Təəssüf ki, Türkiyənin demokratik səviyyəsi örnək baxımından Azərbaycanın siyasi sistemi üçün cazibədarlıq yarada bilmir. Türkiyə media və televiziyalarının acdığı parlaq seçki polemikasının yarısını belə, biz proseslərin təhlilinə dair baxışlarımızda ifadə etmək imkanına malik deyilik.
Məsələ müstəqil mülahizə yürütmək ehtiyatlılığında deyil. Məsələ sadəcə, müqayisədə prosesin acıq, ölü deyil, məhz canlı və son dərəcə maraqlı getməsi cəhəti ilə bağlıdır.
Eyni vaxtda keçirilən parlament seçkilərində, etiraf etməliyik ki, diqqətimiz daha çox Türkiyədəki proseslərə yönəldi. Ölkənin seçki mübarizəsindəki ənənəvi qızğınlıq daxili və beynəlxalq auditoriyanı öz tamaşaçısına çevirməyi bacarır. İkinci səbəb Türkiyənin üzləşəcəyi hökumət böhranının ölkənin həyatına gətirəcəyi daha ağır kataklizmlər, terrorun bir az da irəiləməsi kimi qorxularla əlaqəlidir.
Azərbaycanda isə idarəetmə, terror və s. anlamlarda böhran yoxdur. Lakin hakim komandada bəzi məmurların özbaşınalığı, onların gizli əlaqələrinin az qala digər dövlət qurumları ilə bağlantısı, parlament içərisində istədikləri qanun və qərarların müdafiəsi cəhətindən “lobbi” saxlamaq cəhdləri, digər tərəfdən, Milli Məclisin köhnə tərkibinə dair ictimai rəydə kök salan tənqidi fikirlər, həm də siyasi həyatdakı durğunluq, siyasi rəqabət məsələsində müəyyən çatışmazlıqlar var ki, seçki məhz bu nüanslara görə mütləq diqqət çəkməliydi. Prosessə sanki dar bir qutunun içərisində aparıldı. Bütün rollar pərdəarxası səhnədə oynanıldı. Ən yığcam auditoriya namizədlə təmasda, səsvermə qutusu qarşısında dayandı, ən geniş auditoriya isə seçkinin vacib detallarından tamamilə kənarda idi.
Azərbaycan indiyə qədər demokratik inkişaf baxımından xeyli addımlar atmışdı və müxalifətin sosial bazası, ictimai nüfuzu güclü olduğu vaxtlarda açıq siyasi yarışdan geri çəkilməmiş, çox maraqlı mübarizə səhnəsini yaratmaqdan çəkinməmişdi. Bu cəhətdən cari seçkidə də demokratiyanı yeni keyfiyyətdə ifadə etmək imkanları var idi: nə rəqib qorxusundan söhbət gedə bilərdi, nə sosial narazılıq faktorundan. Müxalifətin indiki durumu göz qabağındadır, onun aqibətində yarı faiz rolu hakimiyyətin siyasəti oynayırsa, yarı faiz rol özünün xarakterik keyfiyyətləri ilə bağlıdır. Müsavat partiyası hərdəmxəyal mövqeyi ilə prosesin final məsafəsində özünü gülünc vəziyyətə qoymaqla, ümumən hakimiyyətin alternativlərinin bioqrafiyasının bütün detallarına yenidən nəzərlər yönəltdi. Bütün bunlar hakimiyyətin əlinə geniş efir təbliğatında prosesi sərbəst boşlamaq, geniş seçki səfərbərliyi yaratmaq şansı verirdi. Amma...
Amma sanki bir yuxu içərisində başa catan parlament seçkiləri bu vaxta kimi keçirilən seçkilərin nə eynisi oldu, nə də ən yaxşısı. Ən pisi deyə bilməsək də, ən zəifi mütləq deməliyik.
Bu yerdə mütləq bir “lakin” də var.
Lakin ola bilməz ki, demokratiya yavaş da olsa, irəlilədiyi, əldə uzun praktika qazanıldığı bir vaxtda, qəfldən axsama başlayırsa, demokratiyada zədələnmə biruzə verirsə, bunun səbəbi birbaşa və qəti şəkildə hakimiyyətin xarakterində, rəqibi sevməmək, alternativli yarış tablosu yaratmaq istəməmək, kefinə uyğun siyasət qaydaları müəyyənləşdirmək ədasında axtarılsın.

Hakimiyyətin son aylarda beynəlxalq aləmə davranışlarındakı dəyişikliklə daxili siyasətin bu nüansı, yəni, seçkiyə yeni yanaşma arasında bir paralellik var. Azərbaycanın daxili siyasətinə geosiyasi müdaxilələr hiss olunandır, az qala demək zorundayıq ki, parlament seçkisini sakitcə başladıb başa çatdırmaq, tərkibə kiçik korrektələr etmək, köhnə tərkibi dəyişməmək qərarı ölkənin başı üzərində dayanan yad təsirlərdən qorunmaq siyasətinin tərkib hissəsi kimi baş verdi. Xeyli yaşlı deputat var idi ki, böyük ehtimalla onlar innovativ təcrübə qazanmış gənclərlə əvəzlənəcək idi.
Bəziləri haqqında isə mətbuatda elə bir əks-təbliğat gedirdi ki, bunun mənfi təsirləri proqnozlanırdı.
Seçim sonucları isə deməyə əsas verir ki, hakimiyyət parlament tərkibi üzərində ümumiyyətlə, işləməyib və geosiyasi ziddiyyətlərin yaratdığı həssas dönəmi, Azərbaycana dünyadakı analogiyaya uyğun sıçraya biləcək təhlükələri zərərsiz başa vurmaq üçün məhz seçkilər müstəvisində artan siyasi ab-havanı da dondurmağa məcbur qalıb. Beləliklə, öz ehtimalınca, beynəlxalq dairələrin sosial-siyasi hərəkətlənməni gözləmək xəyallarını dağıdıb.
Köhnə siyahının kiçik düzəlişlərlə saxlanması variantı mühüm qanun və qərarlara, beynəlxalq sənədlərin ratifikasiyasına səsvermə səlahiyyəti daşıyan millət vəkillərini artıq siyasi baxışlarına, dözümünə, sadiqliyinə görə tanımaq nöqteyi-nəzərindən hökmlü olub. Əgər seçki kampaniyası ərəfəsində YAP siyahısının yuxarı çevrələrdə təsdiqlənməsi ilə bağlı mübahisələrin olduğu xəbərləri həqiqətə yaxındırsa, şübhəsiz ki, bu mübahisələrin kökü həmin faktorlara gedib çıxır.
ATƏT-in müşahidə missiyasının Azərbaycandan uzaqlaşması da seçkinin keyfiyyətinə təsir edən faktor kimi qiymətləndirilə bilər. Ən azından ona görə ki, Avropa təşkilatlarından olan nəzarət yaxın coğrafiyanın siyasi embarqosu altında tərəddüd keçirməsinə baxmayaraq, Avropa məkanına inteqrasiya niyyətini qoruyub saxlayan dövlətimiz üçün bir məsuliyyət demək idi. Onların imtinası da seçki prosesinin ictimai rəy üçün maraqlı təşkili niyyətlərini zəiflətdi.
Demokratiyanı bu dönəmdə axsaq göstərən obyektiv və subyektiv səbəblərdən asılı olmayaraq, sonucda bir neçə yeni simalar daxil, köhnə tərkiblə irəliyə baxmaq zorundayıq. Təki tanıdığımız, tanımağımız millət vəkillərindən formalaşan parlamentimiz ayrı-ayrı məmurların, öz şəxsi maraqlarının ifadəçisi yox, millətimiz üçün xeyirli olmağı bacarsın.