Modern.az

Onlar zərifdirlər, amma zəif deyillər  

Onlar zərifdirlər, amma zəif deyillər    

Güncel

8 Mart 2019, 14:11

Qadın ilahi qüvvə, ulu varlıqdır. Alilik, adilik, ucalıq, ülvilik timsalıdır. Yaradan, yaşadan və qoruyandır. Bəşəriyyətə zinət, insanlığa şöhrətdir. Qadın gözlərə işıq, qəlblərə yaraşıqdır. O, bəşər tarixinin qızıl sətirləri, şah əsəridir. Ana vətən, vətən isə ana deməkdir.

Əfsanəvi cəngavər qadınlarımız həmişə ərənlərimizlə birgə hünər göstəriblər. İradəli, əqidəli analarımız vətənin dar günündə ömür-gün yoldaşlarına arxa durub, sipər olublar. Onlar çətin anlarda kişi paltarı geyinib qeyrət libasına bürünüblər. Həyat yoldaşlarına Yürüş məqamında at minib, silaha sarılıblar. Tarixi faktlar sübut edir ki, dünyanın bütün ölkələrində qadınlar dini mənsubiyyətindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, həmişə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıblar.

Hələ ibtidai icma quruluşu dövründə zərif cinsin nümayəndələri cəmiyyətin aparıcı qüvvəsi, qəbilə başçısı, ailənin ən nüfuzlu və hörmətli üzvü olub. Bu müqəddəs varlıq xeyirxahlıq və ədalət rəmzi kimi qəbul edilib. Eramızdan əvvəl VI əsrdə Şimali Azərbaycanın ərazisində yaşayan masagetlərin hökmdarı, el anası, tədbirli və təmkinli sərkərdə Tomrisin igidliyindən bəhs edən rəvayətlər indi də dillər əzbəridir. Tomris ananın qəhrəmanlığı yunan filosofu Herodotun “Tarix” əsərində də öz əksini tapıb. Digər tarixi qəhrəmanımız Möminə xatunun uzaqgörənliyi, dərin düşüncəsi, əzmkarlığı, iradə yenilməzliyi sayəsində Şərqin böyük Atabəylər dövləti yaranıb. Eldəgizlər dövlətinin inkişafında xüsusi xidmət göstərən Möminə xatun zəmanəsinin tədbirli və ədalətli anası, soyuqqanlı diplomatı, nüfuzlu şəxsiyyəti kimi tanınıb. XV əsrin ikinci yarısında dahi şəxsiyyət kimi yetişmiş Uzun Həsənin arxasında anası Sara xatun dururdu. Sara xatun Şərq və Avropa ölkələrində məşhur diplomat və görkəmli dövlət xadimi kimi tanınırdı.
Bu qəbildən Bərdə hökmdarı Nüşabə xanım, XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi, görkəmli şairə, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşudbanu Natəvan və digərilərinin adları xalqın tarixində qalıb və qalacaq.

Bu siyahını Səfəvilər dövlətinin çiçəklənməsində xüsusi xidməti olan I Şah İsmayılın ürək dostu, könül həmdəmi Taclı xanım, XVII əsrin əvvəllərində Azərbaycan xalqının mərdlik simvolu sayılan qoç Koroğlunun ömür-gün yoldaşı, ismət qalası Nigar xanım, Gəncə xanı Cavad xanın anası Şərəf Cahan Bəyim xanım, Qarabağ müharibəsində düşmən gülləsinə tuş gələn jurnalist bacımız Salatın, 20 Yanvar hadisələrində ölümü ömür-gün yoldaşından ayrı yaşamaqdan üstün tutan Fərizə və başqaları artırır.

Qadınlar kişilərin yarısı olsa da, zərifdirlər, amma “zəif” deyillər Qadınları, adətən, kişilərin “zəif yarısı” adlandırırlar. Doğrudur, bu fikrin nə dərəcədə həqiqətə uyğun olması mübahisəlidir. Amma müasir dövrdə bu deyim artıq öz əhəmiyyətini itirib. Onlar zərifdirlər, amma zəif deyillər. İctimai həyatda fəal mövqe tutan qadınlar bu gün iqtisadi, siyasi, sosial və mədəni sahədə aparıcı rol oynayırlar.

Faktlar göstərir ki, əslində, zərif və zəif məxluq adlandırılan qadınlar heç də kişilərdən zəif deyillər. Gül-çiçək ətirli, mehriban, gülərüz qadın və qızlarımız bütün sahələrdə kişilərlə barəbər səviyyədə fəaliyyət göstərməyə qadirdirlər.

Təsadüfi deyil ki, bu gün Milli Məclisdə xalqın elçisi timsalında çıxış edən qadınlarımızın sayı günü gündən artır. Azərbaycan qadınları Avropa Şurasında, dünyanın möhtəşəm Olimpiya oyunlarında respublikamızın şərəfini uca tutur, onun şöhrətini yüksəklərə qaldırırlar.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri kimi ölkəmizi dünya miqyasında şərəf və ləyaqətlə təmsil edir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra xalqımızın milli və qədim bayramlarından olan Novruzun dövlət səviyyəsində qeyd olunması ideyası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu ideyanın davamçısı olan və ümummilli liderin adını daşıyan Heydər Əliyev Fondu və onun rəhbərliyi Novruzun YUNESCKO-nun qeyri-maddi mədəni irsinə daxil edilməsi üçün apardığı səylər uğurlu nəticədir. Novruz bayramı YUNESCKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Artıq Azərbaycanda hər il mart ayının 20-21-də qeyd edilən Novruz bayramı baharın gəlişi, təbiətin canlanması, torpağın oyanmasını özündə əks etdirməklə yeni ilin gəlişindən xəbər verir. Bundan başqa Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan milli-mənəvi dəyərlərinin dünyaya inteqrasiya olunması da böyük əhəmiyyət kəsb edir. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərən fond dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasitya prosesində milli-mənəvi dəyərlərin qorunmasına dəstək rolunu oynayır. Paytaxtımızda müasir tipli göz oxşayan Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsi, mədəniyyət və təhsil müəssisələrinin təmiri, inşası və bərpa etdirilməsi istiqamətində Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyevanın gördüyü işlər müstəsnadır.

Azərbaycanın birinci xanımının ölkənin mədəniyyət sahəsində apardığı məqsədyönlü fəaliyyəti nəticəsində bu gün qədim tarixə malik muğam və aşıq sənəti də UNESCKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Fərəhli haldır ki, 1998-ci ildə Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur. Bu gün səhiyyədə çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardan ibarətdir. Milli Məclis üzvlərindən 21-nin, Ombudsmanın zərif cinsin nümayəndələrindən olması ölkəmizdə qadın hüquqularının qorunmasından, onlara ehtiramdan xəbər verir.

Qadınlar hansı idman növlərində iştirak edə bilərlər?

Məşhur pedaqoqlar şəxsiyyətin hərtərəfli və harmonik inkişafında idmanın, fiziki tərbiyənin rolunu yüksək qiymətləndirirlər. Bəşər övladına xas olan sağlamlıq və güc, bədən quruluşunun inkişafı, zahiri gözəllik, mütənasib bədən və dözümlülük kimi keyfiyyətlər məhz gərgin və müntəzəm idman məşqlərinin nəticəsində mümkündür. Bəs idman qadınların həyatında nə kimi rol oynayır?

Müasir dövrümüzdə idman irqindən, cinsindən və dini mənsubiyyətindən asılı olmayaraq hər bir insanın həyatında önəmli yer tutur və onların həyatının bir hissəsini təşkil edir. Təcrübələr göstərir ki, idman qadını özünəinamlı edir, onu mənən zənginləşdirir, daha gözəl, daha cazibədar olmasına imkan verir. Şübhəsiz ki, qadınların idman və fiziki tərbiyə ilə məşğul olması və onların bu sahəyə cəlb olunması cəmiyyətdə ümumi dəyərlərə, sosial-iqtisadi şərtlərə söykənən tarixi ənənələrə əsaslanır. Aydındır ki, qadınlar peşə vəzifələrindən başqa, həm də təsərrüfat işləri ilə də yüklənirlər. Bu, onları ailə başçısından biri olduğu zaman daha kəskin xarakter alır. Evdar qadınlara nisbətən işgüzar qadınlar daha sərbəstdirlər və onlar cəmiyyətin sosial, iqtisadi, mədəni və idman həyatında daha fəal iştirak edirlər. Alman professoru Q.Bentsin fikrinə görə, qadınların fiziki tərbiyə və idman sahəsində fəallığı onların uşaq yaşlarında yiyələndiyi oyun tərbiyəsindən çox asılıdır. Psixoloqlar, adətən, kişilərin mərd, cəsur, özünə inanan, məqsədli, təmkinli, qadınların isə güzəştə gedən, incə, xeyirxah, ürkək, emosional, xüsusi əhval-ruhiyyədən asılı olan, ehtiyatlı və səbirli olduqları qənaətindədirlər. Maraqlıdır ki, qadınları xaraketirzə edən bu xüsusiyyətlər “zərif və zəif” məxluqların məhz hansı idman növlərini seçməsində əhəmiyyətli rol oynayır. Bunun nəticəsidir ki, qadınlar, əsasən, idmanın üzgüçülük, idman yerişi, fitnes, aerobika, velosiped idmanı ilə məşğul olmağı daha məqsədəuyğun hesab edirlər.


Səadət Hakıyeva

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı