Modern.az

Moldovada diaspor təşkilatımızın fəaliyyəti müzakirə olundu

Moldovada diaspor təşkilatımızın fəaliyyəti müzakirə olundu

Current

4 Sentyabr 2021, 12:56

Cari ilin 3 sentyabr tarixində Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) tərəfindən paytaxt Kişineu şəhərində diaspor təşkilatımızın illik fəaliyyətinə həsr edilmiş tədbir keçirilib.

 

Bu barədə Modern.az-a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, tədbirdə Moldova Respublikası Parlamentinin vitse-spikeri, hakim partiya olan Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) fraksiya sədri Mihail Popşoy, Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri Vera Petuhov, Türkiyə Respublikasının Moldovadakı səfiri Gürol Sökmensüer, Rusiya, Belorusiya, Ukrayna və digər diplomatik nümayəndəliklərin əməkdaşları, eləcə də Moldovada fəaliyyət göstərən yəhudi, qaqauz, ukrayna və digər icmaların rəhbərləri, üzvləri və çoxsaylı həmvətənlərimiz iştirak edib.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən MAK-ın sədri Elçin Bayramov Moldovada ötən il azərbaycanlı diaspor təşkilatında aparılmış islahatlardan sonra illik fəaliyyətə dair hesabatı tədbir iştirakçılarının diqqətinə təqdim edib. Hesabatda MAK-ın il ərzində ölkəmizin, eləcə də Moldovanın əlamətdar günlərinə həsr edilmiş 25-dən çox tədbir, mərasim və marafonların təşkilatçısı olduğu vurğulanmış, ölkəmizin əhəmiyyətli bölgəsi olan Qarabağ adlı həmyerlilərimizdən ibarət futbol komandasının yaradıldığını bildirmiş, Şura üzvləri istedadlı gənclərdən təşkil edilən MAK-ın ötən illərlə müqayisədə son bir ildə Moldovanın siyasi, sosial və ictimai həyatında uğurla iştirak etdiyini qeyd edib.

 

Daha sonra tədbirdə ölkə Parlamentinin vitse-spikeri, hakim partiya PAS-ın fraksiya sədri Mihail Popşoy çıxış edərək MAK-ın il ərzində gördüyü işləri yüksək qiymətləndirmiş, öz ölkəsində fəal azərbaycanlı icmasını görməyə şad olduğunu bildirmiş, partiyası üçün etnik kimliyindən asılı olmayaraq ölkəsinin rifahına xidmət edən icmaların önəmli olduğunu vurğulamış, istər 2020-ci ildə prezident seçkilərində, istərsə də cari ildə parlament seçkilərində MAK-ın göstərdiyi dəstəyə görə təşəkkürünü bildimiş, belə istedadlı azərbaycanlı gənclərin Moldovanın siyasi, ictimai və mədəni inkişafı üçün vacib şərtlərdən biri olduğunu diqqətə çatdırmışdır. Vitse-spiker ölkəmizin səfirinin fəal olduğunu bildirərək artıq stabil hakimiyyəti olan Moldovanın Azərbaycanla iqtisadiyyat sahəsində əməkdaşlığının genişləndirilməsi və ölkəsinə azərbaycanlı sərmayədarların cəlb edilməsində maraqlı olduğunu qeyd etmişdir.

 

Tədbirdə iştirak edən ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov çıxış edərək, bir illik fəaliyyətlərində önəmli irəliləyişlərə nail olan, istər Moldovanın ictimai-siyasi həyatında, istərsə də Moldovadakı səfirliyimizdə - həmvətənlərimizin “ata yurdu”nda təşkil edilən tədbirlərdə fəallıq nümayiş etdirən MAK-a təbriklərini çatdırmış, xüsusilə 44 günlük müharibə dövründə Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında birləşən həmvətənlərimizə minnətdarlığını bildirmişdir. Səfir MAK-ın Azərbaycan-Moldova münasibətlərinin vacib elementlərindən biri olduğunu qeyd etmiş, diaspor təşkilatımızın bundan sonrakı fəaliyyəti ilə stabil hakimiyyəti bərqərar olmuş Moldovanın inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirmişdir. O, ölkənin hakim partiyasının üzvü olan həmvətənimiz Zamir Qubadovun nümunəsində gələcəkdə daha çox azərbaycanlı gəncləri PAS və digər partiyalara üzv olmağa, qarşıdan gələn 2023-cü ildə bölgələrdə keçiriləcək seçkilərdə fəal iştirak etməyə səsləmişdir. Bu xüsusda, gənc həmyerlilərimizin Moldovanın ictimai-siyasi həyatında önəmli yerlər tutmağa müvəffəq olmasının ölkəmizin dəyərlərinin Moldova miqyasında təbliğinə xidmət edəcəyini bildirmişdir. 

 

Tədbirdə öz növbəsində Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri Vera Petuhov çıxış edərək, çoxmillətli Moldova Respublikasında azərbaycanlı icmanın son bir ildə əldə etdiyi uğurlara və Moldovanın müxtəlif sahələrinə verdiyi tövhəyə görə minnətdarlığını bildirmiş, türk, rus, yəhudi, ukrayna, qaqauz, belarus və digər icma nümayəndələrinin tədbirdə iştirakının azərbaycanlı icmanın multikultural dəyərlərə sahib olduğunun göstəricisi olduğunu dilə gətirmişdir. O, ötən ildə MAK-da aparılan əsaslı islahatların bu gün uğurlu bəhrəsini gördüyünü qeyd edərək azərbaycanlı icmaya bundan sonrakı fəaliyyətində uğurlar arzu etmişdir.

 

Diaspor təşkilatımızın fəal üzvlərindən biri olan Maarif Rəhimov çıxış edərək, mədəniyyət beşiyi olan Şuşa şəhərinə, ermənilər tərəfindən misli görünməmiş dağıntılara məruz qalmış Füzuli şəhərinə səfərindən danışmış, azad edilmiş bölgələrimizdə aparılan tikinti, quruculuq və bərpa işlərinin şahidi olduğunu və bundan çox təsirləndiyini bildirmişdir. O, Şuşa səfərindən geri dönərkən özü ilə gətirdiyi torpağı MAK-ın sədri E.Bayramova, Azsərbaycan-Moldova dostluq münasibətlərinin simvolu olaraq azad olunmuş bölgələrimizdə dalğalandırdığı Moldova bayrağını isə MAK-a hədiyyə etmişdir.

 

Eyni zamanda, tədbirdə Moldovada yaşayan müxtəlif icma rəhbərləri çıxışlarında  MAK-ın illik fəaliyyətini yüksək qiymətləndirmiş, MAK-ın istedadlı gənc üzvləri, vətənpərvər həmyerlilərimiz Zamir Qubadov, Ramiz Ənsərov, Yasin Seyidov, Allahverdi Xələfov və digərləri çıxış edərək, gələcəkdə daha da uğurlu işlər görməyə həvəsli olduqlarını bildirmişlər.

 

Tədbirin sonunda MAK tərəfindən bir il ərzində fəal və yorulmadan çalışan, MAK-ın fəaliyyətinə hər zaman dəstək göstərən həmvətənlərimiz fəxri diplomlarla təltif edilib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı