Modern.az

Vladivostokda Heydər Əliyevin 100 illik yubileyi qeyd edildi

Vladivostokda Heydər Əliyevin 100 illik yubileyi qeyd edildi

25 Sentyabr 2023, 15:52

Rusiyanın Vladivostok şəhərində yerləşən Primorsk Filarmoniyasında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

 

Primorsk diyarı üzrə “Azərbaycan Konqresi” Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə diyarın qubernatoru, şəhər administrasiyasının, yerli ictimaiyyətin, Azərbaycan diasporunun, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Rusiyadakı Baş konsulluğunun nümayəndələri iştirak ediblər.  

 

Tədbir iştirakçılarını salamlayan “Azərbaycan Konqresi” ictimai təşkilatının İdarə Heyətinin sədri Mərdan Novruzov “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi, harada yaşamalarından asılı olmayaraq, bütün azərbaycanlılar üçün böyük şərəfdir”, - deyə vurğulayıb. 

 

Tədbir xalqımızın ümummilli liderinin həyat yolu və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə davam etdirilib.

 

Tədbirdə çıxış edən Primosk diyarının qubernatoru Oleq Kojemyako bildirib ki, yerli sakinlər vaxtilə SSRİ-də yüksək vəzifədə olan Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin xatirəsinə böyük hörmətlə yanaşırlar: “Primorsk diyarında Heydər Əliyevi 1984-cü ildə Şərq limanı üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı qəbul etdiyi qərarlarla yaxşı tanıyır və xatırlayırlar. Bu, bizim tariximizin bir hissəsidir. Belə liderlər siyasətin vektorunu müəyyənləşdiriblər. Bu gün biz bu qərarların nə qədər düzgün olduğunu görürük".

 

Qubernator qeyd edib ki, SSRİ-nin süqutundan sonra ağır və çətin proseslərlə üzləşən müstəqil Azərbaycan dövləti məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə güclənməyə başlayıb. Qısa müddət sonra Azərbaycan müstəqil siyasət yürüdən suveren, qüdrətli dövlətə çevrilib və Cənubi Qafqaz regionunun siyasətinə təsir gücünü əldə edib.

 

Onun sözlərinə görə, Primorsk diyarı üçün Azərbaycanın paytaxtı Bakı şəhərinin xüsusi yeri var: “Biz Bakını yaxşı xatırlayırıq. Sovet dövründə Bakı ən beynəlmiləl şəhərlərdən biri idi. Bu şəhərdə müxtəlif xalqların nümayəndələri mehriban və dosluq şəraitində yaşayırdılar. Vladivostok üçün Bakı həm də Ali Hərbi Dənizçilik Məktəbinin yerləşdiyi şəhər idi. Məhz bu məktəbin məzunları Rusiya donanmasında xidmət edirlər. Onlar artıq özlərindən sonrakı nəsli də yetişdiriblər. Bundan başqa, Bakı neftçilərinin, eləcə də Azərbaycan neftçilərinin Qərbi Sibir torpaqlarının ilk dəfə mənimsənilməsində böyük töhfələri var”.  

 

Qubernator bildirib ki, Azərbaycanla Rusiyanı tarixi köklər, dost və strateji müttəfiqlik münasibətləri birləşdirir, ona görə də heç bir qüvvə ölkələrimizin dostluğunu poza bilməz.

 

Diasporla iş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamını tədbir iştirakçılarına çatdıran Tural Səfərov xatırladıb ki, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycanda və dünyanın müxtəlif ölkələrində xalqımızın görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir: “Bu gün Rusiyada Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyimiz bir daha göstərir ki, rus xalqının Heydər Əliyev şəxsiyyətinə məhəbbət və hörməti sarsılmazdır”. 

 

Tədbirdə Azərbaycanın Rusiyadakı Baş konsulluğunun əməkdaşı Elnur Novruzov, şəhər administrasiyası başçısının müavini Darya Steqni və başqaları çıxış ediblər. 

 

Rəsmi hissə Primorsk diyarı qubernatorunun şəhərin ictimai-mədəni həyatında iştirak edən Azərbaycan diasporunun nümayəndələrini mükafatlandırması ilə yekunlaşıb.

 

Tədbirin bədii hissəsində Azərbaycan milli musiqisi və rəqslərindən ibarət konsert proqramı təqdim olunub. Konsertdə həmçinin Azərbaycandan dəvət olunan sənətkarlar – Azərbaycanın xalq artisti Samir Cəfərov və müğənni Çinarə Məlikzadə Azərbaycan və rus dillərində əsərlər ifa ediblər.

 

Tədbir çərçivəsində Primorsk Filarmoniyasının foyesində ümummilli lider Heydər Əliyevin Rusiyanın görkəmli şəxsiyyətləri, eləcə də Baykal-Amur magistral xəttinin tikintisində iştirak etmiş inşaatçılarla görüşlərini əks etdirən fotosərgi təşkil olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...