Modern.az

Bayraq söhbətləri

Bayraq söhbətləri

Country

17 May 2011, 13:07

“Eurovision-2011” mahnı müsabiqəsi başa çatdı. Həm də bizim – Azərbaycanın qələbəsi ilə. Doğrudur, indi bu qələbəyə münasibətlər də fərqlidir. Hər kəs Azərbaycanın bu qələbəsinə öz düşüncəsi, baxış bucağından yanaşaraq qiymət verməyə çalışır. Qələbə isə  bütün hallarda qələbədir. Qələbənin əldə olunmasından sonra kimlərinsə bunu həzm edə bilməməsi də təbiidir. Çünki bütün zamanlarda belə şeylər olur.

Bizim üçün bu qələbənin həm də ona görə dəyəri böyükdür ki, bu qələbə  Qafqazlılara, Asiyalılara bir qədər yuxarıdan aşağı baxmağa adət etmiş, Azərbaycanın inkişafını heç də birmənalı qəbul etməyən, hətta yeri gəldi- gəlmədi, Azərbaycanın ünvanına ittihamlar səsləndirən Avropada əldə olundu. Avropa ölkələrində “Eurovision”un adını fərqi yoxdur, istər adını mahnı musabiqəsi qoysunlar, istərsə də, siyasi xarakterli mədəniyyət layihəsi, hər iki halda Azərbaycanın birinciliyini etiraf etməli oldu. Daha dəqiq ifadə etsək, Azərbaycan öz qələbəsi ilə Avropanı etiraf etmək məcburiyyətində qoydu.

Çünki bu həmin Avropadır ki, illərdən bəri Azərbaycana problemlərinin həllinə kömək etmək əvəzinə, problemlər yaratmaqda, ikiüzlü münasibət bəsləməkdə davam edir. Amma yenə də tarix və zaman öz sözünü deyir. Bu gün Azərbaycan Avropaya elə onun öz dilində olan musiqi ilə dərs verdi. Zamanı gəlincə, Avropa Qarabağ həqiqətlərini də etiraf etməli olacaq.

Bu müsabiqə ilə bağlı ən xoşagəlməz söhbətlər isə Azərbaycan təmsilçilərinin birincilik qələbəsinin ilk saniyələrində həyacandan səhnəyə Türkiyə bayrağı ilə çıxması ilə bağlıdır. Bilmirəm bunu bu qədər şişirdib ara qarışdırmaq kimə lazımdır. Hər halda qardaş Azərbaycanın qələbəsindən Türkiyəyə də pay düşür. Bizim uzaqgörən siyasət dahilərimizin söylədikləri deyimlər var. Böyük Mustafa Kamal “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdi”- söylərkən də məhz bu günləri nəzərdə tutmamışdımı?

Milli liderimiz Heydər Əliyevin “Bir millət iki dövlət” – söyləməklə Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu bizlərə anlatmamışdımı? Hək iki siyasət dahisi bu fikirləri təkcə öz yaşadıqları zamana görə deməyiblər. Tarixin istənilən mərhələsində bu deyimlər də zamanla öz təsdiqini tapır.

Azərbaycan təmsilçisinin türk bayrağı ilə səhnəyə çıxmasının arxasında Avropaya böyük bir mesaj da var idi. Bilmirəm, Nigar Camal bu addımı atarkən bunu düşünmüşdü, yoxsa yox, amma onun bu jesti çox maraqlı idi. Çünki bu həmin Avropa ölkələridir ki hər addımda siyəti işə salaraq hətta belə bir mahnı musabiqəsini də siyasiləşdiriblər. Azərbaycan və Türkiyəyə münasibətdə hər zaman “bunlar bizimkilərdən deyil” düşüncəsi ilə hərəkət edən Avropa bu illər ərzində ermənilərə xoş gəlsin deyə  Azərbaycanla Türkiyəni üz-üzə qoymaq üçün nələrə əl atmayıb ki?  Hətta bəzi araqarışdəıanların sayəsində iki qardaş arasında qanqaraldıcı bayraq söhbətlərinə qədər məsələlər olmuşdu. Amma türk bayrağının Azərbaycan təmsilçisi tərəfindən səhnəyə gətirilməsi Avropaya bu dəfə bir dərs idi ki, siz bizləri TÜRKLƏRİ nə qədər üz-üzə qoymağa, aşağılamağa, Avropa İttafaqının qapılarını üzümüzə bağlamağa, Ermənistanı himayə edərək türklərə qarşı qısqırtmağınıza qalxsanız da da, biz TÜRKLƏR zamanı gəldikcə sizə öz yerinizi göstərməyi yaxşı bilirik. Azərbaycanla Türkiyə bir millət və iki dövlət olaraq var, olacaq və daim yaşayacaq.

Azərbaycan və Türkiyə bayraqları ilə bağlı yeri gəldi- gəlmədi müzakirə açanlara isə xatırlatmaq istəyirəm ki, hərdən dönüb tarixə baxsınlar. Bu gün türklərin dilin əzbəri olan, Azərbaycanda da çox sevilən “Çırpınırdın, Qara dəniz” mahnısının sözləri də, musiqisi də Azərbaycan türkləri tərəfindən yazılıb. Amma bu mahnı Türkiyədə az qala dövlət himni səviyyəsində qəbul edilir. Yəqin ki, Türkiyə prezidenti Abdullah Gülün bu mahnını bizim gözəl sənətkarımız Azərin xanımla bərabər ifa etməsi həmin səhnəni seyr edənlərin yadından çıxmayıb.

Biz “Çırpınırdın, Qara dəniz”i çox sevirik. Təkcə ona görə yox ki, orada böyük Üzeyir bəyin musiqisi, Əhməd Cavadın ürəyindən gələn, insanın içini tərpədən misralar var. Bu mahnı həm də bütövlükdə  bizlərin – Azərbaycan və Türkiyə türklərinin türklük simvoludur. Odur ki, bayraq söhbətlərinə son verək. Necə ki bizlər bir neçə il öncə dünya futbol çempionatlarında Türkiyənin qələbəsinin sevincini yaşamışdıq. Bu gün də Azərbaycanın qələbəsini Türkiyə paylaşır.  

Odur ki, Azərbaycana və bütün türk dünyasına bu qələbə ilə bağlı Təbriklər, Avropaya isə keçmiş olsun!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı