Modern.az

Azərbaycanın tərəqqisinin öncül siyasi qüvvəsi

Azərbaycanın tərəqqisinin öncül siyasi qüvvəsi

Aktual

4 Mart 2022, 13:12

Müstəqil Azərbaycan dövlətinin dünyadakı müasir çagırışlar fonunda hərtərəfli yeniləşməsi, beynəlxalq aləmdə davamlı inkişafda, modernləşməkdə olan ölkə kimi qəbul edilməsi Prezident İlham Əliyevin lider qətiyyətinin və düşünülmüş siyasətinin nəticəsidir. Azərbaycan tarixdə heç vaxt bugünkü qədər qüdrətli olmayıb. Biz illər öncə Azərbaycanı məhz belə güclü görmək istəmişdik, özümüzə belə yenilməz Vətənin vətəndaşı olmağı arzulamışdıq. 

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

 

Deputat bildirib ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin möhkəmləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı yaratdığı möhkəm özüllər üzərində gerçəkləşdirilib. Ulu öndərin ölkədə yaratdığı sabitlik və işləyib hazırladığı əsaslı islahatlar kursu Azərbaycanın davamlı olaraq yeniləşməsini təmin etmişdir. Dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin rəhbərliyi yaradılmış və onun müstəqil dövlət quruculuğu ideyalarının həyata keçməsinin aparıcı qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyasının özü də ötən 30 ildə inkişaf edib möhkəmlənərək Cənubi Qafqazın ən güclü siyasi qurumuna çevrilib.

 

Ümumilli liderin ideya və əməllərini onun yaratdığı partiyanın ondan sonrakı lideri Prezident İlham Əliyev dönmədən və uğurla həyata keçirir. Məhz bu alternativi olmayan düzgün, tarazlı siyasətin nəticəsidir ki, müstəqilliyin ilk illərində çoxsaylı ağrılı problemlərin məngənəsində sıxılan Azərbaycan artıq neçə illərdir ki, Cənubi Qafqazın ən güclü, əsas söz sahibi olan lider ölkəsidir. Regionda heç bir layihəni  Azərbaycanın razılığı və iştirakı olmadan təsəvvür etmək mümkün deyil.

 

Müstəqillik illərində Yeni Azərbaycan Partiyasının öncüllüyü ilə Azərbaycanın qazandığı bir sıra önəmli sosial-iqtisadi uğurlar, gerçəkləşdirdiyi regional və qlobal miqyaslı layihələr ölkəmizin nüfuzunu beynəlxalq səviyyədə qalxmasına xidmət etməklə yanaşı, ümumdünya problemlərinin həllinə qoşulmaqda onun siyasi statusunu da yüksəldib.

 

Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev beynəlxalq aləmin, eləcə də regionun taleyüklü məsələlərinin həllində də təşəbbüskar və nüfuzlu lider kimi tanınır və onun bu fəaliyyəti dünya miqyasında daim yüksək dəyərləndirilir.

 

Yeni Azərbaycan Partiyasının VII qurultayı bütün bu tarixi uğurlara yekun vurmaqla, Prezident İlham Əliyevin işləyib hazırladığı yeni islahatlar və modernləşmə siyasətinin konseptual əsaslarını fəaliyyət proqramı kimi qəbul etdi. VII qurultayda Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi təsdiq olundu. Yeni nizamnaməyə əsasən, Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən olundu. Qurultayda YAP-ın yeni proqramının hazırlanması haqda qərar qəbul olunub.

 

Qurultaydan sonra keçirilən 2018- ci il prezident və 2020-ci il parlament seçkiləri partiyanın nüfuzunun durmadan yüksəlməsinin parlaq göstəricisinə çevrildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən qələbə və onun Cənubi Qafqazda yaratdığı yeni reallıqlar da İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının siyasi avanqard rolunu yüksək səviyyədə doğrultmasının danılmaz sübutudur.

 

Zaman dönə-dənə sübut edib ki, milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir. Ölkədə və dünyada yaranmış yeni reallıqlar hakim partiyada islahatların davam etdirilməsinin və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının vacibliyini irəli sürürdü. Bu baxımdan YAP-ın VII qurultayında qəbul olunmuş yeni idarəetmə modelini əhatə edən önəmli qərarlar   iqtidar–xalq tandeminin milli həmrəyliyin özülü kimi hərtərəfli möhkəmləndirilməsini hədəfə alıb.

 

Qurultaydan sonra ölkənin ən vətənpərvər, intellektual ehtiyatı olan yeni nəslinin YAP-da təmsilçiliyi növbəti mərhələyə daxil oldu və yeni səviyyəyə yüksəldi. Partiyada bu təzələnmənin nəticələrindən biri kimi Vətən sevgili, düşmənə nifrət hissi bəsləyən gənclərimiz torpaqlarımızın işğalçılardan azad edilməsinin aparıcı qüvvəsi oldu. Ərazi bütövlüyümüz uğrunda döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildə uşaq və yeniyetmə olan insanlardır. Onlar vətənpərvərlik duyğuları ilə yetişərək, fədakarlıq nümayiş etdirdilər və ədalətin bərpasının təminatçısı oldular.

 

Ölkədə milli həmrəyliyin, demokratiyanın qorunması və yüksək səviyyədə gerçəkləşməsində də iqtidar partiyası mühüm rola malikdir. Dövlətimizdə reallaşan siyasi dialoq YAP-ın vacib fəaliyyət istiqamətlərindəndir. Partiyanın yeni nizamnaməsi müasir dövrün bütün tələb və çağırışlarına cavab verir.

 

YAP-ın beynəlxalq əlaqələrini  möhkəmləndirilməsi ölkənin xarici siyasətinin uğurlarına istiqamətlənib.

 

Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında illərlə davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ötən il 2 iyun tarixində imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi önəm daşıyır.  
Digər sahələrdə olduğu kimi, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri hakim siyasi partiyaların əlaqələrində də dinamik surətdə inkişaf etməkdədir. 2021-ci il dekabr ayının 3-də Kiyev şəhərində Yeni Azərbaycan Partiyası ilə Ukraynanın “Xalqın Xidmətçisi” Partiyası arasında əməkdaşlıq memorandomu imzalanıb. Ötən il YAP Çin Kommunist Partiyasının  videoformatda təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak edib. Bundan əlavə, YAP Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın da hakim partiyaları ilədə səmərəli əlaqələr qurub.

 

Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin istənilən fəaliyyət sahəsində təmsil olunan öncül partiya olaraq iqtidar–müxalifət dialoqunun da aparıcı və konstruktiv tərəfidir. YAP-ın yeni proqramı demokratik dəyərlərə və milli maraqlara əsaslanır. Bu proqram YAP İdarə Heyətinjn 2021-ci il dekabrın 29-da keçirilən iclasda təsdiq edilib. Partiyanın yeni proqramı 5 fəsildən ibarətdir. Beləliklə “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “ Partiyanın əsas hədəfləri” və “ Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər, ayrıca proqram çərçivəsində  Yeni Azərbaycan Partiyasının siyasi dəyər və prinsiplər sistemində 10 strateji istiqamət müyyənləşib. Bunlara Heydər Əliyev yolu, müstəqillik, dövlətçilik, qanunun aliliyi, azərbaycançılıq, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələri  inkişafı kimi  istiqamətlər daxildir.

 

Deputat sonda bildirib ki, göründüyü kimi, Yeni Azərbaycan Partiyası ölkənin davamlı inkişafına və cəmiyyətin tərəqqisinə xidmət göstərir. Bütün bunlar isə Azərbaycan dövlətinin istər daxili, istərsə də xarici siyasətində yüksək nəticələr əldə etməsinə hakim partiyanın birbaşa siyasi-mənəvi dəstəyini təmin edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı