdir. Bundan sonra isə 1860-1870-ci illərdə ABŞ-da qurulan missioner təşkilatlarlayanaşı, sürətli bir şəkildə erməni məktəbləri, xəstəxanaları, kimsəsiz uşaq evləri açılmış və fəaliyyətinə başlamışdır.

Birinci dünya müharibəsinə qədər ABŞ-da «erməni məsələsi» siyasi xarakter daşımayıb. Ancaq Birinci dünya müharibəsində ABŞ ilk dəfə olaraq yerləşdiyi qitənin xaricində Avropadakı müttəfiqləri ilə birlikdə müharibəyə girdiyində isə vəziyyyət tamamilə dəyişib və artıq «erməni məsələsi» və «erməni milliyətçiliyi» mövzuları bilavasitə ABŞ-ın daxili və xarici siyasətinin bir növ əsasını təşkil edib. Məhz ermənilər də bu vəziyyətdən sui-istifadə edərək, öz uydurma və yalan iddialarını ABŞ vasitəsi ilə beynəlxalq aləmə yaymağa və təbliğ etməyə başlayıb.

Ermənilər Osmanlı Dövlətinin Birinci dünya müharibəsində Almaniya ilə eyni ittifaq içərisində olması hadisəsini Amerikaya qarşı düşmənçilik olaraq qələmə veriblər. Buna paralel olaraq, ABŞ-da fəaliyyət göstərən erməni missioner təşkilatları Birinci dünya müharibəsində Osmanlı Dövlətinin erməni əsilli vətəndaşlara qarşı tətbiq etdiyi deportasiya və qondarma «erməni soyqırımı» iddialarını da ortaya ataraq, bu hadisələri bir növ xristian-müsəlman toqquşması kimi də əks etdirməyə və bununla da geniş amerikan kütlələrinə təsir göstərməyə çalışıblar.

Bütün bu uydurma təbliğatlar nəticəsində Amerikada mövcud olan siyasi qurum və çevrələr, ölkənin müxtəlif ictimai təbəqələrinin də böyük təzyiqinə məruz qalaraq uzun illərdən bəri iqtisadi mənafeləri baxımından yaxın işbirliyi içərisində olduqları ermənilərə və onların yalanlarına xarici siyasət proqramında xüsusi yer ayırmaq məcburiyyətində qallb. Belə ki, hələ 1918-ci ildə ABŞ hökuməti Ermənistanı «defakto» olaraq tanıyıb.

Birinci dünya müharibəsindən sonra prezident Vilson ABŞ Senatında «Müstəqil Ermənistanı tanıyacağını» açıqlamış və bunun nəticəsində Sevr sülh danışıqlarında Osmanlı Dövlətinə hətta Ermənistan prezidenti kimi Avetis Aharonyan adında bir nəfər təqdim olunmuşdur.

Məlum olduğu kimi, Sevr sülh danışıqlarında türk torpaqları üzərində bir erməni dövlətinin qurulması tələbi də irəli sürülmüşdür. 18 oktyabr 1922-ci ildə Ermənistan hökumət başçısı olaraq A.Ahoronyan tərəfindən böyük dünya dövlətlərinə göndərilən məktubda da öz əksini tapan bu mövzu Lozanna sülh danışıqlarında yenidən gündəliyə daxil edilimiş və İngiltərə, Fransa, İtaliya, Yunanıstanla birlikdə ABŞ rəsmi nümayəndəsi tərəfindən yerinə yetirilməsi inadla tələb edilən məsələ olmuşdur.

Ancaq Türkiyənin Atatürkün rəhbərliyi ilə milli-azadlıq hərəkatında qalib gəlməsi və ölkənin yadelli işğalçılardan azad edilməsi faktoru, ermənilərin torpaq iddialarının beynəlxalq səviyyədə müzakirəsinə son qoymuşdur.

ABŞ-da hər il qondarma «erməni soyqırımı» ilə əlaqədar mərasim və toplantılar keçirilir. Bu toplantılarda ABŞ-ın rəsmi orqan və hökumət dairələrində çalışan vəzifəli şəxslər, senator və konqresmenlər də iştirak edirlər.

Hətta 24 aprel qondarma «erməni soyqırımı» tarixində ABŞ Senatı və Konqresi nəzdində xatirə toplantıları da təşkil olunur. Hər il 24 aprel qondarma «erməni soyqırımı» tarixlərində ABŞ Prezidenti ermənilərin üzdəniraq iddiaları ilə bağlı xalqa müraciət edərək nitq söyləyir. ABŞ-ın bir sıra şəhərlərində qondarma «erməni soyqırımı» abidələri və heykəlləri vardır.

Nəticə etibarı ilə, erməni diasporu və bu diasporun üzdəniraq iddiaları ABŞ-ın siyasi və iqtisadi çevrələrinin şəxsi mənafe və məqsədləri baxımından uyğun bir alətdir. Məhz buna görə də, qondarma «erməni soyqrırımı» mövzusu ABŞ Dövlətinin bütün türklərə qarşı istifadə etməyə çalışdığı siyasi təzyiq metodu və kartlarından biridir.

Cənubi Amerika ölkələri

Argentina --- 130.000
Braziliya ----- 20.000
Uruqvay ----- 19.000
Venesuela --- 2.500
Çili -----------  1.000

Argentina erməniləri

Geniş ərazi və torpaqlara malik olan Argentina əhalisi az olduğuna və yürütdüyü emiqrasiya siyasəti nəticəsində müxtəlif ölkələrdən buraya köçənlərə vətəndaşlıq statusu verdiyinə görə ermənilər də bu ölkəyə gələrək yerləşiblər.

Geniş iqtisadi, sosial və mədəni haqlara və imtiyazlara malik olan ermənilər qondarma «erməni problemi» və «erməni soyqırımı» kimi məsələlərdə Argentinanın dövlət və hökumət adamları başda olmaqla yerli ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin yardım və dəstəyini almaqdadır.

Argentinada erməni dilində təhsil verən məktəblər, sosial və mədəni mərkəzlər mövcuddur.

«Erməni Mədəniyyət İnstitutu», «Erməni Mədəniyyət Cəmiyyəti», «Erməni problemini Cənubi Amerikada tanıtma mərkəzi» kimi qurumlar sistematik surətdə erməni təbliğat və təşviqat fəaliyyətlərini yerinə yetirirlər.

Argentinada ermənilərəin əsas mətbuat orqanı ispan dilində yayınlanan «Armenia» qəzetidir. Bununla da, daşnak və hıncaq təşkilatının üzvləri olan ermənilər ispan dilində danışan bütün Cənubi Amerika ölkələrində qondarma «erməni məsələsi» və « erməni soyqırımı»  barədə yalan və iftira dolu iddialarını yaymağa və təbliğ etməyə səy göstərirlər.

Qondarma «erməni soyqırımı» iddiaları ilə bağlı mərasimlər Argentinada geniş və kütləvi şəkildə keçirilir. Bu mərasimlərdə Argentinanın dövlət və hökumət adamları və nümayəndələri də iştirak edirlər.

Braziliya erməniləri

Təxminən 20 minə yaxın erməninin yaşadığı Braziliyada 20-dən çox erməni təşkilatı, dərnək və cəmiyyətləri mövcuddur. Bunların arasında «Erməni mübarizə komitəsi», «Daşnak partiyası» «Maracha xeyriyyə və mədəniyyət mərkəzi» və «Altino erməni kültür cəmiyyəti» mühüm yer tutur.

Bu təşkilatlar Braziliyanın daxilində olduğu kimi, Cənubi Amerika qitəsində yerləşən digər bütün dövlətlərin ərazilərində fəaliyyət göstərən müxtəlif erməni qurumlarla yaxın əlaqələr quraraq təbliğat və təşviqat işlərini həyata keçirilər.

1967-ci ildə dərc olunan «Armenia» qəzeti daha sonradan öz nəşriyatını dayandırıb. Ancaq müasir dövrümüzdə bu erməni qəzetinin yerini Braziliyada dərc olunan bir sıra qəzet və jurnallar alıb. Belə ki, bu mətbuat orqanları müntəzəm surətdə erməni təbliğatına yardım və vasitəçilik edirlər.

Braziliya erməniləri dini mərkəz olaraq Eçmiədzini qəbul etmiş və bu kilsənin təsiri altındadırlar.

Uruqvay erməniləri

Uruqvay əsassız erməni iddiaları, xüsusilə də qondarma «erməni soyqırımı» ilə bağlı məsələnin BMT nəzdində müzakirəsi və bu mövzuda ermənilərə haqq və imtiyazların verilməsini siyasi cəhətdən dəstəkləyən ölkədir.

Bu mövqeyini Uruqvay ilk dəfə 1967-ci ildə Latın Amerikası ölkələrinin parlamentlərarası konqresində rəsmi surətdə açıqlayıb. 1969-cu ildə Argentinada keçirilən Latın Amerikası ölkələrinin dövlət başçılarının toplantısında isə Uruqvay prezidenti ermənilərə bu iddiaları ilə bağlı yardım edəcəklərini bildirib.

Ermənilər Uruqvayın müxtəlif bölgələrində dağınıq halda və kiçik kütlələr şəklində yaşayırlar. Ölkədə ermənilərin daşnaq və hıncaq partiyaları, habelə bu partiyalara bağlı müxtəlif qruplar fəaliyyət göstərir.

Venesuela və Çili erməniləri

Az sayda erməninin yaşadığı bu ölkələrdə daşnak qrupları önəmli nüfuza malikdirlər.        

Xüsusilə Venesuela Antilyas kilsəsinin Cənubi Amerikadakı ən sadiq və etibarlı dostu kimi qəbul edilən bir ölkədir. Belə ki, vaxtı ilə Antilyas kilsəsinin patriarxı birinci Xorenin Venesuela prezidentini «Kilikiya böyük xaç nişanı» ilə təltif etməsi hadisəsi bu ölkənin «erməni dostu» olduğunun ən parlaq nümunəsidir.

Son.


Müəllif: Sevinc ƏLƏKBƏROVA,
Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti Hərbi elmi tədqiqat institutunun əməkdaşı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır