“Ermənilər nə edirlər etsinlər, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. Heç kimin keçmişi tər-təmiz deyil. İraq işğal olunandan 10 il sonra “bağışlayın biz səhv işğal etdik” deməklə ölən 1 milyon şəxsin hesabı necə veriləcək? Ermənilər nə edirsə etsin, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın torpaqları olması həqiqətini dəyişdirə bilməz. Oranın hər qarış torpağında Azərbaycanlıların izi, mədəniyyəti var”. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada mətbuat nümayəndələri ilə görüşdə bildirib.
Binəli Yıldırım qaçqınların və məcburi köçkünlərin yaxın zamanda yurd-yuvalarına dönməsinin vacibliyini vurğulayıb: “Azərbaycanın dostu dostumuz, düşmanı düşmanımızdır. İllərdir ki bu işğalın haqsız olduğunu, qaçqınların və məcburi köçkünlərin tez bir zamanda öz yurdlarına dönməsinin vacibliyini vurğulamışıq. Bundan sonra da bu vurğulamağa davam edəcik”.
Türkiyə Nitsa şəhərində törədilən terror aktına münasibət bildirən B.Yıldırım qeyd edib ki, terrorçuların dini, inamı, milliyyəti olmur: "Bütün dünya anlamalıdır ki, terrorizmlə mübarizə ayrı-ayrılıqda aparıla bilməz. Xüsusən də inkişaf etmiş ölkələrdə terrorçulara münasibətdə ikili standartlar belə faciələrə gətirib çıxarır".
Modern.az