Modern.az

Orduda psixoloq institutu yaradılmalıdır – Hərbi ekspert

Orduda psixoloq institutu yaradılmalıdır – Hərbi ekspert

Aktual

15 Avqust 2012, 17:05

Üzeyir Cəfərov: “İtkilər bir növ gizli saxlanılır”

Son günlərdə orduda artan intihar halları cəmiyyətdə böyük narahatçılığa səbəb oldu. Hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, dinc dövrdə heç bir ehtiyac yaranmadığı bir şəraitdə əsgərlərimiz itiririk.
“Yəni hansısa bir döyüş əməliyyatları keçirmədiyimiz vaxtda artıq 60-a yaxın hərbi qulluqçu itirmişik. Bu ölənlərin sayıdır, yaralananların sayı isə 60-ı ötüb. Təsəvvür edin ki, ölənlərin cəmi 12-isi düşmən gülləsindən ölüb. Yerdə qalanlar isə qeyri-döyüş itkiləridir”.
Hərbi ekspert bildirib ki, ölənlərdən 11 nəfəri intihar edib . “İntihar isə bir gündə əmələ gələn şey deyil. Yəni bu komandirlərin, vəzifəli şəxslərin öz vəzifəsinə səhlənkar yanaşmasının nəticəsidir. İnsan günlərlə, aylarla yığılmış qalmış problemləri dinləmək, eşitmək istəməyən komandirlərin səhlənkarlığı nəticəsində silaha əl atır, ya intihar edir, ya da qarşısındakı əsgər yoldaşına xəsarət yetirir”.

Ü. Cəfərov bu məsələlərə görə ikinci, üçüncü dərəcəli şəxslərin cəzalandırıldığını deyib. “İtkilər bir növ gizli saxlanılır. Yəni Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti bu məsələni ictimailəşdirmir. Bir neçə ay, bir ildən artıq xidmət edən bir insan necə olur ki, silahdan ehtiyatsız davranır? Çox maraqlıdır ki, bu silah nədənsə əsgər yoldaşını yaralamır, dərhal öldürür. Deməli, burada başqa məqamlar da var, onları axtarmaq lazımdır. Hər halda əsgər ölümlərinin qarşısı alınmalıdır”.

Hərbi ekspert orduda psixoloq institutlarının yaradılmasının vacibliyini vurğulayır. Onun sözlərinə görə, əvvəllər komandirlərin şəxsi heyətə işgüzar müdaxiləsi institutu var idi. “Amma onları guya NATO standartları adı altında ixtisara saldılar. Həmin şəxslər qərargahlarda qərargah rəislərinin köməkçisi vəzifəsində işləyirlər. Düzünü desəm, bu çox yanlış addımdır. Bilavasitə şəxsi heyətlə işləmək, yaxından məşğul olmaq insanlar problemləri daha yaxşı bilirlər”.

Ü. Cəfərov əvvəllər orduda intihar hallarının az-az müşahidə edildiyini bildirib. “Məncə, dünya ordularına tətbiq olunan psixoloq institutları Azərbaycan silahlı qüvvələrində də mütləq yaradılmalıdır. Bu olmasa, problemlər öz həllini tapmayacaq. Dövlətin bir psixoloqu saxlaması elə də böyük bir vəsait tələb eləmir. Amma bir əsgərin dünyasını dəyişməsi dövlətə hansı pullar hesabına başa gəlir. Bu cür hallar ordunun nüfuzuna hansı zərbələr vurur, onu hesablamaq lazımdır. Müvafiq şəxslər bir sözlə lazım olan addımları atmalıdır”.

Sevinc İltifatqızı
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı