Modern.az

“Çox böyük divident qazandıq”

“Çox böyük divident qazandıq”

Aktual

20 İyun 2016, 12:42

İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar keçirilən seçkilər başa çatıb. Həmin dairədən Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə də namizdəliyini vermişdi.

 

İqbal Ağazadə Modern.az-a açıqlamasında seçkinin nəticələrindən razı qalmadığını dilə gətirib.

 

“Nəticələr heç də həmişə ürəyimizcə olmur. Amma, nəticələrin ürəyimizcə olmaması bizi siyasi mübarizədən çəkindirmir.

 

Nəticələrin ürəyimizcə olması bizdən asılı məsələ deyil. Seçki dönəmində də, imzatoplama prosesində də, son səsvermə mərhələsində də kifayət qədər qanun pozuntuları oldu. Nəticələrin necə olmasından asılı olmayaraq istəklərimizi bu seçkidən götürə bildik. Çox xoş olardı ki, apardığımız  real mübarizənin nəticəsi olaraq ona uyğun da sonuç élan olunaydı.

 

Təbii ki, biz zaman-zaman seçki prosesi dönəmində saxtakarlıqlar, inzibati resurslardan istifadə və sairə ilə bağlı mətbuata məlumat vermişik.

 

Seçki günü də ondan xali olmadıq. Kifayət qədər inzibati resurslar cəlb olundu, müşahidəçilərimzə maneələr törədildi. Bəzən sual verirlər: “ Belə bir prosesin olacağını gözləyirdinizmi?”, “Belə olan təqdirdə niyə seçkilərdə iştirak edirdiniz?” Bizim məqsədimiz var. Seçici ilə fərqli yerdə ünsiyyətin olacağını təxmin etmirik.

 

Düşünmürük ki, seçicilərlə başqa yerdə görüşə bilərik. Seçici ilə görüşəcəyimiz yer məhz seçki ili dönəmidir. Siyasi partiya olaraq bu məsələlərdə çox böyük divident qazandıq. 40 min seçicinin ən azı 60%-i ilə ünsiyyətdə olduq.

 

Onlardan ciddi dəstək aldıq. Platformamızı, mövqeyimizi tanıtdırdıq. İnsanlara seçkiyə niyə gəlmək lazım olduğunu aşıladıq. Bu mənzərə bizim üçün pozitiv mənzərə idi.”

 

Partiya sədri məsələni hüquqi müstəvidə həll etməyi düşündüyünü deyib.

 

“Hər halda, bu nəticələrlə bağlı dəyərləndirmə aparacağıq. Əlimizdə olan faktlarla bağlı dəyərləndirmə aparıb hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik”.

 

İqbal Ağazadə seçki günü haqqında mətbuatda yazılanlara da aydınlıq gətirib.

 

“Bu seçki prosesində təxribata çəkilməyə də cəhd edildik. Hətta, yalan informasiyalar da yayıldı. Mətbuat səhifələrinin bəzilərində  

“Ağdaşda kütləvi iğtişaşlar olub”, “Qanunsuzluqlara cəhd edilib” və sairə başlıqlı yazılara rast həldim.  Bunların hamısı iftira idi. Sadəcə 19-cu məntəqədə bizim nümayəndələrə qarşı Məntəqə Seçki Komissiyasının üzvləri zorakılıq etməyə cəhd etdilər. Biz dərhal 102-yə zəng edərək bununla bağlı məlumat verdik.

 

Bizim tərəfdən hər hansı formada insident, qanun pozuntusu, müdaxilə halları baş verməyib.

 

Qarşı tərəfin müdaxilə hallarını pərdələmək üçün bəzi mətbuat orqanları bilərək ya da bilməyərəkdən bunu işıqlandırmağa cəhd etdi. Bu məsələlərdə hansı addımı atmağımız, hansı xətti yürütməyimiz kifayət qədər bizim üçün aydındır”

 

Qeyd edək ki, iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilib. İlkin nəticəyə görə, təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 (85,56%) nəfəri YAP-ın namizədi Cavid Osmanova səs verib. 

 

Namidə BİNGÖL

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı