Modern.az

Vətən Müharibəsi Şəhidinin qız övladı dünyaya gəldi - FOTOLAR

Vətən Müharibəsi Şəhidinin qız övladı dünyaya gəldi - FOTOLAR

مورد توجه

4 İyun 2021, 19:25

Vətən müharibəsinin igidlərindən olan şəhid Fərid Seyfullayevin iyunun 1-də Xaçmaz rayon mərkəzi xəstəxanasında doğulmuş qız övladı bu gün evə buraxılıb.Körpənin evə yola salınması münasibətilə Xaçmazda təntənəli mərasim düzənlənib.Mərasimdə şəhidin doğmaları, ailə üzvləri,rayon icra hakimiyyətinin əməkdaşları, "YAŞAT"Fondunun təmsilçiləri,şəhidin hərbçi yoldaşları və gənc könüllülər iştirak edib.

 

Modern.az xəbər verir ki, mərasimdə əllərində üçrəngli müqəddəs bayrağımızı və xüsusi şüarları dalğalandıran gənc könüllülər körpəyə ən xoş arzularını səsləndiriblər. Xaçmaz İH başçısının müavini Günel Nurəddinova Seyfullayevlər ailəsini yeni doğulan körpənin gəlişi münasibətilə təbrik edib,şəhid qızına sağlam və xoşbəxt həyat arzulayıb.

 

Bu, şəhid Fərid Seyfullayevin ikinci övladıdır. Ailənin ilk övladı Ayla bir yaşındadır. Şəhid Seyfullayevin övladının zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən ödənilib. Bu məqsədlə 1000 AZN anaya təqdim edilib və dünyaya yeni doğulan körpənin adına bankda 5000 AZN-lik hesab açılacaq.Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü çıxara biləcək.

 

Sonda şəhidin övladı xüsusi bəzədilmiş avtomobil karvanı ilə kəndə yola salınıb.Qeyd eləyək ki, DİN-nin Daxili Qoşunlarının hərbçisi,xüsusi təyinatlı Fərid Seyfullayev gərgin döyüş yolu keçib. Fizulidən Şuşayadək gedən döyüşlərdə mərmi partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalan 30 yaşlı Fərid Seyfullayev doğulduğu Hacıqurbanoba kənd qəbristanlığında dəfn olunub.İgid döyüşçü döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə"Fizulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən uğrunda"medalları ilə təltif olunub.

 

Şəhid Fərid Seyfullayevin yeni doğulan qızı Səma adlandırılıb.Arzumuz budur ki,Səma və bütün şəhid övladları səmamızı daim aydın və işıqlı görsünlər.Onların buna tam haqqı var. Çünki,məhz onların ataları səmamızın daim aydın olması üçün canlarından keçiblər.

 

Aytəkin Alxaslı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı