Modern.az

YOL AĞRISI (II)

YOL AĞRISI (II)

Country

17 May 2011, 11:51

Əlizadə İmdad Əli oğlu. 1980-ci ildə Laçının Oğuldərə kəndində anadan olub.
1997-ci ildə Bakıda 265 saylı orta məktəbi bitirib. 1998-2004-ci illərdə Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin bakalavr və magistratura pillələrində təhsil alıb.
2004-2005-ci illərdə hərbi xidmətdə olub.
1998-ci ildən mediada çalışır. “İntibah”, “Persona”, “Həftə içi”qəzetlərində, “525-ci qəzet”də və “Trend” İnformasiya Agentliyində işləyib.2009-cu ildən “Media forum” saytının əməkdaşıdır.


Mühasirədən çıxmaq istəyənlər arasında xeyli əsgər də vardı. Bir əsgər çayın kənarında çəkmələrini çıxarmış, silahını dizinin üstünə qoyub daşın üstündə oturmuş, ayaqlarını suya salmışdı. Anam hirslə “Dur, nəyə oturmusan, sən də dur mənimlə qaç” dedi.

Əsgər yerindən qalxdı, ağlaya-ağlaya əlindəki avtomatı göstərib “Xala, sənə qurban olum, mən bununla nə eləyə bilərəm, iki gün postda aç-susuz qalmışıq, bir də onda xəbər tutmuşuq ki, hamı gedib, biz qalmışıq” dedi.  

Yol boyu çox əzabla üzləşirdik. Demək olar, iki gün idi ac-susuz yol gedirdik. Bu müddətdə suyumuz da, qidamız qar idi, gedə-gedə yol qırağından qar götürüb yeyirdik. Qarlı, palçıqlı yollarla, sonu görünməyən dağ yamacları ilə gedib erməni mühasirəsindən çıxmaq lazım idi. Oğuldərə sakini Əşrəf İlyasovun iki körpəsinin vəziyyəti isə daha pis idi. Uşaqların - Dağbəyi İlyasovun dörd, Xaləddin İlyasovun isə iki yaşı vardı. Ac-susuz körpələr yol boyu ağlayır, sakitləşmək bilmirdilər.

Yol boyu isə eyni mənzərə idi - insanların tərk etdiyi kəndlər, piyada gedən qoca-uşaq, nalə çəkib ağlayan qadınlar, silahı çiynində mühasirədən çıxmağa çalışan əsgərlər, yiyəsiz mal-qara, sahibsiz itlər...

Axşama yaxın Kəlbəcərin Nadirxanlı kəndinə çatdıq. Bu kənd Tərtər çayının sahilində yerləşir. Kəndi ermənilərin işğal etdiyi deyilirdi. Qaranlıqda yavaş-yavaş kəndin yuxarı hissəsində yerləşən dəmir körpüyə yaxınlaşdıq. Kənddə sakitlik idi. Körpüdən keçib yolumuza davam etdik.

Gecə saat 2 radələrində Kəlbəcərin Sarıdaş kəndinə yetişdik. Zülmət qaranlıq idi, adam özündən qabaqda gedəni görə bilmirdi.

Burada vəziyyətimiz daha da ağırlaşdı. Sarıdaş kəndi dağın döşündə yerləşir, yoxuşu qalxanda atlılardan çox geridə qaldıq. Elə bildik qabaqda bizi gözləyəcəklər, lakin Sarıdaşa çatanda məlum oldu ki, atlılar gedib. Çıxılmaz vəziyyətə düşmüşdük, nə edəcəyimizi bilmirdik. Çünki heç kim bura bələd deyildi, yolun bizi hara aparacağını bilmirdik. Gecənin bu vaxtında yolu tanımaya-tanımaya getmək isə təhlükəli idi, ermənilərin hansı istiqamətdən gəldiyini, harada mövqe tutduğunu bilmirdik. Dəfələrlə yüksək səslə atlı gedənləri çağırdıq, lakin cavab verən olmadı. Bir neçə nəfər bir qədər irəli getdi, az sonra qayıtdılar, dedilər ki, heç kim yoxdur. Hamı ağlayırdı, atlılardan gileylənirdi.

Sarıdaşda bir evdən zəif çıraq işığı gəlirdi. Bir neçə nəfər ehtiyatla işıq gələn evə yaxınlaşdıq, ev yiyəsini çağırdıq. Qapıya orta yaşlı kişi çıxdı. Vəziyyəti ona izah etdik. Sarıdaş kəndindən olduğunu, burada bələdçi qaldığını, səhərə yaxın, alaqaranlıqda burada toplaşan insanları Kəlbəcərin Qamışlı kəndinə - Murova aparan yola çıxaracağını dedi.

Bələdçidən yolumuza davam etmək istədiyimizi, bu yolun hara getdiyini, qarşıda hansı kəndlərin olduğunu, Murova aparan yola necə çıxa biləcəyimizi soruşduq. Getməyimizi məsləhət bilmədi. Dedi ki, nabələd adam gecənin bu vaxtında Murova gedən yola çıxa bilməz. Çünki yolun bir hissəsi meşəlikdən keçir, yol qardır. Ondan öyrəndik ki, ermənilər hazırda Kəlbəcərin mərkəzindədir, Qamışlı körpüsü, Murova aparan yol tutulmayıb, ermənilər hələ həmin yerlərə gəlib çıxmayıblar. Bələdçi Qamışlıdan axşam qayıtdığını bildirdi.

Yolun kənarında bizi gözləyən insanların yanına qayıtdıq, onlarla birlikdə Sarıdaş kəndinin evlərindən birinin qarşısına getdik. Evin ya qapısını, ya da pəncərəsini açıb içəri girmək, bələdçinin nə vaxt yola düşəcəyini gözləmək istəyirdik. Bu zaman bələdçi özünü yetirdi. Bildirdi ki, kəndi ona tapşırıblar, evlərin qapı-pəncərəsinə əl vurmağımıza razı olmadı.

İki gündür piyada yol gəlirdik, aclıq, susuzluq, soyuq bizi taqətdən salmışdı. Bələdçiyə izah etməyə çalışdıq ki, ermənilər arxamızca gəlir, kəndi sənə əmanət edə bilərlər, amma təkbaşına bu kəndi ermənilərdən qoruya bilməzsən. Ona təklif etdik ki, evlərin birinin qapısını aç, orada gecələyək, soyuqdan donuruq. Amma bu sözlərin ona heç bir təsiri olmadı, bələdçi dediyindən dönmədi.

Evin həyətində tövlə vardı. Qışdan qalan otu bağlayıb tövlənin talvarına yığmışdılar. Ot bağlamalarını yerə tökdük, onun arasında gecələdik.

Qardaşım Babək də atlılarla getmişdi. Anam özünə yer tapa bilmirdi.
 
Mən yalnız onu xatırlayıram ki, ot bağlamalarının arasına girən kimi yuxuya getdim. Səhər alatoranda anamın səsinə oyandım, məni durğuzdu, yola düşürdük. Gecə Sarıdaşa xeyli insan yığılmışdı, çünki erməni mühasirəsindən çıxmaq üçün qalan yeganə yol buradan keçirdi.

Ac-susuz yenidən yola düşdük. Bu ərazilərdə yollar qarlı, palçıqlı idi, hərəkət etmək asan deyildi. Günorta saatlarında Qamışlı kəndinin yuxarısında yerləşən dağlara qalxdıq. Ermənilər Kəlbəcərin mərkəzi hissəsini, Qamışlı ilə üzbəüz yerləşən, çayın qarşı tərəfindəki kəndləri işğal etmişdilər, evlərə od vurmuşdular, tüstü göyə qalxırdı. Qamışlı körpüsü, bu ərazilər şiddətli top, “Qrad” atəşinə tutulurdu.

Sarıdaşın qonşuluğunda yerləşən kəndlərdə xeyli adam bizə qoşuldu. Bələdçi xəbərdarlıq etdi ki, bundan sonra yolla getmək təhlükəlidir, ermənilər üzbəüz mövqeləri tutmuşdular. Dağın zirvəsinə qalxanda Qamışlıya tərəf irəliləyən insanlar iki hissəyə bölündü. Bir dəstə qarlı və palçıqlı meşənin arası ilə, digər hissə yolla getdi. Yolla getmək təhlükəli olduğuna görə meşənin arası ilə Qamışlıya - Murova gedən yola tərəf getdik. Bu ərazi son üç gündə qət etdiyimiz ən çətin yol oldu. Qar, palçıq, yaş xəzəl... Meşədən çıxmağımız heç də asan deyildi, bir neçə saat çəkdi.

Qamışlıda yolun qırağında qapıları açıq böyük bir mağaza vardı. Mağazaya girib sarafan torbada olan təxminən bir kilo konfeti götürdüm. Bu bizim son üç gündə dilimizə dəyən yeganə qida idi.  

Qamışlıya çatanadək gecə bizdən ayrılanlardan heç kimi tapa bilmədik. Əslində onları soruşmağa heç kim yox idi, hamı öz canının hayında idi, başına çarə qılmağa çalışırdı, kimdən soruşasan. Anam isə sakitləşmirdi, elə hey Babəki haylayırdı - səsini eşidib gələr ümidi ilə. Babəkdən isə səs-soraq yox idi, o cümlədən digər atlılardan.

Qamışlı körpüsünə düşəndə Babəki yolun kənarında tapdıq. Soyuqdan donmuş, bozarmış, pərişan halda dayanıb bizi gözləyirdi. Bizi görəndə ağladı, dili söz tutmurdu, dedi ki, səhərdən burada dayanıb. Anam Babəki görəndə çox sevindi. Bu sevinc də göz yaşlarına səbəb olmuşdu, qardaşımı bağrına basdı.   

Gecə bizdən ayrı düşənləri burada tapdıq. Yol kənarında yerləşən bir evə düşüb bizi gözləmişdilər. Evə toplandıq. Gecə atlı gedənlər dedilər ki, elə bildik arxamızca gəlirsiz, yolda dayanıb gözlədik, amma gəlmədiniz, geri qayıtmağa da ehtiyat etdik. Bu ev Kəlbəcərdə gördüyümüz başqa evlərdən fərqlənmirdi, sahibi evdən heç nə götürməmişdi, bütün əmlak, əşyalar yerində idi. Sobalar yanır, çay qaynayırdı. Lakin burada dayanmaq mümkün olmadı. Evə yenicə toplanmışdıq ki, ətrafa top, “Qrad” mərmiləri düşdü. Bir stəkan çay icməyə amanımız olmadı.

Qamışlını tərk edib Murovdağ istiqamətində yola düşdük. Düşmən caynağından qurtulmaq üçün ən çətin yol bundan sonra başlayırdı. Qarlı və şaxtalı Murovu aşmaq lazım idi, özü də piyada. Qamışlıdan yol düşəndə Murovun ətəyində yerləşən Yanşaq kəndində dayanmaq, imkan olsa orada gecələyib səhər tezdən Murovu aşmaq haqda razılaşdıq. Yoldaşlar dedilər ki, üç gündür yol gəlirik, yorulub əldən düşmüşük, aclıq-susuzluq bizi haldan salıb, Murov isə qarlı-şaxtalıdır, belə vəziyyətdə Murovu aşa bilməyəcəyik, dağda qar, şaxta bizi qırar, Murova qalxdın, gərək dayanmayasan. Ona görə də gecə Yanşaqda qalıb səhər tezdən Murovu aşmaq istəyirdik. Düşmən aman versəydi.
 
Anam tam taqətdən düşmüşdü. Üç gün idi piyada yol gəlirdi, orta yaşlı qadın üçün bu heç də asan deyildi. Anamın ayaqları şişmişdi, partlamışdı, bir neçə yerdə yara vardı, qan axırdı. Yaraları incitdiyinə görə onu ata mindirmək də mümkün deyildi. Babək yenə atı mindi. Atlı və piyada olanlar getdilər, anam isə yeriyə bilmirdi. Tez-tez dayanmalı olurduq. Anam dedi, yorulmuşam, ayağımı yerə basa, yeriyə bilmirəm, yaralar məni incidir, mənə başınız qarışacaq, sizi erməyinə qırdıracam. Ona görə də məni gözləmə, get, mən arxadan gəlib çataram. Lakin bununla razılaşmadım, anamın yanında qaldım. Gah qolundan, əlindən tutur, gah da bir qədər qabağa gedib onu gözləyirdim. “Bir az da gəl”, “az qalmışıq”, “çatırıq” kimi sözlərlə anamı uşağı dilə tuturmuş kimi ovuda-ovuda, çox çətinliklə Yanşaq kəndinə gəlib çıxdıq. Qamışlıda mağazadan götürdüyüm konfet köməyimizə gəldi, bizə böyük toxtaqlıq verdi.

Yoldaşlar Yanşaq kəndində yol qırağındakı bir evə düşmüşdülər. Odun sobaları yanırdı, qadınlar xəmir yoğurmuşdular, çay dəmlənmişdi, xeyli toyuq kəsilib təmizlənmişdi, qazanlarda qaynayırdı. Burada məlum oldu ki, bir neçə nəfərin ayağını qar yandırıb. Uşaqların, qadınların vəziyyəti ağır idi.

Yığışdığımız evin yaxınlığında Azərbaycan ordusunun əsgərləri bir neçə top və “Qrad”la post qurmuşdu. Oradan qarşı tərəfə ermənilərin mövqeyinə bir neçə dəfə zərbə endirildi. Az sonra ermənilər ərazini davamlı atəşə tutdular. Bizim Yanşaqda qalmağımız mümkün olmadı. Hazırlanan çaydan, yeməkdən dadmamış Yanşaqdan qaçmalı olduq. Xəmir ləyəndə, yeməklər qazanda qaldı.

(Ardı var)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı