Modern.az

9 görüş -9 ideya

9 görüş -9 ideya

Aktual

18 Sentyabr 2013, 16:50

Zahid Oruc: “Etmək istəmirlərsə, yaxşı, qoy bu ölkədə müxalifət ağacı bitməsin...”


“Azərbaycanda keçid dövrü başa çatıb və müstəqil dövlətimiz qurulub. Ölkəmizin varlığına, mövcudluğuna olan bir çox təhlükələr artıq arxada qalıb”.

Bu fikirləri prezidentliyə namizədlərin İTV-dəki (dünən) ilk teledebatında çıxışı zamanı  prezidentliyə namizəd Zahid Oruc dilə gətirib.

“Bundan sonra hər birimizin bütöv bir xalq olaraq vəzifəsi bu dövləti qoruyub-saxlamaq, inkişaf etdirmək və irəliyə aparmaqdır”-deyən Z.Orucun sözlərinə görə, prezident seçkiləri bu baxımdan, çox böyük önəm daşıyır:

 “İstər namizədlər, istərsə də onların tərəfdarları ən yaxşı ideyalarını, ən yaxşı təkliflərini, ən yaxşı ideyalarını bu məqamda,  bu dönəmdə irəli sürə bilərlər. Çünki millətin gələcək  həyatı, onun 5 il -10 il sonrakı dönəmi üçün məhz bu ideyalar yararlı olacaq. Əks halda İTV-nin efirini məhkəmə salonuna çevirməklə,  burada bir “NKVD” müstəntiqi üslubunda, janrında çıxışlar etməklə xalqın səsini qazanmaq olmaz. Çünki insanları ittihamlara, bir-biri ilə sadəcə, suçlandırmalara məruz qoyub millətin gələcəyini təmin etmək mümkün deyil”.

Prezidentliyə namizəd çıxışında  arzulayıb ki,  seçicilər  9 oktyabrda seçkilərə, səsverməyə  gedərkən 4 amili, 4 məsələni daha çox nəzərə alsınlar:

“Birincisi, 10 il bundan öncəki dövrü bir göz önünə gətirin. O dövrdə Ulu öndərdən sonra “Azərbaycanın gələcəyi necə olacaq”, “bizi Fələstinin aqibəti  gözləyirmi”- deyə  ehtimallar, təhlükələr, perspektivlər vardı. Şükürlər olsun ki, o dövr arxada qalıb. Artıq nəinki orta və yaşlı nəsil,  eyni zamanda, gənc nəsil, elə bu günlərdə  məktəblərə gedən körpələrimiz də Azərbaycan bayrağına sarılıb bu dövlətin gələcəyinə inanırlar. Bu, bizim hər birimiz üçün fəxarət mənbəyidir.

İkincisi, istər demokratik cəmiyyət, istər azad cəmiyyət adlandırın, o cəmiyyətlərdə hakimiyyət dövlət quruculuğuna təkcə  məsuliyyət daşımır, bu məsələdə bütün siyasi qüvvələrin məsuliyyəti var. Bu məsuliyyəti də əslində onunla ölçmürük ki, onlar hökumət qədər hansısa məsələyə cavabdehlik daşıyırlar. Xeyr! Amma məsələn, biz demirik ki, Zaqatalada zəlzələ baş verib, birinci həmin qüvvələr özlərini ora çatdırsın. Onların texnikaları yoxdur, onların bu məsələləri həll etmək  səlahiyyətləri yoxdur.

Biz demirik ki, Kür daşqınları baş verib, hansısa siyasi qüvvə gedib orada iştirak etsin, əllərini uzatsın, orada hökumətlə çiyin-çiyinə dayansınlar. Yox, bunu da etməsinlər.  Biz əgər ölkənin ekoloji həyatına, ağacəkmə kampaniyasına  siyasi qüvvələrdən nəsə gözləyiriksə və onlar  bunu da etmirlərsə, yaxşı, qoy bu ölkədə müxalifət ağacı bitməsin. Amma bir əlil, ahıl evinin ziyarəti nədir, axı onu ki, edə bilərlər... İntellektual yarış keçirə, yaxud, buna bənzər ölkənin beynəlxalq və regional həyatında iştirak edə bilərlər. Bununla da göstərərlər ki,  Azərbaycan üçün yararlı iş görürülər. Əks halda sadəcə, bəyanatlar, müsahibələr verirlər. Bu isə heç bir halda böyük iş sayıla bilməz.

Üçüncüsü, siyasi hakimiyyət uğrunda mübarizə hər zaman baş verəcək. Bu istənilən qüvvənin konstitusion haqqıdır. Ulu öndər zamanında deyirdi ki, hakimiyyət təkcə şirin deyil, həm də müəyyən mənada acıdır. Bu acılıq heç kimin gözünə görünməyə bilər, yəni, hakimiyyət  uğrunda savaş apara bilərlər. Amma çox arzulayıram , siz seçicilər  baxasınız ki, onların komandası varmı, lideri varmı, ölkənin regional və beynəlxalq həyatına dair baxışları mövcuddurmu?

Yalnız bunun kontekstində siz seçicilər özünüz onlara dəyər verəsiniz. Qərbin hansısa bir agentura şəbəkəsi  kimi fəaliyyət aparan və ya öz qütblərini tez-tez region dövlətlərinin maraqlarına dəyişən təşkilatlardan siz heç zaman  ölkənin taleyini gözləməyin.

Dördüncü məqam isə mənim  bitərəf namizəd olmağımla bağlıdır. Bitərəflik heç bir halda hansısa bir qüvvənin mövqeyini büsbütün qəbul etmək deyil.  Bəli, mən öz baxışlar sistemimə görə Ulu öndərin adı ilə  bağlı olan siyasi kursun, yolun daşıyıcısıyam və burada da heç bir təftiş aparıla bilməz...”

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı