Modern.az

“İranda müalicə xərcləri ucuz olsa da, keyfiyyət Azərbaycandan aşağıdır”

“İranda müalicə xərcləri ucuz olsa da, keyfiyyət Azərbaycandan aşağıdır”

Current

10 Noyabr 2015, 16:38


Ürəyindəki problemlə əlaqədar müalicə üçün Tehrana gedən Azərbaycan vətəndaşı orada əməliyyat olunsa da, dünən dünyasını dəyişib. Bu cür xoşagəlməz situasiya ilə İrana müalicə və əməliyyat olunmaq üçün gedən bir çox xəstələr üzləşirlər. İl ərzində mətbuatda açıqlanan və açıqlanmayan onlarla belə fakt müşahidə edilir.
Qeyri-rəsmi məlumatlarda ötən il İrana müalicəyə gedən 100-dən çox azərbaycanlının cəsədinin geri qaytarıldığı bildirilir.

Uzun müddətdir vətəndaşlarımız İrana müayinə və müalicə üçün gedirlər. Əhalinin aztəminatlı hissəsi məhz müayinə və müalicənin ucuz olmasını əsas götürərək, İrana üz tutduğunu bildirir.

Kimlərsə başqalarının müalicəsinin yaxşı effekt verdiyini düşünüb İrana gedir, kortəbii sürətdə, araşdırmalar aparmadan istənilən klinikaya girib, həkimlə danışır, dərdini bildirir, o da guya müalicə yazıb, onu geri qaytarır. Sonradan məlum olur ki, həkimin yazdığı dərmanların əksəriyyəti yüksək dozalı ağrıkəsicilərdir və onlar problemi aradan qaldırmaq əvəzinə, insanda başqa xəstəliklərin yaranması ilə nəticələnir. Bunu anlayanda isə artıq çox gec olur. Eyni zamanda, kortəbii müraciətlər əsasında əməliyyat masasına uzanan xəstələrin də son aqibətləri belə nəticələnir.

Ümumiyyətlə, Azərbaycanda küyə düşərək İran səhiyyəsinə müraciət edənlər az deyil. Bu ölkəyə gedənlər kortəbii şəkildə istənilən ucuz klinikaya müraciət edir və həkimə müəyyən əlavə ödənişlər etməklə yaxşı müayinə və müalicə olunacaqlarını düşünürlər. İran səhiyyə sisteminin xidmətinə güvənib dərdinə əlac tapılacağını gözləyənlərin ümidləri puça çıxdıqca, insanların qonşu ölkənin həkimlərinə inamları daha da azalır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a bildirib ki, başqa ölkədə müalicəyə getmək müəyyən risklər - həm maliyyə, həm də insanın sağlamlığı ilə bağlı risklər tələb edir:

“Çünki xarici ölkədə həm müalicə, həm müayinə, həm tətbiq olunan dərmanlar, həm də oradakı hüquqi və mənəvi münasibətlər sənin ölkəndən fərqlidir. Ona görə müəyyən risklərlə üzləşirsən. Xarici ölkəyə müalicəyə getmə o halda tövsiyə olunur ki, ya həmin müalicə sənin ölkəndə yoxdur, yaxud elə bir ekstremal vəziyyət yaranır ki, öz ölkənə qayıdıb müalicə almaq imkanın olmur və təcili-təxirəsalınmaz yardım alırsan. Əks halda maliyyə məsələsi ilə bağlı xarici ölkələrə üz tutmaq düzgün deyil. Bəzi ölkələrdə müalicə qiymətləri aşağı, bəzilərində yuxarı ola bilər”.

Deputat qeyd edib ki, son illər İrandakı müalicə, təbabət pis səviyyədə deyil:

“Amma hər bir ölkədə olduğu kimi, İranda da səhiyyənin müxtəlif kateqoriyaları üzrə xidmət eyni keyfiyyətdə olmur. Çox təəssüf ki, bizdən İrana gedən vətəndaşlar peşəkar səviyyədə informasiya almadıqlarına görə çox vaxt İranın ən ucuz, aşağı səviyyəli xidmət göstərən klinikalarına müraciət edirlər. Halbuki bu ölkədə yüksək səviyyədə xidmət göstərən kifayət qədər bahalı klinikalar var.  Amma ucuz klinikalarda xidmətin keyfiyyəti o qədər də yaxşı olmur. Birinci növbədə bunu nəzərə almaq lazımdır.

İkincisi, ora gedən şəxs təkrar müraciət edib müalicənin nəticələrini öyrənmək, yaxud təkrar müayinə olunmaq istəyir. Bu zaman da problemlər yaranır. Yaxşı olar ki, hər kəs öz imkanı daxilində öz ölkəsində, öz vətənində müalicə alsın”.

Musa Quliyevin sözlərinə görə, İrana müalicəyə getməyi şərtləndirən əsas səbəb orada müalicə xərclərinin Azərbaycandan ucuz olmasıdır:

“Lakin keyfiyyət baxımından hesab edirəm ki, bizdə xidmətin keyfiyyəti onlardan heç də aşağı deyil. İnşallah, icbari tibbi sığorta işə düşəcək və bundan sonra bizim vətəndaşların heç yerə getməyə ehtiyacı olmayacaq. Bütünlüklə İranın səhiyyə sistemini aşağılamağa da ehtiyac yoxdur. Amma ora gedərkən şübhəsiz ki, klinikalardakı xidmətin keyfiyyətinə diqqət yetirmək lazımdır”.

Deputat məhz bu səbəbdən tibbi turizmin inkişafının vacib olduğunu vurğulayıb:

“Sağlamlıqla bağlı tibbi turizm bütün dünyada kifayət qədər geniş yayılıb. Yaxşı olardı ki Azərbaycanda ya Mədəniyyət və Turizm Nazirliyinin, yaxud Səhiyyə Nazirliyinin nəzdində sağlıq turizmi ilə bağlı şöbə yaradılsın və bizim ölkədən kənara müalicəyə gedən turistlərimizin fəaliyyəti yaxşılaşdırılsın. Bu zaman onlara vacib informasiyalar, hüquqi və lazım olduqda iqtisadi-maliyyə dəstəyi verilməlidir. Onların müalicələrini peşəkar mütəxəssislərin aparması izlənilməlidir. Düşünürəm ki, vaxtilə Milli Məclisdə səsləndirdiyim bu fikrə qayıtmalıyıq. Səhiyyə turizmi bütün dünyada inkişaf edir. Azərbaycandan müayinə və müalicə üçün xaricə gedənlərin sayı azalmayacaq. Bunun səbəbi Azərbaycanda səhiyyənin aşağı olması ilə əlaqədar deyil. Bütün dünyada insanlar başqa ölkələrdə müayinə və müalicə olunmağa, eyni zamanda həmin ölkədə gəzməyə, alış-verişlər etməyə gedir. SSRİ dönəmindən qalan sanatoriyalara, İrana, Türkiyəyə, Almaniyaya, Avropa ölkələrinə müayinə və müalicəyə gedənlər var. Bütün bunlar hamısı koordinasiya edilsə, yaxşı olardı. Həm vətəndaşlarımızın sağlamlığı, həm də onlara düzgün yol göstərilməsi, aldanılmaması, dələduzların girovuna çevrilməməsi baxımından belə şöbənin yaradılması, nazirlik və müvafiq ölkələrin səfirlikləri səviyyəsində nəzarət altında olması məqsədəuyğundur”.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı