Modern.az

Ağdamda Zəfər forumu keçirilib

Ağdamda Zəfər forumu keçirilib

Aktual

27 Oktyabr 2022, 17:12

Biləsuvardan start götürən Zəfər forumunun növbəti ünvanı oktyabrın 27-də Ağdam rayonu olub.

 

Modern.az-ın məlumatına görə, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Bərdə, Tərtər, Zərdab, İmişli, Laçın və Xocavənd rayonlarının iştirakı ilə keçirilən Zəfər Forumu Ağdam Muğam Mərkəzində təşkil olunub. Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər.

 

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov etimad göstərilərək növbəti Zəfər Forumunun bu rayonda keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib və Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da şəhid ailələrinə, müharibə iştirakçılarına və xalqımıza böyük Qələbənin sevincini yaşadan döyüşçülərimizə diqqət və qayğının artırılmasında, rəşadətli Ordumuza mənəvi və maddi dəstək göstərilməsində səylərini əsgirəməyəcəklərini bildirib. Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev forum iştirakçılarını salamlayaraq İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi əhəmiyyətindən, rəşadətli Ordumuzun əsgər və zabitlərinin addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdiklərini, torpaqlarımızın qəhrəman döyüşçülərimizin qanı və canı bahasına azad edildiyini, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin ölkəmizin Qələbəsini təmin etdiyini xüsusilə nəzərə çatdırıb. Azərbaycan Respublikasında Anım Gününün, Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının mühüm əhəmiyyəti barədə danışıb. Tədbir çərçivəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Əsgərə Məktub” layihəsi də həyata keçirilib.

 

“Əsgərə məktub” layihəsi çərçivəsində rayon sakinləri Vətən müdafiəçilərinə məktublar ünvanlandırıblar. Düşmən təxribatlarının qarşısını qətiyyətlə aldıqlarına, Vətənimizin keşiyində ayıq-sayıq, mərdanə dayandıqlarına görə onlara uğurlar arzulanıb və əsgərlik müddətini uğurla başa vuraraq sağ-salamat evlərinə dönüb, ailələrini sevindirəcəkləri günü arzulayıblar. Qeyd edək ki, növbəti forumlar İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı